Məhkəmə qərarları › İş №2(049)-2453/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2453/2023

27.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2453/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X23 və 1 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnamələrinin, habelə çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X23 və 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli reyestrdə 2V-219 nömrə ilə qeyd edilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli reyestrdə 2V-220 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestr xidmətinin **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, X9 ləyaqətsiz vərəsə elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun tərəfindən inşa olunmuşdur. Lakin torpaq mülkiyyəti qızı İddiaçı3, həyat yoldaşı İddiaçı2 və atası X5 adına olmuşdur. Lakin iş üzrə cavabdeh qardaşı X23 2015-ci ildən atasının yaşlılığından və həmin ərəfələrdə iş zərurəti ilə bağlı onun Bakı şəhərində olduğundan istifadə edərək onun tərəfindən inşa edilmiş fərdi yaşayış evini atasının adına rəsmişləşdirmişdir. Sonradan atasını aldadaraq onun əqli zəifliyindən, ahıl yaşlı olmasından istifadə edərək onun adından öz xeyrinə vəsiyyətnamə almış və dolayısı yollarla özünün əsassız varlanaraq mülki sahibi olması üçün zəmin yaratmışdır. xx.xx.2020-ci il tarixdə atası vəfat etdikdən sonra qardaşı X2 rayon Notariat Ofisinə müraciət edərək xx.xx.2021-ci il tarixdə həm qanun, həm də vəsiyyətnamə üzrə öz adına vərəsəlik şəhadətnaməsi almışdır. İlk olaraq vəsiyyətnaməyə münasibət olaraq bildirir ki, atası tərəfindən verilmiş vəsiyyətnamə atasını aldadaraq onun adından alınmış vəsiyyətnamədir. Hətta vəsiyyətnamənin qovluğu belə şübhə altındadır. Çünki atası X13 bilirdi ki. həmin evin sahibi odur və o evə münasibətdə başqasına sahiblik hüququ verə bilməzdi. Evin onun tərəfindən inşa və əsaslı təmir olunmasına dair ustaların da ərizəsindən görünür ki, həmin fərdi yaşayış evi həqiqətən də onun tərəfindən inşa olunmuşdur. Bu səbəbdən də onun mülki olan fərdi yaşayış evinin qardaşına vəsiyyət olunmasını qanunsuz hesab edir. Ona görə də həmin vəsiyyətnamənin etibarsızlığının məhkəmə tərəfindən müəyyənləşdirilməsi qaçılmazdır. Vərəsəlik şəhadətnaməsinə gəldikdə isə Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin **********50-10301 reyestr nömrəli, ********** qeyiyyat nömrəli Çıxarışdan görünür ki, həmin fərdi yaşayış evinin torpaq sahəsi qızı İddiaçı3 və həyat yoldaşı İddiaçı2 aiddir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixli xx-xx/3063 nömrəli həyat yoldaşı İddiaçı2 adına verilmiş Arayışdan görünür ki, o ünvan 2 ünvanında qeyidyyatdadır və adları sadalanan ailə üzvləri ilə birlikdə orada yaşayır. Bildirir ki, həmin ailə üzvləri arasında onun da adı qeyd olunmuşdur.Vərəsəlik şəhadətnaməsi qovluğunda vərəsələrin dairəsi barədə Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, altıncı sırada onun adı X30 olaraq qeyd olunmuş və o miras qoyan şəxsin vərəsəsi kimi tanınmışdır. Lakin ondan mirasın qəbulu və yaxud da ondan imtina etməyi barədə sorulmamışdır. Buna görə də həmin mirasdan tam pay almaq hüququnun qardaşına verilməsini qanunsuz hesab edir. Hazırda hesab edir ki, qardaşı X23 onu bilərəkdən mirasın qəbuluna çağırılmaqdan kənar saxlayaraq bu barədə ona məlumat vermədiyinə görə onun ləyaqətsiz vərəsə olması məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. İddia ərizəsinə əlavə edilmiş 22 vərəqdə ibarət notariat kontoru tərəfindən təsdiqlənmiş vərəsəlik qovluğundan və icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1 oğunun adı orada qeyd olunsa da mirasın qəbulu və ya mirasdan imtina ilə bağlı hər hansı ərizə olmadan cavabdehə vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə edilən şəhər sakinləri X33, X24, X10 və X34 tərəfindən Lənkəran Rayon Məhkəməsinə notarial qaydada təsdiq olunmuş formada ünvanlanan ərizələrdən görünür ki, ümumilikdə İddiaçı1 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində əsaslı təmir işləri aparılmışdır. Cavabdeh vərəsəlik arayışını almaqla vərəsəlik işini gizli keçirilməsindən məlum olur ki, cavabdeh X23 bilərəkdən onu vərəsəlik işindən kənarda saxlayaraq miras əmlakda pay almasına maneə yaratmışdır. Onun miras əmlakı tək başına özünə məxsus etməsi hazırda onun ləyaqətsiz vərəsə olmasına əsas yaradır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi X17 iddianı qəbul etməyib, iddianın əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı2 və İddiaçı3, habelə cavabdeh X23 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı2 və İddiaçı3 məhkəmədə nümayəndə ilə təmsil olunmalarını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh işə cavabdeh X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Lənkəran ŞİHB-nın 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Arayışdan görünür ki, X18 həyat yoldaşı İddiaçı1, övladları – İddiaçı3, X25, X19 və nəvəsi X26 ilə birlikdə Lənkəran şəhəri, S.Vurğun küçəsi 7 saylı evdə qeydiyyatda olmaqla yaşayır. X20 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təmir etmişdir. Həmin fərdi yaşayış evinin təmir bərpa işlərinə 12000 manat məbləğində pul xərclənmişdir. X11 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təmir etmişdir. Həmin fərdi yaşayış evinin təmir bərpa işlərinə 20000 manat məbləğində pul xərclənmişdir. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təmir etmişdir. Həmin fərdi yaşayış evinin təmir bərpa işlərinə 8000 manat məbləğində pul xərclənmişdir. X21 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təmir etmişdir. Həmin fərdi yaşayış evinin təmir bərpa işlərinə 5000 manat məbləğində pul xərclənmişdir. Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci qeydiyyat tarixli, **********50-10301 reyestr №-li, ********** qeydiyyat №-li Çıxarışdan görünür ki, ünvan 4 ünvanında olan ümumi sahəsi 108,8 kv.m olan fərdi yaşayış evi üzərində yalnız X5 mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin üzərində isə X13 ilə yanaşı, İddiaçı2 və X12 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Lənkəran şəhəri 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X13 ölən günədək və ölümündən sonra ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixdə Lənkəran notarial qaydada təsdiq edilmiş Şəhadətnamədən görünür ki, DƏDRX 10 saylı xx.xx.2015ci tarixdə X6 verilmiş **********50-10301 reyestr №-li, ********** qeydiyyat №-li dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 108,8 kv.m olan fərdi yaşayış evinin ½ hissəsindən və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin X6 məxsus hissəsinin ½ hissəsinə Cavabdeh2 adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixdə Lənkəran notarial qaydada təsdiq edilmiş Şəhadətnamədən görünür ki, DƏDRX 10 saylı xx.xx.2015-ci tarixdə X6 verilmiş **********50-10301 reyestr №-li, ********** qeydiyyat №-li dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 108,8 kv.m olan fərdi yaşayış evinin ½ hissəsindən və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin X6 məxsus hissəsinin ½ hissəsinə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında olan ümumi sahəsi 108,8 kv.m olan fərdi yaşayış evi üzərində yalnız Cavabdeh2 mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin üzərində isə Cavabdeh2 ilə yanaşı, İddiaçı2 və X12 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Lənkəran ŞİHB-nın 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, onun həyat yoldaşı X13 xx.xx.2020-ci ildə vəfat etmişdir. X51 arvadı– X27, övladları – X35 (ölüb), X36, X28, Cavabdeh2 və İddiaçı1 adlı vərəsələri ilə birlikdə yaşamışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2020-ci ildə mədə xorası xəstəliyindən ölmüşdür. Nikah haqqında Şəhadətnamədən görünür ki, X13 ilə X31 1957-ci ildə rəsmi nikaha girmişlər. Doğum haqqında Arayışdan görünür ki, X35 xx.xx.1958-ci il tarixdə doğulmuş, atası X13, anası X14r. Ölüm haqqında Arayışdan görünür ki, X35 xx.xx.2010-cu ildə ölmüşdür. Doğum haqqında Arayışdan görünür ki, X36 xx.xx.1960-cı il tarixdə doğulmuş, atası X13, anası X14r. Doğum haqqında Şəhadətnamədən görünür ki, X28 xx.xx.1962-cı il tarixdə doğulmuş, atası X13, anası X14r. Doğum haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1963-cü il tarixdə doğulmuş, atası X13, anası X14r. Doğum haqqında Arayışdan görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə doğulmuş, atası X13, anası X14r. X22 tərəfindən Lənkəran rayon notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, atası X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumdan ona çatası miras payından qardaşı Cavabdeh2 xeyrinə imtina edir. X22 tərəfindən Lənkəran rayon notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, atası X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmir və etmək də fikri yoxdur. X27 tərəfindən Lənkəran rayon notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, əri X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmir və etmək də fikri yoxdur. Birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissəsindən ona düşən payı tələb etmir. X36 tərəfindən Lənkəran rayon notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, atası X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmir və etmək də fikri yoxdur. X5 Lənkəran rayon notariat ofisinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh1 vasitəsilə oğlu Cavabdeh2 və nəvəsi X7 vəsiyyətnamə vermişdir. Hal hazırda öz istəyi ilə həmin vəsiyyətnaməni ləğv edir. Lənkəran rayon Notariat Ofisinin 2016-cı il üçün müraciətlərin daxil olma kitabından görünür ki, X5 vəsiyyətnaməni ləğv barədə ərizəsi xx.xx.2016-cı il tarixdə Lənkəran rayon Notariat Ofisinə təqdim edilmiş, 648 qeydiyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o mərhum X8 tanıyır, onunla qonşuluqda yaşayırdı. Taksi sürücü olduğu üçün X51i həmişə o aparıb gətirərdi. Bir dəfə də Tofiqi notariusa aparmış, orada ərizə yazmışdır. Lakin ərizənin məzmunun onun yadında deyildir. Ərizədəki adının qarşısında olan imza ona məxsusdur. MÜBAHİSƏ ÜZRƏ TƏTBİQ EDİLMƏLİ OLAN MADDİ HÜQUQ NORMALARİ: Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM-nin); 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat;

74. Notarius vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, vəsiyyətnamənin notariusda saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. Əgər vəsiyyət edən vəsiyyətnamənin onda olan nüsxəsini təqdim edərsə, vəsiyyətnamənin ləğvi haqqında qeyd bu nüsxədə də edilir. Bundan sonra həmin nüsxə ərizə ilə birlikdə (əgər vəsiyyətnamə ərizə ilə ləğv olunmuşsa) notariusda saxlanılan nüsxəyə əlavə edilir. Vəsiyyətnamənin dəyişdirilməsi, ləğv və ya məhv edilməsi haqqında ərizədə olan imzanın həqiqiliyi mütləq notariat qaydasında təsdiq olunmalıdır. Notarius vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə bildiriş göndərməlidir. Notarius dəyişdirilmiş, ləğv və ya məhv edilmiş vəsiyyətnamə barəsində reyestrdə və vəsiyyətnamələrin uçotunun əlifba kitabında qeyd etməlidir.

83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.

HÜQUQİ DƏYƏRLƏNDİRMƏ:

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında olan ümumi sahəsi 108,8 kv.m olan fərdi yaşayış evi üzərində yalnız X5 mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin üzərində isə X13 ilə yanaşı, İddiaçı2 və X12 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Tofiq Tağıyev xx.xx.2015-ci il tarixdə vəsiyyətnamə vermiş, vəsiyyətnaməyə əsasən ölən günədək və ölümündən sonra ona məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə Lənkəran şəhəri 1 saylı Notariat Kontoru tərəfindən qəbul edilmişdir. Bundan sonra Tofiq Tağıyev xx.xx.2016-cı il tarixdə Lənkəran rayon Notariat Ofisinə müraciət etmiş və vəsiyyətnamənin ləğv edildiyini bildirmişdir. Daha sonra X13 xx.xx.2020-ci ildə mədə xorası xəstəliyindən ölmüş və onun arvadı– X27, övladları – X36, X28, Cavabdeh2 və İddiaçı1 adlı vərəsələri qalmışdır. X1, övladları – X36, X28 miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etmiş, Cavabdeh2 Lənkəran rayon notariat ofisi tərəfindən mərhum X4 miras qalan əmlak üçün qanun üzrə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələrdən İddiaçı1 iddia ərizəsi ilə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin, xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin, həmçinin, daşınmaz əmlakın dövlət reyestr xidmətinin **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, X9 ləyaqətsiz vərəsə elan olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin və xx.xx.2021-ci il tarixli reyestrdə 2V-219 nömrə ilə qeyd edilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, yuxarıda qeyd olunan qanunverilik normalarının tələbi baxımından iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, miras qoyan Tofiq Tağıyev xx.xx.2015-ci il tarixdə mülkiyyətində olan əmlakı oğlu – Cavabdeh2 vəsiyyət etsə də, daha sonra xx.xx.2016-cı il tarixdə həmin vəsiyyətnaməni ləğv etmiş və bu barədə ərizə ilə Lənkəran Notariat Ofisinə müraciət etmişdir. Cavabdeh Lənkəran Notariat Ofisi MM-nin 1220.0.2-ci və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 74-cü bəndinə uyğun olaraq həmin vəsiyyətnamənin ləğvi barədə qeydiyyat aparmalı olduğu halda bunu etməmiş və nəticə etibarı ilə ləğv edilmiş vəsiyyətnamə əsasında Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, MM-nin 1225.3-cü maddəsinin tələbi baxımından xx.xx.2015-ci il tarixli vəsiyyətnamə etibarsız olduğundan, həmin vəsiyyətnamə əsasında verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-219 nömrə ilə qeyd alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Məhkəmə iddianın xx.xx.2021-ci il tarixli reyestrdə 2V-220 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, miras açılan vaxt – yəni X51 öldüyü vaxt onun arvadı X27, övladları – X36, X28, Cavabdeh2 və İddiaçı1 adlı birinci növbə 5 vərəsəsi qalmışdır. Həmin hal notariat işində olan Lənkəran ŞİHB-nın 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Arayışla da Notariat orqanına məlum olmuşdur. Lakin notariat orqanı tərəfindən mirasın açılması barədə X27, X36, X28 və Cavabdeh2 məlumat versə də, digər vərəsə İddiaçı1 məlumat verilməmiş, bu barədə notariat işinə hər hansı sənəd əlavə olunmamışdır. Belə olan halda sonuncu miras əmlaka vərəsəlik hüququndan mərum olmuşdur ki, bu da MM-nin 1159-cu maddəsinin tələbi baxımından yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-220 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Məhkəmə iddianın daşınmaz əmlakın dövlət reyestr xidmətinin **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisələndirilən çıxarış xx.xx.2021-ci il tarixli reyestrdə 2V-220 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli vəsiyyətnamə və xx.xx.2021-ci il tarixli reyestrdə 2V-219 nömrə ilə qeyd edilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir, qeyd olunan şəhadətnamələr və vəsiyyətnamə etibarsız olduğundan onların əsasında da verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış da etibarsız hesab edilməlidir. Məhkəmə iddianın X9 ləyaqətsiz vərəsə elan olunması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab edilməli olmasının əsasları MM-nin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin dispozsiya şərtlərinə görə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün o; 1) miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməli və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməli, 2) vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməli 3) 1-ci və 2-ci hallar məhkəmə tərəfindən təsdiq edilməlidir. Yalnız yuxarıda qeyd edilən hallar mövcud olduğu, yəni 1 və 3-cü, 2 və 3-cü və yaxud 1, 2, 3-cü dispozisiya şərtləri mövcud olduğu təqdirdə şəxs ləyaqətsiz vərəsə hesab oluna bilər. Lakin iddiaçı tərəfindən X9 1137-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd edilmiş halların mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən həmin halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda isə X9 ləyaqətsiz vərəsə elan edilməsi üçün hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissəə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran şəhəri 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli Vəsiyyətnamə, xx.xx.2021-ci il tarixli 2V-219 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V- 220 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilməli, iddia qalan hissədə, yəni X9 ləyaqətsiz vərəsə elan edilməsi hissəsində rədd edilməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Lənkəran şəhəri 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli Vəsiyyətnamə, xx.xx.2021-ci il tarixli 2V-219 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, xx.xx.2021-ci il tarixli 2V-220 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış etibarsız hesab edilsin. İddia qalan hissədə, yəni X9 ləyaqətsiz vərəsə elan edilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə və Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar