Məhkəmə qərarları › İş №2(049)-419/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-419/2024

18.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-419/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətyanı sahədə yerləşən sanitar qovşağa aid quyunun istismarının dayandırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sanitar qovşağa (tualet) aid anbarın istifadəsinin dayandırılması və yeni tikiləcək anbarın mülkiyyətində olan su quyusundan uzaq məsafədə (ən az 5 metr) tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sanitar qovşağa (tualet) aid anbarın istifadəsinin dayandırılması və yeni tikiləcək anbarın mülkiyyətində olan su quyusundan uzaq məsafədə (ən az 5 metr) tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, onun işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən o, hazırki mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ƏMDX DƏDKR PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********92- 10301) əsasən tam payla xüsusi mülkiyyətindədir və o, öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh1 da onunla həmin ünvanda qonşuluqda yaşayır. Həyətində 100 illik su quyusu var və bu quyudan bütün məhəllə sakinləri istifadə edir. Hətta bunun üçün qonşulara 3 ədəd qapı da qoyulmuşdur. 2022-ci ildə Bakı şəhərindən gələn nəvəsi öz evlərinə qayıtdıqdan (ayrı-ayrı vaxtlarda 2 dəfə) sonra kəskin qastroenterit (ishal) diaqnozu ilə Funda Klinikasına yerləşdirilmiş və orada müalicə almışdır. Quyularının suyunun dadı və rəngi dəyişdiyindən həyətdəki su çəni və borular dəyişdirilmiş, su quyusu isə təmizlənmişdir. Lakin buna baxmayaraq 2022-ci ilin mayın 25-də adi uroloji əməliyyatdan bir gün sonra vəfat edən və qanında patogen mikrob- stafilokokkus epidermais tapılan qardaşından sonra sudan daha çox şübhələnmişlər. Həmin vaxt məlum olmuşdur ki, qonşusunun, yəni cavabdehin həyətində onların su quyusuna çox yaxın məsafədə, təxminən 2 metr kənarda sanitar qovşağın (tualet) anbarı yerləşir. Bundan sonra quyunun suyunu mikrobioloji və fizikokimyəvi analizə vermişlər. Nəticədə məlum olmuşdur ki, quyunun suyu zəhərlidir və içməyə yararlı deyildir. Hal-hazırda cavabdehlə dəfələrlə bu məsələ barədə söhbətlər aparılmasına baxmayaraq sanitar qovşağın anbarından istifadəni davam etdirir. Bu isə onların konstitusiya və qanunlarla qorunan hüquqlarının pozulması, həmçinin sağlamlığıqlarının təhlükə altına düşməsi deməkdir. Bununla bağlı həyat yoldaşı X1 və o, ayrı-ayrılıqda polis orqanına və ekologiya və təbii sərvətlər idarəsinə müraciət etmişlər. Lakin, heç bir müsbət nəticə əldə olunmadığından məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qonşuluğunda cavabdehlərə məxsus evin həyətyanı sahəsində sanitar qovşağa aid quyu inşa edilərkən tikinti və sanitar qaydalara riayət edilməmiş və aidiyyəti dövlət orqanlarından həmin quyunun tikintisi ilə əlaqədar müvafiq icazə alınmamışdır. Həmçinin onun həyətində olan su quyusu 80 ildir ki, inşa edilmişdir, mübahisələndirdiyi çirkab quyusu isə 2015-ci ildə tikilmişdir. Cavabdehin həyətyanı sahəsində başqa kanalizasiya quyusu mövcuddur və o, mübahisələndirdiyi kanalizasiya quyusunun istismarını dayandıraraq, həmin quyudan istifadə edə bilər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Lənkəran şəhəri, X4 küçəsi ev 101 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi onun xüsusi mülkiyətindədir. İş üzrə digər Cavabdeh1 onun anasıdır. İddia tələbində mübahisələndirilən kanalizasiya anbarı onun həyətyanı sahəsində 2015-ci ildə inşa edilmişdir. Anbar inşa edilərkən bütün texniki şərtlərə riayət edilmişdir. Anbarın üstü və yan divarları betonlanmışdır, aşağı hissəsi isə betonlanmamış və qum təbəqədən ibarət qalmışdır. İddiaçının onun həyətində yerləşdiyini bildirdiyi kanalizasiya anbarı onun həyətində deyil, əmisinə məxsus digər həyətyanı sahədə yerləşir və onun həmin anbardan istifadəsi mümkün deyildir. Həmçinin onun həyətyanı sahəsi çox kiçik ölçülü olduğuna görə orada digər kanalizasiya anbarı inşa edə bilmir. İddiaçının isə həyətyanı sahəsi genişdir və orada yeni su quyusu qazdırmaq imkanı var. Hətta o, iddiaçıya təklif etmişdir ki, öz hesabına ona həyətində yeni su quyusu inşa etdirsin, iddiaçı buna razı olmamışdır. Eyni zamanda iddiaçının həyətində Xanbulan su anbarından çəkilmiş içməli su xətti vardır ki, o, həmin su xəttindən də istifadə edə bilər. Həmçinin ona məxsus olan evin üvnanı əvvəllər M.M.Axund küçəsi 81 olmuş, hazırda isə ünvan nömrəsi 101-dir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşin məhkəmə baxışına mütəxəssis qismində dəvət edilmiş “Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”nin direktoru İlqar Axundov izahatında bildirdi ki, mübahisəli ünvanda, yəni ünvan 5 edilmiş sanitar qovşağa aid kanalizasiya anbarına və Nəzirə Kələntirlinin mülkiyyətində olan torpaq sahəsində yerləşən su quyusuna baxış keçirilərək, sakinlərə bununla əlaqadar müəyyən tövsiyələr verilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, su quyusu daha əvvəllər, kanalizasiya anbarı isə sonradan inşa edilmişdir. Su quyusu ilə kanalizasiya anbarının arasındakı məsafə 2 metrdən də az olmasına görə anbardan su quyusuna tullantı sularının axması ehtimalı var. Lakin anbarın üstü beton qatı ilə örtüldüyündən bunu dəqiq olaraq müəyyən etmək mümkün olmamışdır. Nəzərli Kələntərlinin həyətyanı sahəsində “Xanbulançay” su anbarından çəkilmiş içməli su xətti mövcuddur. Bu səbəbdən ona sağlamlıq üçün təhlükə ehtimalı olduğu üçün içmək üçün suyu su quyusundan deyil, qeyd edilən içməli su xəttindən istifadə etməsi tövsiyə edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin və mütəxəssisin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, X4 küçəsi ev 101 ünvanında yerləşən torpaq sahəsin və onun üzərində inşa edilmiş yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsin və onun üzərində inşa edilmiş yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”ndən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 19 saylı məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yaşayan Cavabdeh1 və şikayət edən ünvan 8 ünvanında yaşayan İddiaçı qızma məxsus həyətyanı sahəsinə baxış keçirilmişdir. Kələntərlilər küçəsi 19 ünvanında su quyusu mövcuddur. Su quyusu uzun illər qabaq inşa edilmişdir və həyətyanı sahədə əhatə olunmuş hasarın 0,5 metrliyində yerləşir. Həyətdə eyni zamanda mərkəzləşdirilmiş Xanbulan dəryaçaya məxsus su xətti istifadə olunur. M.M.Axund küçəsi ev 81 ünvanına baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Cavabdeh1 məxsus həyətyanı sahədə çirkab sularının axıdılması üçün şambo tikilmişdir. Şambo şikayətçi İddiaçı məxsus su quyusu arasındakı məsafə 1 m məsafədə yerləşir. Beton örtüklə üstü bağlanmışdır. Həyətyanı sahədə çirkab sularının axıdılması üçün evin arxa tərəfində alternativ şambo vardır. Verilən məlumata görə şambo ildə 1 dəfə təmizlənərək daşınır. Tərəfimizdən Cavabdeh1 tövsiyə olundu ki, şambo ilə su quyusu arasındakı məsafə az olduğundan su quyusunun çirklənmə ehtimalı vardır. Ona görə də şambonun istifadəsi dayandırılsın. Həyətdə evin arxasında yerləşən çirkab sularının axıdılması üçün alternativ şambodan isrifadə edilsin. Həyət ayaq yolları yaşayış binalarından, uşaq bağçalarından, məktəblərdən, əhalinin istirahət yerlərindən mümkün qədər 20-100 metr məsafədə olmalıdır. (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 İyul 1735 nömrəli fərmanı). Qeyd: Payız-qış mövsümündə yeraltı qurunt sularının səviyyəsinin qalxması ilə əlaqədar quyu sularında çirklənmə ehtimalı yüksəkdir. Ona görə də Kələntərlilər küçəsi ev 19 ünvanında yaşayan İddiaçı qızma tövsiyə olundu ki, quyu suyu texniki su olduğundan içməyə yararlı deyil. Buna görə də istifadələrində olan Dövlət tərəfindən verilən “Xanbulan” mərkəzi su xəttindən istifadə etsinlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzlarıntikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları”nın 3.3 maddəsinə əsasən şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. Həmin qaydaların 5-ci maddəsinə əsasən: 5.1 Kanalizasiya sisteminə birləşdirilməmiş evlərdə və digər ev təsərrüfatlarında əmələ gələn maye məişət tullantılarının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla (bərk fraksiyaların ayrılması üçün) təmin olunmuş, divarları və dibi sukeçirməz olan çirkab quyusu hazırlanır. Həyətdə bir neçə ayaqyolu olduqda çirkab quyusu ümumi olmalıdır. 5.2 Həyət ayaqyoluları yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20- 100 metr məsafədə olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 101 ünvanında inşa edilmiş çirkab quyusu müvafiq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olmadan inşa edilmişdir. Həmin çirkab quyusundan iddiaçının ünvanında yerləşən su quyusuna zərərli həyat üçün təhlükəli maddələrin sızması ehtimalı vardır. Həmçinin su quyusu çirkab quyusundan daha əvvəl inşa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən çirkab quyusunun istifadəsi dayandırılmalıdır. Məhkəmə iddia tələbinin yeni tikiləcək anbarla əlaqadar cavabdehin üzərinə öhdəlik qoyulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən tikilinin aparılmasına nəzarət aidiyyəti dövlət orqanların səlahiyyətinə aid olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Lənkəran şəhəri, X4 küçəsi ev 101 ünvanında yerləşən çirkab quyusunun istifadəsi dayandırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar