Məhkəmə qərarları › İş №2(049)-2732/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2732/2025

17.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2732/2025 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinian hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, iddiaçının nümayəndəsi - vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt edilmiş torpağın azad olunması və maneənin aradan qaldırılması tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt edilmiş torpağın azad olunması və maneənin aradan qaldırılması iddia tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Bala Şürük kəndində yerləşən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli tam paylı xüsusi mülkiyyətində olan 0.2957 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, onun mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Lənkəran rayonu Bala-Şürük kəndi ərazisində ona məxsus xüsusi mülkiyyətində olan 0.2957 ha kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli Qeydiyyat nömrəsi ********** saylı tam paylı əmlakı - onun Xüsusi mülkiyyəti Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş, ona və ailə üzvlərinə qarşı süni maneələr yaradır və hal-hazırda da, bu qanunsuz hərəkətləri davam edir. Cavabdeh ona məxsus torpaq sahəsini çəpərə almış və həmin torpaq sahəsinə qapı qoymaqla qapını qıfıllamışdır. Dəfələrlə aralarında həmin torpaq sahəsi ilə bağlı mübahisə olmuş, əmlakının geri verilməsini xahiş etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Həmin torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları və mütəxəsisləri tərəfindən müvafiq cihazlarla ölçmə işləri aparılmış, cavabdehin çəpər etdiyi ərazinin ona məxsus olduğunu, göstərilən nöqtələr üzrə torpaq sahəmin cavabdehin qanunsuz istifadəsində olduğunu dəfələrlə bildirmişlər. Lakin Cavabdeh bunların heç birinə məhəl qoymayaraq, öz qanunusuz hərəkətlərini davam etdirir. Həmin ərazinin Lənkəran rayonun Bala Şürük kəndində olmaqla onun mülkiyyətində olmasını, Lənkəran rayonu Gərmətük Bələdiyyəsi xx.xx.2025-ci il tarixli arayışla bir daha təsdiq edilmişdir. Hal-hazırda cavabdehlə aralarında olan bütün vasitələrdən və təkliflərdən istifadə etmələrinə baxmayaraq, cavabdeh heç bir halda onun mülkiyyətində olan əmlakını mənə qaytarmaq istəmir. Cavabdeh hal-hazırda da maneələr yartmaqla özü də öz qanunsuz hərəkətləri ilə bunu sübüt edir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinə xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli ərizələr göndərərək göstərmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 nömrəli qərarı 22 sentyabr 1998-ci il tarixli JN 0001 Kod 80206038 nömrəli torpağa mülkiyyyət hüququna dair şəhadətnamə ilə verilmiş 0,26 ha torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia tələbi Şirvan İnzibati Məhkəməsində baxılıb, nəticə verilənə kimi icraatınızda olan mülki işin dayandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddiaçının Şirvan İnzibati Məhkəməsində olan işi ilə bağlı hazırki icraatın dayandırılması üçün heç bir əsas olmadığını, iddia tələbində göstərilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu, bununla bağlı adına çıxarış verildiyini, məhkəmə qərardadı ilə verilmiş mütəxəssis rəyinin də bu faktı tədiq etdiyini bildirib yekun olaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh qanunvericiliyə uyğun qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan və torpaq sahəsinin planından görünür ki , Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən **********84 reyestr nömrəli, 0.2957 hektar ölçüyə malik kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam olaraq İddiaçı məxsusdur. Lənkəran rayonu Gərmətük bələdiyyəsi tərəfindən 25 iyun 2025-ci il tarixində verilmiş arayışdan görünür ki, Lənkəran rayonu Bala-Şürük kənd sakini İddiaçı adına həmin kənd ərazisində 0.2957 hektar torpaq sahəsi mövcuddur. Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(049)-2732/2025 saylı qərardadına əsasən iş üzrə tərtib olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Bala Şürük kəndindəki 0,2957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki vəziyyətdə bütövlüklə Cavabdeh istifadəsindədir və həmin ərazidə cavabdeh tərəfindən hər hansı tikili inşa edilməsə də, ona məxsus ağaclar mövcuddur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, mülkiyyətçisi iddiaçı olan 0,2957 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir, həmçinin İddiaçı ilə X1 birgə istifadəsində əlavə 0,30 ha torpaq sahəsi mövcud olsa da, həmin 0,30 ha torpaq sahəsi hazırki işə aid deyildir. xx.xx.2025-ci il tarixli Cavabdeh ərizəsinə əlavə olunmuş: JN-0001 nömrəli, 80206038 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Lənkəran rayonunun Kosalar kəndində 0.26 hektar (2586 kv.m) torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X4 və onun ailə üzvlərinin (Qasımova Gülbəyim, Cavabdeh, Ağayeva Samidə) mülkiyyətinə verilmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh ərizəsinə əlavə olunmuş: Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 18 oktyabr 2020-ci il tarixində Lənkəran rayonunun Kosalar kəndində vəfat etmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh ərizəsinə əlavə olunmuş: Lənkəran rayon 1 saylı notariat ofisinin 19 aprel 2021-ci il tarixli, 910 nömrəli məktubundan görünür ki, X3 vəfatı ilə Cavabdeh vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mərhuma məxsus əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və arayışın Cavabdeh vasitəsilə Ofisə təqdim olunması xahiş olunur. xx.xx.2025-ci il tarixli Cavabdeh ərizəsinə əlavə olunmuş: Əmlak Məsələləri Dövlət Xidmətinin 20 may 2025-ci il tarixli, 3-21-3-0212-A-0053-8/2025 nömrəli məktubundan görünür ki, vətəndaşın 0.26 hektar pay torpaq sahəsi yeni ölçmələrdə qonşu istifadəçi ilə üst-üstə düşdüyü üçün rəqəmsal kadastr xəritəsində 0.2139 hektar müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh ərizəsinə əlavə olunmuş: Əmlak Məsələləri Dövlət Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 noyabr 2024-cü il tarixli, 3-11-3-43/2-A- 0046 35/2024 nömrəli məktubundan və 27 dekabr 2024-cü il tarixli, 3-21-3-43/2-A-0050 35/2024 nömrəli məktubundan görünür ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətiəri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya ediimişdir. Həmçinin sizin və ailə üzvlərinizin ümumbirgə mülkiyyətində olan sözügedən torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində azalmaqla öz əksini tapmışdır. Məhkəmə, tərəfin nümayəndəsi – vəkilinin izahatını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri, habelə cavabdehin istinad etdiyi faktları və iş materiallarını qarşılıqlı şəkildə, hərtərəfli, qərəzsiz, obyektiv tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi istifadə edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin mütəxəssinin rəyi ilə də tam sübuta yetirilir. Cavabdehin verdiyi vəsatətlər - ərizələr üzrə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinin cavabdehə təqdim etdiyi məktubda ona məxsus torpaq sahəsinə qonşu tərəfindən zəbt olunması qeyd olunsa da, Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(049)-2732/2025 saylı qərardadına əsasən iş üzrə tərtib olunmuş mütəxəssis rəyindən zəbtin İddiaçı məxsus hissəyə aid olmadığı müəyyən olunur. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(049)- 2732/2025 saylı qərardadına əsasən iş üzrə tərtib olunmuş mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh istifadəsində olan 0,2957 ha torpaq sahəsi **********4 reyestr nömrəli Çıxarışla (JN-69 nömrəli Dövlət Aktı) İddiaçı mülkiyyətindədir. Həmçinin həmin mütəxəssis rəyindən görünür ki, **********05 reyestr nömrəli cıxarışla (JN-001 nömrəli Dövlət Aktı) Cavabdeh və qeyrilərinin mülkiyyətində olan 0,2139 ha torpaq sahəsi faktiki vəziyyətdə digər şəxsin istifadəsindədir. Cavabdeh onun torpaq sahəsinin zəbt olunduğunu, buna görə də, Şirvan İnzibati Məhkəməsində irəli sürdüyü iddia tələbinə baxılanadək hazırki işin icraatının dayandırılmasını xahiş etsə də, iş materiallarından açıq-aşkar şəkildə Cavabdeh və qeyrilərinin mülkiyyətçisi olduğu məxsus 0,2139 ha torpaq sahəsi faktiki vəziyyətdə digər şəxsin istifadəsindədir. Digər şəxs dedikdə həmin şəxs İddiaçı deyildir, ona görə ki, mütəxəssis rəyindən Cavabdeh istifadəsində olan 0,2957 ha torpaq sahəsinin **********4 reyestr nömrəli Çıxarışla (JN-69 nömrəli Dövlət Aktı) İddiaçı mülkiyyətində olduğu müəyyən olunur. Beləliklə, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq, belə qənaətə gəlir ki, Cavabdeh və qeyrilərinə məxsus torpağın zəbt olunmasından ötrü Şirvan İnzibati Məhkəməsində irəli sürülmüş iddia tələbi hazırki işin baxılmasına maneə olmur və hazırki işin nəticəsi həmin işin nəticəsindən aslı deyildir, işin icraatının dayandırılması işin lüzumsuz uzadılmasına yol açacaqdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia tam təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt edilmiş torpağın azad olunması və maneənin aradan qaldırılması iddia tələbi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********84 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2957 ha torpaq sahəsi Cavabdeh tərəfindən azad edilsin və İddiaçı təhvil verilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********84 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2957 ha torpaq sahəsindən Cavabdeh tərəfindən İddiaçı istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar