Məhkəmə qərarları › İş №e-2(034)-291/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-291/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-291/2025 25.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 2024-cü ilin may ayından bu günədək, yəni 10 aylıq icarə haqqı və may ayının icarə haqqının ödənilməmiş hissəsi olmaqla, ümumilikdə-5.150 manat pul, nəqliyyat vasitəsinə dəymiş zərər üçün-4.765 manat pul, həmçinin 1.500 manat məbləğində cərimə olmaqla, cəmi 11.415 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixində “Avtonəqliyyat vasitəsinin icarəsinə dair” müqavilə bağlanmış, sözügedən müqaviləyə əsasən o, “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti məqsədləri üçün bəhərdən istifadə etmək və gəlir götürmək hüququ ilə birlikdə Cavabdeh istifadəsinə verməyi, cavabdeh isə həmin avtonəqliyyat vasitəsini icarəyə qəbul etməyi və hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh bir müddət aylıq 500 manat məbləğində olan icarə haqqını ödəsə də, daha sonra ödəniş etməyi dayandırmışdır. Sonuncu dəfə isə 2024-cü ilin may ayında icarə haqqından daha az, yəni 350 manat ödəmişdir. Sözügedən nəqliyyat vasitəsi icarəyə götürüldüyü gündən etibarən cavabdeh gəlir əldə etmək məqsədilə nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxslərin istifadəsinə vermişdir. Həmin şəxslərin tez-tez yol nəqliyyat qaydalarını pozması nəticəsində avtonəqliyyat vasitəsinə dəfələrlə cərimə tətbiq olunmuşdur. Hal-hazırda isə ümumilikdə 1.500 manat məbləğində cərimə vardır. Avtonəqliyyat vasitəsi üzərində olan cərimənin ödənilməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etsə də, bununla bağlı heç bir hərəkət edilməmişdir. Digər bir məsələ odur ki, sözügedən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən etibarən cərimə meydançasında saxlanılmaqdadır. Həmin nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsinə qarışdığından hal-hazırda qəzalı vəziyyətdədir. xx.xx.2024-cü il tarixli ilkin akta əsasən nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması əks etdirilmişdir. Eyni zamanda avtonəqliyyat vasitəsinin fotoşəkillərindən də onun tamamilə yararsız vəziyyətdə olduğu aydın şəkildə görünür. Həmin aktdan da göründüyü kimi nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün 4.765 manat məbləğində xərc çəkilməlidir. Belə ki, sözügedən icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən hər aya 500 manat icarə haqqı ödənilməli olduğu halda son dəfə 2024-cü ilin may ayında ödəniş edilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 705-ci maddəsinəəsasən icarəçi icarəyə götürdüyü obyekti qaytarmadığı müddət üçün də icarə haqqını ödəməlidir. Bu səbəbdən də, 2024-cü ilin may ayından bu günədək, yəni 10 aylıq icarə haqqı və may ayının icarə haqqının ödənilməmiş hissəsi olmaqla ümumilikdə- 5.150 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh avtonəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə saxlamalı, mühafizə etməli, təmiri və qulluğu üçün zəruri olan xərcləri çəkməli olmasına baxmayaraq, həmin nəqliyyat vasitəsi uzun müddətdir ki, cərimə meydançasında qəzalı vəziyyətdədir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də heç bir geri dönüş əldə edilə bilməmişdir. Müqavilə müddətinin xx.xx.2024-cü il tarixində bitməsindən sonra avtonəqliyyat vasitəsini əvvəlki vəziyyətində geri qaytarılaraq ona təhvil verilməli idi. Avtonəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması və cərimə səbəbindən cərimə meydançasında saxlanılması onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhz bu səbəbdən o, həmin nəqliyyat vasitəsindən istifadə edə bilmir. Həmçinin müqavilənin müddətinin bitməsindən 9 aya yaxındır ki, müddət keçməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsini əvvəlki vəziyyətində geri ala bilmədiyimdən, hal-hazırda ona həddindən artıq ziyan dəymişdir. Beləliklə, 2024-cü ilin may ayından bu günədək, yəni 10 aylıq icarə haqqı və may ayının icarə haqqının ödənilməmiş hissəsi olmaqla ümumilikdə-5.150 manat pul, nəqliyyat vasitəsinə dəymiş zərər üçün-4.765 manat pul, həmçinin 1.500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11.415 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, müqavilədə cərimə qeyd olunmamışdır. Maşın qəzalı vəziyyətdə cərimə meydançasındadır. Hadisə 2024-cü ilin mart ayında olmuşdur. Cavabdehlə razılığa gəlmiş, cavabdeh avtomobili ver cərimələri ödəyim demiş, lakin cavabdeh 2000 manat cərimədən 500 manat ödəmişdir.Belə ki, Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixində “Avtonəqliyyat vasitəsinin icarəsinə dair” müqavilə bağlanmış, sözügedən müqaviləyə əsasən o, «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti məqsədləri üçün bəhərdən istifadə etmək və gəlir götürmək hüququ ilə birlikdə Cavabdeh istifadəsinə verməyi, cavabdeh isə həmin avtonəqliyyat vasitəsini icarəyə qəbul etməyi və hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh bir müddət aylıq 500 manat məbləğində olan icarə haqqını ödəsə də, daha sonra ödəniş etməyi dayandırmışdır. Sonuncu dəfə isə 2024-cü ilin may ayında icarə haqqından daha az, yəni 350 manat ödəmişdir. Nəqliyyat vasitəsi icarəyə götürüldüyü gündən etibarən cavabdeh gəlir əldə etmək məqsədilə nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxslərin istifadəsinə vermiş, həmin şəxslərin tez-tez yol nəqliyyat qaydalarını pozması nəticəsində avtonəqliyyat vasitəsinə dəfələrlə cərimə tətbiq olunmuş, hal-hazırda isə ümumilikdə 1.500 manat məbləğində cərimə yranmışdır. Avtonəqliyyat vasitəsi üzərində olan cərimənin ödənilməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciət etmiş, bununla bağlı heç bir hərəkət edilməmişdir. Digər bir məsələ odur ki, sözügedən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən etibarən cərimə meydançasında saxlanılmaqdadır. Həmin nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsinə qarışdığından halhazırda qəzalı vəziyyətdədir. xx.xx.2024-cü il tarixli ilkin akta əsasən nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə olması əks etdirilmiş, eyni zamanda avtonəqliyyat vasitəsinin fotoşəkillərindən də onun tamamilə yararsız vəziyyətdə olduğu aydın şəkildə görünür. Həmin aktdan da göründüyü kimi nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün 4.765 manat məbləğində xərc çəkilməlidir. 4.765 manat avtomobilə zərər dəymiş, qüsur aktının tərtib olunması cavabdehin iştirakı olmadan keçirilmiş, cavabdehin 1.500 manat məbləğində cərimə borcu var.Maşın hal-hazırda cərimə meydançasındadır. Cavabdeh tərəfində yol qəzası hadisəsi baş vermiş, 5150 manat pul 2024-cü ilin may ayından məhkəməyə müraciət etdiyi vaxt xx.xx.2025-ci ilə kimi yaranan borcdur. Avtomobil hal-hazırda cərimə meydançasındadır, günə 1 manatdan orda qalır. 1500 manat borc var, amma onu ödəməmişdir. Ekspertizaya 300 manat rüsum ödəmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan və tərəflər arasında bağlanmış «Avtonəqliyyat vasitəsinin icarəsinə dair» xx.xx.2023-cü tarixli müqavilədən görünür ki, İddiaçı «Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti məqsədləri üçün bəhərdən istifadə etmək və gəlir götürmək hüququ ilə birlikdə Cavabdeh istifadəsinə verməyi, cavabdeh isə həmin avtonəqliyyat vasitəsini icarəyə qəbul etməyi və hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. -İş materiallarında olan «CAR TECH» avtoservis tərəfindən verilmiş ilkin aktdan görünür ki, avtonəqliyyat vasitəsinin təmiri üçün çəkilən xərcin ümumi dəyəri 4765 manat təşkil etmişdir. -İş materiallarında olan “Leqal Hüquq və Ekspert Mərkəzi” Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən verilmiş 426/E nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2008-i il buraxılışlı, “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 3995 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1, 443.2.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 453. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Maddə 705.Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış «Avtonəqliyyat vasitəsinin icarəsinə dair» xx.xx.2023-cü tarixli müqavilədən görünür ki, İddiaçı «Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti məqsədləri üçün bəhərdən istifadə etmək və gəlir götürmək hüququ ilə birlikdə Cavabdeh istifadəsinə vermiş, cavabdeh isə həmin avtonəqliyyat vasitəsini icarəyə qəbul etməyi və hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdeh bir dəfə icarə haqqı olan 500 manat ödəniş etmiş, daha sonra isə ödənişləri dayandırmışdır. Sözü gedən icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən hər ay 500 manat icarə haqqı ödənilməli olduğu halda cavabdeh tərəfindən son ödəniş 2024-cü ilin may ayında cəmi 350 manat olmuşdur. Cavabdeh nəqliyyat vasitəsini icarəyə götürdüyü gündən gəlir əldə etmək məqsədilə nəqliyyat vasitəsini etibarnamə əsasında başqa-başqa şəxslərin istifadəsinə vermiş, avtonəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti qaydalarını pozduğuna görə dəfələrlə cərimə tətbiq edilmiş, avtomobil isə qəzalı vəziyyətdə hazırda cərimə meydançasındadır. Araşdırma zamanı məlum olmuşdur ki, 2024-cü ilin may ayından bu günədək, yəni 10 aylıq icarə haqqı və may ayının icarə haqqının ödənilməmiş hissəsi 5150 manat olmuş, «CAR TECH» avtoservis tərəfindən verilmiş ilkin aktda isə avtonəqliyyat vasitəsinin təmiri üçün çəkilən xərcin ümumi dəyəri 4765 manat təşkil etsə də, “Leqal Hüquq və Ekspert Mərkəzi” Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən verilmiş 426/E nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə 2008-ci il buraxılışlı, “Toyota Prius” markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 3995 manat məbələğində müəyyən edilmişdir. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına dair inzibati xətaların törədilməsinə görə tədbiq olunmuş1500 manat cərimə pulunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, araşdırma zamanı iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəəm hesab edir ki, iddia tələbi cərimə pulunun ödənilməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5150 manat icarə haqqı, 3995 manat dəymiş maddi ziyan olmaqla, cəmi 9145 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 111.45 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda ekspertiza xərci olan 300 manatda cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5150 manat məbləğində icarə haqqı, 3995 manat məbləğində dəymiş maddi ziyan olmaqla, cəmi 9145 manat məbləğində pul vəsaiti, 111.45 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. Dövlət rüsmunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar