Məhkəmə qərarları › İş №2(049)-2796/2022

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2796/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2796/2022 21.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddaçılar: İddiaçı1, İddiaçı2, cavabdeh: Cavabdeh iştirakları ilə, iddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək tərəflər arasında yaranmış mübahisənin barışıq sazişi ilə həll edildiyini bildirib sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək tərəflər arasındakı mübahisənin barışıq sazişi ilə həll edildiyini bildirib sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək mübahisənin barışıq sazişi ilə həll edildiyini bildirib sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 21 sentyabr 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. - İddiaçı1 Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən fərdi yaşayış evindən çıxması üçün 3000 (üç min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Cavabdeh isə 3000 (üç min) manat məbləğində pulu aldıqdan sonra İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən fərdi yaşayış evindən çıxmağı öhdəsinə götürür. - Tərəflər razılığa gəlirlər ki, İddiaçı1 tərəfindən 2500 (iki min beş yüz) manat məbləğində pul barışıq sazişi imzalandığı vaxt Cavabdeh verilir. Qalan 500 (beş yüz) manat məbləğini isə İddiaçı1 05 oktyabr 2022-ci il tarixədək müddətdə Cavabdeh ödəməyi öhdəsinə götürür. - Cavabdeh son ödənilən 500 (beş yüz) manat məbləğində pulu tam aldıqdan sonra İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən fərdi yaşayış evini yetkinlik yaşına çatmayan iki övaldı ilə birlikdə tərk etməyi, eyni zamanda cehiz əmlaklarını oradan çıxarmağı öhdəsinə götürür.

2. İddaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "evdən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin.

3. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar