Məhkəmə qərarları › İş №2(049)-3016/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3016/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3016/2025 31.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq əldə olunan gəlirin paylara uyğun mülkiyyətçilərə ödənilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Belə ki, iddia ərizəsində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1799/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilmiş ünvan 1 ünvanda yerləşən 0,024 ha torpaq sahəsi və evdə İddiaçı payı - 7/12 hissədə, Cavabdeh1 1/12 hissədə. Cavabdeh3 1/12 hissədə, X1 1/12 hissədə, X4 1/12 hissədə, Cavabdeh5 Həsən qızının 1/24 hissədə, Cavabdeh4 1/24 hissədə müəyyən edilməsi qət edilmişdir. Hazırki iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh5 adı nə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1799/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində, nə də ki, xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışda mövcud deyildir. Qeyd edilən sənədlərdə Cavabdeh5 Həsən qızının 1/24 hissədə payı müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1902/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddiası payların texniki cəhədən naturada bölünməsi mümkün olmadığından rədd edilmişdir. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 48-50-ci bəndlərində qeyd edilmişdir ki, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Həmin qərardadın 57-ci bəndində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 221-ci və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardadında formalaşdırdığı hüquqi mövqeyə əsasən paylı mülkiyyətdə payın ayrılması ilə bağlı üç mərhələ ardıcıl şəkildə yerinə yetirilməlidir. Göstərilən iş üzrə iddiaçı tərəfindən ilk mərhələ keçilmişdir. Lakin hazırki iddia tələbində iddiaçı tərəfindən paylı mülkiyyətdə olan əmlaka öz payına uyğun konpensasiya tələb edilmədən üçüncü mərhələyə, yəni əmlakın açıq hərrac yolu ilə satılıb ona payına uyğun ödənilmənin aparılması tələb edilmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «fərdi yaşayış evinin hərrac yolu ilə satılaraq əldə olunan gəlirin paylara uyğun mülkiyyətçilərə ödənilməsi» tələbinə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar