Məhkəmə qərarları › İş №2(049)-268/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-268/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-268/2024 17.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, iddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Lənkəran rayon, Vel kəndində yerləşməklə fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1949-cu il tarixdə Lənkəran rayon, Vel kəndində doğulmuşdur. Hazırda da yuxarıda qeyd etdiyi kəndə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma övladlarıdır. O, X1 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahından xx.xx.1977-ci il tarixdə Elşən, xx.xx.1978-ci il tarixdə Zakir, xx.xx.1981 -ci il tarixdə Zahid, xx.xx.1973-cü il tarixdə Səxavət və xx.xx.1975-ci il tarixdə Camal adlı beş uşağları doğulmuşdur. Hazırda o arvadı X1 ilə artıq yaşlanmışlar.Onlara qulluq edən bir şəxs lazımdır. Oğlanlarından Səxavət və Camal təsərrüfatları ayrıdır. Səxavət Ukrayna vətəndaşı olmaqla Ukraynada yaşayır, Camal isə Vel kəndində yaşayır. İş üzrə cavabdeh olan oğlanları Elşən və Zakir isə yaşadığı evi tərk edərək yaşamaq üçün Ukrayna Respublikasına getmişlər və uzun illərdir ki, orada Ukrayna millətindən olan qadınla evlənərək orada yaşayırlar. Kiçik oğlu olan Zahid onlarla birgə yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evi 2 mərtəbədən 4 otaqdan ibarətdir. Cavabdehlər çoxdan ona məxsus evi tərk edərək hazırda Ukrayna Respublikasında Ukrayna millətindən olan qadınlarla evləndikləri üçün onların geri qayıdaraq yenidən evində yaşamaları qeyri-mümkündür. Çünki, onlar hazırda Ukrayna Respublikasında yaşayış icazəsi də alaraq orada qeydiyyatdadırlar. Bu səbəbdən də iddiaçı şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən cavabdehlərin qanuni yolla çıxarılmasını tələb edir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X7 izahatında göstərdi ki, iş üzrə cavabdehlər onun qardaşlarıdır və hər ikisi uzun müddətdir ki, Ukrayna Respubliakasında yaşayırlar. İddia tələbini təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayon, Velədi kəndində yerləşən mənzil tam mülkiyyəti üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran RŞPŞ-nin 30.08 2023-cü il tarixli məktubundan görünür ki, qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasından ötrü məhkəmə müraciət edilməsi tövsiyə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran rayon Siyavar kənd icra nümayəndəiyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Lənkəran rayon Vel kəndində 7 nömrəli təsərrüfatbaşı kitabın 86 səyfəsində mülkiyyətdə olan fərdi yaşayış evində aşağıdakı ailə üzvləri qeydiyyatdadır. Arvadı, X4 oğlu, Cavabdeh1, və Cavabdeh2 Ukrayna Respublikasındadırlar. X7 həmin evin qeydiyyatındadırlar. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Hökümət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon, Vel kəndində yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus mənzildə qeydiyyatda olsa da, həmin şəxslər o ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyətində olan Lənkəran rayon Vel kəndində yerləşən mənzildən istifadə hüququ itiirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Atakiş oğlunun xüsusi mülkiyətində olan Lənkəran rayon Vel kəndində yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar