Məhkəmə qərarları › İş №2(049)-3293/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3293/2024

13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3293/2024 13.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ərizənin məzmunundan da göründüyü kimi, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək həmin ərizədə özünü ərizəçi kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Lənkəran-Astara regional şöbəsini isə maraqlı şəxs kimi qeyd etmişdir. Lakin ərizənin məzmunundan görünür ki, ərizəçi onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsini mübahisələndirsə də, həmin hüquqi şəxs, ümumiyyətlə, işə cəlb edilməmişdir. Eyni zamanda, hazırki tələb bilavasitə "xxxx" MMC-nə qarşı yönəlməklə, adı çəkilən hüquqi şəxs də bilavasitə tələbə cavab verməli olan şəxs, yəni cavabdeh qismində işə cəlb edilməli və məhkəməyə iddia icraatı qaydasında müraciət edilməli olduğu halda, ərzəçinin özünün də qeyd etdiyi kimi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Lənkəran-Astara regional şöbəsi hazırki tələbə cavab verməli olan şəxs olmadığı halda, iş üzrə qəbul ediləcək məhkəmə qərarının icrası ilə əlaqədar üzərinə öhdəlik qoyulacaq bir orqan kimi işə cəlb edilmişdirsə də, bununla bağlı (inzibati orqanın üzərinə öhdəliyin qoyulması) işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu da nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin məzmununa görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların sistemə daxil edilməsi, o cümlədən, belə bir hüququn müvafiq orqana həvalə edilməsi özüözlüyündə hüquqi əhəmiyyətli bir fakt olmayıb, belə bir faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Ərizəçi isə belə bir qeyri-müəyyən tələb irəli sürmüş, bununla da, xüsusi icraat növündə, yaxud iddia icraatı növündə ərizələr üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət olunmadan məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, Ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi (əmək müqaviləsinin ləğv edilməsi) tələbi ilə həmin müqavilənin bağlanmış olduğu "xxxx" MMC-nə müraciət edilməsi və əmək müqaviləsinin hansı səbəblərdən ləğv olunmaması barədə sübutları işə əlavə etməmişdir. İşə əlavə edilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanlanan məktub isə belə bir müraciətin edilməsini və həmin əmək müqaviləsinin müqavilənin qarşı tərəfi olan orqanda ləğv olunmasının mümkünsüzlüyünü əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, Ərizəçi izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar