Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4055/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnoloji Kollecinə qarşı xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ərizələr əsasında verilmiş xx.xx.2023-cü il tarixli 01/158 № li əmrin ləğv edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Dövlət Universitetin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən onunla qarşılıqlı şəkildə saxta ərizə əsasında, onun imzası olmadığı halda 19 sentyabr 2022-ci il və 20 fevral 2023-cü il tarixlərdə bağlanmış müqavilə əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli 01/158 №-li əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh tərəfindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 20 sentyabr 2007-ci il tarixdə onunla X4 Kolleci arasında əmək müqaviləsi bağlanaraq o, hərbi rəhbər ixtisası üzrə müəllim təyin edilmişdir. Bununla bağlı X4 Kollecinin direktoru C.İbrahimov xx.xx.2007-ci il tarixli. 198 nömrəli əmr imzalamışdır. Həmin vaxtdan xx.xx.2011-ci il tarixə kimi həmin işdə fasiləsiz işləmişəm, həmin tarixdə onunla X4 Kolleci arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə kollecin direktoru C.İbrahimovun əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Kollecin direktoru C.İbrahimovun xx.xx.2011-ci il tarixli, 72 nömrəli əmri ilə onunla müddətsiz əmək müqaviləsi bağlanılmış və o, daimi ixtisası üzrə müəllim və hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixə kimi təyin edildiyi vəzifələrdə qüsursuz işləmişdir. Kollecin direktorunun xx.xx.2018-ci il tarixli, 01/86 nömrəli əmri ilə güya o, əmək funksiyanı düzgün yerinə yetirmədiyinə görə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02 iyul 2018-ci il tarixdə, Q/39 saylı əmrlə qanunsuz xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilərək işdən azad edildiyi üçün o, kollecə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiası tələbim təmin edilmişdir. Kollecin direktorunun 29 iyul 2019-cu il tarixli, 01/111 saylı əmri ilə məhkəmənin qətnaməsinə əsasən yenidən həmin vəzifələrdə işləməyə başlamışdır. Kollecin direktoru R.Həmidovun 10 iyun 2021-ci il tarixli 01/97 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən 14 iyun 2021-ci il tarixindən xitam verilmişdir. Səbəb kimi də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X4 X6 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar- Texnoloji Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində ''Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" və "Fiziki tərbiyə rəhbəri" ştatları ixtisar edilərək "Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri" ştatı yaradılmışdır. Bu səbəbdən "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" olan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi məsələsi yaranmışdır. Bu zaman kollec rəhbərliyi tərəfindən guya ona qanunvericiliyə uyğun olaraq əmək haqqı azalmamaqla digər vəzifəyə keçmək təklif ediləsə də, o, etiraz etmişdir. Əslində belə bir təklif almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkərlıq səviyyəsinin işəgötürən müəyyən edir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq o, 10 mart 2021-ci il tarixli M-0321/83 saylı məktubla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80ci maddəsinin tələblərinə uyğun olaraq X2 Komitəsinə bu məsələ ilə əlaqədar qərar bildirmək xahişi ilə 20 may 2021-ci il tarixli M-0521/149 saylı məktub göndərilmişdir. X5 Komitəsi Məclis heyət üzvlərinin 09 iyun 2021-ci il tarixli iclasının (protokol № 11) qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. Baxmayaraq ki, işlədiyi 14 ilə yaxın dövr ərzində o, həmişə işdə olmuş və heç vaxt xəbərdarlıq belə almamışdır. Ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt heç bir qüsur olmamışdır. Ona görə də qeyd olunan iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsində işə baxılarkən məhkəmə mənə bildirmişdir ki, o, öncə ilkin mediasiya prossesini keçməli, ondan sonra ümumi qaydada məhkəmə müraciət edə bilər. Ona görə də o, ərizə verib, işə baxılmamış saxlamaq şərti ilə razılaşıb iddia ərizəsini geri götürmüşdür. Bundan sonra o, mediasiyaya müraciət etmiş, mediasiya prossesini keçəndən sonra hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, işlədiyi dövrdə əsassız olaraq ondan hər ay 50 manat məbləğində pul tutulmaqla ümumilikdə 846 manat məbləğində pul tutulmuşdur. Bundan əlavə onunla qanunsuz əmək müqaviləsi bağlanmış, kadrlar şöbəsinin rəhbəri ali təhsilli olmadığı üçün onların onunla bağladığı əmək müqaviləsini qanunsuz sayır. Çünki, həmin əmək müqaviləsində onun adının qarşısında onun adından icra edilən imza ona məxsus deyildir. Həmçinin cavabdehin qeyd olunan hərəkətləri məndə əsəb və stres yaratmış və o, xəstəlik tapmış və buna görə də müalicə almışdır. Bununla da cavabdeh öz hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X4 X7 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində bir neçə ştat, o cümlədən "Gənclərin şağırışaqədər hazırlıq rəhbəri" ştatı ixtisar edilmişdir. Lakin qeyd olunan qərarla həmin ştat ixtisar edilməmişdir, bunu ona Universisetinin rəhbəri, rektor Natiq İbrahimov onu qəbul edərək görüş zamanı bildirmişdir. Ona görə də hesab edir ki, qeyd olunan əmr əsassızdır və ləğv edilməlidir.GÇH-nin rəhbəri vəzifəsi gizlədilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçı ilə müddətli müqavilə bağlanmış və müddət başa çatdıqdan sonra müddət uzadılmamışdır. Əlavə olaraq məhkəməyə ərizə təqdim edib, iddiaçının iddia müddətini ötürdüyünü də bildirib iddianın təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə, tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbindən belə bəlli olur ki, işəgötürən tərəfindən onun adından yazılmış və imzalanmış xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ərizələr saxtadır, oradakı imzalar onun tərəfindən icra edilməmişdir və həmin ərizələr əsasında onunla bağlanmış müqavilələrin hüquqi qüvvəsi yoxdur, buna görə də sonuncu müqaviləyə əsasən verilmiş xx.xx.2023-cü il tarixli 01/158 № li əmr ləğv edilməlidir. Məhkəmmə hesab edir ki, ilk əvvəl işəgötürənlə iddiaçı arasında hansı növ əmək münasibətlərinin olduğu müəyyən edilməlidir. Mübahisələndirlməyən hal ondan ibarətdir ki, iddiaçının da həqiqiqliyini mübahisələndirmədiyi xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 01/140 №li əmr də verilmişdir. Mübahisələndirlən hallar isə ondan ibarətdir ki, iddiaçı, surətlərini iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilmədiyini, bu səbəbdən də, həmin ərizələr əsasında bağlanmış müddətli əmək müqavilələrinin hüquqi qüvvəyə malik olmadığını bildirmişdir. Həmin ərizələrdəki imzaların iddiaçı tərəfindən icra edilib-edilməsi məsələsinə qiymət verərək məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Lənkəran rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli,”Ciayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilməsi ilə bağlı şikayəti araşdırılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda qeyd olunan həmin qərar ləğv edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, surətlərini iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022 və xx.xx.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilmədiyinə dair iddiaçının tələbi əsassızdır. Belə olan halda, məhkəmə həmin ərizələrin legitim olduğunu qəbul edib onlrın hüquqi nəticələrinin araşdırılmasını vacib sayır. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2022-ci il tarixdə 01/214 №li əmr də verilmişdir. Daha sonra imzalanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə 01/47 №li əmr də verilmişdir. Bundan sonra işəgötürənlə onun arasında hər hansı bir əmək müqaviləsi bağlanmamış, işəgötürən özünün xx.xx.2023-cü il tarixli 01/158 №li əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Yəni, qeyd olunan normanın tələbinə əsasən iddiaçının müddətli əmək müqaviləsinin müddəti bitmiş və buna görə də işə götürən həmin müqaviləyə xitam verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçıla bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin norması düzgün tətbiq olunmuş, İddiaçı ilə Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollec arasında müddətli əmək müqaviləsinin bağlanılması tam qanuna uyğun formada aparılmış, həmçinin iddiaçının işdən azad olunması prosesində Əmək Məcəlləsinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, hətta müddətsiz olsaydı belə, əmək müqaviləsinə xitam verildiyi zaman işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərini pozulmuş olsaydı belə, iddia müddətinin ötürülməsi ilə bağlı iddia təmin olunmayacaqdı. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3688/2024 saylı mülki işindən görünür ki, iddiaçı qeyd olunan əmrin ləğvi ilə əlaqədar Lənkəran Dövlət Unı̇ versı̇ tetı̇ nə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etməmiş, Şirvan Apellyasiya Məhkəməsi, iddia əsl olmayan cavabdehə qarşı verildiyindən qətnaməni ləğv etmiş və yeni qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələblə bağlı məhkəməyə əmr çıxarıldığı gündən 03 aya yaxın müddət ötdükdən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı işdən çıxarıldığı gündən başlayaraq 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməli olduğu halda, müraciət etməmiş, ondan 03 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Lakin məhkəmə iddia tələbini bu əsasl deyil, işəgötürən tərəfindən düzgün olaraq əmək müqaviləısinə xitam verdiyi əsası ilə iddianı təmin etməməyi əsaslı sayır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı müddəti əmək müqavilə ilə işləmiş, müqavilə müddəti bitdikdən sonra onunla yeni müqavilə bağlanmamış və əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «X8» Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşdə olan qəbzdən görünür ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat dövlət rüsumu cavabdehə aid edilməli, onun tərəfindən 60 manat mediasiya xərci olaraq ödənildiyindən, qalan 40 manat məbləğində dövlət rüsumu iddiaçıdan alınaraq dövlət dövlət büdcəsinə köçürülçəlidr. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə və məhkəmə iclasında təqdim etdiyi digər sübutların işin düzgün həlli üşün əhəmiyyət kəsb etmədiyindən, məhkəmə onların tədqiqini zəruri hesab etməmişidr. NƏTİCƏ HİSSƏ : Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. 100 manat dövlət rüsumu cavabdehə aid edilsin və 60 manat mediasiya xərci olaraq ödənildiyindən, 40 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-4055/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4055/2025
22.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver