Məhkəmə qərarları › İş №2(049)-2577/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2577/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2577/2022 14.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29595.14 manat pulun və 180 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birlikdə Cəlilabad rayonunda yerləşən hərbi hissədə qulluq etmişlər. Cavabdehlə birlikdə qulluq etdikləri dövrdə Cavabdeh "xxxx" ASC-nin Lənkəran Filialı ilə xx.xx.2018-ci il tarixli, 1298-xx.xx.2018-002956 saylı kredit müqaviləsi bağlayaraq 60 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 20.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə bank ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit ödənişlərini vaxtı-vaxtında ödəməmiş, bu səbəbdən də 2018- 2022-ci il tarixləri arasında iddiaçının əmək haqqından ümumilikdə 29595.14 manat pul tutulmuşdur. Qeyd olunan məbləğin iş üzrə Cavabdeh ödənilməsini dəfələrlə xahiş etsə də, nəticəsi olmamışdır. Odur ki, məsələnin qanuni qaydada həll edilməsindən ötrü, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, İİ Qarabağ müharibəsində iştirak etmiş və bir sıra orden və medallarla təltif edilmişdir. Cavabdehlə Cəlilabad rayonunda N saylı hərbi hissədə bir yerdə işlədiyi vaxt xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Beynəlxalq bankı ilə kredit müqaviləsi bağlayaraq 20.000 manat kredit götürmüşdür. Onunla Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sözügedən kreditin ödənilməsinin təminatı olaraq cavabdehə zamin olmuşdur. Kredit götürdükdən 1 həftə keçəndən sonra cavabdeh tutduğu vəzifəsindən azad olunmuşdur. 4 ay müddətində ödənişini etsə də, sonradan cavabdeh ödənişləri etmədiyinə görə həmin kredit müqaviləsi əsasında bankın məhkəmədə hər ikisinə qarşı qaldırdığı borc tələbinə dair iddiası təmin edilmiş və qətnamə icraya yönələndən sonra əmək haqqımdan hər ay 50 faiz bankın xeyrinə tutulmuşdur. Beləliklə 2018-2022-ci illərdə ümumilikdə 29595.14 manat banxın hesabına köçürülmüşdür. İdddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı tam qəbul edir. İddiaçı ilə Cəlilabad rayonunda N saylı hərbi hissədə bir yerdə işlədiyi vaxt xx.xx.2018-ci il tarixdə o, Azərbaycan Beynəlxalq bankı ilə kredit müqaviləsi bağlayaraq 20000 manat kredit götürmüşdür. İddiaçı ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sözügedən kreditin ödənilməsinin təminatı olaraq iddiaçı ona zamin olmuşdur. Kredit götürdükdən 1 həftə keçəndən sonra tutduğu vəzifədən azad olmuş, 4-6 ay müddətində ödənişimi etmiş, lakin sonradan imkanı olmamışdır. İddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Cavabdeh izahatında göstərdiklərini yazılı şəkildə təqdim etmiş və ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış 05 mart 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin Lənkəran Filialı ilə xx.xx.2018-ci il tarixli, 1298xx.xx.2018-002956 saylı kredit müqaviləsi bağlayaraq 60 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 20.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə bank ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən iş üzrə İddiaçı əmək haqqından tutulmalar mövcuddur. İş materiallarında olan və məhkəmədə araşdırılmış ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MM-nin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, Cavabdeh "xxxx" ASC-nin Lənkəran Filialı ilə xx.xx.2018-ci il tarixli, 1298-xx.xx.2018-002956 saylı kredit müqaviləsi bağlayaraq 60 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 20.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq həmin tarixdə bank ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit ödənişlərini vaxtı-vaxtında ödəməmiş, bu səbəbdən də 2018-2022-ci il tarixləri arasında iddiaçının əmək haqqından ümumilikdə 29595.14 manat pul tutulmuşdur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 29595.14 manat məbləğində borc alınaraq İddiaçı verilsin. Dövlət rüsumu 180 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar