Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4613/2024 20.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Maraqlı şəxs qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Maraqlı şəxs qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14-10301 nömrəli Çıxarışa əsasən Lənkəran rayonu İstisu qəsəbəsində yerləşən ümumi əmlakın onun payına münasibətdə naturada bölünərək ona verilməsi və cavabdehlərin ona düşən hissədən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələbin adını “əmlakın naturada bölgüsü” olaraq adlandırsa da, iddia ərizəsinin sonunda - tələbin mahiyyətinə aid hissədə öz tələbini “...ümumi əmlakın onun payına münasibətdə naturada bölünərək ona verilməsi və cavabdehlərin ona düşən hissədən çıxarılması...” kimi ifadə etmiş, lakin ərizəyə əlavə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən daşınmaz əmlaklardan konkret olaraq hansı əmlakdan bəhs etdiyini göstərməmişdir. Həmin Çıxarışdan göründüyü kimi, qeyd edilən daşınmaz əmlaklardan fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində, evə aid torpaq sahəsi isə iddiaçının, cavabdehlərin, maraqlı şəxsin və X1 adlı şəxsin paylı mülkiyyətindədir (iddiaçının payı 2/6 hissə olmaqla). İddiaçı iddia ərizəsinin məzmununda cavabdehlərdən Cavabdeh1, həmçinin, arvadının ona məxsus evin otaqlarını bağladıqlarını və evdən istifadəyə maneələr yaratdıqlarını göstərmiş, paylı mülkiyyətdə olan torpaq sahəsindən istifadə ilə bağlı hər hansı maneə olduğunu qeyd etməmişdir. Lakin iddiaçı öz mülkiyyətindən istifadəyə maneələrin aradan qaldırılması tələbi ilə deyil, ümumi əmlakdan payının naturada bölünərək ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, mübahisə predmetinə aid olan əmlak paylı mülkiyyətdə olan torpaq sahəsi olduğu təqdirdə, həmin əmlak iddiaçı ilə yanaşı digər 4 nəfərin (o cümlədən, cavabdehlərin və maraqlı şəxsin) paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçı hazırki tələbində həmin şəxslərdən 2 nəfəri cavabdeh, 1 nəfəri isə maraqlı şəxs kimi qeyd etməsinin səbəbini izah etməmişdir. Ümumiyyətlə, iddia icraatında maraqlı şəxs statusunda olan proses iştirakçısı məfhumu qanunvericilikdə nəzərdə tutulmadığı kimi, Maraqlı şəxs nə üçün maraqlı şəxs qismində işə cəlb edildiyi də bəlli deyildir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan iddiaçıya öz mülkiyyətindən istifadəyə maneələrin cavabdehlərdən yalnız biri Cavabdeh1, həmçinin, onun arvadı tərəfindən törədildiyi görünsə də, sonuncu şəxs işə cəlb edilməmiş, Cavabdeh2 adlı şəxsin isə hazırki iş üzrə nəyə cavabdeh olduğu, yəni iddiaçının hər bir cavabdehə qarşı yönələn tələbi iddia ərizəsindən müəyyən edilmir. Qanunvericliyin tələbinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh iddiaçının hüquqlarını pozan və ya onun hüquqlarının həyata keçirilməsinə maneə törədən şəxs hesab edilir. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə isə Cavabdeh2 qarşı yönələn tələbin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin hər birinə qarşı yönələn tələb dəqiq göstərilməmişdir. Eyni zamanda, Maraqlı şəxs hazırki işdə hüquqi statusu müəyyən edilməmişdir. Belə ki, “maraqlı şəxs” prosessual status olaraq xüsusi icraat qaydasında baxılan işlər üzrə müəyyən edilmişdir. Bu baxımdan əgər iddiaçının tələbi Maraqlı şəxs yönəlməmişsə, iddia icraatı qaydasında həmin şəxs maraqlı şəxs kimi deyil, üçüncü şəxs kimi qeydə edilə bilər. Bununla da iddiaçı iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət etməmiş, həmçinin, qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Maraqlı şəxs qarşı əmlakın naturada bölgüsü tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-4613/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4613/2024
20.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver