Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3386/2023 30.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehn qarşı “evə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, övladı X12 ilə birlikdə Cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdeh tərəfindən ona qarşı törədilən manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ünvan 2 ünvanında 19 saylı mənzildə övladı X13 ilə birlikdə kirayədə yaşayıra. Özü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Belə ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası X5 məxsus olmuşdur. X1 olmuşdur. Atası ilə anasının birgə nikahından 4 övladları olmuşdur. Onlar evdə 3 bacı, 1 qardaş olmuşlar. Bacıları onunla birgə ailə həyatı quraraq evlənmişlər və həmin evdən köçmüşlər. Onlar həmin evdən köçsələr də həmin evin qeydiyyatında qalmışlar və eyni zamanda həyat yoldaşı Rusiya Federasiyasında işlədiyi üçün o, demək olar ki, uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Sonradan iddiaçı boşanaraq yenidən həmin evdə yaşamağa davam etmişdir. Lakin 2019-cu ildə ış üzrə cavabdeh olan qardaşı Cavabdeh onu evdən qovmuş və həmin vaxtdan da o, övladı X13 ilə birlikdə Lənkəran şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Baxmayaraq ki, mərhum aatası X9 hələ sağlığında mübahisəli evə bitişik əlavə 2 otaq, mətbəxi, balkon, hamam və tualet inşa etmişdir və onlara şifahi olaraq vəsiyyət elmişdir ki, həmin evə bitişik əlavə etdiyi otaqları onun üçün inşa edibdir və o, uşaqları ilə birlikdə orada yaşayacaqdır. Lakin yuxarıda qeyd etdiyi kimi qardaşı olan cavabdeh məni evdən qovduğu üçün o, kirayələrdə yaşayır və elə zənn edirmiş ki, mübahisəli ev hələ də onun mərhum atasının adınadır. Lakin bu yaxınlarda eşitmişdir ki, iş üzrə cavabdeh olan qardaşı həmin evi onların xəbəri olmadan öz adına keçirdərək satmaq istəyir. Məhz bu səbəbdən də o, övladı X13 ilə birlikdə rəsmi qeydiyyatda olduğu və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası ilə anasının birgə nikahından 4 övladı doğulmuşdur-3 bacı, 1 qardaş. Bacılar ailə həyatı quraraq gəlin köçmüş və o, da ailə həyatı quraraq həmin evdə yaşamışdır. Lakin, iddiaçı neçənci ildə ailə həyatı qurmasını bilərəkdən məhkəmədən gizlətmişdir çünki, hansı tarixdən etibarən həmin evdə faktiki olaraq yaşamaması və neçə müddət yaşamaması həmin evdən istifadə etmək və yaşamaq hüququnu kökündən həll edir. Belə ki, cavabdeh 2000-ci il tarixdə ailə həyatı qurmuş və həmin evdən Lənkəran rayonu, Veravul kəndinə onun qayınatasına məxsus evə gəlin köçmüşdür. 2000-ci ildən etibarən həmin evdə yaşamamışdır. İddiaçı ərindən ayrılandan sonra da həmin evdə heç vaxt yaşamamışdır. Əgər mübahisə olunan evdə yaşadığını iddia edirsə bununla bağlı sübutlarını məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarında onun həmin evdə 2000-ci il tarixdən etibarən yaşadığını təsdiq edən hər hansı bir sübut mövcüd deyildir. Bundan əlavə olaraq iddiaçı guya onun onu həmin evdən qovduğunu qeyd etmiş, lakin bunula bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı 2 dəfə ailə qurub evlənmişdir. Onun birinci nikahda olduğu vaxt faktiki olaraq yaşadığı evi ola-ola özü Lənkəran şəhərində kirayə ev tutaraq yaşamışdır. Bundan başqa guya atasının hələ sağlığında həmin evə əlavə olaraq tikdiyi 2 otaq, mətbəx, eyvan, hamam və tualeti iddiaçıya şifahi olaraq vəsiyyət etmişdir. Halbuki Mülki Məcəllənin 1179-cu maddəsində qeyd olunur ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Burdan da aydın olur ki, atası hətta şifahi vəsiyyət etsəydi belə buna istinad etmək qanunsuz olardı. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, guya onu evdən qovmuşdur. Bacısı birinci dəfə rəsmi olaraq 2019-cu ildə ərindən ayrılanda o, özüm ona təklif etmişəm ki, gəlib onunla birlikdə yaşasın. Lakin o, bir neçə gün yaşayandan sonra onun evinə qonaq gələn ailəvi dostu ilə qoşulub qaçmış və 2021-ci ilə kimi onunla birlikdə Bakıda yaşamışdır. Həmin ərəfədə onunla faktiki olaraq yaşayan həmin şəxs ona Bakıda ev və torpaq da alıb hədiyyə etmişdir. Artıq 2021-ci il tarixdə həmin şəxsdən də ayrılandan sonra ona sığınmaq istəmiş və o, buna imkan verməmişdir. Yəni ddiaçının yazdığı - guya onun həmin evdə yaşadığı və sonradan onu həmin evdən qovduğu yalandır. O, 2000-ci il tarixdən ümumiyyətlə o evdə yaşamayıb. Bundan əlavə iddiaçı qeyd edir ki, guya həmin evin atasının adına olduğunu zənn etmiş və yaxın günlərdə öyrənmişdir ki, həmin evi o, öz adıma rəsmiləşdirmişdir və ondan xəbərsiz satmaq istəyir. Halbuki, xx.xx.2009-cu il tarixdə mərhum atası bağışlama müqaviləsi ilə həmin evi ona bağışlamışdır. Bu məsələdən bacılarının da məlumatı olmuşdur. xx.xx.2009-cu il tarixdə də AR DƏDRX Hüquqların dövlət Qeydiyyatı haqqında DƏDR-dən ******* nömrəli, MH seriyalı, reyestr nömrəsi **********09- 10301, qeydiyyat nömrəsi ********** olan Lənkəran şəhəri, Koroğlu küçəsində 0.02705 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.0 kv.m yaşayış, 31.0 kv.m köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yuxarıda qeyd etdiyi kimi bacısı sonradan tikilən 2 otaq, mətbəx, eyvan, hamam və tualetin guya atasının şifahi olaraq ona vəsiyyət etdiyini bildirmişdir. Bəs həmin ev ona bağışlananda və o, həmin evə dair çıxarış alanda nə üçün “şifahi vəsiyyətnamə” barədə ona və ya atasına bir söz deməmişdir? Hesab edir ki, iddiaçının həmin evdən istifadə hüququ yoxdur və onun iddiası rədd edilməlidir. Məhkəmə baxışında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərəkiddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin xx.xx.2023-cü il tarixli məhkəmə baxışında iştirak edən Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,02705 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 136.8 kv.m. olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx-xx/1206 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı Lənkəran şəhəri, Koroğlu küçəsi ev 58 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx-xx/1724 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı övladı xx.xx.2005-ci il təvəllüdlü X12 ilə birlikdə Lənkəran şəhəri, X14 küçəsi ev 78/3 mənzil 19 ünvanında kirayədə yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 662322 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2005-ci il təvəllüdlüdür və anası X6r. İş materiallarında olan Astara rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2009-cu il tarixli 4-Ə-01-26 reyestr nömrəli maqavilədən görünür ki, həmin müqavilə əsasında X7 mülkiyyətində olan Lənkəran şəhəri, Koroğlu küçəsi ev 58 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh Mayis oğluna bağışlamışdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran şəhəri, Koroğlu küçəsi ev 58 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası mərhum X4 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2009-cu il tarixdə o, həmin evi oğlu olan Cavabdeh Mayis oğluna bağışlamışdır. İddiaçı hal hazırda həmin fərdi yaşayış evində qeydiyyatdadır və doğulduqdan həmin evdə yaşamışdır. O, evin mülkiyyətçisi iş üzrə Cavabdeh Mayis oğlu tərəfindən həmin evdən qovulduğunu bildirərək həmin evdə köçüb yaşamaq istədiyini iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri. arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri vaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər sürətdə istifadə etmək hüququ əldə edir. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb, onunla ümumi təsərrüfatı aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları baxımından məhkəmə belə qənaətə gəlir ki, evin keçmiş mülkiyyətçisinin ailə üzvü olduğu üçün iddiaçının sözügedən mübahisəli evdə yaşayış hüququ yaranmışdır. Cavabdeh iddiaçının 2000-ci ildən həmin evdən köçüb getdiyini və həmin vaxtdan hazıradək orada yaşamadığını bildirsə də bu barədə məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırki mülki iş üzrə iddia tələbi onun Lənkəran şəhəri, Koroğlu küçəsi ev 58 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməlidir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evdə iddiaçının istifadə qaydalarının müəyyən edilməsi tələbi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması və mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbi istifadə qaydasının müəyyən edilməsi və maneələrin aradan qaldırılması hissəsində təmin oluna bilməz. Həmçinin işin faktiki hallarından müəyyən edildi ki, iddiaçının övladı xx.xx.2005-ci il təvəllüdlü X12 artıq yetkinlik yaşına çatmışdır və bu səbəbdən o, hazırki iddia tələbi üzrə məhkəməyə müstəqil iddia tələbi ilə müraciət etməlidir. Bu səbəbdən iddia tələbi X10 münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı Lənkəran şəhəri, Koroğlu küçəsi ev 58 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3386/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3386/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver