Məhkəmə qərarları › İş №2(049)-4131/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4131/2025

04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4131/2025 04.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış və Masallı rayonu Dəmirçi kəndində yerləşən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli **********85 reyestr nömrəli Çıxarışla ümumi birgə mülkiyyətdə olan 0,5776 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçinin ərizəsində qeyd etmişdir ki, mərhum anasının ondan başqa birinci növbəli vərəsəsi yoxdur. O, anasının ölümündən sonra miras əmlakın qəbulu barədə Notariat Ofisinə vaxtında müraciət etməmişdir. Anasının ölümündən sonra ondan qalan təsərrüfatı idarə edərək, paylı torpaqdan istifadə edərək mirası faktiki qəbul etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Mirası sənədləşdirmək istəyərkən notariat kontorunda mümkün olmamış, bu səbəbdən də anasına aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Notariusun imtinasında qohumçuluq əlaqəsini təsdiq edən sənədlərdə uyğunsuzluq olsa da, həmin qüsur hazırda aradan qaldırılmışdır. Yəni, ərizəçinin ərizəsindən bəlli olur ki, o cümlədən də, qohumçuluq əlaqəsini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğu üçün notarius ona vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Əslində həmin uyğunsuzluq olduğu halda notarius haqlı olaraq vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Lakin həmin qüsur aradan qaldırıldıqdan sonra mirasın faktiki qəbul etməsini təsdiqləyən sənədi notariusa təqdim etdikdə və mübahisə olmadığı halda notarius vərəsəlik haqqında şəhadətnamə verməyə borcludur. O, şəhadətnaməni verməkdən imtina etdikdə, mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə ümumi məhkəmələrə deyil, məcburetmə haqqında iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). Ərizəyə əlavə edilmiş arayışlardan görünür ki, mərhumənin ərizəçidən başqa vərəsəsi yoxdur və mərhumənin vəfatından sonra sonuncunun pay torpaq sahəsindən ərizəçi istifadə edir. Yəni həmin arayışdan məlum olur ki, ərizəçi mirasın qəbulu üçün nəzərdə tutlmuş müddəti ötürmədən faktiki olaraq miras əmlaka yiyələnib onu qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, onun notariusun imtinasından iddia ərizəsi ilə (məcbur etmə haqqında iddia ərizəsi ilə) Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268-269-cu maddələrini və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını rəhbər tutaraq, qərara aldım: Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, onun notariusun imtinasından iddia ərizəsi ilə (məcbur etmə haqqında iddia ərizəsi ilə) Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi anadan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar