Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-292/2025 18.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın və avtomobildən istifadəyə görə icarə haqqının ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 19780 manat məbləğində təmir haqqının və 149.34 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə 1754 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHDH41DBBU030449 şassi nömrəli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə satmışdır. Qeyd olunan müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və sonuncu dəfə yazılı xəbərdarlıq edilsə də o, müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət olunmuş və iş üzrə yekun məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(103)-7228/2023 nömrəli qətnaməsinə əsasən “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən iddiaçıya, cavabdehin ödədiyi bütün pul vəsaitlərinin (19720 manat) isə iddiaçı tərəfindən cavabdehə qaytarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və hazırda icraatdadır. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə müqavilə bağlanan zaman cavabdehə tam saz və qüsursuz vəziyyətdə akt tərtib edilməklə təhvil verilsə də, cavabdeh avtomobili yalnız xx.xx.2024-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə geri təhvil vermiş və bu barədə də akt tərtib edilmişdir. “AvtoColors” (VÖEN **********) avtoservisi tərəfindən təqdim olunmuş xx.xx.2024 tarixli xərclər siyahısına əsasən “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilərək saz vəziyyətə gətirilməsi üçün 19780 manat vəsait tələb olunur. Cavabdeh avtomobilə dəymiş maddi ziyan məbləğini ödəmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 149.34 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən avtomobilə dəymiş maddi zərərə görə 19780 manat məbləğində təmir haqqının və 149.34 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki işin məhkəmə icraatı dövründə iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edib “Hyundai Elantra” minik markalı avtomobilə dəymiş maddi zərərə görə 19780 manat məbləğində təmir haqqı ilə yanaşı, avtomobildən istifadəyə görə cavabdehdən 92750 manat kompensasiya məbləği və həmin məbləğə uyğun olaraq ödənilmiş 368.25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə iş məhkəmə baxışına təyin edildikdən sonra verildiyinə, lakin bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi halları müəyyən edilmədiyinə görə, həmin ərizə qanunla müəyyən edilmiş müddətdə verilməyən ərizə kimi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan başqa iddiaçı xx.xx.2025-ci il tarixdə avtomobildən istifadəyə görə 74.530 (yetmiş dörd min beş yüz otuz) manat kompensasiya və 313.59 (üç yüz on üç manat əlli doqquz qəpik) dövlət rüsumunun ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər əlavə edilməmişdir. Məhkəmə bununla bağlı xx.xx.2025-ci il tarixli qərardadında mahiyyətcə eyni xarakterli tələb üzrə mövqe bildirdiyindən bu barədə münasibətini təkrarlamağı zəruri bilmir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etmək mümkün olmadığı qeyd edilmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etməklə yanaşı bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqavilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-7228/2023 nömrəli qətnaməsi ilə etibarsız sayılmışdır. İddiaçının hazırda cavabdehdən tələb etdiyi məbləğ avtomobildə olan qüsurlarla bağlı təmir xərcləri üçün tələb olunan maddi ziyan məbləğidir. Belə ki, qeyd olunan avtomobil iddiaçıya geri qaytarılsa da, tamamilə yararsız vəziyyətdə qaytarılmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh iddia tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi etiraz qeydlərində göstərmişdir ki, həmin işə bundan əvvəl ayrı-ayrı məhkəmə instansiyalarında - Bakı şəhəri Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılaraq ədalətli qərarlar qəbul edilmişdir. Hazırda isə iddiaçı ona qarşı eyni predmet üzrə iddia tələbi irəli sürmüşdür. Məhkəmə də prosessual qanunvericliyin tələblərini pozaraq hazırki iddianı icraata qəbul etmişdir. Qeyd etdiklərinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 1754 nömrəli əşyanın nisyə alqısatqısı haqqında müqavilədən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı özünə məxsus minik avomobilini alıcıya nisyə olmaqla satır. Alıcı isə həmin minik avtomobilinin dəyərini hər ay 786 manat olmaqla, hissə-hissə olaraq satıcıya ödəyir. Avtomobilin dəyəri 29292.69 manat məbləğində, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilir. Alıcı avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, satıcıya avtomobilin götürüldüyü və ya təhvil verildiyi günə gədər gecikdirdiyi hər gün üçün cərimə ödəyir. Satıcı avtomobili alıcıya yararlı vəziyyətdə təhvil verməlidir. Satıcı avtomobili geri alarkən istifadəyə yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda, onun avtomobilə vurulmuş zərəri alıcıdan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüququ müəyyən edilir. Bu Müqavilənin qüvvədə olduğu müddətdə avtomobilin istifadəsinə görə yaranmış problemlər, o cümlədən, avtomobilin qəzaya uğraması, avtomobillə digər şəxslərin əmlakına və sağlamlığına zərər yetirilməsinə görə məsuliyyət alıcıya aiddir və satıcı bunlarla bağlı heç bir məsuliyyət daşımır. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Nəqliyyat vasitəsi cavabdehə təhvil verilərkən onda heç bir nasazlıq olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 1754 nömrəli zaminlik müqaviləsindən görünür ki, əşyanın nisyə alqı-satqısı haqqında tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək X1 adlı şəxs zamin olaraq onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan və fotoşəkillərdən görünür ki, “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdir. Həmin aktda nəqliyyat vasitəsinin iddiaçıya istifadəyə yararsız vəziyyətdə təhvil verildiyi qeyd edilmişdir. Fotoşəkillərdə avtomobilin müxtəlif istiqamətlərdən görünüşünü, həmçinin zədə və qüsurları əks etdirən vəziyyətləri öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “AutoColors” avtoservis tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş xərclərin siyahısında “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 19780 manat tələb olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 149.34 manat dövlət rüsumu ödənilmişdir. Mülki işin məkəmə baxışı gedişində işin tam hərtərəfli və obyektiv araşdırılma aparılması məqsədi ilə avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarını müəyyən etməkdən ötrü məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qeyd olunan qərardad icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq məktubu ilə qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizasının fəaliyyətinə aid olmaması və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilməsi əsası ilə qərardad icra olunmadan geri qaytarılmışdır. Bundan sonra avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarını müəyyən etmək məqsədi ilə işə mütəxəssis cəlb olunmuş və mütəxəssis rəyinin (arayışının) əldə olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində (arayışında) göstərilmişdir ki, “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHDH41DBBU030449 şassi nömrəli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin (amortizasiya xərcləri nəzərə alınmaqla) təmiri və istifadəyə yararlı hala gətirilməsi üçün real olaraq (ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə) 9635 manat vəsait tələb olunur. İş materiallarına əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(103)-7228/2023 nömrəli qətnamsindən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı hazırki iş üzrə cavabdehə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHDH41DBBU030449 şassi nömrəli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, əks təqdirdə, dəymiş zərərin əvəzi kimi 12572.69 manat əsas borc, 6830 manat cərimə, 43450 manat icarə haqqı və 278.56 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdehdən 12572.69 manat əsas borc, 3772.80 manat cərimə və 139 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin digər hissələrdə rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, müqavilənin ləğvi və pul tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. İş üzrə yeni qətnamə ilə “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən iddiaçıya, cavabdehin ödədiyi 19720 manat pul vəsaitinin isə iddiaçı tərəfindən cavabdehə qaytarılması, avtomobilin qaytarılması və pul vəsaitinin qaytarılmasının eyni vaxtda icra olunması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinin, müqavilənin ləğvi və pul tələbinə dair iddianın təmin edilməməsinin əsaslarından biri olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1754 nömrəli müqavilə qanunla müəyyən edilmiş tələblərə riayət edilməklə bağlanmadığından etibarsızdır. Belə ki, nəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aiddir və mülki qanunvericiliyin tələbinə görə bu növ daşınar əşyaların özgəninkiləşdirilməsi, o cümlədən alqı-satqısı yalnız notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Hazırda iddiaçı “Hyundai Elantra” minik markalı avtomobilə dəymiş maddi zərərə görə 19780 manat məbləğində təmir haqqının və 149.34 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq təhvil-təslim aktına, avtomobilin cavabdeh tərəfindən iddiaçıya qaytarılması anında olan vəziyyəti ilə bağlı tərtib edilmiş akta, fotoşəkillərə, habelə, avtomobilin təmiri və istifadəyə yararlı hala gətirilməsi üçün (ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə) tələb olunan vəsaitin miqdarı ilə bağlı “AutoColors” avtoservis tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş xərclər siyahısına istinad edir. Cavabdeh iddiaçının ona qarşı eyni predmet üzrə iddia tələbi irəli sürdüyünü bildirərək iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnamələrinə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əşyanın nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHDH41DBBU030449 şassi nömrəli, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə təhvil vermis və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilmişdir. Tərəflər həmin aktı imzalamışlar. Cavabdeh avtomobili bir müddət istifadə etdikdən sonra xx.xx.2024-cü il tarixdə iddiaçıya geri təhvil vermiş və bununla bağlı müvafiq sənəd tərtib edilərək avtomobilin faktiki vəziyyətinə dair fotoşəkillər çəkilmişdir. Məhkəmə ilk növbədə hazırki iddia tələbinin əsasına, həmçinin, cavabdehin həmin iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etdiyi xüsusatlara müqayisəli təhlil şəklində münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı hazırda cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə hər hansı öhdəliyin icrasını deyil, özünün mülkiyyətində olan avtomobilə dəymiş maddi ziyan məbləğini (təmir-bərpa xərclərini) tələb edir. Yəni tərəflər arasında yaranmış hazırki mübahisəli hüquq münasibətləri müqavilədən yaranan öhdəliklərdə deyil, mülki hüquq pozuntusundan (delikt) irəli gələn öhdəlilklərdə ifadə olunan hüquq münasibətləridir. “Notariat haqqında” Azərbaycan Respublikasinin Qanununun 46-cı maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə həmin maddənin 1-ci bəndinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamələrinin də məzmunundan görünür ki, tərəflər arasında əşyanın nisyə alqı-satqısı haqqında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliyin tələblərinə cavab verən müqavilə olub-olmamasına, həmin müqavilədən irəli gələ biləcək öhdəliklərə qeyd olunan məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etdiyi xüsusatları, onun özünün qeyd etdiyi kimi, iddia ərizəsinin qəbulundan imtina edilməsi və ya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməsi, habelə, iddia tələbinin rədd edilməsi üçün əsas hesab etmir. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağl qeyd edir ki, avtomobil xx.xx.2019-cu il tarixdə cavabdehə istifadəyə yararlı vəziyyətdə təhvil verildiyi işin təkzibolunmaz faktları ilə sübuta yetirilmiş, bununla bağlı tərəflər arasında tərtib edilmiş aktda xüsusi qeyd edilmiş və cavabdeh özü də həmin aktı imzalamışdır. Cavabdeh həmin vaxt avtomobilin ona istifadəyə yararlı vəziyyətdə təhvil verildiyini hazırda da inkar etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə avtomobili iddiaçıya qaytararkən bununla bağlı tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilib imzalanmasa da, həmin vaxt iddiaçının özü tərəfindən tərtib edilən “akt” adlı sənəddə avtomobilin istifadəyə yararsız vəziyyətdə olduğu qeyd edilmiş və bununla bağlı fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Cavabdeh avtomobilin həmin sənəddə və fotoşəkillərdə təsvir olunduğundan daha yaxşı vəziyyətdə iddiaçıya qaytarıldığına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə, belə bir halın olduğunu iddia da etməmişdir. İddiaçı isə bununla bağlı bütün mümkün sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə əlaqəli şəkild qiymət verərək qərara gəlir ki, avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarını müəyyən edərkən “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində (arayışında) qeyd edilən məlumatları mötəbər sübut kimi qəbul edir və həmin rəydə qeyd edilən 9635 manat məbləği avtomobilə dəymiş maddi zərərə görə ödənilməli ağlabatan məbləğ hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə cavabdehdən 19780 manat məbləğində təmir haqqının tutulmasına dair hissəsi 9635 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 149.34 manat dövlət rüsumu məbləğinin 116.35 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 32.99 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən və ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə (arayış) ödənilməli olan 300 manat məbləğin 150 manatdan ibarət hissəsinin iddiaçıdan, 150 manatdan ibarət hissəsinin isə cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, NƏTİCƏ HİSSƏ: q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitə görə 9635 manat maddi zərər məbləği və məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu məbləğinin 116.35 manatdan ibarət hissəsi - cəmi 9751.35 manat tutularaq İddiaçı hesabına ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu məbləğinin 32.99 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. Mütəxəssis rəyinin (arayış) verilməsi üçün ödənilməli olan 300 manat məbləğin 150 manatdan ibarət hissəsi İddiaçındən, 150 manatdan ibarət hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-292/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-292/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver