Məhkəmə qərarları › İş №2(049)-2570/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2570/2024

26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2570/2024 26.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliy, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə İddiaçı cvabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməklə ümumi mülkiyyətdə olan payına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarışla Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evindən mülkiyyətində olan 18//48 hissədə payın naturada bölünməsi mümkün olmadığından payın dəyəri olaraq 30.000 manat pulun (otuz min) paylı mülkiyyətin digər mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona ödənilməklə ümumi mülkiyyətdə olan payındakı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş və hal-hazırda Lənkəran şəhəri, Vidadi küçəsi, ev 18-də yaşayır. Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi onun və cavabdehlərin mülkiyyətindədir. Belə ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin onların paylı mülkiyyətində olması barədə ƏMDKY DƏDRX-dən qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarış da verilmişdir. Həmin çıxarışda onlrın payları aşağıdakı kimi göstərilmişdir: Cavabdeh1-22/48 hissə pay (bacısı) Cavabdeh2-1/6 hissə pay (bacısının əri) İddiaçı-18/48 hissə pay. Mübahisəli evdə o, və bacısı Çimnaz ayrı-ayrı təsərrüfatda yaşayırlar. Ona çatan payın naturada ayrılaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırsa da Lənkəran rayon Məhkəməsinin 2(049)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən payın naturada ayrılmasına yol verilmədiyinə və bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığına görə öz payımın dəyərinin paylı mülkiyyətçilərdən ödənilməsi ilə bağlı məhkəməyə müraciət edir. ----ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan elektron çıxarışla Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evindən 18/48 hissədə payımın olduğu sübuta yetir. ---xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə paylı mülkiyyətçilərdən qardaşım X16 özünə çatan 1/6 hissə payı mənə bağışladığı sübuta yetirilir. --- Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlar X7 xx.xx.1962-ci ildə, X8 xx.xx.2012-ci il tarixdə, X2 xx.xx.2005-ci il tarixdə, X6 xx.xx.1998-ci il tarixdə öldüklərini, X10 xx.xx.1953-cü il tarixdə, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulduğunu,sübuta yetirir. --- Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarış X7 X1 ilə xx.xx.1949-cu il tarixdə nikaha daxil olduqlarını sübuta yetirir. -- Lənkəran rayon Məhkəməsinin 2(049)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi il payların naturada bölünməsi tələbi ilə olan iddia rədd edilmişdir. İddia ərizəsinə əlavə etdiyim elektron çıxarışdan da görünür ki, mübahisəli daşınmaz əmlak mənim, cavabdehlərin və mənim paylı mülkiyyətimdədir. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki Cavabdeh1 onun doğma bacısıdır. Onların paylı mülkiyyətlərində olan evdə birgə yaşamaları mümkün olmadığından öz payına uyğun kompensasiyanı alaraq, özünə ayrıca yaşayış yeri almaq istəyir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak eən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatından bildirdi ki, o, da iddiaçıya payına uyğun kompensasiya ödəmək istəmir. Çünki o, özü də həmin paylı mülkiyətdə olan yaşayış sahəsindən istifadə edə bilmir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əçlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsində yerləşən 118,4 kv.m. yaşayış sahəsi 1/6 hissə X4, 22/48 hissə X9 və 18/49 hissə İddiaçı məxsus olmaqla onların paylı mükiyyətindədir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin2(049)-78/2024 saylı 30 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X12, X11, Cavabdeh2 və üçüncü şəxs X13 qarşı Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaka dair “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X3 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Lənkəran şəhəri, X23 küçəsi ev 18 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsində yerləşən 118,4 kv.m. yaşayış sahəsi 1/6 hissə Cavabdeh2, 22/48 hissə X9 və 18/49 hissə İddiaçı məxsus olmaqla onların paylı mükiyyətindədir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğu hissəsinə digər cavabdehlərdən kompensasiya ödənilməsini tələb edir. Cavabdehlər iddiaçıya məxsus hissənin dəyərinin ödənilməsinə etiraz edirlər. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir və öz payının dəyərini cavabdehlərdən tələb edə bilər. Hazırda isə cavabdeh həmin payı almaqdan imtina edir, yəni iddiaçının payına uyğun olaraq ona kompensasiya ödənilməsindən imtina edir. Məhkəmə hesab edir ki, bir mülkiyyətçinin digər mülkiyyətçiyə payına uyğun kompensasiyanın ödənilməsi onun vəzifəsi deyil, yalnız hüququdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olsa da, cavabdehlər kompensasiya ödənilməklə bağlı iddia tələbini qəbul etmədiklərindən İddiaçı cvabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cvabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ““paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməklə ümumi mülkiyyətdə olan payına dair mülkiyyət hüququna xitam verilməsi”” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar