Məhkəmə qərarları › İş №2(049)-317/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-317/2023

17.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-317/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdehlər: Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılması » tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzviləri ilə birlikdə mülkiyyət hüququ ilə ona mxsus olan Lənkəran rayonu, Göyşaban kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, O, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. İş üzrə cavabdeh olan Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Onunla rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından Emil və Əkbər adlı uşaqları anadan olmuşdur. Sonradan onların münasibətləri pozulduğundan sonra ondan ayrılmış və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 30 mart 2019-cu il tarixli 72 nömrə ilə qeyd edilmişdir. Sonradan o, Lənkəran rayonu, Göyşaban kəndində fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində özü üçün 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikmişdir. İş üzrə cavabdeh olan Cavabdeh1 digər cavabdeh X1 ilə ailə qurub onun evində yaşayırlar. O isə məcbur qalıb anasının evində uşaqları ilə yaşayır. O uşaqları ilə birlikdə anasının evində yaşadığından cavabdehlər bundan istifadə edərək onun mülkiyyətimdə olan fərdi yaşayış evinə girərək orada yaşayırlar. O, bu barədə onlara dəfələrlə bildirmişdir ki, ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi evdən çıxsınlar. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi ilə birlikdə ona təhvil verməkdən imtina edirlər. Həmin torpaq sahəsinin ona məxsus olması barədə adına çıxarış da verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, münahisə predmeti olan torpaq sahəsini ona 2005-ci ildə atası Lənkəran rayon, Göyşaban bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsində ev tikmişlər və 2005-2014-cü illərdə həmin evdə hazırkı Cavabdeh1 ilə birlikdə yaşamışlar. Həmin evin sənədi olmamış, lakin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə çıxarış almışdır. Hesab edir ki, həmin torpaq sahəsi çıxarışa əsasən ona məxsus olduğundan cavabdehlərin həmin torpaq sahəsində yaşaması onun mülkiyyət hüquqlarını pozur və buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhhəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ilə 1998ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları olmuş və həmin uşaqlar yetkinlik yaşına çatmışdır. Hazırda mübahisəyə səbəb olan və Lənkəran rayonu, Göyşaban kəndində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılan 0.06 ha həyətyanı torpaq sahəsi Göyşaban Bələdiyyəsinə müraciəti əsasında alqı-satqı yolu ilə birgə nikah dövründə əldə edilmişdir. Belə ki, məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müvafiq rəyi alınmaqla cavabdeh İddiaçı adına Göyşaban Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış və tərəfindən bank vasitəsilə müvafiq ödəniş edilərək torpaq sahəsi mülkiyyətə verilmişdir (müvafiq sənədlər əlavə edilir). Aramızda olan nikah isə məhkəmə qaydasında 2014-cü il tarixdə pozulmuşdur. Hazırda mübahisəyə səbəb olan Göyşaban kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi onların birgə nikahları dövründə əldə olunan əmlakdır və qanuni əsaslara görə onların birgə mülkiyyəti hesab edilir. Həmçinin həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi də tərəfindən birgə nikah dövründə tikilmişdir. Belə ki, həmin yaşayış evi cavabdehin heç bir zəhməti olmadan öz əməyi və vəsaiti hesabına tikilmişdir. Yəni birgə nikah dövründə tikilsə də, bunu təkbaşına işləyərək qazandığı vəsaiti hesabına etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 ilə evlənmiş və hazırda mübahisə olunan evə gəlin köçmüşdür. Həmin evi onun əri tikmişdir, hazırda da həmin evdə yaşayırlar. Məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış çıxarışdan göprünür ki, Lənkəran rayonun Göyşaban kəndində yerləşən 0.06 torpaq sahəsi xx.xx.2022-ci il tarixddə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-367451 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 ilə nikahlarına xx.xx.2014-cü il tarixdə pozulmuş, xx.xx.2019-cu il tarixdə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış eində Cavabdeh1 ilə arvadı Cavabdeh2 və oğlu X6 ilə birlikdə yaşayırlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 2005-ci il tarixdə Lənkəran rayon Göyşaban bələdiyyəsindən İddiaçı adına ev tikintisi üçün ayrılmışdır. İşin hallarından müəyyən olunur ki, həmin tarixdə iddiaçı ilə Cavabdeh1 evli olmuşlar. Başqa sözlə ifadə olunsa torpaq sahəsi ümumi birgə mülkiyyətdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin topaq sahəsinin üzərində yerləşən ev 2005-ci il tarixdə tikilmiş və iddiaçı ilə Cavabdeh1 həmin evdə yaşamış, tərəflərin birgə nikahından olan uşaqları da həmin evdə doğulmuş və böyümüşlər. Tərəflərin nikahı 2014-cü il tarixdə pozulduqdan sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxmış, Cavabdeh1 isə həmin evdə yaşamağa davam etmiş və hazırda da həmin evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işin hallarından görünür ki, hazırkı halda da Lənkəran rayonu, Göyşaban kəndindəki 0.06 ha torpaq sahəsində yerləşən evə dair hüquqmüəyyənedici sənədi yoxdur və iddia ərizəsində tələb edilən ev özbaşına tikinti sayılır. Məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, qeyd edilən özbaşına tikinti torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbində göstərilən evdən çıxarlıma tələbidə dair iddiaçının hazırkı halda subyektiv hüququ yoxdur. Belə ki, MM-nin 180.2-ci maddəsinin tələbinə görə zbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ pəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ əldə etmək çıxarış almışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin torpaq sahəsindəən çıxarılma hissəsi də təmin edilə bilməz. Yuxarıda da şərh olunduğu kimi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət olması və həmin torpaq sahəsində hazırda ümumi birgə mülkiyyətdə pay olması ehtimal edilən şəxsin yaşaması həmin torpaqdan sonuncunun çıxarılmasını mümkünsüz edir. Torpaq sahəsinin hüdudları daxilində yerləşən evdən çıxarılmadan şəxsin həmin torpaq sahəsindən çıxarılması məntiqsiz olmaqla yanaşı, icrası mümkün olmayan qərar qəbul edilməsi ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, məhz göstərilənlər baxımından, eləcə də mübahisə predmeti olan torpaq sahəsinə Cavabdeh1 ehtimal olunan hüquqları olduğundan iddia həmin hissədə də təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən və evdən çıxarılma» tələbinə dair idiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar