Məhkəmə qərarları › İş №2(049)-37/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-37/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-37/2024 18.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin natura qaydasında bölünməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə (qeydiyyat tarixi: xx.xx.2002, qeydiyyat nömrəsi: 686 a, inventar nömrəsi: 4575) əsasən cavabdehlə onun 1/2 hissə ilə paylı mülkiyyətlərində olan Lənkəran şəhəri Sabir küçəsi döngə 1-17-də yerləşən 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin (ümumi sahəsi 253.0 kv.m, yaşayış sahəsi 81,6 kv.m) aralarında faktiki istifadələrinə uyğun olaraq natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Lənkəran şəhəri Sabir küçəsi döngə 1- 17-də yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 253.0 kv.m, yaşayış sahəsi 81,6 kv.m olan yaşayış evi 1/2 hissə olmaqla cavabdehlə onun paylı mülkiyyətindədir. Təxminən 40 ildir ki o, ailəsi ilə birlikdə sözügüdən evdə yaşayır. Hazırda həmin evlə əlaqədar cavabdehlə aralarında mübahisə vardır. Buna görə də həmin mübahisəyə son qoymaq məqsədilə paylı mülkiyyətlərində olan həmin evin faktiki istifadələrinə uyğun olaraq natura qaydasında bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, ekspert rəyi ilə razılaşaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, ekspert rəyi ilə razılaşmayaraq bildirdi ki, iddiaçı olan qardaşı lal-kardır. O, evi iki yerə böldüyü zaman qardaşı ona “halallaşacam” desə də, sözünə əməl etməmişdir. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar tərəflərin paylı mülkiyyətlərində olan evin naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6923 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 686 a nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Lənkəran şəhəri Sabir küçəsi döngə 1-17 küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 253.0 kv.m, o cümlədən yaşayış sahəsi 81,6 kv.m olan yaşayış evinin texniki pasport üzrə və faktiki vəziyyətdə təcrid şəkildə iki hissəyə bölünməsini, faktiki vəziyyət üzrə bölgünün 1/2 hissəsi paya uyğun olmasını, texniki pasport üzrə tərəflərin istradəsində paylara uyğun yaşayış və yardımçı tikiiilərin qalmasını nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən, X4 ilə Cavabdeh paylı mülkiyyətlərində olan mübahisəli yaşayış evinin tərəflərin paylarına və aralarındakı faktiki istifadələrinə uyğun olaraq naturada təcrid şəkildə bölməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6 5.7 və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin faktiki vəziyyətdə olan bölgüsünün xx.xx.2002-ci il tarixli, 4575 invertar nömrəli Texniki Pasportda göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixdə reyestr kitabında qeyd edilmiş 686 a nömrəli Qeydiyyat Vəsiqəsinə, xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 4575 olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportuna, ekspert rəyi, evin sxemi və bölgü planı ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Lənkəran şəhəri Sabir küçəsi döngə 1-17 küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 253.0 kv.m, o cümlədən yaşayış sahəsi 81,6 kv.m olan yaşayış evi Cavabdeh və iddiaçının hər birinin ½ hissədə payı olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Bölgü planında ev 2 bərabər hissəyə bölünmüşdür. Hazırda iddiaçı həmin evin onun payına düşən ½ hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi paylı mülkiyyətdə olan evin ½ hissəsinin hazırki vəziyyətdə onun özünün xüsusi mülkiyyətində olduğunu bildirir, bununla bağlı onun və cavabdehin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və evi iki yerə böldüyü zaman qardaşının onunla “halallaşacağını” bildirdiyini, lakin sözünə əməl etmədiyini göstərərək evin natura qaydasında bölünməsi ilə razı olmadıqlarını bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ekspertiza rəyini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, evə mülkiyyət hüququn olmasını təsdiqləyən 686 a nömrəli Qeydiyyat Vəsiqəsi mübahisələndirlməyib və qüvvədədir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan ev 2 nəfərin - Cavabdeh və iddiaçının paylı mülkiyyətində olan ev olmaqla, həmin evdə mülkiyyətçilərin hər birinin payı müəyyən edilmişdir. İddiaçı evin digər mülkiyyətçisi ilə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyinə görə öz payının məhkəmə qaydasında naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, paylı mülkiyyətində olan evdə iddiaçının payı məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Paylı mülkiyyətdə olan evdə cavabdehlə iddiaçının hər birinin ½ hissədə payları olması nəzərə alınmaqla, Texniki Pasportdakı bölgü planında göstərilən, hər biri ½ hissədə olmaqla iki bərabər hissəyə bölünmüş “Cavabdeh məxsus olan hissə” və “İddiaçı məxsus olan hissə” sözləri ilə işarələnmiş paylardan biri iddiaçının payı olaraq naturada ayrılmalıdır. Bölgü planında “Cavabdeh məxsus olan hissə” və “İddiaçı məxsus olan hissə” sözləri ilə işarələnmiş paylar faktiki olaraq iş üzrə tərəflərin hər birinin ayrı-ayrılıqda istifadələrində olduğundan, habelə məhkəmə ekspertizasının rəyinin nəticələri nəzərə alınmaqla mübahisəli evin paylı mülkiyyətçilər arasında bölünməsinin ən münasib və əlverişli variantı kimi həmin bölgü planında “İddiaçı məxsus olan hissə” sözləri ilə işarələnmiş payın naturada bölünərək ayrılmaqla hazırki iş üzrə iddiaçıya verilməsi qanunauyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan evin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edildiyini, habelə işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərcinin cavabdehə aid edilməsini və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Lənkəran şəhəri Sabir küçəsi döngə 1-17 küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 253.0 kv.m, o cümlədən yaşayış sahəsi 81,6 kv.m olan, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 686 a nömrəli Qeydiyyat Vəsiqəsində göstərilən fərdi yaşayış evinin iddiaçı X2 payına düşən ½ hissəsi, inventar nömrəsi 4575 olan Texniki Pasporta göstərilmiş bölgü planındakı sxemdə “İddiaçı məxsus olan hissə” sözləri ilə göstərilən, eləcə də aralarındakı faktiki istifadələrinə uyğun olaraq naturada təcrid şəkildə bölünərək ayrılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar