Məhkəmə qərarları › İş №2(049)-2897/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2897/2022

12.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2897/2022 12.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi: X5, müstəqil tələb irəli sürməyən şəxs: X1 iştirakı ilə İddiaçı cavabdeh Lənkəran Rayon 1 saylı Notariat Ofisinə qarşı «ərizənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran Rayon 1 saylı Notariat Ofisinə qarşı «ərizənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə Lənkəran Rayon 1 saylı Notariat Ofisində verdiyi **********3801 saylı ərizənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə notariat orqanına müraciət edərək oğlu X6 miras qalmış əmlakı faktiki olaraq qəbul etmədiyini və etmək niyyətində də olmadığını bildirmişdir. Həmin ərizəni yazarkən mahiyyətini dərk etməmiş və başa düşməmişdir. Eyni zamanda xəstədir və mütəmadi müalicə alır. Həmin ərizə hüquqlarını pozur və həmin ərizənin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə notariat orqanına verdiyi ərizəni mərhum oğlu Zaur Ağayevin arvadı Vüsalə Ağayevanın onu aldadaraq uşaqlarının təhsili ilə əlaqədar olduğunu bildirmiş və o, da gəlininə inanıb ərizəyə imza etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə notariat orqanına anası İddiaçı verdiyi ərizəni mərhum qardaşı Zaur Ağayevin arvadı Vüsalə Ağayevanın anasını və atasını aldadaraq uşaqlarının təhsili ilə əlaqədar olduğunu bildirmiş və aansı da gəlininə inanıb ərizəyə imza etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən şəxs X2 izahatında bildirdi ki, mərhum əri X7 miras əmlakından imtina edilməsi barədə keçmiş qaynanası və qaynatası notarial qaydada ərizə vermiş, o, heç kimi aldatmamışdır. Mərhum əri Qarabağ müharibəsi iştirakçısı olduğu üçün dövlət tərəfindən birdəfəli ödəmə kimi 11000 manat verilmişdir ki, ondan da o və uşaqlarına düşən payı almış qalan hissəni isə qaynanası və qaynatası almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifasədində göstərd ki, xx.xx.2022-ci il tarixdə gəlini ona nəvələrinin təhsili üçün ərizə vermək lazım olduğunu bildirmiş və o, da notariat qaydasında ərizəyə imza etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin, müstəqil tələb irəli sürüməyən üçüncü şəxsin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında tərəflərin izahat və şahid ifadəsinə əsasən müəyyən edilmişdir ki, X10 vəfat etmiş və xx.xx.2022-ci il tarixdə onun anası İddiaçı və atası X3 mirasdan imtina edilməsi barədə ərizə yazmışlar. Məhkəmə iclasında iddiaçı həmin ərizəni yazarkən mahiyyətini başa düşmədiyini, eyni zamanda gəlini tərəfindən aldadıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizənin ləğv edilməsi üçün əsas qismində aldadılmağını göstərmiş və buna görə iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə, hazırkı mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində əqdlərin etibarsız hesab edilməsi üçün hallar nəzərdə tutulmuşdur: hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq və s. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilən normalara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə qanunvercilikdə göstərilmiş əsaslar müəyyən edilmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara (tərəflər arasında hər hansı şifahi razılaşma olmasına və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfə məhkəməyə iddiasının əsasını təsdiq edən sənədləri təqdim etmək təklif olunsa da, iddiaçı tərəf məhkəməyə həqiqiliyi təsdiq edilməyən sənədlər (kserosurətlər) təqdim edilmişdir ki, məhkəmə həmin sənədlərin sübut qismində qiymətləndirilməsini mümkünsüz hesab etmişdir. Belə ki, MPM-nin 89-cu maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir). MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Lənkəran Rayon 1 saylı Notariat Ofisinə qarşı «ərizənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar