Məhkəmə qərarları › İş №2-2(105)-50/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-50/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-50/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı verilən “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 278/2025 nömrəli qərardadından Cavabdeh (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı 7 yanvar 2025-ci il tarixdə Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 72000 (yetmiş iki min) manat məbləğində borcun və 306 (üç yüz altı) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı MMC 13 fevral 2025-ci il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək Cavabdeh 140000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil1 24 fevral 2025-ci il tarixdə İddiaçınə qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, cavabdeh İddiaçı MMC-dən 36000 (otuz altı min) manat məbləğində kompensasiyanın və 200 (iki yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). Qərardaddan Cavabdeh (vəkili-nümayəndəsi Vəkil1) şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə apellyasiya qaydasında yenidən baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Həlimə Alıyeva). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadından Cavabdeh (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər Cavabdeh X1 Sistemi vasitəsi ilə 6 yanvar 2025-ci il tarixdə göndərilmiş və bu barədə məlumat elektron qaydada ona çatdırılmışdır. Lakin Cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı verilmiş qarşılıqlı iddia ərizəsi 24 fevral 2025-ci il tarixdə, yəni iddia ərizəsinin surətini aldığı vaxtdan 47 gün keçəndən sonra məhkəməyə təqdim edilmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Bundan başqa, Cavabdeh tərəfindən MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin İddiaçı MMC tərəfindən alınmasını, eləcə də İddiaçı MMC ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdehin vəkilinümayəndəsi Vəkil1 şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ilk iddianın verilməsindən 20 gün (47 gün deyil) sonra verilsə də, əslində onun verilməsinə əsaslar sonradan yaranmış, müddətin ötürülməsi obyektiv səbəblərdən olmuşdur. Belə ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldırdıqdan sonra MMC-nin rəhbərliyi tərəfindən məsələnin barışıq yolu idlə həll edilməsi üçün təklif irəli sürülmüşdür. Hətta, iddaçı tərəfindən məhkəməyə rəsmi ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixə təyin olunmuş hazırlıq iclasının təxirə salınması xahiş olunmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddaçının bu davranışı Cavabdeh həqiqətən də məsələnin sülh yolu ilə sonlanacağına inam yaratmış, bu səbədən qarşılıqlı iddianın verilməsi gündəmə gəlməmişdir. Lakin iddiaçı tərəf danışıqları uzatmış və sonradan məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçının bu qeyri-səmimi davranışı onu göstərir ki, onlar Cavabdeh guya barışığa gedəcəkləri adı ilə qəsdən aldadaraq, müddətin ötürülməsinə şərait yaratmışlar. Məhz bundan sonra, yəni həm iddiaçı tərəfin barışığa gəlməyəcəyinə, həm də xx.xx.2025ci il tarixdə yeni əsaslarla və yeni predmetlə iddia irəli sürüldüyünə görə Cavabdeh qarşılıqlı iddia vermək qərarına gəlmişdir. Bu baxımdan, yəni İddiaçı MMC-nin yeni əsaslarla və yeni predmetlə iddia irəli sürməsindən 20 gün müddətində (xx.xx.2025-ci il istirahət gününə düşdüyündən, xx.xx.2025-ci il sonrakı iş günüdür) qarşılıqlı iddia irəli sürülmüşdür. Hesab edir ki, qarşılıqlı iddia "Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə irəli sürüldüyündən, İddiaçı MMC-nin həmin sistemdə yaradılmış şəxsi kabinetində də yerləşdirilmiş (təqdim olunmuş) və MMC-nin müvafiq səlahiyətli şəxsləri, o cümlədən nümayəndəsi (vəkili) qarşılıqlı iddia ilə tanış olmuşdur... Digər tərəfdən, hətta hesab edilsə ki, qarşılıqlı iddia ilk iddia verildikdən sonra 20 gün müddət ötürülməklə verilmişdir, buna baxmayaraq, qarşılıqlı iddia ilk iddianın rədd olunmasına yönəldiyindən məhkəmə qarşılıqlı iddianı icraata qəbul etməli idi. Belə ki, məhkəmənin özünün də istinad etdiyi MPM-in 155-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla (qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə) qarşılıqlı iddianın verilməsinə yol verilmir... Həmin normanın mənasına görə 20 gün keçdikdən sonra yalnız MPM-in 156.3-cü maddəsində göstərilən əsasla qarşılıqlı iddianın verilməsi istisna olunur. Deməli, qanunverici digər iki əsasla (156.1 - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.2 - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa) 20 gün keçdikdən sonra da qarşılıqlı iddianın verilməsinə imkan verir. Beləliklə, şərh olunanlardan göründüyü kimi, qərardad qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. - 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. - 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. - 155.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla (qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə) qarşılıqlı iddianın verilməsinə yol verilmir. - 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla, iddiaçı 7 yanvar 2025-ci il tarixdə iddia ərizəsi verdikdən sonra 13 fevral 2025-ci il tarixdə verdiyi ərizə ilə öz iddiasının əsasını və predmetini deyil, yalnız iddia tələbinin həcmini dəyişdirmişdir (artırmışdır). Ona görə də, cavabdehin qarşılıqlı iddia irəli sürmək üçün əsasının 13 fevral 2025-ci il tarixdən yaranmasını iddia etməsi və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin axımını bu tarixdən hesablaması əsassızdır. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi müddətini ötürülmüş hesab etməkdə haqlı olmuşdur. Digər tərəfdən, cavabdehin MPM-in 155-ci maddəsinin mənasına görə 20 gün keçdikdən sonra yalnız bu Məcəllənin 156.3-cü maddəsində göstərilən əsasla (qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə) qarşılıqlı iddianın verilməsinin istisna olunması, MPM-in 156.1 və 156.2-ci maddələrində nəzərdə tutulmuş digər iki əsasla (156.1 qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.2 - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa) isə 20 gün keçdikdən sonra da qarşılıqlı iddianın verilməsinin mümkünlüyü barədə dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (onun vəkili) prosessual normanı düzgün təfsir etmir. Belə ki, MPM-in 155.1-ci maddəsinin mənasına görə, bu Məsəllənin 156.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hansı üzrə verilməsindən asılı olmayaraq qarşılıqlı iddia həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 155.2-ci maddəsi isə onu ehtiva edir ki, hətta bu Məcəllənin 156.3-cü maddəsində göstərilən əsasa, yəni “qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə” əsasına görə də qarşılıqlı iddianın həmin Məcəllənin 154.1-ci maddəsində müəyyən olunmuş müddət keçəndən sonra verilməsinə yol verilmir. Deməli, hər bir halda qarşılıqlı iddia MPM-in 154.1-ci maddəsində müəyyən olunmuş müddət ərzində verilməlidir, həmin müddət keçəndən sonra verilən qarşılıqlı iddia ərizəsi isə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması onun həmin ərizədə iddiaçıya qarşı nəzərdə tutduğu tələbləri ümumi qaydada ayrıca iddia qaldırmaqla irəli sürməsinə mane olmur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə mane olan digər əsas kimi Cavabdeh tərəfindən MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin İddiaçı MMC tərəfindən alınmasını, eləcə də İddiaçı MMC ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlərin iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamasını göstərmişdir. Lakin birinci instansiya məhkəməsinin bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 dekabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun deyildir. Konstitusiya Məhkəməsi Qərarında müəyyən etmişdir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3- 4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarının mövqeyi baxımından qarşılıqlı iddianın verilməsi zamanı MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydaya da riayət edilməsi tələb olunmur. Belə ki, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməklə məhkəməyə təqdim olunarkən bu sənədlərlə iddiaçı (onun vəkili, nümayəndəsi) da həmin sistemdə yaradılmış elektron kabineti vasitəsilə tanış ola bilir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi müddətini ötürülmüş hesab etməkdə və bu əsasla həmin ərizəni icraata qəbul etməyərək geri qaytarmaqda haqlı olmuş, nəticə etibarilə düzgün qərar qəbul etmişdir. Bununla razılaşmayan cavabdehin mövqeyini və şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. Cavabdehin şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia (qarşılıqlı iddia) ərizəsinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 152, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-278/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar