Məhkəmə qərarları › İş №2(049)-31/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-31/2025

12.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-31/2025 12.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X5 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi. **********87-10301) əsasən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş 71 kv.m sahəsi olan fərdi yaşayış evinin cavabdehlərlə onun Çıxarış üzrə müəyyən edilmiş 1/5 (beşdə bir) hissə paya uyğun olaraq natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X5 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi:**********, reyestr nömrəsi:**********87-10301) əsasən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 67.04 kv.m sahəsi olan fərdi yaşayış evi 1/5 hissə olmaqla cavabdehlərlə onun paylı mülkiyyətindədir. Hal-hazırda həmin evə dair aralarında mübahisə vardır. Bu səbəbdən də həmin mübahisəyə son qoymaq məqsədilə paylı mülkiyyətdə olan evin natura qaydasında bölgüsünə zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi məlumat verilməsini baxmayaraq gəlməmişlər gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 71 kv.m, sahəsi olan fərdi yaşayış evi 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2, 1/5 hissədə X1 mülkiyyətindədir.1/5 hissə is mülkiyyətə verilmədən açıq saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 15 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/6838/2024 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı 5/1 hissədə olmaqla paylı mülkiyyətdə olan, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 71 kv.m, sahəsi olan fərdi yaşayış evi yaşayış binasının təsərrüfat təyinatı pozulmadan naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 71 kv.m, sahəsi olan fərdi yaşayış evi naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. Məhkəmə paylı mülkiyyətdə olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 71 kv.m, sahəsi olan fərdi yaşayış evi naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzillər mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünüə aid edilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 71 kv.m, sahəsi olan fərdi yaşayış evinin 1/5 hissəsinin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qızna aid edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar