Məhkəmə qərarları › İş №2(049)-3533/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3533/2025

27.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3533/2025 27.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində verilmiş AR ƏM-nin 70-ci maddəsinin "c" bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 11 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə ingilis müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 09 saat əmək haqqı olan 290 manat aylıq əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmuş, ixtisasca isə ingilis dili müəllimidir. Lənkəran ravon V.Süleymanov adına ümumi orta ümümtəhsil məktəbinin xx.xx.2014-cü il tarixli 196 nömrəli əmri ilə həmin məktəbə ingilis müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bildirir ki, ailəlidir, 3 övladı var. 2007-ci il təvəllüdlü övladı X6 anadangəlmə Böyrəküstü vəzinin funksiyasının pozulması xəstəsi olmaqla 1-ci qrup əlildir. O, anadan olduğu gündən hazırki vaxta kimi onun himayəsində olmaqla ona özü qulluq edirəm. 20 iyun 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak elmiş və himayəsində 1-ci qrup əlil olan yetkinlik yaşına çalmayan övladına qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırki iş üzrə Cavabdeh rəhbərliyinə məlumat verməyinə baxmayaraq ailə vəziyyətini, öhdəliyində 1-ci qrup əlilin olmasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”C“ bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xilam vermişdir. Həmin əmr qanunsuz və sassız olduğundan ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqı ödəlilməlidir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə onu yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o, əmrini dəyişməyəcəyini, sertifikasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan 1-ci qrup əlil olan yetkinlik yaşına çatmayan övladının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. Belə olan halda sözügedən əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Qanunvericiliyin müvafiq maddələrinin məzmunundan da göründüyü kimi ya müəsisə ləğv edilsəydi, ya da onunla bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş olsaydı işəgötürən tərəfindən verilmiş əmr qanuni və əsaslı hesab edilə bilərdi. Yuxarıda qeyd eldiyi və iddia ərizəsinə də əlavə etdiyi sənədlərdən də göründüyü kimi onunla bağlanılmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuş, himayəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş -övladı (ikinci qrup əlil olan) X7 mənim öhdəsində olması əmək qanunvericiliyinin işçi kimi 79-cu maddənin 1-ci bəndində qevd edilmiş imtiyazın ona birbaşa şamil olunmasını təsdiq edir. xx.xx.2025-ci il tarixdə onun sözügedən əmrdən xəbəri olmayıb, cavabdeh tərəfindən işdən çıxmaq üçün könüllü ərizə verilməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixdə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə yazılı formada İlkin Mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışı almışdır. Beləliklə, məhkəmədə iddia qaldırmağı üçün iddia müddəti 18 avqust 2025-ci il tarixədək vardır. Bütün bunları nəzərə alıb hesab edir ki, əvvəlki iş yerinə bərpa edilməli, 09 saat işlə təmin edilməli, işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün (09 saat) əmək haqqı olan 290 manat aylıq əmək haqqı ona ödənilməlidir. Cavabdeh Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru X2 iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edib, iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçı Lənkəran rayonu Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumitəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun 30 iyun 2025-ci il tarixli 11 nömrəli əmri ilə ləğv edilmişdir. İddiaçının işdən çıxarılması əmrinin verilməsinə əsas Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 25 iyun 2025-ci il tarixli 3-29-69-/3-2-29F/2025 saylı əmri olmuşdur. Hesab edir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdeh şəxs qismində işə cəlb olunmalı və nümayəndəsi vasitəsilə işdə iştirakı təmin olunmalıdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin “c” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Buna görə də, bildirir ki, öhdəsində İ qrup əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.3 -cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Sertifikatlaşdırılmadan keçmək hər bir təhsilverənin vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33.3.9-cu, "Ümumi təhsil haqqında” Qanunun 23.3.2-ci maddələri). Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə, iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən keçirilmiş sertifikasiyanın nəticələri mübahisələndirilməmişdir. İddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçının sertifikatlaşdırma imtahanlarından keçmədiyini, buna baxmayaraq ona məktəbdə başqa iş təklif edildiyini, lakin iddiaçının həmin təklifi qəbul etmədiyini, “Təhsil haqqında” Qanuna əsasən onun iki dəfə sertifikatlaşdırmadan keçə bilməməsini Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması üçün əsas olduğunu bildirib iddianın təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 11 nömrəli əmrindən görünür ki, həmin əmlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.3-cü və 5.4-cü bəndlərini rəhbər tutularaq, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığmın yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Lənkəran rayonu Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Əmrdə əsas kimi 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri göstərilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhəri üzrə təhsil sektorunun müdiri tərəfindən İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test mərhələsindən kəsildiyi üçün yenidən müəllim vəzifəsinə işə qəbul olunmaqla bağlı Lənkəran Rayon Prokurorluğundan Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Kollegiya Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq ümumi təhsil müəssisələrində müəllim vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Əlavə məlumat almaq üçün miq.edu.az saytını izləməyi tövsiyə olunur. AZ-İİ seriyalı, 041386 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il təvəllüdlüdür. Anası – İddiaçıdır. Lənkəran 1 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya təşkilatına “əmrin ləğvi və işə bərpa tələbi” ilə əlaqadar mediasiya prosesinin başlanması üçün xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemində verilmiş “əlilliyə qulluğun qiymətləndirilməsinin nəticəsinə dair” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı himayəsində sağlamlıq imkanları məhdud olan övladı X6 vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 3-cü hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: ... mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; ... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; ... Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ... Maddə 11, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ... d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; ... Maddə 14, 1-ci hissə. 1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Maddə 43, 3-cü hissə. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; ... Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ... Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən: ... öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru; ... 1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi; ... Maddə 2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Maddə 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili; ... Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Maddə 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Maddə 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir. Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək; ... 33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.1.Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2.Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, İddiaçı Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbində ingilis dili müəllimi işləmiş, iki dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanlarında uğurlu nəticə əldə etmədiyi üçün 30 iyun 2025-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi təşkil edir. Belə ki, həmin normalar dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsini müəyyən edir. Lakin iddiaçı öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladının olmasını Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hal kimi qiymətləndirmiş və onunla əmək müqaviləsinə xitam verilməsini yolverilməz hesab etmişdir. Məhkəmənin qənaətinə görə, mübahisənin düzgün həlli üçün işin halları həm əmək hüququ, həm də təhsil hüququ işığında təhlil olunmalıdır. Çünki “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə müəyyən olunan qayda və əsaslarla, Əmək Məcəlləsinin 79-cu maddəsinin göstərişləri rəqabət vəziyyətindədir. Əmək Məcəlləsinin 79-cu maddəsinin hüquqi təyinatı ilə bağlı qeyd olunmalıdır ki, bu normada müəyyən olunan qayda, sosial müdafiə xarakterli hüquqi mexanizm olmaqla, əmək münasibətlərində xüsusi sosial müdafiəyə ehtiyacı olan şəxsləri qorumaqdır. Bu norma əsasən işəgötürənin iradəsindən asılı olan və subyektiv qərar nəticəsində işdən azadetmə hallarında tətbiq edilir. Bu maddənin məqsədi, işçinin himayəsində əlil ailə üzvü olduğu halda, əsassız və ya sosial cəhətdən ədalətsiz işdən çıxarılma hallarını məhdudlaşdırmaqdır. Lakin burada qeyd olunan qadağa, dövlət tərəfindən normativ əsasda müəyyən edilmiş, obyektiv qiymətləndirmə nəticəsində yaranan hallara şamil edilə bilməz. “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini, ixtisas yararlılığını və tədris keyfiyyətini müəyyən etməkdən ibarətdir. Sertifikatlaşdırma təhsilverənin fəaliyyətini obyektiv və normativ meyarlar əsasında qiymətləndirən prosedur olub, onun nəticələri təhsil keyfiyyətinin təmin edilməsinə, yəni həm də ictimai və dövlət maraqlarına xidmət edir. “Təhsil haqqında” Qanunun 33.3-cü maddəsində təhsilverənlərin vəzifələrinə həm də təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; təhsil proqramlarının mənimsənilməsini təmin etmək; ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» 6 noyabr 2024-cü il tarixli qərarda da göstərilmişdir ki: «O da qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi təhsil hüququ da təsbit edilmişdir. Əsas Qanunun 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X5 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir.» Məhkəmə, baxılan mübahisənin həllinə təsiri olan təhsil hüququnun üstünlüyü və ictimai maraq aspektini vurğulayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təminat verilən keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsi dövlətin konstitusion vəzifəsidir. “Təhsil haqqında” Qanunun 4-cü maddəsində təsbit edilmiş “keyfiyyətlilik” prinsipi təhsil prosesinin dövlət, cəmiyyət və fərdin maraqlarına uyğun həyata keçirilməsini nəzərdə tutur. Əgər sertifikatlaşdırmadan keçə bilməyən təhsilverən, yalnız sosial imtiyaz səbəbilə işdə saxlanılarsa, bu hal şagirdlərin keyfiyyətli təhsil almaq hüququnu pozar və dövlətin təhsil siyasətinin məqsədlərinə zidd nəticələr doğurar. Bu mənada, əmək hüququ üzrə sosial təminat prinsipi ilə təhsil hüququ üzrə keyfiyyətlilik prinsipi arasında ziddiyyət yarandıqda, üstünlük ictimai maraqlara və konstitusion təhsil hüququnun təminatına verilə bilər. Bu baxımdan məhkəmə kolegiyası o nəticəyə gəlir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi, işçinin peşə yararlılığının qiymətləndirilməsi ilə bağlı xüsusi qanunvericilikdə müəyyən edilən nəticələrə tətbiq edilə bilməz. Çünki bu norma işəgötürənin subyektiv iradəsinə əsaslanan xitamlara qarşı sosial müdafiəni təmin edir və obyektiv peşəkarlıq meyarlarının müəyyən edildiyi hallarla bağlı deyil. Xüsusilə vurğulanmalıdır ki, “Təhsil haqqında” qanunun 33.3.1, 33.3.2, 33.3.8-ci maddələrinə əsasən təhsilverən, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməyə, təhsil proqramlarının mənimsənilməsini təmin etməyə, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltməyə borcludur, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçməsi zəruridir. Başqa sözlə, sertifikatlaşdırma testi təhsilverən üçün gözlənilməz, maksimal tələblərlə müşayiət olunan xüsusi riskli olan tədbir deyil, təhsilverənlər üçün müəyyən olunan minimal tələbləri ehtiva edən, qanunla mütləq hesab edilmiş tələbdir. Əmək Məcəlləsinin 79-cu maddəsi o hallarda tətbiq oluna bilər ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin ixtiyarına əsaslanan və sosial baxımdan zəif işçini əsassız işdən azad etmək riskini daşıyan hallarda baş versin. Lakin xitam obyektiv, dövlət tərəfindən tənzimlənən və normativ əsasda həyata keçirilən qiymətləndirmə nəticəsində baş verirsə, bu zaman 79-cu maddənin məqsədi pozulmur. Hazırda baxılan iş üzrə də sertifikatlaşdırmanın nəticələri mübahisələndirilmir və buna uyğun olaraq işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verməsi, Əmək Məcəlləsinin 79-ci maddəsinin təsiri altına düşmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə” dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Lənkəran rayon Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə” dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar