Məhkəmə qərarları › İş №2(049)-2687/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2687/2024

23.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2687/2024 23.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh1 ştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı cehiz əşyaların tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi 117 adda, ümumi dəyəri 29802 manat olan əşyaların və ya dəyərinin, eləcə də 120 manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 14 iyun 2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Həmin tarixdən ar-arvad kimi bir yerdə yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-182/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehlər Rusiya Federasiyasının vətəndaşları olsalar da, hal-hazırda faktiki olaraq Lənkəran şəhəri, Hacılar küçəsi ev 83-də müvəqqəti qeydiyyatdadırlar və orada da yaşayırlar. Gəlin köçmək ərəfəsində hamı kimi o da, cehiz əmlak alaraq cavabdehlərin evinə aparmışdır ki, həmin əmlak da, hazırda cavabdehlərin evində qalmışdır. O, cavabdehlərdən həmin cehiz-əmlakın qaytarılmasını xahiş etsə də, cavabdehlər qərəzli şəkildə bundan yayınmışlar. Məcbur olub cavabdehlərə qarşıl hazırkı mübahisə ilə bağlı təklif ünvanlamış, həmin təklifə heç bir cavab verilmədiyindən ünvan müraciət etmişdir. Cavabdehlər Mediasiyaya Təşkilatına da gəlməmişlər. Hətta mediator X7 tərəfindən Cavabdeh1 ***-***-**-** nömrəli mobil telefonuna zəng olunmuş, mediasiyaya dəvət olunmuş, lakin cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Bu səbəbdən də ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 iyul 2024-cü il tarixli arayış təqdim olunmuşdur. Mübahisəsini məhkəmədən kənar qaydada həll edə bilmədiyimdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəlin köçərkən apardığı 117 adda, ümumi dəyəri 29802 manat təşkil edən cehiz-əmlakların siyahısını iddia ərizəsində göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qismən qəbul edib göstərmişdir ki, iddiaçının tələb etdiyi paltaryuyan maşın onda deyil. O, valideynlərinə məxsus evdə yaşamır. Cavabdehlər olan valideynləri məhkəmə iclaslarına gələ bilmirlər, çünki atası hərbiçi, anası isə hərbi tibb bacısıdır. İddiaçının tələb etdiyi heç bir əmlak cehiz deyil, çünki toyları bir yerdə olmuş, həmin toyda əldə olunmuş pulu cehiz almağa vermişlər. Həmin əmlakı iddiaçı gətirməyib, cehiz deyil, birgə vəsait hesabına alınıb. Təxminən toyun 10300 – 10400 manat xərci olub. Onun valdeyinləri tərəfindən cehiz üçün qız tərəfə 8 min manat məbləğində pul, toy qabağı verilmişdir. Belə razılığa gəlmişlər ki, toyda çəkiləcək xərcləri böləcəklər. Toyda ümumi çəkdikləri xərc 10 min manat olub, həmin 10 min manatdan 5 min manatı onlar, digər 5 min manatı isə iddiaçı tərəf çəkmişdir. Cehiz əmlak onların birgə nikahları dövründə əldə olunmuşdur. İddiaçının tələb etdiyi paltar yuyan maşını iddiaçı özü gətirməyib. Hazırda evində künclük və dairəvi divanlar, güzgü kamot, servant, pərdə dekorlarının 5 ədədindən 3 ədədi, jalyuz, çılçıraq 5 ədəd, 6 ədəd xalça, stul 1 stol 6 ədəd, kuxna mebil vardır, “Samsung” soyuducusu, tozsovran və ətçəkən maşın yoxdur. İddiaçı şirəçəkən, peçka, “Samsung” TV, TV altı gətirməmiş, mikrodalga, aspirator, qaz piltəsi, tort mikseri, moyka, stol 14 stol, tefal termos, kastrulka nikel, tefal evində yoxdur. Kastrulkalar valideynlərinə məxsusdur. Əlavə olaraq bildirmişdir ki, valideynləri tərəfindən iddiaçıya verilmiş nişan əmlak (qızıllar) iddiaçıdadır, sonuncu onları qaytararsa, onlar da, cehiz əmlakı qaytarmağa hazırdırlar. Bundan əlavə iddiaçıda onların özlərinə məxsus qızıllar da qalmışdır. Hakim tərəfindən bir sıra əmlaklara dair iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi çek Cavabdeh1 təqdim edilmiş, sonuncu bildirmişdir ki, həmin çekdə qeyd olunmuş əmlakı atası özü üçün almış, cehiz pullarını qız tərəfə onlar vermiş, cehizi isə qız tərəfi almışdır. Cavabeh Cavabdeh1 verilən suala, sonuncu cavab verərək bildirmişdir ki, evlərinə quraşdırılmış kamera bütün il boyu işləmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tədqiq olunmuş sübutlar: Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı cehiz əmlakının qaytarılması tələbinə görə 60 manat məbləğində mediasiya xərçi ödəmişdir. “Kapital Bank” qəbzindən görünür ki, iddiaçı 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-182/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 14 iyun 2022-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 292 sayla bağlanmış nikah qeydi pozulmuşdur. Ekol Lənkəran T.M. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 223 141 nömrəli kassa-mədaxil orderindən görünür ki, X4 tərəfindən 7675 manat dəyərində nisyə alınmış mala görə qalıq borcu 2315 manat təşkil etmişdir. Ekol Lənkəran T.M. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 4 406 nömrəli sənədindən görünür ki, X4 tərəfindən qalıq borc olan 2315 manat tam ödənilmişdir. Cavabdehin etiraz ərizəsinə əlavə edilmiş qaimələrin və alyazmaların surətlərindən görünür ki, əmlakların qiymətləri aşağıda göstərildiyi kimi olmuşdur : “Shivaki 18” - 917 man., “Evrolux HG 3182” – 129 man, “Samsung 34T670FSA3” – 1238 man., “Vestel D141X” – 624 man., “LGF2J6HS85” – 875 man., “Samsung ** AU ***0” – 1370 man., “Yoshiro 43 FSA8821B”- 548 man., “Evrolux 3907” – 61 man., “Regolor 6032VV”- 166 man., “Lotus 60B171HFBK” 350 man., “Evrolux 3660” – 189 man., “Evrolux 02860” – 321 man., “Shivaki 09” - 633 man., “Bosch MSM 6B150”- hədiyyə, ”Philips1741”hədiyyə., Qarnitur, 585, 26.2/ 6 ədəd, Komplektlər, 385, 24,1/ 6 ədəd, Sırğalar, 585, 6,0/ 4 ədəd, Seplər + Qolbaq, 585, 24.1/ 3 ədəd, Sep kulon, 585, 5,6 / 3 ədəd, Üzüklər, 585, 4,4/ 2 ədəd, Üzük, 750, 3,0/ 1 ədəd ; 585, 90,4 ; 750, 3,0. Məhkəmə iclası zamanı cavabdeh bildirmişdir ki, etirazına əlavə etdiyi qaimələrin və alyazmaların surətlərində göstədiyi əmlakı onun valideynləri özləri üçün almış və o, hazırda valideynlərinə məxsus evdə yaşamayır. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Qala Electronics”in sahibkarı X8 tərəfindən X3 verilmiş arayışdan görünür ki, sonuncu xx.xx.2022 ci il tarixində nağd şəkildə aşağıda qeyd olunmuş malları onlardan almışdır.

1. Eurolux 3182-1 ədəd 129 AZN (Ət çəkən) 2.Samsung 34T670FSA - 1 ədəd 1238 AZN (Soyuducu) 3.Vestel D141X - 1 ədəd 624 AZN (Qabyuyan) 4.LG F2J6HS8S - 1 ədəd 875 AZN (Paltaryuyan) 5.SAMSUNG 50AU7100 - 1 ədəd 1370 AZN(Televizor) 6.YOSHİRO 43FSA8821B - 1 ədəd 548 AZN(Televizor) 7.EUROLUX 3907 - 1 ədəd 61 AZN (Mikser) 8.REGULAR 6032W - 1 ədəd 166 AZN (Aspirator) 9.LOTUS 60B171MFBK - 1 ədəd 350 AZN (Soba) 10.EUROLUX GH3660 - 1 ədəd 189 AZN (Qaz) 11.EUROLUX MV028-60 - 1 ədəd 321 AZN (Mikrodalğalısoba) 12.SHİVAKİ 09 - 1 ədəd 633 AZN (Kondensioner) 13.SHİVAKİ 18 - 1 ədəd 917 AZN (Kondensioner) 14.BOSCH MSM6B150 - 1 ədəd 0AZN (Blender) 15.PHİLİPS 1742- 1 ƏDƏD 0 AZN (ÜTÜ) Toplam : 6600 manat. Cavabdeh1 məhkəməyə “Lotus”, “LG” paltaryuyan maşın, “Regular” aspirator, “Yoshiro” Led TV, “Samsuhg” soyuducu və “Samsuhg” TV, “Vestel” paltaryuyan maşın, “Evrolux” qaz plitəsi və elektirk ət çəkən, 2 ədəd “Shivaki” kondisionerlərinin istismarına dair təlimat kitablarını təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə 04 ədəd fotoşəkil və 03 ədəd DVD disk təqdim etmişdir. İddiaçının nümayəndəsi “1” rəqəmi ilə işarələnmiş şəkillə, Cavabdeh1 hal-hazırda iddiaçının əmlakının olduğu evdə yaşadığını, bunu, həmin şəkildəki evin yanında saxlanılmış avtomobilin cavabdehə məxsus olması ilə əsaslandırmışdır. Cavabdeh isə bildirmişdir ki, həmin avtomobil ona məxus deyil və məhkəməyə təqdim etdiyi əmlaka dair təlimat kitabçalarını qardaşının evindən götürərək məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi “2” rəqəmi ilə işarələnmiş şəkillə, Cavabdeh1 özlərinə məxsus evdə olduğunu və iddiaçıya məxsus televizorun da, onun arxasında göründüyünü bildirmişdir. İddiaçının nümayəndəsi “3” rəqəmi ilə işarələnmiş şəkillə, iddiaçıya məxsus “şuba”nın (xəz dərisinin) olduğunu bildirmişdir. Cavabdeh1 iddiaçının ümumiyyətlə “şuba”sının olmadığını, şəkildə görünən geyimin isə “şuba” olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi “4” rəqəmi ilə işarələnmiş şəkillə, Cavabdeh1 və digər ailə üzvlərinin özlərinə məxsus evdə olduqlarını və iddiaçıya məxsus televizorun, kondisionerin və digər əşyaların da, orada göründüyünü bildirmişdir. İddiaçının nümayəndəsinin təqdim etdiyi və şərti olaraq məhkəmə tərəfindən “1”, “2” və “3” rəqəmləri ilə işarələnmiş DVD disklərindəki görüntülərdən görünür ki, cavabdedhlərin evinə yerləşdirilmiş əmlak üzərinə qırmızı lentlər bağlanılmış, bir sıra əmlak karton korobkalardan çıxarılmamış, bəzilərinin üstlərində onların etiketkaları saxlanılmışdır. Həmin görüntülərlə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, DVD disklərində olan əmlak iddiaçının tələb etdiyi cehiz əmlakdır və həmin əmlak hazırda da cavabdehlərin evindədir. Lakin, Cavabdeh1 isə bildirmişdir ki, evlərində şənlik olduğu üçün görüntülərdə görünən əmlak qırmızı lentlərlə işarələnmişdir. Cavabdeh1 təqdim etdiyi və şərti olaraq məhkəmə tərəfindən “4” rəqəmi ilə işarələnmiş DVD diskindəki birinci faylın görüntülərdən görünür ki, kimlərsə mübahisə edirlər və görüntülərdə olan qadının əlində əl çantası vardır. İkinci faylda isə - qadının əlində bir ədəd selofan çanta, bir dəst kostyum, daha sonra isə bir ədəd çanta, təkərli çemodan, 2 cüt ayaqabı, bir daha sonra bir cüt ayaqqabı ilə evi tərk edir. Həmin görüntülərlə bağlı cavabdeh bildirmişdir ki, həmin görüntülər evlərinin kamerasindan götürülmüş, iddiaçı onların evinə gəlib, onlarla mübahisə edib bir sıra əmlakını götürüb getmişdir. Buna cavab olaraq iddiaçının nümayəndəsi isə bildirmişdir ki, iddiaçı özü də etiraf edir ki, cavabdehlərin evindən bir sıra geyim əşyalarını və çantaları aparmışdır. Tələb etdiyi əmlak cavabdehlərin evlərində qalan əmlakdır. Həmin tələb etdiyi əmlakın siyahısında apardığı əmlak yoxdur. Məhkəmə iclasında iddiaçının şahidi X4 göstərmişdir ki, o, iddiaçının anasıdır. Qızının cavabdehlərdən tələb etdiyi cehiz əşyaları qızı üçün özü almışdır. Qızı cavabdehlərin evinə köçdükdən sonra, boş otaqlara həmin cehizləri yerləşdirmişlər. Hazırda qızına məxsus əşyalar cavabdehlərə məxsus Hacılar küçəsi, 83 ünvanında yerləşən evlərindədir. Qızına hədiyyə etdiyi elektronikanı dükandan almış, bütün cehizləri öz pulları ilə almışlar. Qızı ilə sabiq kürəkəninin toyundakı pulları ayrı-ayrı yığmışlar. Toydan sonra cavabdehlər onlara pul verməmişlər. Qızının toyu iyulun 28-də olmuş, cehiz əmlakı isə ondan bir ay əvvəl, iyunun 28-də almışlar. Orta hesabla cehiz əmlaka 40000 manat pul xərcləmişlər. Əlavə olaraq şahid X4 hakim tərəfindən bir-bir iddia ərizəsində göstərilmiş əmlakı sıraladıqda, onların məhz onun tərəfindən alınaraq iddiaçıya hədiyyə edildiyini bildirdi. Məhkəmə iclasında iddiaçının şahidi X5 göstərmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçının cavabdehlərdən tələb etdiyi cehiz əşyaları onun bacısı alıb və cavadehlərin evinə aparmışlar. Həmin ev boş olmuşdur. Əvvəl onlar cavabdehlərin evini bəzəmişlər. Həmin vaxt cavabdehlər də həmin evdə olmuşlar. Onlar yemək bişirmişlər və qabları çatmadığından, hətta cehiz qablardan da istifadə etmişlər. Bundan sonra isə iddiaçı və onun ərinin birgə toyları olmuşdur. Toydan sonra cavabdehlər qız evinə pul verməmişlər. Bütün cehiz əşyaları qız evi toyadək nağd şəkildə, pulunu ödəməklə almışdır. Konkret olaraq cehiz əmlaka nə qədər pul sərf olunduğunu bilmir.

ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, hədiyyə verilmiş əşya hədiyyənin qəbul edildiyi andan hədiyyə alanın şəriksiz mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Qeyd olunan hüquq normasının məzmunundan da görünür ki, hədiyyə verən şəxs yalnız hədiyyə qəbul edilənədək onu hədiyyə alan şəxsdən geri götürə bilər. Hədiyyə faktiki olaraq verildiyi andan sonra onun geri götürülməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisələndirlməyən hal ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2022-cı ildə ailə quraraq nikahlarını rəsmiləşdirmiş və onların nikahı pozulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi əmlakın cavabdehlərin evlərində olması, iddiaçının nümayəndəsinin izahatı, cavabdehin qismən etirafı, DVD disklərindəki görüntülər, qaimələrin surətləri, fotoşəkilllər, əmlakların istismarlarına dair təlimat kitabları və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, tələb olunan cehiz əmlakının mövcud olması mübahisələndirlmir. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının tələb etdiyi əmlakın bəzilərinin onların yaşadığı evdə olmadığını, özünün faktiki olaraq hazırda həmin evdə yaşamadığını, həmin cehiz əmlakın birgə keçirtdikləri toyun puluna əldə olunduğuna görə birgə mülkiyyətdə olan əmlak hesab edildiyini, həmin əmlakın iddiaçı tərəfindən gətirilmədiyini, onun valdeyinləri tərəfindən cehiz üçün qız tərəfə 8 min manat məbləğində pulun toylarından əvvəl verildiyini və razılaşmalarına görə toyda çəkiləcək xərcləri böləcəklərini, toya ümumi çəkdikləri xərcin 10 min manat olduğunu, həmin 10 min manatdan 5 min manatı onlar, digər 5 min manatı isə iddiaçı tərəf çəkdiyini, məhkəmə tərəfindən təqdim edilmiş çekdə qeyd olunmuş əmlakın atası tərəfindən özləri üçün alındığını, cehiz pullarının onlar tərəfindən verildiyini, cehizi isə iddiaçı tərəf aldığını bildirmişdir. Məhkəmə həmin mübahisələndirlən hallara qiymət verərək qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında birinin digərini inkar edən izahatlar vermişdir. Belə ki, o, izahatlarının birində iddiaçının tələb etdiyi əmlakın bəzilərinin evində olmadığını göstərdiyi halda, digər izahatında göstərmişdir ki, valideynləri tərəfindən iddiaçıya verilmiş qızıllar onlara qaytarılsa, onlar da, cehiz əmlakı qaytarmağa hazırdırlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 məqsədi iddiaçıya hədiyyə olaraq verilmiş nişan əmlakın-qızılların geri qaytarılmasıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hüquqi normalara əsasən iddiaçının tələb etdiyi əmlak sonuncunun mülkiyyətidir və o, onu özündə qanunsuz olaraq saxlayan hər bir şəxsdən geri tələb etmək hüququna malikdir. Buna görə də, məhkəmə hesab edir ki, nişan əmlakın (qızılların) iddiaçıda olub-olmamasından asıllı olmayaraq, onun öz əmlakını cavabdehlərdən tələb etmək hüququ vardır. Cavabdeh1 izahatında bildirmişdir ki, həmin cehiz əmlakın pulunu onun valideynləri qız tərəfə vermiş və sonuncular cehiz əmlak alaraq qızlarına vermişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, yenə də yuxarıda qeyd olunan normalara əsasən, hətta cehiz pulu cavabdehin valideynləri tərəfindən iddiaçının valideynlərinə verilsə belə, həmin pul iddiaçı üçün cehiz əmlak alınması məqsədilə verildiyindən, pul iddiaçının valideynlərinə verildiyi andan sonuncuların mülkiyyətinə keçmiş, onlar da, mülkiyyətlərində olan pul üzərində sərbəst olaraq sərəncam verərək həmin cehiz əmlakı almışlar. Daha sonra Cavabdeh1 izahatında bildirmişdir ki, həmin cehiz əmlak birgə nikah dövründə əldə edildiyindən, onların birgə mülkiyyətidir. Məhkəmə cavabdehin bu fikiri ilə razılaşmayıb qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən isə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, ... əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Göründüyü kimi, Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin əsas şərtlərindən biri, əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsidir. Cavabdeh1 iddiaçının tələb etdiyi əmlakın birgə nikah dövründə əldə edildiyini göstərsə də, həmin əmlakın məhz onların ümumi gəlirləri hesabına əldə edilməsinə dair hər-hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, öz etirazına əlavə etdiyi qaimələrdə göstərilmiş əmlakın, məhz iddiaçının anası X4 tərəfindən xx.xx.2022-ci il tarixdə, ümumilikdə 6600 manat ödənilməklə “Qala Elektroniks” mağazasından alındığı sübuta yetirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi DVD disklərindən aydın görünür ki, cavabdehlərin evinə yerləşdirilmiş əmlak yenidir, onların bir çoxlarının üzərinə toyların rəmzi olan qırmızı lentlər bağlanılmış, bir çoxlarının üzərilərində onların etiketkaları qoparılmamış saxlanılmış, həmin etiketkalar Cavabdeh1 məhkəməyə təqdim etdiyi əmlakların istismarına dair təlimat kitablarınındakı etiketkalarla eynilik təşkil etməsi ona dəlalət edir ki, iddiaçının tələb etdiyi cehiz əmlakı cavabdehlərin evindədir və həmin əmlak, əmlak olmadıqda onların dəyəri onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi tam təmin olunduğu üçün, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun 119.40 manatı cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutlaraq iddiaçıya verilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, cavabdehlər İlkin mediasiya Sessiyasında iştirak etməyib mübahisənin məhkəmədənkənar həllinə cəhd göstərmədikləri üçün, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutlaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 Paltar yuyan maşın (LC)-875 manat, Divan- 400 manat, Künclük divan və dairəvi divan masası (dəst şəklində alınmışdır)-1000 manat , Güzgülü kamot -250 manat, Servant (qab-qaşıq qoyulması üçün) - 250 manat, Pərdə (dekorları ilə), 5 ədəd - 950 manat, Jalüz, 3 ədəd – 300, Çıl-çıraq(lüstür), 7 ədəd – 500 manat, Xalça, 6 ədəd - 900 manat, Soyuducu (Samsung) -1370 manat, Tozsovuran - 100 manat, Ət çəkən maşın (elektriklə işləyir) -129 manat, Şirəçəkən (elektriklə işləyir) - 100 manat, Peçka - 350 manat, Televizor (Samsung) - 1238 manat, Televizor (Yoshiro) - 548 manat, Televizor altı - 200 manat, Kondisioner (Shivaki) - 917 manat, Kondisioner (Shivaki) - 633 manat, Qabyuyan maşın (Vestel) - 624 manat, İsidici peçka (mikrovalnovka) - 321 manat, Aspirator-havaçəkən (qaz) - 189 manat, Qaz pilətəsi (dörd gözlü) - 166 manat, Tort mikseri - 61 manat, Ütü - 70 manat, Ütü altlığı - 50 manat, Yataq və mebel dəsti (taxt, taxt sandıqçaları-tunbuçkalar, paltar mebeli, termo, termo stulu - 2200 manat, Stol (1 ədəd) və stullar (6 ədəd)- 650 manat, Moyka-mətbəx üçün - 100 manat, Mətbəx mebeli- 1500 manat, Mətbəx stolu və stul (4 ədəd) - 350 manat, Tefal (termos)-60 manat, Kastrulka (çuqun material) - 155 manat, Kastrulka (nikel material), 01 dəst-55 manat, Kastrulka və tefal dəsti-55 manat, Kastrulka (keramika),01 dəst, 5 ədəd-400 manat, Qazan (çuqun)-165 manat, Qazan (çuqun) - 50 manat, Qazan (aliminium),03 ədəd - 40 manat, Çaynik və somavar (elektrik) -70 manat, Dəsmal və qətifə, 38 ədəd - 250 manat, Çay dəsmalı,50 ədəd-120 manat, Ədyal,8 ədəd-300 manat, Yataq örtüyü (prastinya),15 ədəd-800 manat, Yorğan,4 ədəd, döşək 3 ədəd -350 manat, Balış, 14 ədəd- 100 manat, Tefal çaydanı ilə (keramika)-55 manat, Ayı kuklası-100 manat, Xəmir qabı (çuqun tas), 2 ədəd-20 manat, Padnos (komplekt),3 ədəd-80 manat, Tək bakal, 18 ədəd- 40 man-20 manat, Plasmas ləyən dəsti-50 manat, Yuxa taxtası - 20 manat, Boşbaq dəsti- (24 ədədlik)-350 manat, Boşqab dəsti (48 boşqab, 12 kiçik kasa, 12 ədəd böyük kasa, 2 bulud qabı, 2 salat qabı) -250 manat, Boşqab dəsti (şüşə materialdan)-100 manat, Blendr (elektrik)-30 manat, Nahar servisi (karaca firması)-100 manat, Çörək qabı-60 manat, Şiş, 12 ədəd-15 manat, Çaşka nəlbəki 4 dəst (hər dəstin içində 6 nəlbəki və 6 çaşka)-100 manat, Qənd qabı (mətbəx üçün), 4 ədəd-20 manat, Xırda qablar (razetka) 24 ədəd-100 manat, 2 ədəd meyvə qabı və 2 ədəd qənd qabından ibarət nabor (kamotun üstündə dəst şəklində),1 dəst-200 manat, Stəkan nəlbəki dəsti (xurustal),12 ədəd-140 manat, Armudu stəkan (xrustal),12 ədəd-70 manat, Ayaqlı meyvə qabı-120 manat, Meyvə qabı (merinos)-qara rəngdə- 240 manat, Xrustal vaz,4 ədəd-200 manat, Şirniyyat qabı, 2 ədəd-90 manat, Xurustal külqabı, 4 ədəd - 100 manat, Dondurma qabı 6 ədəd-10 manat, Divar saatı,4 ədəd-250 manat, Kofe servisi,1 dəst 40 manat, Bakal (ayaqlı)- Çexiya istehsalı 6ədəd-100 manat, Bakal (Bagema),12 ədəd-100 manat, Ləbləbi qabı 4 ədəd-30 manat, Stolüstü örtük,10 ədəd-300 manat, Boşqab (Bulud)4 ədəd-30 manat, Qurani Kərim kitabı-110 manat, Bıçaq dəsti (6 ədəd )-50 manat, Qaşıq çəngəl dəsti (24 çay qaşığı, 24 yemək qaşığı, 24 bıçaq, 24 çəngəl, 24 limon qaşığı, 6 bulud qaşığı, 2 tort götürən, 2 ədəd tort kəsən bıçaq) 1 dəst-200 manat, Çay qaşığı (mətbəx üçün)-12 çay qaşığı, 12 yemək qaşığı, 12 yağ bıçağı, 12 çəngəl, 1 dəst-50 manat, Meyvə bıçağı 12 ədəd-50 manat, Şüşə xurustal stəkan -nəlbəki dəsti,4 dəst-50 manat, Qozsındıran4 ədəd- 20 manat, Güldan və güllər 2 ədəd-50 manat, Mətbəx qayçısı1 ədəd-5 manat, Mətbəx dəsti (düyüqabı, çayqabı, duz qabı, pesok qabı, istiot qabı - 15 əşya)1 dəst-80 manat, Ayaqqabı rəfi və ona bitişik dolab 1 ədəd-580 manat, Meyvə - tərəvəz rəfi-25 manat, Su dolçası və 6 bakal (dəst)-20 manat, Lampa-50 manat, Gecə işığı (svetelnik)1 cüt-40 manat, Şəkil çərçivəsi-40 manat, Polağacı və süpürgə və vedrə (komplekt)-46 manat, Salfetka qabı 4 ədəd-25 manat, Duz qabı (nabor), 6 ədəd-40 manat, Hamam dəsti-30 manat, Hamam-tualet üçün ayaqaltı,2 ədəd-40 manat, Səbət ( 5 ədəd), 1 dəst-45 manat, Zibil qabı, 2 ədəd-40 manat, Şirniyyat qabı,6 ədəd-60 manat, Kukla ayı, 2 ədəd-100 manat, Tərəvəzdoğrayan (elektrik)-45 manat, Meyvə tərəvəz doğrayan-25 manat, Saç ütüsü-50 manat, Fen (max)- 60 manat, Kosmetik bəzək əşyaları, 20 ədəd-200 manat, Şuba - 3000 manat, Paltarlar (4 fəsilə aid paltarlar) və digər geyim əşyaları, 20 ədəd-200 manat, Hamam dəsti - 50 manat, Çanta, 5 ədəd-100 manat, Ayaqqabılar, 10 ədəd -300 manat, Güzgü və şamdan, 1 dəst - 70 manat dəyərində əmlak, onlar olmadıqda dəyəri olan 29802 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müətərk qaydada alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 120 manatı cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutularaq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutlaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar