Məhkəmə qərarları › İş №2(049)-242/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-242/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-242/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Hirkan Milli Parkının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə bağlı kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Hirkan Milli Parkı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 450 manat maddi ziyan məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan görünür ki, cavabdeh məhkəmə bildirişini və ona əlavə olunmuş sənədləri xx.xx.2024-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin mühafizə yegerinin məlumatı əsasında aparılmış yoxlama zamanı Lənkəran rayonu Bürcəli kənd sakini Cavabdeh Milli Parkın ərazisində icarə hüququ ilə ona məxsus olan, rekreasiya xidməti göstərdiyi Seyfidor meşəbəyliyin 25 saylı dolayının 32-ci kvartalının ərazisində cəmi 450 manat miqdarında 150 ədəd yemişan kollarını qanunsuz olaraq kəsdirərək ərazini genişləndirməsi faktı aşkar edilmiş, fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək onun barəsində xx.xx.2024-ci il tarixli 65589 nömrəli akt və ******* nömrəli protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh təbiətə vurduğu 450 manat miqdarında maddi ziyan məbləğini könüllü olaraq ödəməmişdir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən 450 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, muhafizə yegeri X1 tərəfindən tərtib edilmiş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə 25 saylı dolayıda mühafizədə olarkən 32-ci kvartalın ərazisində 150 ədəd yemişan kolu və 6 ədəd xırda diametrdə palıd ağaclarının kəsilməsini aşkar etmiş və bu fakt qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. İş materiallarında olan, hazırki iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından (ərizəsindən) qeyd edilmişdir ki, o, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 25 saylı dolayının 32-ci kavartalının ərazisində xx.xx.2024-cü il tarixli 31 nömrəli müqavilə ilə əlaqədar olaraq mövsümi xidməti fəaliyyət göstərir, həmin iaşə obyektinin ərazisində onun fəaliyyətindən əvvəl kəsilmiş yemişan kollarının olduğu aşkarlamışdır. O, həmin kolları öz ərazisindən daşıyıb meşə sahəsindən kənarda hissə-hissə yandıraraq təmizlik işləri aparmışdır. İaşə obyekti şəhər tullantılarının atıldığı ərazidən uzaq olduğuna görə bəzi tullantıları yer qazıb oraya tökmüş, sonra yandırmışdır. İddiaçı tərəfindən tərtib edilmiş 65589 nömrəli xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 25 saylı dolayın 32-ci kvartalının ərazisi 31 saylı xx.xx.2024-cü il tarixli müqavilə əsasında ictimai-iaşə xidməti ilə əlaqədar olaraq hazırki iş üzrə cavabdehə aid edilmişdir. Cavabdehə aid ictimai-iaşə xidmətinin ərazisində 150 ədəd yemişan kollarının kəsilməsi, sanitar qovşağın tikilməsi, iki ayrı hissədə yanğın (yanmış) yerləri, bir yerdə yerin üst münbit qatının zədələnərək məişət tullantılarının atılması (məhv edilməsi) üçün ərazidə qazılma müəyyən olunmuşdur. Qazılmış yerin uzunluğu 1 metr, eni 1 metr, dərinliyi isə 0,5 m ölçü təşkil edir. Cavabdeh özü də aktın məzmunu ilə tanış olaraq imza etmiş, aktın bir nüsxəsi ona təqdim olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.1 və 253.1-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Hirkan Milli Parkının Seyfidor meşəbəyliyin 25 saylı dolayının 32-ci kvartalında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı aşkar olunmuş qanunsuz qırıntılara dair həcm-qiymət cədvəlindən görünür ki, qanunsuz kəsilmiş 150 ədəd yemişan kolunun hər birinin dəyəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli qərarın 7 nömrəli əlavəsinə əsasən 3 manat olaraq hesablanmaqla, maddi zərər cəmi 450 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 450 manat maddi ziyan məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Hazırda iddiaçı cavabdehdən 450 manat maddi ziyan məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərtib edilmiş akta, həcm-qiymət cədvəlinə, inzibati xəta haqqında protokola və xəbərdarlıq məktubuna istinad etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 450 manat maddi ziyan məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 450 manat maddi ziyan məbləği tutularaq iddiaçı Hirkan Milli Parkının hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar