Məhkəmə qərarları › İş №2(049)-2678/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2678/2022

14.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2678/2022 14.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2, cavabdeh: Cavabdeh Novruz oğlu, cavabdehin nümayəndəsi və vəkili: Bakı Şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması” tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun hər birisinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X7 kompleksinin 1/2 hissəsinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılmaqla dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında aşınmaz Əmlakın Reyestr Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binası Əmlak kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh hər birinin ½ hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə iddiaçının öz mülkiyyətindən istifadə etməyinə mane olmaqla qanunsuz istifadə olunduğundan məhkəmə prossesi yekunlaşanadək cavabdeh və digər şəxslər tərəfindən həmin torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksindən istifadəsinə qadağa qoyulması zərurəti yaranmış, iddiaçı tərəfindən vəsatəty verilsə də, təmin edilməmişdir. Hansı, ki qeyd edilən obyektin vergi ödəyicisi kimi iddiaçı olmaqla onun adıdanadır və X7nın fəaliyyəti 27 iyul 2022-ci il tarixdən dayandırıldığı halda cavabdeh həmin obyektdən istifadə edə bilməzdi. Cavabdeh bütün bunlardan sonra paylı mülkiyyətdə olduğu halda iddiaçının iştirakı və icazəsi olmadan həmin obyektdə təmir işləri aparmış, şadlıq evindən və obyektlərdən qanunsuz istifadə edərək qazanc əldə etmişdir. Cavabdeh «Əzizə» şadlıq sarayı, əmlak kompeksin tərkibinə daxil olan digər sahələrdən istifadə etsə və qazanc əldə etsə də,həmin qazancları şərik olduquları halda 2022-ci ilin mayın ayından sonra heç bir məbləğ verməmişdir. Buna görə iddiaçı tərəfindən ərizə verilmiş və Lənkəran rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli iş № MTT9049)-37/2022 nömrəli qərardadı ilə ərizəm təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayı binası və eləcə də həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayışəmlak kompleksi üzərinə həbs qoyulmuş, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq üzərində yerləşən 2825,5 kv.metr sahəsinin 14 hissədə mənə məxsus hissəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qərardad qəbul edilmişdir. Həmin qərardad dərhal icra edilmişdir. Daha sonra cavabdeh tərəfindən həmin qərardadın ləğv edilməsi barədə şikayət verilsə də, Lənkəran rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadı ilə həmin şikayət təmin edilməmişdir. Cavabdeh paylı mülkiyyətdə olan obyekti iddiaçının razılığı və icazəsi olmadan heç bir ehtiyac belə olmadığı halda təmir etdirməyə başlamışdır. O həmin xüsusatı əsas götürərək müvəqqəti təminat tədbiri barədə qərardan şikayət etmişdir. Hazırkı işin obyektiv həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 və Cavabdeh hər birinin ½ hissə olmaqla paylı mülkiyyətidə olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825 5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayının, eləcə də digər qeyrıvaşayış binası Əmlak kompleksinin 1/2 hissəsinin naturada ayrılıb bölünərək hər birinə bərabər oavdada verilməsinin mümkün olub-olmamasını müəyyən etmək zərurəti meydana çıxdığından 19 avqust 2022-ci il tarixdə "xxxx" ММС-уе müraciət edilmiş və naturada bərabər bölünməsi tələbi qoyulmuş və MMC tərəfindən həmin əmlakın naturada bölünməsi mümkün hesab edilmişdir. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksi qiymətləndirilərək hərracda satılmaqla dəyəri Cavabdeh Novruz oğlu və İddiaçı arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir. Cavabdeh onun doğma qardaşıdır, sonuncudan başqa Telman adlı qardaşları da var ki, Rusiya Federasiyasında yaşayır. 2013-cü ildə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən ərazidə analarının adına Əzizə şadlıq evi tikmişlər. Şadlıq evinin həyətyanı sahəsində mağaza, çörək sexi, çay evi və mətbəx kimi ticarət obyektləri də olmuşdur. 2013-cü ildən etibarən o, şəxsən özü şadlıq evinin və digər ticarət obyektlərinin idarəetməsi ilə məşğul olmuş və əldə edilmiş gəliri qardaşları Eldar və Telmanla bərabər bölmüşdür. Cavabdeh 2013-2017-ci illərdə həbsdə olduğu dövrdə onun payına düşən hissəni Telmana vermişdir ki, cavabdehə çatdırsın. Bununla bağlı aralarında heç bir narazılıq olmamışdır. 2022-ci ilin mart ayında cavabdeh Qazaxıstan Respublikasından gəlmiş və qeyd olunan mülklərin yarısının ona verilməsini təklif etmişdir. O, da qardaşına etiraz etməmiş və notariat qaydasında Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksinin 1/2 hissəsini qardaşına bağışlamışdır. Bundan sonra cavabdehlə münasibtələri kəskin pisləşmiş və qardaşı onu həmin kompleksə buraxmamış və özü gəlirin hamısını götürmüşdür. Bu barədə Cavabdeh dəfələrlə xahiş etsə də, cavabdeh ona əhəmiyyət verməmişdir. Əmlakın naturada bölünməsi barədə məhkəməyə ilkin iddia ilə müraciət etmiş, lakin cavabdehin qəti mövqeyindən, ona qarşı təhqir, təhdid dolu sözlərindən sonra əmlakın naturada bölünməyəcəyini başa düşüb iddia tələbini dəyişmişdir. Cavabdehə dəfələrlə əmlaka görə pul tələb etsə də, cavabdeh öz qanunsuz əməllərindən əl çəkməmişdir. Buna görə də əmlakın hərracda satılmasını xahiş etmişdir. Hazırda iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Novruz oğlu izahatında göstərdi ki, iddia rədd edir. O, 16 yaşından Qazaxıstan Respublikasında olmuş və bizneslə məşğul olmuşdur. 2013-cü ildə qardaşları Telman və Elmanla birlikdə analarının adına şadlıq evi tikdirmək qərarına gəlmişlər. Bu fikir oun özünə məxsus olmuşdur. Onun Qazaxıstandan göndərdiyi pulların hesabına şadlıq evi üçün torpaq sahəsi alınmış və şadlıq evi ilə ətrafındakılar tikilmişdir. Ondan başqa həmin tikiliyə pul qoyan olmamışdır. İddiaçı həmin tikiliyə, ətrafındakı obyektlərə bir manat belə olsun pulu çıxamışdır. İddiaçı sadəcə şadlıq evinin və digər obyektlərin idarəedicisi olmuşdur. O, 2013-2017-ci illərdə Qazaxıstan Respublikasında həbsdə olmuşdur. 2022-ci ildə Lənkəran rayonuna gəldikdə iddiaçının illərdi onu aldatdığının şahidi olmuş və buna görə də şadlıq evinə pul qoyan adam kimi həmin bütün əmlakı tələb etmişdir. Hazırda həmin əmlakın nə naturada bölünməsini, nə kompensasiya ilə alınmasını, nə də hərracda satılmasını qəbul etmir. Həmin əmlak onun 2.744.000 ABŞ dolları pulu ilə tikilib ərsəyə gəlmişdir, buna görə də həmin əmlak bütünlükdə ona məxsudur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış hüququqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən ********** və ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 2825.5 ha torpaq sahəsi İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payı müəyyən edilməklə paylı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindəki RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən 2825.5 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X2 rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və üzərində 2825.5 kv.m olan qeyri-yaşayış binasından ½ hissəsini Cavabdeh bağışlamışdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış 12-28/103 saylı 12 iyul 2022-ci il tarixli Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Məmmədov X2 rayonunun Gərmətük qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən “Əzizə” şadlıq evinin işlətdiyi 8 il ərzində qardaşı Cavabdeh payına düşən cəmi 2.424.000 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi kifayət qədər sübuta yetirmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış qəbzdən gğrünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyib, məhkəmədə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən 2825.5 ha torpaq sahəsi 2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. 2022-ci il tarixdə isə iddiaçı özünə məxsus həmin mülkiyyəyin ½ hissəsini qardaşı, hazırda cavabdeh olan Cavabdeh bağışlamışdır. Bağışlanmadan sonra tərəflər arasında münasibət kəskin pisləşmiş və cavabdeh iddiaçını hətta özünə məxsus olan hissəyə buraxmayaraq qazanc əldə etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MMT(049)-37 nömrəli qərardadı ilə mübahisə predmeti olan əmlak üzərinə həbs qoyulmuşdur. Cavabdeh izahatında mübahisə predmeti olan əmlakın ona məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, əksinə onun bildirdikləri yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli Çıxarışla tam təkzib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materialları ilə təsdiq edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak da idarə edilməklə gəlir əldə edilmiş və nəticədə iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksi paylı mülkiyyət olması işin təkzib edilməz halıdır və məhkəmə hesab edir ki, hazırkı işə paylı mülkiyyətlə bağlı müddəlar tətbi edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində qeyd edilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, mübahisənin doğma qardaşlar arasında baş verməsini, iddianın ilkin olaraq məhkəməyə “naturada bölünmə” tələbi ilə verilməsini, qardaşlar arasında münasibətin kəskin pis olmasını və hətta cinayət mühakimə icraatı səviyyəsində birbirilərini ittiham etməsini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə əmlakın naturada bölünməsi, kompensasiya müəyyyən edilməsi və s kimi sıralamanın tətbiq edilməsi nəticəsi öncədən aşkar görünən halın müəyyən edilməsi ilə nəticələnə bilər. Başqa sözlə ifadə edilsə, cavabdeh əmlakın bütünlüklə ona məxsus olduğunu qəti şəkildə bildirir, əmlakın bölünməsinə, satılmasına birmənalı olaraq etiraz edir. Belə olan halda əmlakın naturada bölünməsi və kompensasiya tələbi barədə sıralamanın tətbiqi lüzumsuz olaraq məsələnin həllini uzadılması deməkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, hal-hazırda mübahisə olunan daşınmaz əmlak obyektləri üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Əmlakın naturada bölünməsinin tələbi və ondan sonra hərracda satılmaq tələbinin qoyulması üzərinə həbs qoyulmuş əmlakların istismar müddətinin keçməsi ilə nəticələnməklə yanaşı sahibkarlıq subyektlərinin hüquqlarını uzun müddət pozmuş olar. Həmçinin cavabdehin izahatından aydın olur ki, o, əmlakın naturada bölünməsindən, kompensasiya ilə alınmasından imtina edir. Buna görə məhkəmə hesab edir ki, qeyd olunanlar artıq tətbiq edilmiş və bu halların ( naturada bölünmə və kompensasiya tələbi) ayrıca iddia şəklində verilməsi üçün əsas yoxdur. Məhz bu baxımdan məhkəmə hesab edir ki, hüquqların təmin edilməsi yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Yəni hazırkı işə münasibətdə bir daha qeyd edilməlidir ki, nəticənin eyni olacağı təqdirdə formal olaraq qanunda göstərilənlərin sadalanması hər iki tərəfin ədalətli məhkəmə araşadırmasının ağlabatan müddətə həyata keçirilməsinə mane olur. Göstərilənərdən bir daha aydın olur ki, tərəflərin mövcud münasibəti əmlakın hərracda satılaraq tərəflər arasında bölünməsinə tam zəmin yaradır. Məhkəmə əmlakın qiymətlərindirilməsi məsələsinə də hüquqi qiymət verərək hesab edir ki, həmin məsələ məhz qətnamənin icrası ilə əlaqədar olduğundan hazırkı vəziyyətdə əmlakın dəyərinin nə qədər olması məhkəmə üçün, eləcə də tərəflər üçün heç bir əhəmiyyət kəsb etmir və iddianın həll edilməsinə heç bir təsiri yoxdur. Hüquqi müəyyənlik və hüququn çatımlılığının təmin edilməsi məqsədi ilə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksi qiymətləndirilərək hərracda satılmaqla dəyəri Cavabdeh Novruz oğlu və İddiaçı arasında bölünməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də Cavabdeh Novruz oğlundan iş üzrə məhkəmə xərclərinə aid edilən 100 manat dövlət rüsumu tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksi qiymətləndirilərək hərracda satılmaqla dəyəri Cavabdeh Novruz oğlu və İddiaçı arasında bölünsün. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh Novruz oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar