Məhkəmə qərarları › İş №2(049)-2872/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2872/2023

25.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2872/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı Lənkəran rayonu Separadi Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Lənkəran rayonu Separadi Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zəbt etdikləri Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayon Tükəvilə kənd sakinləri X8, X5, X1, X3, X2 və X4 verilmiş paybəlli torpaq sahələrinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun zabtdən azad edilməsi və həmin gediş- gəliş yolunun boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi, iddiaçının qənaətinə görə, ümumi istifadədə olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi üzərində ümumi istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırılır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpaq sahəsi üzərində istifadə hüququnun realizəsinin, yəni bərpa edilməklə, digər şəxslərin də istifadəsi təmin edilməklə, bələdiyyənin həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən bələdiyyə sədri birbaşa məhkəməyə müraciət etmişdir. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsi imza etməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Lənkəran rayonu Separadi Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar