Məhkəmə qərarları › İş №2(049)-2658/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2658/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2658/2024 26.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X3 ilə ər-arvad kimi qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 1.6-cı bəndində qeyd edilmişdir ki, ərizədə həmin faktın (yəni hüquqi əhəmiyyətli faktın) müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinin məzmununa görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, şəxsin ərin (arvadın) qanun üzrə vərəsəsi hesab edilməsi üçün onlar arasında olan ər-arvad münasibətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanması qaydasında dövlət qeydiyyatına alınması vacib şərtdir. Ərizəçi hazırki tələbində qeyd etmişdir ki, o, X3 ilə faktiki nikah münasibətlərində olsa da, onlar arasında rəsmi nikah qeyd edilməmişdir. Ərizəçi ilə X1 ər-arvad kimi qohumluq və ya faktiki nikah münasibətində olmaları faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olacağı halda belə, bu hal müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlar arasında nikahın bağlanmasının dövlət qeydiyyatına alınmasına, yəni onların qanunvericilikdə nəzərdə tutulan qaydada ər-arvad hesab edilmələrinə əsas vermir. Bununla da, X3 və ərizəçi arasında ər-arvad kimi bir-birindən miras qalan əmlakdan qanun üzrə vərəsəsi kimi pay almaq hüququ da yaranmayacaqdır. Belə olan halda, bu faktın müəyyən edilməsi hazırki iş üzrə ərizəçi üçün hər hansı hüquqi nəticələr də yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin əsaslara görə hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbləri baxımından hazırki ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin, ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar