Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3208/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Vüqar qızının Cavabdeh qarşı əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Vüqar qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 9755 manat dəyərində əmlak və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən ümumilikdə 9755 manat dəyərində əmlak tələb etdiyini qeyd etsə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün cəmi 100 manat (60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu) ödənilmişdir. Halbuki, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmək üçün cəmi 117.55 manat dövlət rüsumu ödəməli idi və onun ödədiyi 100 manat dövlət rüsumu həmin tələb üçün ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da və iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyi barədə sənədi işə əlavə etsə də, iddiaçının ödədiyi cəmi 100 manat dövlət rüsumu hazırki iddia tələbi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı cavabdehdən tələb etdiyi əmlakların adını, növünü və fərdi əlamətlərini xarakterizə etmək üçün iddia ərizəsində “pakrıval”, “elektrikli peçka”, “qırmızı rumka”, “xrustal konfet qabı”, “karobka fincan naboru”, “padnos dəsti”, “sandıq (mebel) dolu”, “kurtka” kimi qeyri-müəyyən və azərbaycan dilinin orfoqrafiya lüğətinə uyğun olmayan terminlərdən istifadə etmiş, tələb etdiyi əmlakların növü, çeşidi, istehsal tarixi, istehlak müddəti, hazırda istifadəyə yararlılığı və digər fərdi xüsusiyyətləri ilə bağlı isə hər hansı dəqiq məlumatı ərizədə qeyd etməmişdir. Bununla da iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bu cür hallar da özü-özlüyündə hazırki işə mahiyyəti üzrə baxılaraq yekun qərar (qətnamə) qəbul edilərkən həmin qərarın tərtib edilməsində, eyni zamanda, gələcəkdə qeyd olunan qətnamənin icrasında kifayət qədər çətinliklərin yaranması ilə nəticələnə bilər. Eyni zamanda, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Bundan başqa iddia ərizəsində tələb edilən əmlakların ayrı-ayrılıqda qiymətləri ilə bağlı mütəxəssis rəyi də iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına, habelə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Vüqar qızının Cavabdeh qarşı əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş, həmçinin, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3208/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3208/2024
04.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver