Məhkəmə qərarları › İş №2(049)-40/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-40/2024

22.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-40/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X19 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə, iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması və həmin torpaq sahəsinin Vilvan bələdiyyəsinə təhvil verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 211A saylı, kodu 80200038 olan dövlət aktına əsasən Lənkəran rayonu, Vilvan kəndində yerləşən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan 0,18 ha torpaq sahəsi ilə qonşu olan və cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş Vilvan bələdiyyəsinin mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin zəbtdən azad olunması və həmin torpaq sahəsinin Vilvan bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Vilvan Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat torpaq fondu vardır. Cavabdeh Vilvan Bələdiyyənin ehtiyyat fondunda olan 0.20 ha torpaq sahəsini zəbt etmiş, sahəni çəpərə almış və ondan istifadə edir. Belə ki, Cavabdeh Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə JN 211A KOD 80200038 №-li olan dövlət aktına uyğun 0.18 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsindən istifadə edir. Bununla belə cavabdeh Bələdiyyə mülkiyyətində olan 0.20 ha torpaq sahəsini də qanunsuz zəbt etmiş və həmin torpaqdan istifadə edir. Həmin torpaq sahəsinin zəbtdən azad edilməsi ilə əlaqədar dəfələrlə ona xəbərdar edilsədə o, həmin zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etmir. Məhkəmə iclasında iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin sədri Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: «Torpağın mülkiyyətə verilməsinə dair» JN 211A KOD 80200038 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarına əsasən Lənkəran rayonu Vilvan kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,18 ha torpaq sahəsi X6, X7, X9, X4, X2, X3, X5 və X1 ümumi birgə mülkiyyətindədir. Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Quliyeva X10 rayonun, Vilvan kənində yaşayır. Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Lənkəran rayonun, Vilvan kənində yaşayır. Lənkəran ŞİHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən Vilvan kəndində Cavabdeh zəbtində 0.20 ha bələdiyyəyə məxsus torpaq sahəsi vardır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli müstəxəssis rəyindən görünür ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Lənkəran rayonu Vilvan kəndində yerləşən Vilvan bələdiyyəsinin mülkiyyətinə aid mübahisə predmeti olan 0.20 ha torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Ödəniş tapşırığından görünür ki, iddiaçı torpaq sahəsinin inventarlaşına dair 282 manat ekspertiza xərci ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/2847 №-li, 08 may 2024-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 43/2-380/24 saylı mütəxəssis rəyinə əsasən, Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Lənkəran rayonu, Vilvan kəndində yerləşən Vilvan bələdiyyəsinin mülkiyyətinə aid mübahisə predmeti olan 0.20 ha torpaq sahəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, qanunla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin cavabdehin qanunsuz istifadəsindən azad edilməsi və həmin torpaq sahəsinin Vilvan bələdiyyəsinə təhvil verilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur: 1.Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – bələdiyyənin ümumi istifadədə yolların üzərinə mülkiyyət hüququnun olması qanunla müəyyən olunur (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 5-ci bəndləri). 2.Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2847 №-li, 08 may 2024cü il tarixli rəyi ilə müəyyən olunur ki, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin mülkiyyətinə aid olan 0.20 ha torpaq sahəsinin faktiki olaraq Cavabdehnun istifadəsində olan sözügedən 0,18 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. 3.Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3- 16-16/2-10/2847 №-li, 08 may 2024-cü il tarixli rəyi ilə iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin 0.20 ha torpaq sahəsi kimi iddia etdiyi torpaq sahəsi Cavabdeh sahibliyindədir. 4.Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – cavabdehin mübahisəli torpaq sahəsini istifadə etməsi qanunla müəyyən edilmiş əsaslarla istifadə etməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə cavabdehin əvvəlki iclaslarda mübahisələndirilən 0.20 ha torpaq sahəsinin ona dədə-babalarından qalmasına dair göstərdiyinə qiymət verərək, hesab edir ki, həmin hal qeyd olunan torpaq sahəsinin cavabdehin qanuni sahibiliyində olmasını təsdiq edən sübut kimi qəbul etmək olmaz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsində sahibliyi və istifadəsi qanunsuzdur. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir. 5.Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur. 6.Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, qanunla iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindən alınmalı və həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, torpaq sahəsinin inventarlaşmasına görə iddiaçı tərəfindən ödənilmiş 282 manat ekspertiza xərci cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəsinin hesabına ödənilməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Lənkəran rayonu, Vilvan Bələdiyyəsinin iddia etdiyi 0,20 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən azad edilməli və həmin torpaq sahəsi bələdiyyəyə təhvil verilməli, torpaq sahəsinin inventarlaşına dair iddiaçı tərəfindən ödənilmiş 282 manat ekspertiza xərci cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran rayonu, Vilvan Bələdiyyəsinin mülkiyyətində və Cavabdeh qanunsuz sahibliyində olan 0,20 ha torpaq sahəsi boşaldılaraq Vilvan Bələdiyyəsinə təhvil verilsin. Torpaq sahəsinin inventarlaşmasına görə iddiaçı tərəfindən ödənilmiş 282 manat ekspertiza xərci cavabeh Cavabdeh aid edilsin və sonuncudan tutularaq iddiaçı Vilvan Bələdiyyəsinə verilsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat Cavabdeh aid edilməklə ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar