Məhkəmə qərarları › İş №2(049)-269/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-269/2023

08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-269/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, iddaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, iddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evə köçürülmə, evdən və evin yerləşdiyi torpaq sahəsindən,eləcə də evin köməkçi sahələrindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızına qarşı "evə köçürülmə, evdən və evin yerləşdiyi torpaq sahəsindən, eləcə də evin köməkçi sahələrindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1938-ci il tarixdə Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş. X1 1944-cü ildə, anam X7 isə 1945ci ildə vəfat etmişdir. Atasıyla anasının birgə nikahlarından 8 uşaqları olmuşdur ki, həmin uşaqların da sonuncusu odur. Onun valideynlərim ölən günə kimi Aşağı-Nüvədi qəsəbəsində hazırda cavadehlər Cavabdeh1 və Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızının yaşadıqları 1 mərtəbəli, 2 otaqlı və köməkçi sahədən ibarət dədə-baba evimizdə yaşamışlar. O, valideynləri öləndən sonra 1958-ci ilədək hazırda mübahisə predmeti olan evdə yaşamışdır. 1958-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmətimi başa vurduqdan sonra 1992-ci ilədək Rusiya Federasiyası və Ukrayna Respublikasında işləmişdir. Nəhayət 1992-ci ildə öz doğma kəndinə qayıtmış və onun ata-baba mülkündə, yəni hazırda sözügedən mənzildə yaşamağa başlamışdır. İş üzrə cavadehlərdən Cavabdeh1 onun bacısının nəvəsi, Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızı isə sonuncunun həyat yoldaşıdır. Hal-hazırda onlar onun ata-baba mülkümə yiyələnməklə onun həmin evdə yaşamağa qoymurlar. Bu səbəbdən də o, məcbur olub Aşağı-Nüvədi qəsəbəsində yerləşən “Məişət Evi”ndə yaşayır, Halbuki, sözügedən evin yerləşdiyi 0,09 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə ona da məxsusdur. Hesab edir ki, cavabdehlərlə onun status baxımından heç bir fərqi yoxdur. Belə ki, Lənkəran rayon AİKnın 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-602F, KOD180204016 saylı torpağın mülkiyyətə verilməsinə dair əsasən Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində mən də daxil olmaqla 8 şəxsə ümumi birgə mülkiyyət hüququ üzrə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər onu nəinki evə, heç mülkiyyətçisi olduğum torpaq sahəsinə də buraxmırlar. O, yaşlı və xəstədir. Normal şəraitdə, eləcə də onun dədə-baba mülkündə yaşamaq onun ən təbii haqqıdır. Cavabdehlər isə buna qətiyyən icazə vermirlər. Buna görə də hüquqlarının qorunması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil da iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələri barədədə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə araşdırlaraq elan edilmiş xx.xx.2006-cı il tarixli, JN 602F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnəməsində görünür ki, İddiaçı paylı mülkiyyətçidir. Məhkəmədə araşdırılaraq elan edilmiş xx.xx.2022-ci il tarixli Lənkəran rayon Aşağı Nüvədi qəsəbə inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildən hal-hazıra kimi Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində yaşamaqla qeydiyyatdadır. Məhkəmədə araşdırlaraq elan edilmiş 13 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Camalov X5 rayon, Aşağı Nüvədi kəndində yerləşən Məişət Evində yaşayır. Məhkəmədə araşdırlaraq elan edilmiş 29 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, JN 602 F saylı torpağa mülkiyyətə dair şəhadətnamədə kordinatları Lənkəran rayonu, Aşağı Nüvədi kəndində fərdi yaşayış evi var, həmin ev mülkiyyət hüququ ilə X4 məxsusdur, həmin şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətçi kimi göstərilmişdir, sonuncunun dediyinə görə ev atası tərəfindən tikilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, JN 602F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə inşa edilmiş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərinin hüquqlarının dövlət qeydiyyatı üçün yerində müayinə müəyyən edilməmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı Camalov X5 rayonu, Aşağı- Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evdə yaşamışdır. Cavabdeh tərəf onu həmin evdən məcburi buraxmamışdır. Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən ev onun yeganə yaşayış yeridir. Hal-hazırda o, Lənkəran rayon, Aşağı Nüvədi kəndində yerləşən Məişət Evində yaşayır, başqa yaşayış yeri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi MM-nin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına t i k i n t i aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun t i k i n t i y ə d a i r sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhkəmə qeyd edir ki, İddiaçı Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi məsələsi həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1. O, həmin evdə yaşamışdırmı; 2. O, yaşadığı yerdən məhrum edilmişdirmi; 3. Məhrum edilmə qanunidirmi. Göründüyü kimi hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamışdır və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən (belə hüquq yoxdur) məhkəmə hesab edir ki, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. MM-nin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli evdən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının iddiada göstərdiyi evin köməkçi hissələrindən istifadə hüququnun tanınmasına dair hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə şəxsin həmin evə köçürülməsi qənaətinə gəldiyindən hesab edir ki, iddiaçının evdən istifadə etməsi təbbi haldır. Buna görə də istifadə qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İdda qismən təmin edilsin. İddiaçı Camalov X5 rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülsün. İddiaçı Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evdən istifadə qaydası müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar