Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4442/2023 05.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi “Təqdim etdiyi sənədlərə əsasən Tahirov soyadının təsdiqlənməsinə tələbinə dair” iddia ərizəsini 05 dekabr 2023-cü il tarixində nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə iddia ərizə ilə müraciət edərək “Təqdim etdiyi sənədlərə əsasən Tahirov soyadının təsdiqlənməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İlk növbədə qeyd edirəm ki, qeyd olunan ərizə MPM-nin bir çox normalarının tələbləri pozulmaqla verilmişdir. Bunlar aşağıdakılardır:
1. Ərizəçi ərizəsinin məzmunundan müəyyən olunur ki, əslində o, tələbində adlarını ərizəsinin “xahiş edirəm” hissəsində dəqiq göstərmədiyi sənədlərin özünə məxsus olması faktının müəyyən olunmasını istəyir. Məhz bu formada ərizə yazaraq o, Lənkəran Rayon Məhkəməsinə müraciət etməli idi ;
2. O, məhkəməyə iddia ərizəsi ilə deyil, “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair” ərizə ilə müraciət etməli idi (yəni sadə ərizə formasında);
3. Ərizədə onun tələbi qeyri dəqiqdir. Belə ki, o, ərizəsinin tələb hissəsini belə göstərmişdir: “Təqdim etdiyim sənədlərə əsasən Tahirov soyadının təsdiqlənməsinə dair qətnamə qəbul edəsiniz.” Əslində isə o, hər bir sənədin tarixini, adını dəqiq göstərməklə həmin sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etməli idi;
4. ƏƏSMN-nin DSMF X4 Lənkəran şəhər filialını cavabdeh kimi deyil, maraqlı şəxs kimi göstərməli idi. Cavabdeh qismində ƏƏSMN-nin DSMF X4 Lənkəran şəhər filialını göstərirsə, onda o, ümumi məhkəmə olan Lənkəran Rayon Məhkəməsinə deyil, xüsusi məhkəmə olan Şirvan İnzibati Məhkəməsinə müraciət etməli idi. Qeyd edirəm ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; Həmin Qərarın 6.1-ci maddəsinə əsasən isə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər; Qeyd olunan Qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur; Həmin Qərarın 6.3-cü maddəsinə əsasən isə hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Hesab edirəm ki, Ərizəçi kifayət qədər çatışmamazlıqları olan iddia ərizəsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM :
Ərizəçi “Təqdim etdiyi sənədlərə əsasən Tahirov soyadının təsdiqlənməsinə tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.
X3