Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-460/2024 15.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştiraki ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2014-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Konturunda onunla Cavabdeh arasında bağlanılan müqaviləyə əsasən 2023-cü ilin dekabr ayı da daxil olmaqla Cavabdeh 52.300 (əlli iki min üç yüz) manat pulun və ödənilmiş 246.9 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 30 sentyabr 2014-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Konturunda onunla Cavabdeh arasında bağlanılan müqaviləyə əsasən 2024-cü ilin fevral ayı da daxil olmaqla Cavabdeh 53.300 (əlli üç min üç yüz) manat pulun və ödənilmiş 246.9 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1949-cu ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. Hazırda da yuxarıda qeyd etdiyi ünvanda yaşayır. İş üzrə Cavabdeh onun oğludur. Onun Lənkəran rayonu Şilavar kəndində 0.01288 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115.9 kv/m olan qeyri yaşayış binası var idi. 2014-cü ildə oğlu Gülağa ondan xahiş etmişdir ki, həmin qeyri yaşayış binasının bir hissəsini yəni, 70.5 kv/m, tikili altı isə 78.2 kv/m olan hissəsini ona hədiyyə etsin. O, da əvəzində ona müalicəsi, sağlamlığının qorunmasından ötrü normal yaşayış tərzinin təminatı məqsədi ilə 16 ay 300 (üç yüz) manat, həmin müddət başa çatdıqdan sonra ömrümün axırına kimi hər ay 500 (beş yüz) manat məbləğində pul ödəməyi təklif etmişdir və onunla razılaşmışlar. Onlar ilkin olaraq 14 sentyabr 2014-cü il tarixdə Notariat Konturunda Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsini bağlayıb, oğlu Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Şilavar kəndində 0.01288 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115.9 kv/m olan qeyri yaşayış binasının 70.5 kv/m, tikili altı isə 78.2 kv/m olan hissəsini hədiyyə edib. Bundan sonra 30 sentyabr 2014-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Konturunda oğlu Cavabdehla ona pul ödənilməsi barədə müqavilə bağlayıblar. Müqavilə şərtlərinə əsasən Cavabdeh ona müalicə, sağlamlığının qorunmasından ötrü normal yaşayış tərzinin təminatı məqsədi ilə 16 ay 300 (üç yüz) manat, həmin müddət başa çatdıqdan sonra ömrünün axırına kimi hər ay 500 (beş yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh dəfələrlə müraciət etməyinə baxmayaraq o, bu günə kimi müqavilə şərtlərini icra etmir. O, özü qocalmış, xəstədir və ciddi müalicəyə ehtiyacı vardır. Müqavilə şərtlərinə görə borcu 16 ay 300 (üç yüz) manatdan cəmi 4.800 (dörd min səkkiz yüz) manat edir. Sözügedən müqavilə 30 sentyabr 2014-cü il tarixdə bağlanıb, 16 ay başlanğıcıda 01 oktyabr 2014-cü ildən hesablanır. 16 ay bitməyi isə 2016-cı ilin yanvar ayında bitir. 2016-cı ilin fevral ayından 2023-cü ilin dekabr ayına kimi isə 95 ay edir. Müqavilə şərtlərinə görə 95 ay 500 (beş yüz) manatdan hesablananda 47.500 (qırx yeddi min beş yüz) manat təşkil edir. 4.800 manatın üstünə 47.500 manat gələndə cəmi 52.300 (əlli iki min üç yüz) manat edir. 30 sentyabr 2014-cü il tarixdə Lənkəran rayon 1 saylı Notariat Konturunda mənimlə Cavabdeh arasında bağlanılan müqaviləyə əsasən Cavabdeh ona 2023-cü ilin dekabr ayıda daxil olmaqla 52.300 (əlli iki min üç yüz) manat borcu var. Cavabdeh müqavilə şərtlərini icra etmədyindən o, mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddianın hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə istinad edir. Müqaviləyə görə o, atasının müalicəsi, normal yaşayışı üçün müqavilə bağlandığı tarixdən etibarən 16 ay olmaqla hər ay 300 manat, həmin tarixdən sonrakı müddət üzrə ömrünün axırına kimi isə hər ay 500 manat pul verməlidir. Beləliklə, iddianın hüquqi əsasını təşkil edən müqavilə 2014-cü ildə bağlanmış və həmin müqavilə iki hissədən ibarətdir. Birincisi müqavilə bağlandığı tarixdən 16 ay ərzində 300 manat verilməsi nəzərdə tutulur. Müqavilənin həmin hissəsinin icra müddəti 2016-cı ilin yanvar ayında bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, müqavilənin birinci hissəsi ilə bağlı üç illik iddia müddəti ötürülmüşdür. Bundan başqa müqavilənin ikinci hissəsi üzrə də iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin məzmunundan görünür ki, ikinci tərəfin öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir. Yəni hər ay üzrə birinci tərəfə pul ödəməlidir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Dolayısı ilə iddiaçı həmin hissə üzrə də iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başaqa, iddia mahiyyəti üzrə də əsassızdır. İddiaçının istinad etdiyi müqavilə qondarmadır. Müqavilənin hər iki tərəfin imzası ilə notairat kontorunda təsdiq edilməsi onun hüquqi təbiətini dəyişdirmir, yəni müqaviləyə qanunilik əlaməti gətirmir. Belə ki, müqavilənin məzmunundan görünür ki, müqavilə tərəfləri ata və onun övladıdır. Müqavilə üzrə təsbit edilmiş öhdəlik isə övladın ataya baxmasında ifadə olunur. Qeyd edilməlidir ki, övladın valideyn qarşısında vəzifələri və öhdəlikləri qanunlarda, xüsusilə də Ailə Məcəlləsində təsbit edilmişdir. Valideynə baxmaq övladın vəzifəsi kimi qanunla təsbit edildiyi halda bunun müqavilələşdirilməsi məntinqsiz olmaqla mənasızdır, çünki qanunla təsbit edilən vəzifənin təkrarən müqavilə ilə təsbit edilməsinə ehtiyac yoxdur. Cavabdeh müqavilənin mövcud olmadığı istilən vəziyyət üçün öz valideyni qarşısında vəzifələrini icra etməlidir. Beləliklə, hesab edir ki, iddianın mahiyyətcə əsassız olması ilə yanaşı yuxarıda göstərilən səbəblərdən dolayı qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verilməsi onun rədd edilməsini zəruri edir. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən irəli sürülmüş iddia tələbinə hazırki ərizə nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı iddiasının iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddi ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2014-cü il tarixli 1S-8444 reyestr nömrəli Hüseynbala Əlibarat oğlu ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, müqavilə şərtlərinə əsasən, Cavabdeh atasının müalicəsi, normal yaşayışı üçün müqavilə bağlandığı tarixdən etibarən 16 (on altı) ay müddətində hər ay 300 (üç yüz) manat, həmin müddət bitdikdən sonra ömrünün axırına kimi hər ay 500 (beş yüz) manat məbləöində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “xəbərdarlıq məktubu”ndan görünür ki, İddiaçı tərəfindən 04 noyabr 2023-cü il tarixdə xx.xx.2014-cü il tarixli sözügedən müqaviləyə əsasən borcunun ödənilməsi ilə əlaqadar Cavabdeh bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş teleqramdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli göndəriş xx.xx.2023-cü il tarixdə alıcıya çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təqdiqlənmiş 4Ə-1365 reyestr nömrəli xx.xx.2014-cü il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şilavar kəndində 0.01288 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115.9 kv/m olan qeyri yaşayış binasının 70.5 kv/m, tikili altı isə 78.2 kv/m olan hissəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə Cavabdeh 29 yanvar 2024-cü il tarixli “iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi” barədə məhkəməyə ünvanlamış ərizəsinə münasibət bildirərək belə nəticəyə gəlir ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir və aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Hüseynbala Əlibarat oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1S-8444 reyestr nömrəli müqavilə iki hissədən ibarətdir. Birinci hissədə müqavilə bağlandığı tarixdən Cavabdeh 16 ay ərzində 300 manat məbləğində pul vəsaitini Hüseynbala Əlibarat oğluna verməsini öhdəsinə götürmüşdür. Müqavilənin həmin hissəsində öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Müqavilənin ikinci hissəsində müqavilənin ilkin şərtinin icrası müddəti başa çatdıqdan sonra həmin müddət bitdikdən sonra ömrünün axırına kimi hər ay 500 (beş yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ikinci şərtinin icrası müddəti xx.xx.2016-cı il tarixdən başlanır. Hazırki iddia tələbi ilə İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Müqavilə öhdəliklərinin icrası ilə əlaqadar Cavabdeh bildirişi xx.xx.2023-cü il tarixdə göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ilkin şərtinin (16 ay müddətində hər ay 300 manat ödəniş barədə) icrası müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman həmin tələbə dair iddia müddəti ötürülmüşdür. Eyni zamanda müqavilənin ikinci şərtinin (ömrünün axırına kimi hər ay 500 manat pul ödənilməsi) icrası müddəti xx.xx.2016-cı il tarixdən başlandığından və vaxtaşırı icra edilməli öhdəlik olduğunundan həmin öhdəliyə dair xx.xx.2019-cu il tarixədək iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.2 maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 82.3 maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunvericilikdə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan alimentin tutulmasının hüquqi mexanizmi müəyyən edilmişdir. Lakin iddia tələbinin əsasını təşkil edən xx.xx.2014-cü il tarixli müqavilənin mahiyyəti aliment öhdəliyi ilə əlaqədar deyil, bağışlanmış daşınmaz əmlakının əvəzinin ödənilməsi ilə əlaqadar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2 maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3 maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4 maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 340.1 maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin məcəllənin 340.2 maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 246.90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-460/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-460/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver