Məhkəmə qərarları › İş №2(049)-518/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-518/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-518/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı X2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə, Cavabdeh qarşı qeyri-yaşayış binasının ½-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı X2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyriyaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın məhkəmə tərəfindən təmin edilməsi, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********43-06301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixli **********43-06301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş, həmin "Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və onun öz adına yeni Çıxarış və Texniki pasport verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə icraatı dövründə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizələr təqdim edib iddia tələbində dəqiqləşmə aparmaqla qəti tələb olaraq İddiaçı adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın (müqavilənin ləğvi) məhkəmə tərəfindən təmin edilməsi, xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi” əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK tərəfindən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin ləğv edilməsi və həmin akt qeydi əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin "Dostluq” çayxanasına dair tərtib edilmiş xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və iddiaçının öz adına yeni Çıxarış və Texniki pasportun verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı xx.xx.1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqısatqı müqaviləsi” əsasında ünvan 2 ünvanında yerləşən, 87.33 kv.metr ümumi sahəsi olan “Dostluq” çayxanası onun adına özəlləşdirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən o, həmin vaxt qüvvədə olan AR CM-nin 15,95-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.1999-cu il tarixdən hesablanmışdır. Cəza müddəti bitəndən sonra, onun müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87.33 kv.metr ümumi sahəsi olan “Dostluq” çayxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli 004055 nömrəli Şəhadətnamə ona verilmişdir. X8 Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə, o, AR CM-nin 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azdlıqdan məhrumetmə cazasına məhkum edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qrarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmış, lakin o, xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə onun AR CMnin ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi ehtimalını nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin, onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü şəxsi mülkü olan “Dostluq” çayxanasının tələblərə uyğun şəkildə yeni mülkiyyət sənədlərinin (Çıxarış, Texniki pasport) onun adına alınması zərurət yaranmışdır. Həmin dövrdə onun yanına təcridxanaya gəlmiş dayısı X1 onun adına yeni mülkiyyət sənədlərinin hamısını alacağına onu inandırmış, bunun üçün ona müvafiq etibarnamə verilməli olduğunu bildirmiş və onlar bu barədə razılaşmışlar. Onun oxuya və yaza bilmədiyi latın qrafikalı əlifba ilə dayısının adına xx.xx.2012-ci il tarixli 40-032 nömrəli etibarnamə tərtib edilmiş və ona imza etdirilmişdir. Həmin etibarnamə ilə dayısı X6 şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən “Dostluq” çayxanasının sənədlərini AR ƏMDX yanında DƏDRX Lənkəran Ərazi İdarəsinə təqdim etmək, Çixarış, Texniki pasport və Forma-1 arayışını almaqla yanaşı, qeyd olunan sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamaq, müqaviləni imzalamaq da ona etibar edilmişdir. Etibarnamə belə bir şərtlə verilmişdir ki, əgər o, cəzaçəkmə müəssisəsindən sağ-salamat qayıdarsa, geri qayıtdıqda həmin mülk ona qaytarılacaqdır. Həmin etibarnamə əsasında hərəkət edən X9 şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 87,9 kv.metr olan qeyri-yaşayış binasına dair AR ƏMDX yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli MA-0378462 nömrəli Çıxarışı, DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********09-06301 saylı Texniki pasportu və xx.xx.2012-ci il tarixli 22-28-863 saylı arayışı əldə etmişdir. Daha sonra Ənsar Nuriyev həmin etibarnamə əsasında hərəkət edərək xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-ni onun qardaşı Cavabdeh bağışlamışdır. Həmin müqavilə bağlanan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu təfsilatı ilə müqavilə iştirakçılarına yəni, onun adından hərəkət edən Ənsar Nuriyevə və müqavilənin ikinci tərəfi kimi Cavabdeh izah edilmişdir. O, xx.xx.2020-ci il tarixdə azadlığa çıxandan sonra ona məlum olmuşdur ki, 2012ci ildə istintaq təcridxanasında saxlanıldığı dövrdə latın qrafikalı əlifba ilə yazılmış və onun oxumadan imzaladığı, şəxsi mülkiyyətində olan “Dostluq” çayxanasının yeni mülkiyyət sənədlərini almaq üçün verdiyi etibarnamə əsasında doğma qardaşı Cavabdeh onun şəxsi mülkünün yarısına sahib olmuşdur. Sonradan o, bu barədə Cavabdeh soruşduqda, Cavabdeh bağışlama zamanı qanunda nəzərdə tutulan, paylı mülkiyyətçinin bütün öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə bir daha söz vermişdir. Ona görə də o, dayısı və qardaşının öz vədlərinə əməl edəcəklərinə inanmış, bu səbəbdən onların bu hərəkətləri ilə bağlı həmin vaxt qanuni tədbirlərə əl atmamışdır. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 167 nömrəli sərəncamı əsasında adı çəkilən orqan ilə həmin obyektinin paylı mülkiyyəçiləri kimi o özü və qardaşı arasında bağlanılmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv.metr torpaq sahəsi onlara icarəyə verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********43-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasport işlənmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəddə icarələrində olan torpaq sahəsi 3 (üç) ayrı-ayrı hissələrdə olmaqla ağ-qara zolaqla işarələnmişdir. Göstərilən torpaq sahəsi hissələrindən ən böyüyünün sahəsi, eni 4,20 metr, uzunluğu 17,10 metr olmaqla 71,82 kv.metr, orta ölçülü olanının sahəsi, eni 4,00 metr və 3,75 metr, uzunluğu isə 12,50 metr olmaqla 54,25 kv.metr təşkil edir və çayxana xidmətinin göstərilməsindən ötrü istifadə edilməkdədir. Lakin yay mövsümü bitəndən sonra həmin torpaq sahələrində yerləşdirilmiş masaların və oturacaqların yağış suları altında qalaraq sıradan çıxmaması, həmçinin, yağışlı günlərdə də vətəndaşlara çayxana xidməti göstərilməsindən ötrü həmin sahənin dəqiq sərhədləri çərçivəsində mövcud tikinti norma və qaydalarına uyğun dəmir konstruksiya tipli talvarlar quraşdırmaq qərarına gəlmişdir. Həmin məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etmişdir. Memarlıq şöbəsinə təqdim etdiyi hüquqmüəyyəedici sənədlər, həmçinin, yerində aparılmış müvafiq baxış və müayinələr əsasında onun Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən şəhərin İskəndər Səmədzadə küçəsi 59 ünvanında yenidənqurma və artırma işlərinin aparacağı qeyri-yaşayış binasının layihəsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmaqla Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin hüquqmüəyyənedici sənədlərinə, həmçinin, qüvvədə olan qanunvericiliyiin tələblərinə əsasən işlənib hazırlanmış və təsdiq edilmişdir. Göstərilən Layihənin hazırlanması ilə yanaşı, qeyd edilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqavilənin 2.2-ci və 6.1-ci bəndlərinin müddəalarını rəhbər tutaraq həmin müqaviləyə əsasən onun tərəfindən icarəyə götürülmüş ünvan 4 ünvanında qeyriyaşayış binasının yerləşdiyi 129,4 kv.metr torpaq sahəsinin hüdudlarında istehlakçılara göstərilən çayxana xidmətinin səviyyəsinin artırılması məqsədilə tikinti-quraşdırma layihəsi aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların quraşdırılması ilə bağlı o, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin rəis müavini cənab Elçin Yusubova müraciət etmişdir. Qeyd edir ki, həm istehlakçılara yüksək keyfiyyətli çayxana xidmətləri göstərilməsi, həm də onlara baha qiymətə başa gəlmiş avadanlıqların qorunması məqsədlilə o, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların tikinti-quraşdırma layihəsini aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, quraşdırılmasına yazılı razılıq almaq üçün AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə müraciət etməklə, icarəyə götürdüyü torpaq sahəsinin sərhədləri daxilində yalnız öz şəxsi vəsaiti hesabına, onunla birgə paylı mülkiyyətə sahiblənmiş cavabdeh Azər Qədirlidən heç bir məbləğ almadan keyfiyyətli və yaraşıqlı dəmir konstruksiyalı talvar quraşdırmışdır. Lakin sonradan ona bəlli olmuşdur ki, kifayət qədər böyük vəsait hesabına başa gəlmiş talvarın quraşdırılmasına xeyir-dua verməklə onu arxayın edən və xeyli pul vəsaiti xərclətdirən cavabdeh ondan gizli olaraq iddiaçı qismində AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə və ona qarşı “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tamamilə əsassız, uydurma və qanunsuz iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hazıda həmin iddia tələbi üzrə 2(011)- 8382/2023 saylı mülki iş Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) icraatındadır. Həmin iddia tələbinə görə iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilənin etibarsız sayılması və qanunsuz tikililərinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından, bağlanılan vaxt heç bir hüquq pozuntusuna yol verilmədiyindən və həmin müqavilənin tələblərinə əsasən ünvan 5 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv.metr torpaq sahəsi onlara icarəyə verildiyindən, həmçinin, həmin sahədə aparılacaq tikinti işləri də AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə razılaşdırıldığından həmin müqavilənin etibarsız sayılması və icarəyə götürülmüş sahədə tikiləcək talvarın sökülməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Göründüyü kimi, onun mülkünün yarısına sahiblənmiş Cavabdeh bilərəkdən və qərəzli olaraq özünün paylı mülkiyyətçi hüquqlarından sui-istifadə edib öz vəzifələrini vicdanla yerinə yetirməyərək onun əziyyətlə özəlləşdirdiyi, fəliyyətinin yararsız hala gəlməsinin və müflis olmasının qarşısını aldığı, fəaliyyətini davam və inkişaf etdirməklə, istifadə ərazisini böyütməklə özünün və onun ailəsinin maddi təminatını təşkil etdiyi "Dostluq” çayxanasının fəaliyyətini məqsədli şəkildə iflic vəziyyətinə gətirməklə məşğuldur. Cavabdeh “Dostluq” çayxanasının onun və ailəsinin yeganə dolanacaq mənbəyi olduğunu, qeyd edilən icarə müqaviləsinin pozulması halında həmin çayxananın rentabelliyinin (gəlirliliyi) itiriləcəyini və obyektinin müflis olacağını, bunun nəticəsində onun ailə büdcəsinə bərpaolunmaz maddi ziyan vurulacağını bilə-bilə özünün qanunazidd hərəkətlərini yenə də davam etdirir. O öz qanuni mülkünü geri almasa, cavabdehin onun işini iflic edəcəyi aydın olduğundan vəziyyətin dözülməz olduğunu başa düşərək onun adından tərtib edilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə bağlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən “Dostluq” çayxanasının ½-nin qardaşı Cavabdeh bağışlanmasından imtina etmək qərarına gəlmişdir. Bu məqsədlə məhkəməyə müraciət etməzdən əvvəl o, Cavabdeh onun adından bağışlanmış əmlakın 2 gün müddətində könüllü olaraq qaytarılması barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş, həmin bildiriş poçt xidməti vasitəsilə Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla yanaşı, həmin bildirişin surəti poçt xidməti vasitəsilə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da verilmişdir. Hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan 2012-ci ildə onun adından verilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinası məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 1998-ci ildə “Dostluq” çayxanasını öz adına özəlləşdirmişdir. Bundan sonra onunla bağlı müəyyən hadisələr baş vermiş və o həbs edilmişdir. Buna görə də o, həmin çayxanaya dair mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edə bilməmişdir. Həmin sənədi 2004-cü ildə almış, daha sonra yenidən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun uzun müddətə azadlıqdan məhrum edildiyini və gələcək həyatında onu ağır illər gözlədiyini nəzərə alıb həmin iaşə obyektinin mütəmadi olaraq işləməsinin təmin edilməsi məqsədi ilə dayısı ona digər dayısının adına etibarnamə verilməsini təklif etmişdir. Lakin etibarnamə verilən zaman o, latın qrafikalı əlifbanı bilmədiyindən etibarnaməni oxumamışdır. Həmin etibarnaməni öz xəttilə yazmamışdır. O, görüş yerində də olmamış və həbsxananın rəisinin otağında ona etibarnaməyə tez-tələsik imza etdirmişlər. Bakı İstintaq Təcridxanasında olan zaman qardaşı Cavabdeh onunla görüşə gəlmiş, onlar telefonla da danışmışlar. Cavabdeh obyektin fəaliyyəti ilə bağlı onu incitdiklərini dediyi üçün etibarnamə vermişdir ki, onun adından hərəkət edə bilsin. Şifahi olaraq bir halı bilmişdir ki, həmin çayxananın bir hissəsi anasının adına keçiriləcək və vergi işləri, gündəlik digər işləri qardaşı yerinə yetirə biləcəkdir. Nəzərdə tutmuşdur ki, nə vaxtsa həbsdən qayıdacaq və onun çayxanadakı payı tam şəkildə ona qaytarılacaqdır. Etibarnamədə də obyektin kimin adına keçiriləcəyi qeyd olunmamışdır. Sonradan dayısı məsləhət görmüşdür ki, obyekt Cavabdeh adına keçirilsin və ən azından onun ailəsinin maddi təminatı ödənilsin. O, azadlığa çıxandan sonra bu barədə bildikdə bunu mübahisələndirməyə ehtiyyac duymamışdır. Çünki, onu xoş qarşılamışlar və həm də ki, Cavabdeh həmin payın geri alınmasına dair hər hansı bir xoşagəlməz hərəkətlərə yol verməmişdir. Artıq 2020-ci ildə çayxananın altındakı torpağı özəlləşdirmişlər. Torpaq sahəsi özəlləşdirilndən sonra həmin obyektin yerləşdiyi əraziyə aid torpaq sahəsinin də özəlləşdirilməsi perspektivi yaranmışdır. Cavabdeh bağışlama zamanı nəzərdə tutulan, qanun üzrə paylı mülkiyyətçinin bütün öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə söz versə də, sonradan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən öhdəliklərini əvvəlcədən razılaşdıqları kimi yerinə yetirməmiş, ondan müxtəlif dövlət orqanlarına, həmçinin polis şöbəsinə əsassız şikayətlər etmişdir. O da məcbur olub iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən hazırki tələbinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 da hazırki iddia tələbini müdafiə etdiyini bildirdi, məhkəmə baxışı iclasında həmin tələbin və iddiaçının izahatının məzmununa uyğun izahat verməklə yanaşı, eyni zamanda, Cavabdeh iddia tələbinə etirazına münasibət bildirərək göstərdi ki, cavabdehin etirazında göstərilən hallar, həmçinin subyektiv, yanlış və qərəzli xarakterli mülahizələri hazırki məhkəmə mübahisəsinin predmetinə aid deyildir. Etiraza əlavə edilmiş dörd ədəd sənəd isə İddiaçı məhkəməyə bildirdiyi mülahizələrinin və istinad etdiyi dəlillərinin tamamilə əsaslı olduğunu bir daha təsdiq edir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2012-ci il tarixli 40-019 nömrəli etibarnamənin surətindən, qeyri-yaşayış obyektinin torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 58 nömrəli alqı-satqı müqaviləsindən bir zamanlar iddiaçının cavabdehə hansı səviyyədə etibarı olduğu görünür. Cavabdehin məhkəməyə təqdim etdiyi digər iki sənəddən - AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin rəisi Mətin Eynullayev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 235 nömrəli sərəncamından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 8382/2023 nömrəli qərardadından isə iddiaçının cavabdehi öz doğması sayaraq ona hədsiz dərəcədə etibar etdiyi açıq-aydın görünür. İddiaçının öz şəxsi əmlakına paylı mülkiyyətçi etdiyi cavabdeh isə, öz növbəsində iddiaçının bu cür etibarına və qayğısına cavab olaraq bir tərəfdən paylı mülkiyyətçilik öhdəliklərinə zidd hərəkət edərək, digər tərəfdən isə ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrini iddiaçının (hədiyyə verənin) barəsində kobudcasına pozaraq qanunazidd hərəkətlərə yol vermişdir. Əgər cavabdeh iddiaçıya və onunla paylı mülkiyyətində olan çayxananın fəaliyyətinə düşmən mövqedə olmasaydı və həmin çayxananın tamamilə müflis olmasına çalışmasaydı, həmin çayxana binasının yerləşdiyi və gözlənilən mülkiyyət hüququnun mövcud olduğu, özünün etirazında da qeyd etdiyi kimi, 19 ədəd çay masası və 74 ədəd oturacağın yerləşdirildiyi, 129,4 kv.metr dövlət torpaq sahəsinin icarəyə götürülməsi haqqında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə çalışmazdı. Cavabdehin məqsədi qanuni icarə müqaviləsi əsasında çayxananın sahibinin qanuni istifadəsində olan dövlət torpaq sahəsinin 36,5 kv.metr hissəsinin həmin çayxana ilə bir dam altında yerləşən, dayısı oğlu X3 məxsus olan yeməkxananın istifadəsinə verilməsinə nail olmaqdan ibarətdir. Göründüyü kimi, cavabdeh çayxanaya şərik olmaq səlahiyyətini əldə elməklə yanaşı, qonşu ərazidəki yeməkxananın xeyrinə işləməklə, ikinci paylı mülkiyyətçinin ziyanına hərəkətlər edib doğma qardaşına qarşı xainlik edərək nəticə etibarilə ikinci paylı mülkiyyətçisinin - doğma qardaşının çayxanasını müflis etməklə məşğuldur. Ona görə də, iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamış və həmin etirazını onunla əsaslandırmışdır ki, onun İddiaçı qarşısında hər hansı mülkiyyətçilik öhdəlikləri yoxdur. Mübahisə predmetinə aid olan bağışlama müqaviləsində də hər hansı şərt göstərilməmişdir. Hesab edir ki, iddiaçı mülki qanunvericilikdən xəbərsizdir. Onunla və iddiaçı ilə Lənkəran rayon Ərazi Əmlak Xidməti arasında bağlanmış müqavilə əsasında ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 92,9 kv.metr torpaq sahəsi onlara icarəyə verilmişdir. Torpaq sahəsi üç hissədən ibarət olmuşdur. Həmin torpaq sahəsinin bir hissəsi 35.3 kv.metr, bir hissəsi 9.5 kv.metr, bir hissəsi isə 48.1 kv.metr olmaqla, cəmi 92,9 kv.metr torpaq sahəsi icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. ünvan 4 ünvanında yerləşən, onun və iddiaçının birgə mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsindəki, dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətinə uyğun Baş Planın surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 167 nömrəli sərəncamına əsasən həmin obyektin paylı mülkiyyətçilləri kimi onunla və qardaşı ilə bağlanılmış "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 129,4 kv.metr torpaq sahəasi onlara icarəyə verilmişdir. İddiaçının dəlilləri tamamilə yanlışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə imza etməmişdir. Əslində, belə müqavilənin mövcüd olması barədə məlumatı yoxdur. Həmin müqaviləyə onun adından və onun xəbəri olmadan imza edilmiş, bir ildən sonra telefon vasitəsilə torpağa aid texniki sənədin fotoşəkli təqdim edilmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin müqavilənin ləğvi üçün o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, müqavilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən ləğv edilmişdir. Buna görə İddiaçı qərəzli şəkildə 2012-ci il tarixli bağışlama müqaviləsindən imtina edilməsinə dair məhkəməyə iddia vermişdir. Əslində iddiaçı özü dayısı oğlu Vasif Nuriyevin obyektinin (yeməkxananın) qarşısında və istifadəsində olan torpaq sahəsinə onun xəbəri olmadan göz dikmişdir. Sonradan ona məlum olmuşdur ki, onun adından saxta imza etməklə icarə müqaviləsi bağlanmışdır. Belə ki, razılaşdığı 92,9 kv.metr torpaq sahəsinin ölçüləri onun xəbəri olmadan qanunsuz şəkildə və bir qrup şəxslə əlibir olmaqla 129,4 kv.metr torpaq sahəsi ilə əvəz edilmişdir. Bunun nəticəsində iddiaçı Vasif Nuriyevin istifadəsində olan torpaq sahəsinə daxil olmuşdur. Bu da onu göstərir ki, torpaq sahəsi qohumu tərəfindən onlara uzun müddət ərzində təmənnasız verilsə də, iddiaçı onun torpağına göz dikmişdir. Ona görə də iddiaçının ona, Lənkəran rayon 1 saylı Notariat Ofisinə və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasının ½ hissəsini bağışlamaqdan imtina edilməsi tələbinə dair iddiası əsasız və qanunusuz olduğundan həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxışı iclasında etirazının məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki iddia tələbi əsasız və uydurma olduğundan iddia tələbini qəbul etmir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,1 kv.metr olan "Dostluq” çayxanası əvvəldən onun atasına məxsus olmuş, atası vəfat edəndən sonra həmin yer anasına verilmişdir. İş üzrə İddiaçı evin böyük övladı olduğundan və bir evdə yaşadıqlarından sözü gedən əmlak sonradan onun adına özəlləşdirilmişdir. Həmin əmlakı həmişə birlikdə istifadə edib ailənin maddi ehtiyaclarını ödəmişlər. Ailədə razılaşma belə olmuşdur ki, obyektin bir hissəsi ona verilməlidir və bu niyyəti iddiaçı da təsdiq etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladıqları xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqavilə dayısının faktiki istifadəsində olan torpaq sahəsi ilə əlaqədar olduğundan onun dayısı ilə münasibətləri də xoşagəlməz hal almışdır. O isə dayısının faktiki istifadəsində olan torpaq sahəsi ilə əlaqədar iddialı olmadığından və heç vaxt mübahisə yaratmaq istəmədiyindən həmin müqavilənin ləğvi üçün iddia qaldırmaq məqsədi ilə dayısına etibarnamə vermiş və məhkəmədə bununla əlaqədar iddia qaldırılmışdır. Qeyd olunan icarə müqaviləsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən xx.xx.2023-cü il tarixli sərəncamla ləğv edilmiş, bundan sonra onun vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı bağışlamanın hər hansı bir xüsusi şərtdən və ya öhdəlikdən asılı olduğunu iddia etdiyi təqdirdə, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni qeyd edilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir. O, iddia tələbini əsassız hesab etdiyi üçün həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh vəkili Vəkil2 da cavabdehin göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, həmin tərəfin məhkəmə hazırlıq iclasında iştirak edən nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə hər hansı münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Digər üçüncü şəxslər X2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin tərəflər (onların nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onlar tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə üçüncü şəxslərin (onların nümayəndələrinin) məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 87,9 kv.metr olan qeyri-yaşayış binasına aid xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar, xx.xx.1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”, xx.xx.2008-ci il tarixli 004055 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surəti, Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 383 saylı arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstntaq Təcridxanasının rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 17/40-032 nömrəli etibarnamənin surəti, "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair” xx.xx.2020-ci il tarixli 58 nömrəli müqavilə, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87,9 kv.metr olan qeyri-yaşayış binasına aid xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqavilə, “Dostluq” çayxanasına aid, AR İN ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasport, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən ünvan 4 ünvanında iddiaçı tərəfindən yenidənqurma işlərinin aparılacağı qeyri-yaşayış binasının layihəsi, Cavabdeh “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tələbi üzrə iddia ərizəsi və həmin iş üzrə məhkəmə bildirişləri, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8382/2023 nömrəli qərardadı, İddiaçı tərəfindən Cavabdeh və Lənkəran rayon 1 saylı notariat ofisinə göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş, Dövlət torpaq sahələrinə dair bağlanılmış icarə müqavilələrinin ləğv edilməsi haqqında xx.xx.2023cü il tarixli 235 nömrəli sərəncam və xx.xx.2023-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində xüsusi mülkiyyətdə olan 0,0097 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87,9 kv.metr olan qeyri-yaşayış binası (çayxana) hazırda iddiaçı ilə cavabdehin (hər birinin payı ½ hissədən ibarət olmaqla) paylı mülkiyyətindədir. Həmin obyekt (“Dostluq” çayxanası) xx.xx.1998-ci il tarixdə hazırki iş üzrə iddiaçı tərəfindən auksionda satın alınmış və xx.xx.2008-ci il tarixdə onun adına dövlət əmlakının satılmasına dair şəhadətnamə tərtib edilmişdir. Hazırki iş üzrə iddiaçı 2010-cu ildə həbs edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İddiaçı həbsdə olduğu müddətdə, xx.xx.2012-ci il tarixdə X2 adlı şəxsə 1 il müddətinə etibarnamə vermiş, qeyd olunan etibarnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstntaq Təcridxanasının rəisi Elxan Sadıxov tərəfindən təsdiq edilmişdir. Həmin etibarnamə ilə iddiaçı Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən “Dostluq” çayxanasının sənədlərini AR ƏMDX yanında DƏDRX lənkəran Ərazi İdarəsinə təqdim etməyi, Çıxarış, Texniki pasport və Forma 1 arayışı almağı, sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamağı, müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar bütün hərəkətləri yerinə yetirməyi Ənsar Nuriyevə etibar etmişdir. Qeyd olunan qeyri-yaşayış binası, binanın yerləşdiyi 0,0097 hektar torpaq sahəsi dövlət mülkiyyəti olub istifadədə olmaqla, xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ əsasında hazırki iş üzrə iddiaçının adına rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasının ½ hissəsi xx.xx.2012-ci il tarixdə rəsmi qaydada qeydə alınan və notariat qaydasında təsdiq edilən bağışlama müqaviləsi əsasında iddiaçı (onun adından verilmiş etibarnamə əsasında hərəkət edən X2) tərəfindən hazırki iş üzrə Cavabdeh bağışlanmışdır. Bundan sonra xx.xx.2012-ci il tarixdə qeyd olunan obyektin ½ hissəsi mülkiyyət hüququ əsasında hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi 97,1 kv.metr torpaq sahəsi xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi ilə hazırki iş üzrə iddiaçıya və cavabdehə satılmışdır. Qeyd olunan obyektin yerləşdiyi (istifadəsində olan) 129,4 kv.metr dövlət torpaq sahəsi isə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə iddiaçının və cavabdehin icarəsinə verilmişdir. ünvan 4 ünvanında iddiaçı tərəfindən yenidənqurma işlərinin aparılacağı qeyri-yaşayış binasının layihəsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmaqla Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Cavabdeh hazırki iş üzrə İddiaçı və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və ərizə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Qeyd olunan icarə müqaviləsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən xx.xx.2023-cü il tarixli sərəncamla ləğv edilmiş, bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçının (hazırki iş üzrə cavabdeh İddiaçı) vəsatəti ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə bildiriş göndərilərək 2012-ci ildə bağışlanmış əmlakın 2 gün müddətində könüllü olaraq qaytarılması təklif edilmiş, əks halda aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin bildiriş poçt xidməti vasitəsilə Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmin bildirişin surəti poçt xidməti vasitəsilə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı onun adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın (müqavilənin ləğvinin) məhkəmə tərəfindən təmin edilməsi, xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi” əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK tərəfindən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin ləğv edilməsi və həmin akt qeydi əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin "Dostluq” çayxanasına dair tərtib edilmiş xx.xx.2012ci il tarixli 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi, onun öz adına yeni Çıxarış və Texniki pasportun verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, həmin müqaviləni onun əvəzinə bağlamış, onun adından hərəkət edən Ənsar Nuriyevə 2012-ci ildə verilmiş etibarnaməyə istinad edərək qeyd olunan etibarnaməni oxuyub məzmunu ilə tanış olmadan imza etdiyini, eyni zamanda, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozaraq ona qarşı qanunazidd hərəkətlərə yol verdiyini bildirir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq bağışlama müqaviləsinin qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edildiyini, həmin müqavilə ilə onun üzərinə hər hansı öhdəlik qoyulmadığını, eyni zamanda, iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olmayan və ya digər hər hansı qanunazidd hərəkətə yol vermədiyini bildirir. İş üzrə üçüncü şəxs Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə hər hansı münasibət bildirməmişdir. Digər üçüncü şəxslər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 666.1-ci mаddəsinə əsаsən bаğışlаmа müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1 və 668.1.1-ci mаddələrinin məzmununa görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bаğışlаmа etibаrlıdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı özünə məxsus daşınmaz əmlakın ½ hissəsini 2012-ci ildə hazırki iş üzrə Cavabdeh notariat qaydasında təsdiqlənən müqavilə əsasında (digər şəxsə verilmiş etibarnamə vasitəsilə) bağışlamışdır. İddiaçı mülkiyyətində olan əmlakın bir hissəsini cavabdehə qanunun tələblərinə cavab verən müqavilə ilə bağışlamış, həmin müqavilə əsasında əmlakı bağışlayarkən bağışlamanı hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Qeyd olunan müqavilə bağlanarkən iddiaçının onu təmsil edəcək Ənsar Nuriyev adlı şəxsə verdiyi etibarnamədə iddiaçının Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində yerləşən “Dostluq” çayxanasının sənədlərini AR ƏMDX yanında DƏDRX lənkəran Ərazi İdarəsinə təqdim etməyi, Çıxarış, Texniki pasport və Forma 1 arayışı almağı, sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamağı Ənsar Nuriyevə etibar etdiyi etibarnamədə bilavasitə göstərilmişdir. İddiaçı hazırki iddia tələbində həmin etibarnaməni öz xəttilə yazmadığını, latın qrafikalı əlifbanı bilmədiyindən etibarnaməni oxumadığını və etibarnaməyə görüş yerində deyil, həbsxananın rəisinin otağında tez-tələsik imza etdiyini bildirsə də, həmin hallar etibarnamənin qanunsuz olaraq tərtib və təsdiq edildiyini deməyə əsas vermir. Etibarnamədə obyektin kimin adına keçiriləcəyinin qeyd olunmadığını bildirməklə iddiaçı həmin etibarnamənin məzmunu ilə tanış olduğunu dolayı yolla etiraf etmişdir. Eyni zamanda, iddiaçı etibarnamənin verildiyi vaxtdan sonra keçən 10 ildən artıq müddət ərzində, hətta həbsdən azad olunduğu vaxtdan sonra keçən 3 ildən artıq müddət ərzində etibarnaməni, onun yaratdığı hüquqi nəticələri (bu hüquqi nəticələr ona bəlli olduğu halda), habelə, bağışlama müqaviləsini nəinki mübahisələndirməmiş, əksinə, özünün hərəkətləri ilə bu müqavilənin hüquqi nəticələrini qəbul etdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı onunla (onun adından verilmiş etibarnamə əsasında hərəkət edən X2 tərəfindən) cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nin qanunsuz olaraq bağlanmasını və cavabdehin (hədiyyə alanın) öz müqavilə öhdəliklərini yerinə yetirmədiyini iddia edərək həmin əsasla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisə predmetinə aid olan, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsində bununla hər hansı qeyd-şərt nəzərdə tutulmamış, qeyd olunan müqavilə üzrə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İddiaçı xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin digər əsası olaraq cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozaraq qanunazidd hərəkətlərə yol verdiyini qeyd etmişdir. Ancaq cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş hansı vəzifələrin kobudcasına pozulduğu iddia tələbində göstərilmədiyi kimi, məhkəmə iclası zamanı aparılan araşdırmalar nəticəsində də belə vəzifələrin müəyyən olunması və bu vəzifələrin cavabdeh tərəfindən kobudcasına pozulması halları da aşkar edilməmişdir. İddiaçının onun və cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladıqları xx.xx.2022-ci il tarixli 3638 nömrəli icarə müqaviləsinin cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməklə ona zərər vurmuş olması və bununla da cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulmuş olması barədə iddiaları da əsaslı sayıla bilməz. Çünki, mübahisələndirilən icarə müqaviləsi əslində, müqavilənin tərəfi olan şəxs kimi cavabdehin özünün də mənafeyinə və sosial rifahına uyğun hesab edilirdi. Cavabdeh isə həmin müqaviləni mübahisələndirməklə yalnız iddiaçının mənafeyinə zidd hərəkət etməmiş, həm də öz mənafeyinə uyğun olmasa da, üçüncü şəxsin mənafeyinə xələl gətirə biləcək əsassız bir vəziyyətin aradan qaldırılmasına nail olmağa çalışmışdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin müqavilədən əmələ gəlmiş öhdəliyin yerinə yetirilməməsi səbəbi ilə, eyni zamanda, cavabdeh tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozularaq qanunazidd hərəkətlərə yol verilməsi səbəbi ilə ləğvi və ya etibarsız hesab edilməsinə hər hansı hüquqi əsas mövcud olmadığından iddiaçının hazırki iddia tələbinin ünvan 1 ünvanda yerləşən “Dostluq” çayxanasının ½-nin iddiaçının qardaşı Cavabdeh bağışlanması ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Qeyriyaşayış binasının bağışlama müqaviləsi”nin ləğvinə (həmin əmlakın bağışlanmasından imtina edilməsi) dair hissəsi təmin edilməməlidir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK tərəfindən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydi xx.xx.2012-ci il tarixli "Qeyriyaşayış binasının bağışlama müqaviləsi” əsasında qeydə alındığından və həmin akt qeydi əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş, "Dostluq” çayxanasına aid xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışlar, həmin "Dostluq” çayxanasına aid xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasport da bağışlama müqaviləsi əsasında tərtib edildiyindən və qeyd olunan sənədlərin qanuni əsaslarla tərtib edilmədiyinə dair hər hansı hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən hazırki iddia tələbinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin, habelə, həmin akt qeydi əsasında verilmiş Çıxarışlar və Texniki pasportun ləğv edilməsi, iddiaçının adına yeni Çıxarış və Texniki pasport verilməsinə dair hissələri də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı, X2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə, Cavabdeh qarşı onun adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın (müqavilənin ləğvinin) məhkəmə tərəfindən təmin edilməsi, xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi” əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK tərəfindən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin ləğv edilməsi və həmin akt qeydi əsasında AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin "Dostluq» çayxanasına dair tərtib edilmiş publik hüquqi şəxsin xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və onun öz adına yeni Çıxarış və Texniki pasportun verilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar