Məhkəmə qərarları › İş №2-2(105)-4/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-4/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-4/2025 01.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-23/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-23/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən İddiaçı və Cavabdeh MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş zərərin əvəzi olaraq 86.540 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi Salyan rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan iddiaçı 10 fevral 2021-ci il tarixdə Cavabdeh MMC ilə ona məxsus Salyan rayon Qardili kəndi ərazisində yerləşən torpaq sahəsində suvarma sisteminin quraşdırılması ilə əlaqədar müqavilə bağlamışdır. Müqavilədə nəzərdə tutulan işlər icraçı tərəfindən yerinə yetirilmişdir. Lakin sahənin suvarılması zamanı sistemin effektiv olmadığı müəyyən edilmişdir. Suvarma sisteminin qüsurlu olması səbəbindən sahədə əkilmiş yoncanın bir hissəsi məhv olmuşdur. Bununla iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. İddiaçı suvarma sisteminin qüsurlu olması ilə bağlı Cavabdeh MMC-yə müraciət etmiş, cavabdeh məsələnin araşdırılması və tədbirlərin görülməsi ilə bağlı ona vəd vermiş, lakin bu vaxta qədər nəticə əldə edilməmişdir. Daha sonra o, cavabdehdən dəymiş ziyanın ödənilməsini xahiş etmiş, onlar isə araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişlər. Lakin hazırkı vaxtadək məsələnin həlli ilə bağlı heç bir nəticə olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30000 (otuz min) manat məbləğində, suvarma sisteminə görə ilkin ödəniş kimi cavabdehə ödədiyi 44540 (qırx dörd min beş yüz qırx) manat, eyni zamanda əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12000 (on iki min) manat olmaqla, ümumilikdə 86540 (səksən altı min beş yüz qırx) manat məbləğində ziyan dəymişdir. 11 iyul 2024-cü il tarixdə Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Salyan rayonunda yerləşən ona məxsus torpaq sahəsində quraşdırılmış sulama sisteminə özbaşına müdaxilə etmiş, sistemi sökmüş və tam yararsız hala salmışdır. Bu faktı təsdiq edən şahidlər, fotoşəkillər və s. sübutlar var. Qeyd edilənlərdən başqa, iddiaçı tərəf müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməmiş, Cavabdeh MMC-yə ödəməli olduğu pul vəsaitini bu günədək ödəməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan da görünür ki, əsl zərər dəymiş tərəf Cavabdeh MMCdir. İddiaçı tərəfin iddia tələbi qanunsuz və əsasız olduğundan rədd edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan hər iki tərəf ondan apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, Cavabdeh MMC isə apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı (vəkili-nümayəndəsi Vəkil1) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddia tələbi üzrə faktlarla bağlı şahid X3 X5 məxsus əkin sahəsində quraşdırılmış suvarma sisteminin yararsız olması səbəbindən sahənin suvarılması mümkün olmadığına görə yonca məhsulunun məhv olmasını təsdiq etməsinə baxmayaraq, məhkəmə həmin sübuta heç bir qiymət verməmiş və təqdim olunmuş sübutdan istifadə etməmişdir. Quraşdırılmış suvarma sisteminin yararsız olması və qüsurları nəticəsində əkin sahəsində suvarmanın mümkün olmamasının məhkəmə iclasında tam müəyyən edilməsinə və bununla iddiaçıya ziyan dəyməsinin tam aydın olmasına baxmayaraq, məhkəmə bu hala heç bir qiymət verməmiş, qətnamədə iş üçün əhəmiyyətli olan şahid ifadəsinin hansı səbəbdən qəbul edilməməsi və istifadə olunmaması əsaslandırılmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən qüsurlu iş görülməsi nəticəsində iddiaçıya dəymiş ziyan kifayət qədər təsdiqini tapsa da, məhkəmə iddianı qismən təmin etmiş, tələbin bir hissəsi təmin edilərək müəyyən edilən və bəlli olan digər hissəsi təmin edilməmişdir... Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-23/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh MMC isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 587.2.1-ci maddəsinə görə, alıcı əşya üçün ödədiyi pulu o halda tələb edə bilər ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin, yəni müqaqvilənin ləğv edilməsini tələb etsin. Halbuki, iddia ərizəsindən məlum olur ki, İddiaçı tərəflər arasında imzalanmış 10 fevral 2021-ci il tarixli müqavilənin icrasından imtina etməmişdir. Belə olan halda, Mülki Məcələnin 587.2.1-ci maddəsinin tətbiq edilməsi mümkün deyil. Sumqayıt Kommersiya Məhkəməsi isə qanunun bu tələbini iddiaçının xeyrinə olan şəkildə tətbiq etməklə sonuncunun əsassız varlanması üçün şərait yaratmış, qanunu düzgün tətbiq etməmişdir. Bundan başqa, məhkəmə cavabdeh şirkətin ona ödənilmiş pul vəsaitini geri qaytarmasını qət etsə də, lakin İddiaçı ona məxsus torpaq sahəsində cavabdeh şirkət tərəfindən quraşdırılmış sulama sistemini qaytarmır. Bu isə İddiaçı əsassız varlanmasına səbəb olur. Odur ki, məhkəmə qətnaməsinə əsas alınmış qanun maddəsi düz tətbiq edilməmişdir. Bundan başqa, iş materialarında olan xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh şirkət tərəfindən iddiaçıya məxsus torpaq sahəsində quraşdırlmış sulama sisteminin bəzi hissələrinin (80 komplekt çiləmə qurğusu, motor, naqillər) sökülüb dağıdıldığı və məhv edildiyi müəyyən edilmişdir. Bu söküntü işlərinin iddiaçı tərəfindən aparıldığı məhkəmədə etiraf edilmişdir. Beləliklə, məhkəmə işin müəyən edilmiş faktiki hallarına da düzgün qiymət verməmişdir. Bundan başqa, iş materiallarından da müəyyən olunur ki, quraşdırılmış damlama sulama sisteminin işləməməsinə görə məsuliyyət həmin sistemi təmin edən "xxxx" Şirkətinin üzərindədir. Məhkəmə bu xüsusatı da nəzərə almamışdır. Daha sonra, iş üzrə məhkəmə iclaslarında şahid kimi dindirilmiş şəxslər X6 və X4 isə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Onlar guya iddiaçıya məxsus olan torpaq sahəsində müəyyən işlər gördüklərini bildirsələr də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-23/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin dəlillərinə uyğun izahat verib təmin olunmasını, cavabdehin apellyasiya şikayətini isə əsassız hesab etdiyini bildirərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddiaçının apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək həmin şikayətin rədd edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-23/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan icraçı Cavabdeh və sifarişçi İddiaçı arasında bağlanmış 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, icraçı sifarişçiyə məxsus sahəni (Salyan rayonu Qardili- Yenikənd kəndlərində yerləşən torpaq sahəsi) 1 dəst 204.000 manat dəyərində çiləmə suvarma sistemi və 1 dəst 18.700 manat dəyərində damlama suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 1.4-cü bəndinə əsasən, bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus Salyan rayonu, Qardili kəndində yerləşən 39,88 ha torpaq sahəsində 1 dəst çiləmə suvarma sistemi quraşdırılacaqdır; - 1.5-ci bəndinə əsasən, bu müqavilə ondan ötrü bağlanır ki, İddiaçı məxsus Salyan rayonu, Yenikənd kəndində yerləşən 3,5 ha torpaq sahəsində 1 dəst damlama suvarma sistemi quraşdırılacaqdır; - 2.1-ci bəndinə əsasən, malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 222.700 (iki yüz iyirmi iki min yedi yüz) manat təşkil edir; - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə 2.1-ci bəndində qeyd edilən malların dəyərinin 20%-i (iyimi faizi) müqavilə imzalandıqdan sonra təqdim edilən hesab-faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq İcraçının təqdim etdiyi bank hesabına nağdsız qaydada köçürülür; - 4.3-cü bəndinə əsasən, icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəfindən sifarişçiyə geri ödənilməlidir; - 5-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçinin podrat sahəsinə çatıdırılmasını lazımı qaydada icra etmək, müqavilənin 4.3cü bəndində qeyd edilən hal baş verdikdə sifarişçinin tələbi ilə həmin malların dəyəri hesablanaraq sifarişçiyə geri ödəmək, bu müqavilə üzrə satılan mallarda sifarişçi tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək və s. – icraçının vəzifələrinə aid edilmişdir; - 5.1.1-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə sifarişçinin podrat sahəsinə çatıdırılmasını və quraşdırılmasını lazımı qaydada icra etmək icraçının vəzifəsi kimi müəyyən olunmuşdur; - 6-cı bəndinə əsasən, icraçı tərəfindən satılan motor və filtirə 2 il, suvarma sistemi borularına 5 il, digər mallara 2 il müddətinə zəmanət verilir. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli, 01 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə alqı-satqı müqaviləsi üzrə 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan Cavabdeh sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli UNİ/F 07-068/23 nömrəli mütəxəssis rəyindən görünür ki, sifarişçi Cavabdeh MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri Salyan rayonu Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyаtа kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar:

1. Damlama suvarma sisteminin yağmurlama başlıqları “Atom 42FC”-lərin faktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil;

2. Damlama suvarma sisteminin başlıqları “Atom 42FC”-lərin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur;

3. Suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil;

4. Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq “Atom 42FC” başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edilmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı vəkili-nümayəndəsi Vəkil1 vəsatəti əsasında şahid kimi dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus əkin sahəsinə damlama-çiləmə suvarma sistemi 2021-ci ildə quraşdırılmışdır. Həmin sistem quraşdırılmamışdan əvvəl əkin sahəsi ənənəvi suvarma üsulu ilə suvarılırdı. Quraşdırılmış damlama-çiləmə suvarma sistemi yararsız olduğundan həmin vaxt sahədə bitmiş yoncanın suvarılması mümkün olmamış və məhsul məhv olmuşdur. Boruların çəkilməsi üçün qazıntı işləri İddiaçı tərəfindən həyata keçirilmiş, lakin həmin işlərin görülməsi üçün İddiaçı tərəfindən traktorçuya nə qədər pul ödənilməsindən məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı vəkili-nümayəndəsi Vəkil1 vəsatəti əsasında şahid kimi dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iki il yarımdan artıqdır ki, İddiaçı məxsus sözügedən torpaq sahəsini sulayır. Həmin torpaq sahəsinə suvarma sistemi quraşdırıldıqdan sonra arxların içində borular olduğundan əkin sahəsinin əvvəlki qaydad (ənənəvi üsulla) suvarılmasında çətinliklər yaranmışdır. 2022-2023-cü illərdə və cari ildə qeyd olunan torpaq sahəsində yonca çıxsa da, məhsuldarlıq təxminən 35% təşkil etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həllinə iddia tələbinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərini tənzimləyən normalarını tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin: - 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; - 581.2-ci maddəsinə əsasən, ... əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; - 586.1-ci maddəsinə əsasən, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər; - 586.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; - 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin; - 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin; - 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər; - 587.4-cü maddəsinə əsasən, komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər; - 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir; - 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir; - 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Habelə, Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, icraçı Cavabdeh və sifarişçi İddiaçı arasında 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh (Cavabdeh MMC) iddaçıya (İddiaçı) məxsus Salyan rayonu Qardili və Yenikənd kəndlərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini çiləmə-damlama suvarma sistemi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən ona məxsus sahədə quraşdırılmalı olan avadanlıqların dəyərinin 20 faizi, yəni 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul cavabdehə 15 fevral 2021-ci il tarixdə ödənilmişdir. Bundan sonra Cavabdeh MMC-nin sifarişi ilə "xxxx" Şirkəti tərəfindən istehsalçı firma olan “X7 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən çiləmədamlama suvarma sistemi əldə edilərək 2021-ci ilin aprel ayında Cavabdehnə göndərilmişdir. Cavabdeh MMC-nin işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində İddiaçı məxsus torpaq sahəsində 2021-ci ilin təxminən may-iyul aylarında quraşdırılan həmin çiləmə-damlama suvarma sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edilmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əvvəl isə, 07 dekabr 2022-ci il tarixdə Cavabdeh "xxxx" Şirkətinə qarşı “cavabdehdən mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dolları və 542 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində tələb əsaslandırılarkən qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən "xxxx" Şirkətindən satın alınmış bir dəst çiləmə-damlama suvarma sistemi İddiaçı satılmış və bu zaman müəyyən olunmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. Həmin işə baxılarkən iddiaçının nümayəndəsi Vəkil2 izahatında cavabdeh "xxxx" Şirkətindən alınan və iddia ərizəsində qeyd olunan mübahisəli sulama avadanlıqlarının İddiaçı Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırıldıqdan sonra onların qüsurlu olduğunun müəyyən edildiyini, qüsurların həmin sulama sistemi quraşdırıldıqdan sonra aşkar edildiyini, buna görə də sifarişçi İddiaçı tərəfindən Cavabdeh MMC-yə irad bildirildiyini və və həmin sifariş üzrə pul məbləğinin bir hissəsinin Cavabdeh MMC-yə ödənilmədiyini qeyd etmişdir. Həmin iş üzrə məhkəmənin 02 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə İddiaçı və cavabdeh tərəfin vəsatəti əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli e-2-2(119)-85/2023 nömrəli qətnaməsi ilə Cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbinə dair” iddiası avadanlığın nasazlığının cavadehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından və digər əsaslarla təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2- 2(105)-114/2023 nömrəli qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli e-2- 2(119)-85/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-2(102)-75/2024 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2-2(105)-114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsində və həmin işə baxılarkən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 izahatında İddiaçı Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan çiləmə-damlama suvarma sisteminin quraşdırıldıqdan sonra qüsurlu olduğunun müəyyən edildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 10 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaitinin cavadehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qüsurlu iş nəticəsində əkin sahəsində məhsulun məhv olması ilə əlaqədar 30000 (otuz min) manat məbləğində və əkin sahəsində boruların çəkilməsinə xərclənmiş 12000 (on iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması tələbini irəli sürsə də, iddiasının həmin hissələrdə əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut (ödəniş sənədi, rəy, müqavilə və s.) məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia həmin hissələrdə əsaslı hesab olunaraq təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına və iş üzrə tədqiq edilən sübutlara qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 44540 (qırx dörd min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etdiyi hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 10 fevral 2021-ci il tarixli alğı-satqı müqaviləsinin şərtinə uyğun olaraq sifariş verdiyi malın, yəni çiləmə-damlama suvarma sisteminin dəyərinin 20%-ni təşkil edən 44.540 manat məbləğində pul vəsaitini qabaqcadan cavabdehə ödəmiş, lakin suvarma sisteminin avadanlıqları cavabdeh tərəfindən gətirilib yerində quraşdırıldıqdan və istifadəsinə başlanıldıqdan sonra həmin suvarma sisteminin özünü doğrultmadığı, cavabdehin təminat verdiyi texniki göstəricilərə malik olmadığı, gözlənilən nəticə və səmərə vermədiyi, bir sözlə, qüsurlu və yararsız olduğu məlum olmuşdur. Cavabdehin sifarişi əsasında yerində araşdırma aparmış "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən verilmiş rəydə də çiləmə-damlama suvarma sisteminin yağmurlama başlıqları “Atom 42FC”-lərin faktiki texniki göstəricilərinin istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun olmadığı, bu səbəbdən ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələrin əmələ gəldiyi, suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsinin mümkün olmadığı göstərilmişdir... Ona görə də iddiaçı haqlı olaraq malı (suvarma sistemini) almaqdan (alğısatqı müqaviləsinin icrasından) imtina etmiş və həmin mala görə ödədiyi pulu geri tələb etmişdir. İddiaçının belə hüquqa malik olması Mülki Məcəllənin 587.2-ci maddəsi ilə təsbit edilmişdir. Həmin maddəyə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin... İddiaçı qanuna müvafiq olaraq alğı-satqı müqaviləsinin icrasından imtina etmiş və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən satdığı suvarma sisteminə görə ona ilkin olaraq ödənilmiş 44.540 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasını qət etməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh bununla razılaşmayaraq apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu (cavabdehdən 44.540 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi) hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız və şikayətin dəlillərini qəbulolunmaz hesab edir. Cavabdeh, İddiaçı ona məxsus torpaq sahəsində cavabdeh şirkət tərəfindən quraşdırılmış sulama sistemini qaytarmadığını iddia etsə də, lakin bununla bağlı iddiaçıya qarşı nə qarşılıqlı iddia, nə də ayrıca iddia irəli sürməmişdir. Digər tərəfdən, cavabdehin qeyd edilən dəlili həqiqətə uyğun olsa belə, bu hal ödənilmiş pulun geri qaytarılması barədə iddiaçının tələbini rədd etməyə əsas vermir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin başqa bir dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı suvarma sisteminin istehsalçısı ilə deyil, satıcısı olan cavabdehlə müqavilə bağlamışdır; odur ki, iddiaçı alğısatqı müqaviləsindən irəli gələn öhdəliyin pozuntusuna görə öz tələblərini cavabdeh qismində məhz Cavabdeh MMC-yə qarşı yönəltməkdə haqlıdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin şikayət təmin edilməməlidir. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. İddianın təmin olunmayan hissəsi isə cavabdehin qüsurlu iş görməsi nəticəsində iddiaçıya məxsus əkin sahəsində 2021-ci ildə məhsulun məhv olması ilə əlaqədar iddiaçıya dəymiş 30000 (otuz min) manat məbləğində ziyanın (əldən çıxmış faydanın) və həmin əkin sahəsində suvarma sisteminə aid boruların yeraltı çəkilməsinə iddiaçının xərclədiyi 12000 (on iki min) manat məbləğində pulun əvəzinin tələbindən ibarətdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Salyan rayonu Qardili kəndində yerləşən ona məxsus təxminən 40 ha torpaq sahəsində 2020-ci ildə 7-9 illik yonca növü əkmiş, 2021-ci ildə sahədə yonca çıxsa da, suvarılmadığı üçün məhv olmuşdur. Yoncanın məhv olması (susuzluqdan quruması) cavabdeh tərəfindən quraşdırılmış suvarma sisteminin işləməməsi və yararsızlığı səbəbindən baş vermişdir. Yoncanın məhv olmasına görə ona dəymiş ziyanın həcmi (30000 manat məbləğində) 2021-ci ildə təxminən 40 hektar ərazidən 2 dəfə yonca biçini nəzərə alınmaqla özü tərəfindən hesablanmışdır. Bundan başqa, suvarma sistemi quraşdırılarkən borulardan istifadə edilmiş və müqavilədə bununla bağlı qeyd-şərt nəzərdə tutulmasa da, şifahi danışıqlarda boruların yerləşdirilməsi (yeraltı çəkilməsi) üçün yerin qazılması işlərinin icrası onun öhdəliyi kimi müəyyənləşdirilmişdir. O, boruların torpağın altında yerləşdirilməsi üçün traktorla 0,80 metr (80 sm) dərinliyində qazıntının aparılması, boruların basdırılması və üstünün torpaqla örtülməsi işlərinə 12000 manat məbləğində xərc çəkmişdir. Göründüyü kimi, iddiaçı cavabdehdən aldığı suvarma sisteminin sonuncu tərəfindən bəyan edilmiş və təminat (qarantiya) verilmiş texniki üstünlüklərinə inanaraq həmin sistemin tətbiqinin daha yüksək məhsuldarlığa və müvafiq olaraq daha çox gəlir əldə edilməsinə səbəb olacağına ümid etmiş, lakin suvarma sistemi qüsurlu və yararsız olmaqla işləmədiyindən iddiaçı nəinki gözlədiyi nəticələri (faydanı) əldə edə bilməmiş, eyni zamanda 40 ha torpaq sahəsində əkilmiş yonca bitkisindən ənənəvi suvarma üsulu ilə 2021-ci ildə götürə biləcəyi məhsul və gəlirdən də məhrum olmuş, bundan əlavə, sahəyə suvarma sisteminin quraşdırılması (su borularının yeraltı çəkilməsi) ilə əlaqədar sərf etdiyi xərc də itki (ziyan) qismində onun üzərində qalmışdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia uğurlu sayılır. İddiaçının ona dəymiş zərərin ödənilməsi ilə bağlı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2 və 443.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinin mənasına görə, öhdəliklə bağlı təqdim edilən mallarda və ya görülən işlərdə qüsurların aşkar olunması həmin öhdəliyin lazımınca icra edilməməsini, nəticə etibarilə öhdəliyin pozulmasını ehtiva edir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur... Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.9-cu maddəsinə əsasən, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İstinad edilən normalara müvafiq olaraq, öhdəliyini lazımınca icra etməyən, yaxud qüsurlu icra edən müqavilə tərəfi bunun nəticəsində digər tərəfə dəymiş zərəri ödəməyə borcludur. Dəymiş zərərə isə borclunun cavabdeh olduğu öhdəliklərin yerinə yetirilməməsi, yaxud lazımınca yerinə yetirilməməsi nəticəsində kreditorun həm məruz qaldığı real itkilər (baş tutmayan müqavilə üzrə çəkdiyi xərclər, əldə edəcəyi əmlakdan məhrum olması və s.), həm də adi mülki dövriyyə şəraitində əldə etməyə əsaslı gözləntisinin olduğu gəlirlər (əldən çıxmış fayda) aiddir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının ona məxsus torpaq sahəsindən 2021-ci ildə gəlir götürə bilməməsi, digər tərəfdən, icrasından imtina etməli olduğu alğı-satqı müqaviləsi üzrə görülmüş müəyyən işlərə xərc çəkməsi ona dəymiş zərər kimi nəzərə alınmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona məxsus təxminən 40 ha torpaq sahəsində 2020-ci ildə çoxillik yonca növü əkmiş və 2021-ci ildə sahədən yonca məhsulu tədarük edərək satıb gəlir əldə etməyi planlaşdırmışdır. 2021-ci ilin may-iyul aylarında sahəyə suvarma sistemi quraşdırıldığına, lakin sistem qüsurlu olduğuna (işləmədiyinə) görə sahənin suvarılması mümkün olmamış, sahədə yonca bitsə də, suvarılmadığı üçün məhv olmuş, nəticədə həmin il sahədən yonca bitkisi tədarük edilməmişdir. Bununla iddiaçı cavabdehin təqsiri (müqavilə öhdəliyini qüsurlu icra etməsi) üzündən ona 30.000 manat məbləğində ziyan dəydiyini iddia edir. Bundan başqa, iddiaçı suvarma sisteminə aid boruların yeraltı çəkilməsinə görə 12000 (on iki min) manat pul xərclədiyini bildirərək həmin məbləğdə pulun da ona dəymiş zərərin əvəzi kimi cavabdehin hesabına qaytarılmasını tələb edir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi ilə bağlı, yəni iddiaçıya əldən çıxmış gəlir və alğısatqı müqaviləsi üzrə çəkilmiş xərc qismində zərərin dəyib-dəyməməsi, zərərin dəyməsi təsdiq olunduğu halda onun həcmi barədə mötəbər məlumatlar əldə edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(105)-117/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X10 İnkişaf Mərkəzinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 10/578 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində bildirilmişdir: - İddiaçı məxsus, Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən 39.88 ha torpaq sahəsində suvarma sisteminin quraşdırılması üçün aparılmış islərə sərf edilmiş materialların və islərin həcmi smetada göstərilmisdir; - Qiymətləndirmə fəaliyyati elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 7/142-9/404 nömrəli digər ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində isə göstərilmişdir: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X10 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı məxsus 39.88 ha sahədə 2024-cü ildə 6 ha yonca və 9 ha taxıl bitkisi əkilmişdir. Sahənin qalan (24.88 ha) hissəsi 4-5 illik əkilən yonca sahəsi olduğu müəyyən olunmuşdur; - Qiymətləndirmə fəaliyyati elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. Qeyd edilən ekspertiza rəyləri səthi və natamam olmaqla məhkəmə üçün lazım olan məlumatları (nəticələri) özündə əks etdirmədiyindən məhkəmə kollegiyası xx.xx.2025-ci il tarixli 2-2(105)-4/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AS 07-023/25 nömrəli rəydə göstərilmişdir ki: - Yonca bitkisi kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisidir. Normal suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Suvarılan bölgələrdə qrunt səviyyəsindən, torpağın nəmliyindən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma işi həyata keçirilməlidir. Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Aran bölgələrində yonca sahəsində növbəti suvarma mart ayında aparılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa, 5 dəfə biçin əməliyyatının aparılması mümkündür. Monitorinq nəticəsində məlum olmuşdur ki, 2021-ci ildə Salyan rayonu üzrə yonca bitkisinin məhsuldarlığı birinci biçində orta hesabla 300, ikinci biçində 220 bağlama olmuşdur (hər 1 ha sahəyə görə). Hər yonca bağlamasının (kip, pres) orta qiyməti birinci biçində 2,50 manat, ikinci biçində 3,30 manat təşkil etmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı məxsus Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən 39.88 ha torpaq sahəsindən 2021-ci ildə 2 biçin zamanı orta hesabla 20222 (iyirmi min iki yüz iyirmi iki) bağlama yonsa məhsulu tədarük edilə və tədarük məsrəfləri (biçin, presləmə, daşıma və s. işləri üçün çəkilən xərclər) çıxılandan sonra satışından orta hesabla 47250,0 (qırx yeddi min iki yüz əlli) manat qazanc (xalis gəlir) əldə oluna bilərdi; - Ərazi üzrə qazma işlərinin 2021-ci ildə dəyəri barədə ixtisaslaşmış fərdi sahibkarlar arasında monitorinq aparılmış, yerləşmə yerindən, sahənin relyefindən, işlərin həcmindən asılı olaraq 0,80 metr dərinliyində boru kanallarının qazılması və torpağın əks doldurulması üçün hər 1,0 metr üçün iş haqqı 1,50 manat müəyyən edilmişdir. Yerində baxış-müayinə zamanı təsdiq olunmuşdur ki, İddiaçı məxsus Salyan rayonu Qardili kəndi ərazisində yerləşən 39,88 ha torpaq sahəsində suvarma sisteminə aid boruların quraşdırılması ilə əlaqədar sahədə traktorla 0,80 metr dərinliyində kanalların qazılması və həmin kanallara yerləşdirilən boruların üzərinin torpaqla örtülməsi (basdırılması) işləri icra edilmişdir. Görülən işlərin həcmi (qazılaraq borular basdırılmış kanalların ümumi uzunluğu) 7604,0 (yeddi min altı yüz dörd) metr və bu işlərə çəkilmiş xərclərin miqdarı (məbləği) 11406,0 (on bir min dörd yüz altı) manat təşkil etmişdir. Göründüyü kimi, ekspertiza rəyi ilə iddiaçının 2021-ci ildə 40 ha yonca sahəsindən 2 biçin zamanı orta hesabla 47.250,0 manat məbləğində gəlir əldə edə bilməsinin mümkünlüyü müəyyən olunmuşdur. Halbuki, iddiaçı özü 2021-ci ildə 40 ha torpaq sahəsində əkilmiş yonca məhsulunun cavabdehin təqsiri üzündən (sahənin suvarılmaması səbəbindən) məhv olmasına görə ona dəymiş zərəri 30.000 manat məbləğində hesablamışdır. İddiaçı öz hesablamasında hər hektar sahədən birinci biçin zamanı 280 ədəd, ikinci biçin zamanı 160 ədəd yonca bağlaması (presi) tədarük etməyin mümkünlüyünü, hər bağlamanın satış qiymətinin müvafiq olaraq 2,0 manat və 2,50 manat, məhv olmuş məhsulun ümumi dəyərinin 38.400 manat məbləğində, tədarük məsrəflərinin isə 8.400 manat təşkil etməsini, beləliklə də 2021-ci ildə 40 ha sahədə əkilmiş yonca məhsulunun susuzluqdan məhv olması nəticəsində ona 30.000 manat məbləğində ziyan dəyməsini göstərmişdir. İddiaçı ona dəymiş zərəri hesablayarkən yonca bitkisinin məhsuldarlığını və satış qiymətini müvafiq ilin orta statistik göstəricilərdən xeyli aşağı olan hədlərdə götürmüşdür. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu normaya uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat məbləğində pul tutulmalıdır. İddiaçı suvarma sisteminə aid boruların sahədə quraşdırılması ilə əlaqədar, yəni boruların torpağın altında yerləşdirilməsi üçün traktorla 0,80 metr (80 sm) dərinliyində kanalların qazılması, boruların kanallara qoyulması və üstünün torpaqla örtülməsi işlərinə 12000 manat məbləğində xərc çəkdiyini bildirərək, baş tutmayan alğı-satqı müqaviləsi üzrə çəkdiyi həmin xərcin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Ekspert tərəfindən qeyd olunan işlərə çəkilmiş xərcin 11406,0 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qismən, yəni 11406,0 manat məbləğində təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehdən yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat, boruların quraşdırılması ilə əlaqədar çəkilmiş xərcin əvəzi kimi 11.406 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlar baxımından məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, iddiaçının dəymiş zərərin ödənilməsi ilə bağlı tələbinin əsaslılığını lazımınca araşdırmamış və bununla bağlı dəlil-sübutlara düzgün hüquqi qiymət verməmiş, bu da məhkəmənin qeyd edilən hissədə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi – məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin (və ya qərardadın) ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin (və ya qərardadın) qəbul edilməsinə səbəb olsun. İstinad edilən prosessual normalara müvafiq olaraq, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-23/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin olunaraq cavabdehdən yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat, boruların quraşdırılması ilə əlaqədar çəkilmiş xərcin əvəzi kimi 11.406 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilməlidir. MPM-in 220.5-ci maddəsində nəzərdə tutulduğu kimi, məhkəmə qətnaməsində həm də məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələ həll olunmalıdır. Adı çəkilən Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə (ekspertiza qurumuna) verilməli (ödənilməli) olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İstinad edilən normalara müvafiq olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 350 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 170 manat dövlət rüsumlarının əvəzi cavabdehdən tutularaq ona qaytarılmalıdır. Habelə, cavabdehdən ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaiti tutulub “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2-2(119)-23/2024 nömrəli qətnaməsi qismən – iddianın rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehndən yonca məhsuluna görə dəymiş ziyanın əvəzi kimi 30.000 manat, boruların quraşdırılması ilə əlaqədar çəkilmiş xərcin əvəzi kimi 11.406 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 350 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 170 manat dövlət rüsumlarının əvəzi olmaqla, cəmi 41.926 (qırx bir min doqquz yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-23/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Həmçinin, Cavabdehndən ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulub “AESC (Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti)” MMC-yə ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar