Məhkəmə qərarları › İş №2(049)-2904/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2904/2025

12.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2904/2025 12.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı cavadeh Cavabdeh qarşı «tikilinin sökülməsi və ümumi gediş-gəliş yolunun aşılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri X4 küçəsi 59 saylı ünvan üzrə “bölgü eskizi”ndə və “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş”də nəzərdə tutulan 0,00942 ha ümumi yola aid torpaq sahəsində qanunsuz inşa edilmiş hinin, quraşdırılmış məftillərin sökülməsi və əkilmiş ağacın çıxarılması təmin edilməklə həmin ünvanda ümumi gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri X4 küçəsində yerləşən 59 saylı ev 2022-ci ilin əvvəllərinə kimi onun və Cavabdeh babası olmuş X2 mülkiyyətində olmuşdur. X2 vəfatından sonra onun və cavabdehin valideynləri vərəsəlik işi ilə bağlı mübahisə qaldırmamışdır. 2022-ci ilin əvvəllərində tərəfindən Notariat kontoruna edilən müraciətlə əlaqədar müvafiq qaydada vərəsəlik işi açılmış və miras mülkün 2/3 hissəsi onun, 1/6 hissəsi Cavabdeh və 1/6 hissəsi isə onun anası X1 mülkiyyətinə verilmişdir. Həmin xüsusatları DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış bir daha təsdiq edir. Həmin evin yerləşdiyi həyətyanı sahənin uzunluğu təxminən 30-31 metr, eni təxminən 4,9 metr, bəzi hissələrdə isə 3,6 metrdir. Həyətyanı sahənin giriş qapısından sonrakı hissədə, sağ tərəfdə olan 2 otaqda cavabdeh anası, arvadı və uşaqları ilə, təxminən 10-12 metr sonrakı hissədə yerləşən 3 otaqda isə o, həyat yoldaşı və iki uşağıyla birlikdə yaşayır. 29 mart 2022-ci ildə qeyd etdiyi miras mülkə münasibətdə vərəsəlik işi həll olunduqdan sonra Cavabdeh süni surətdə mübahisələr yaratmaqla birgəyaşayış qaydalarını pozur və açıq-aşkar onunla bir həyətdə yaşamağı mümkünsüz edir. Demək olar ki, həftədə bir neçə dəfə Cavabdeh süni surətdə bu vəziyyəti yaratmaqla, qanunsuz hərəkətlərindən həzz almaqda davam etməkdədir. Mübahisələrin tez-tez baş verməsi üçün Cavabdeh belə demək mümkünsə, “əlverişli şəraiti” də yaratmağa nail olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyim 01 saylı fotoşəkildən göründüyü kimi (fotoşəkillərin arxasında sayı qeyd olunub) evin qarşı tərəfində, yəni sol tərəfdə, divara bitişik vəziyyətdə, təxminən bir metr hündürlüyündə hin quraşdırılmışdır. Lakin cavabdehin atası tərəfindən quraşdırılmış həmin hin onun istifadəsində olan avtomaşınla keçib özünün evi qarşısında saxlamağıma kifayət qədər maneçilik törətmir. Həmin hindən sonrakı hissədə təxminən 2 metr enində, 3 metr uzunluğunda, 1,5 metr hündürlüyündə quraşdırılmış olan 2-ci hinin qarşısında avtomaşını saxlamaqla onun öz avtomaşını ilə keçməyini qeyri-mümkün edir. İnşa olunan həmin hin aralarında olan mübahisələrin daimi mənbələrindən biridir. Cavabdeh əksər hallarda istifadəsində olan avtomaşını həmin hinin qarşı tərəfində, yəni yolun ortasında saxlamaqla bilə-bilə onun avtomaşınla keçməyinə mane olur. Halbuki iddia ərizəsinə əlavə etdiyi bölgü eskizindən və aralarında bağlanmış “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş”in “qeyd” hissəsindən göründüyü kimi 0,00942 ha torpaq sahəsi ümumi yola ayrılmışdır. Lakin bütün bu hallar cavabdehə təsir etmir. Üstəlik cavabdeh toyuqlar üçün çörək qırıntılarını bilavasitə yolun üstündə tökməklə onun avtomaşınla keçməyinə də aşkar maneçilik törədir. Əslində isə yuxarıda qeyd etdiyi kimi 1 metr hündürlüyündə quraşdırılmış olan hin mövcud olan vəziyyətdə, sonrakı hissədə daha böyük, 2x3 metr ölçüdə hinin saxlanılmasına heç bir zərurət yoxdur. Əgər həmin 2-ci hin quraşdırılmış olmasaydı, onda hər ikisi avtomaşınlarını saxlamağa yer kifayət edərdi. Lakin yuxarıda qeyd etdiyi kimi Cavabdeh həftədə bir neçə dəfə istifadəsində olan avtomaşını qanunsuz quraşdırılmış olan hinin qarşısında, daha dəqiq desə, yolun ortasında saxlamaqla süni surətdə mübahisələrə səbəb olur. Cavabdeh qanunsuz hərəkətləri təkcə yuxarıda qeyd etdikləri ilə bitmir və onun tərəfindən mübahisə mənbəyi olan başqa işlər də görülmüşdür. Belə ki, Cavabdeh yaşadığı mənzilin aynabənd hissəsinə bir neçə məftil bərkitməklə və həmin məftilləri çəkib yaşayış evinin qarşısında olan qonşunun evinin arxa hissəsinə bərkitməklə yuyulmuş paltarların asılması və qurudulmasını həyata keçirirlər (bax: 02 saylı fotoşəkilə). Halbuki özlərinin yaşayış mənzillərinə paralel olaraq məftil bərkitməklə buna nail ola bilərlər. Cavabdeh faktiki olaraq qonşunun evinə perpendikulyar istiqamətdə quradırmış olduğu məftillər 1,7-2 metr hündürlüyündədir. Ara-sıra həmin məftillər sağ və ya sol tərəfdən, yəni quraşdırılmış olduğu hissədən qırılıb yerə düşəndə həm avtomaşınla və həm də piyada vəziyyətdə keçməklərinə mane olmaqla mübahisələrə səbəb olur. Cavabdeh qanunsuz hərəkətləri artıq ifrat həddə çatdığından 31 may 2025-ci il tarixdə ərizə yazmaqla Lənkəran şəhər-rayon Polis şöbəsinə də müraciət etmişdir. Cavabdeh dəfələrlə süni surətdə yaratdığı mübahisələr zəminində üstünə bıçaq çıxarmış və onu öldürməklə hədələmişdir. Hətta bir dəfə Cavabdeh bıçaq çıxarmaqla üstünə hücum edərkən hərəkətləri videokameraya düşmüş və həmin videodisk tərəfindən polis şöbəsinə təqdim edilmişdir. Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciəti və Cavabdeh barəsində etdiyi şikayət onun tərəfindən ona qarşı yönəldilmiş inzibati xəta və ya cinayət xarakterli əməlləri ilə bağlı olduğundan bu hallar mübahisənin başqa bir tərəfidir. Məhkəməyə müraciət etməklə hazırki iddianı qaldırmaqda isə məqsədi daha böyük ölçüdə quraşdırılmış olan hinin, qanunsuz quraşdırılmış məftillərin sökülməsi və əkilmiş ağacın çıxarılması ilə bağlıdır. Çünki əkilmiş həmin üzüm tənəyi artıq inkişaf etməkdədir və quraşdırılmış həmin məftillərə sarmaşıqlı vəziyyətdədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildiridi ki, iddia tələbində qeyd edilmiş hin cavabdehin babası tərəfindən tikilib. Hin yol üstündə tikilib, ona maneçilik törədir. Orada tikilən üzüm ağaçı da müəyyən müddət sonra maneçilik törədəcəkdir. Bununla yanaşı paltarlar üçün istifadə etdiyi məftillər iri maşın gələndə maneçilik törədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının verdiyi məlumatların bir hissəsi doğrudur. Ev babası tərəfindən tikilib və babasının mulkiyətində olub. Həmin evi iddiaçıya satmaq istəyiblər. Lakin o, razı olmamışdır. Sonradan ona bildirmişlər ki, başqası evi alsa evi aldıqdan sonra ortaq yola hasar çəkəcəkdir. O, da fikirləşmişdir ki, əgər hasar çəksə o, öz evinin arxasından yeni yol çəkər. Ev yiyəsi ilə razılaşmamışdır. Sonradan onlara təklif etmişdir ki, digər tərəfin evini alırsa ona məxsus evi də alsın. Qarşı tərəf bununla razılaşmamışdır. O, iddiaçıya təklif etmişdir ki, evi almağına razılığı bir halda verər ki, hin və digər ona məxsus əşyalar da həmin həyətdə qalsın. O, da bununla razılaşmışdır. Bu səbəbdən qarşı tərəfin gətirdiyi notarius işçisindən soruşmuşdur ki, həqiqətən də onların razılaşdığı kimi olacaq ? Notarius işçisi bunu təsdiqləmişdir. O, da sənədi imzalamışdır. Daha sonra iddaçı ondan hini sökməyi tələb etmişdir. O, iddiaçıya belə razılaşmadıqlarını bildirmişdir. İddiaçı onu aldatmışdır. İddia tələbində qeyd edilən tikililərin iddiaçıya heç bir maneçiliyi yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********* qeydiyyat nömrəl **********35-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, X4 küçəsi, ev-59 ünvanında yerləşən 200,3 kv.metr sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və həmin evə aid 0,03263 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Lənkəran şəhəri, X4 küçəsisində yerləşən, ümumi sahəsi S=291.9 km.m., Yaşayış sahəsi 156.7 kv.m., köməkçi sahəsi 135.2 kv.m olan fərdi yaşayış evinə dair ƏMDK yanında DƏRDX-dən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışı və Lənkəran rayon DNK-ın 2022-ci il tarixli razılaşdırma müqviləsinə əsasən bölgü eskizində İddiaçı aid hisə kimi ümumi sahə:87,3kv.m+113.0kv.m olmaqla, yaşayış sahəsi: 58,6kv.m+69,3kv.m.,köməkçi sahə: 28,7kv.m.+49.7kv.m. göstərilmişdir. 05 aprel 2022-ci il tarixli fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə sazişdə göstərilir ki, 10 sayılı Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və **********35-10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyətlərində olan, Lənkəran şəhəri, X4 küçəsi, ev-59 ünvanında 0,0634 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 291,9 kv.m. olan fərdi yaşayış evi və torpaq sahəsinin aşağıdakı qaydada bölgüsündə razılığa gəldik: Razılaşmaya əsasən 0.01468 ha, 0.01795 ha və 0.00645 ha torpaq sahələri və ümumi sahəsi 87.3 kv.m. və ümumi sahəsi 113 kv.m. olan fərdi yaşayış evi mülkiyyətçi İddiaçı və 0.0148 ha torpaq sahəsi və ümumi sahəsi 91.6 kv.m. olan fərdi yaşayış evi mülkiyyətçilər X3 və Cavabdeh mülkiyyətinə verilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 31 oktaybr 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:

1. Araşdırma zamanı ünvan 3 ünvanında yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,03263 ha (2 yerdə 0,01468 ha və 0,01795 ha) və Cavabdeh və X1 mülkiyyətlərində olan 0,0148 ha olmaqla ümumilikdə 0,04743 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçı və cavabdehin faktiki istifadələrində olan (naturada göstərilən) torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).

2. Araşdırma zamanı ünvan 3 ünvanında yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan 0,03263 ha (2 yerdə 0,01468 ha və 0,01795 ha) və cavabdeh olan 0,0148 ha olmaqla ümumilikdə 0,04743 ha torpaq sahəsinə mövcud baza məlumatlarında və faktiki vəziyyətdə gediş-gəliş yolunun şimal (H.Z.Tağıyev küçəsi istiqamətindən) və şərq (Əyyub Bağırov küçəsi istiqamətindən) istiqamətlərindən mövcud olması, eləcə də sənədə (tərəflərə məxsus mövcud torpaq sahələrinə dair bundan əvvəl tərtib olunmuş Bölgü eskizinə) əsasən cənub istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).

3. Qeyd olunan 0,04743 ha torpaq sahəsinə mövcud baza məlumatlarında və faktiki vəziyyətdə şimal (H.Z.Tağıyev küçəsi istiqamətindən) və şərq (Əyyub Bağırov küçəsi istiqamətindən) istiqamətlərindən mövcud olan ümumi istifadədə olan gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid və hamının istifadəsi üçün açıq torpaq sahəsi olması müəyyən olunmuşdur. Həmçinin tərəflərə məxsus mövcud torpaq sahələrinə dair bundan əvvəl tərtib olunmuş Bölgü eskizinə əsasən cənub istiqamətindən nəzərdə tutulmuş gedişgəliş yolunun da əsas yola (Əyyub Bağırov küçəsinə) açıq olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). 4.Qeyd olunan 0,04743 ha torpaq sahəsinə şimal (H.Z.Tağıyev küçəsi istiqamətindən) və şərq (Əyyub Bağırov küçəsi istiqamətindən) istiqamətlərindən mövcud olan ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı və cavabdehə məxsus 0,04743 ha torpaq sahəsinə dair bundan əvvəl tərtib olunmuş “Bölgü eskizi”nə əsasən cənub istiqamətindən nəzərdə tutulmuş gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş həyət tikilisinin (toyuq hininin) mövcud olması müəyyən olunmuşdur, (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir).

5. Araşdırma zamanı ünvan 3 ünvanında yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı və Cavabdeh, X1 paylı mülkiyyətlərində olan 0,04743 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 0,03263 ha (2 yerdə 0,01468 ha və 0,01795 ha) hissəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi, həmin 0,03263 ha torpaq sahəsinin faktiki vəziyyətdə İddiaçı özünün istifadəsində olması müəyyən olunmuşdur. Qeyd olunan 0,04743 ha torpaq sahəsinin Cavabdeh və X1 mülkiyyətlərində olan 0,0148 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə İddiaçı «tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması» barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində qeyd edilən ərazi iddiaçı və cavabdehin ümumi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən İddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə tərəfindən 26 yanvar 2026-cı il tarixdə mübahisəli əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli, **********35-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı və Cavabdeh, X1 paylı mülkiyyətlərində olan 0,04743 ha torpaq sahəsində ümumi gediş-gəliş yolunun üzərində toyuq hini inşa edilmişdir və yolun ortasında dəmir məftillər quraşdırılmışdır. Həmin toyuq hininin və dəmir məftillərin ümumi gediş-gəliş yoluna maneçilik törətməsi müəyyən edilməmişdir. İddia tələbində qeyd edilən ağac isə daş hasarın qarşısında, kənarda əkilmişdir və gediş-gəlişə heç bir maneçilik yaratmır. Odur ki, iddia tələbi qismən təmin edilərək, Lənkəran şəhəri X4 küçəsi 59 saylı ünvan üzrə “bölgü eskizi”ndə və “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş”də nəzərdə tutulan 0,00942 ha ümumi yola aid torpaq sahəsində qanunsuz inşa edilmiş hin və quraşdırılmış məftillər sökülməklə həmin hissədə gediş-gəliş yolu açılmalıdır. Məhkəmə, İddiaçı iddia tələbinin “əkilmiş ağacın çıxarılması” hisəsinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən ağac ümumi gediş-gəliş yoluna maneçilik törətmədiyindən həmin hissədə tələb əsassız dır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iş üzrə mütəxəssis rəylərinin verilməsi üçün 95 manat xidmət haqqı və 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbi təmin edildiyindən həmin iddia tələbi üzrə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat haqq cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Lənkəran şəhəri X4 küçəsi 59 saylı ünvan üzrə “bölgü eskizi”ndə və “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş”də nəzərdə tutulan 0,00942 ha ümumi yola aid torpaq sahəsində qanunsuz inşa edilmiş hin və quraşdırılmış məftillər sökülməklə həmin hissədə gediş-gəliş yolu açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xidmət haqqına dair 95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar