Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3324/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 458/2025 nömrəli 03 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh firmasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, müqavilə əsasında ödənilmiş əsas pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2489 saylı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehə müqavilə üzrə ödədiyi 32000 (otuz iki min) ABŞ dollarının və vurulmuş maddi ziyana görə 45000 (qırx beş min) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh - Cavabdeh firması arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli 2489 saylı icarə müqaviləsinə əsasən, onlara məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Cənub- Şərqi, Bakı-Salyan-Lökbatan dairəsi yolayrıcının qərbində yerləşən, sıra 7a, korpus 5-də, ümumi sahəsi 34 m2 təşkil edən, 1 saylı qeyri-yaşayış sahəsini ticarətlə məşğul olmaq üçün müddətsiz icarəyə götürmüşdür. Cavabdehlə icarə müqaviləsi imzalanarkən, firmanın direktoru D.C.Əmirovaya şəxsən 28000 (iyirmi səkkiz min) ABŞ dolları və onun tələbinə əsasən təmirə görə 4000 (dörd min) ABŞ dolları - cəmi 32000 ABŞ dolları məbləğində pul ödəmişdir. O, icarə müqaviləsi ilə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Ancaq cavabdeh tərəfin icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə riayət etməsi və müqavilənin şərtlərini ciddi surətdə pozması səbəbindən ona ödədiyi pul məbləğindən əlavə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, ona məxsus qeyri-yaşayış obyektində təmir işləri başa çatdıqdan sonra o, ticarət obyektinə gedərkən gördü ki, ona məxsus ticarət obyektinə gedən yol tamamilə bağlanıb və həmin obyektə daxil olmaq üçün yol yoxdur. O, bu faktla bağlı cavabdehə müraciət etdi. Ona bildirildi ki, “sənə və digər şəxslərin bir neçəsinə məxsus ticarət obyektlərinin qarşısında yerləşən obyektlər “Elit” ticarət firmasına satılıb. Bu səbəbdən də sizi obyektə giriş-çıxış bağlanıb, bir şey fikirləşərik”. Bundan sonra o, dəfələrlə cavabdehə müraciət etdi, ancaq heç bir nəticə olmadı. 24 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 3.2.2-ci bəndində göstərilir ki, “icarəyə verən öhdəlikləri icra etmədikdə icarəyə götürən bu müqavilə ilə müəyyən edilən cəriməni alır”. O, isə nəinki əlavə pul almadı, cavabdehin əməli nəticəsində ciddi maliyyə böhranına məruz qaldı. Eyni zamanda qeyd edilən müqavilənin 8-ci bəndində göstərilir ki, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam ödəməyə borcludur.Bu səbəbdən belə hesab edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Ona ödədiyi 32000 (otuz iki min) ABŞ dolları məbləğində pulunu 6 il müddətində əssasız olaraq saxladığına, ona külli miqdarda ziyan vurduğuna və əldən çıxmış faydaya görə əlavə olaraq 45000 (qırx beş min) manat ziyanı da ödəməlidir. Çünki cavabdehin birbaşa təqsiri səbəbindən o, külli miqdarda ziyana düşmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla ödədiyi 32000 ABŞ dollarının və vurulmuş ziyana görə 45000 AZN pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi haqqında məhkəmə qətnamə çıxarmalıdır. Onu da qeyd etmək istəyir ki, məsələnin qanun çərçivəsində həll edilməsi üçün o, cavabdehlə uzun müddət danışıqlar aparmışdır. Rəsmi ərizə ilə cari ilin sentyabr ayının əvvəlində ərizə müraciət etmişdir. Yazdığı ərizə ünvana çatmasına baxmayaraq bugünə kimi ona heç bir cavab verilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2025 nömrəli 03 mart 2025cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslər baxılan mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2025 nömrəli 03 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçıq qızının fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN-i var. AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN-i var. Göründüyü kimi, iddiaçı və cavabdeh sahibkar statusu əldə edən şəxslər olmaqla, tərəflər arasında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Kollegiya qeyd edir ki, İddiaçıq qızının fiziki şəxsin vergi uçotuna xx.xx.2022-ci ildə alınması və fəaliyyət növünün “Südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi” kimi qeyd olunması vəziyyəti dəyişmir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə görə işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 387.2.9 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2025 nömrəli 03 mart 2025ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3324/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3324/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver