Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-536/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, birləşdirilmiş birinci iş üzrə iddiaçı, birləşdirilmiş ikinci iş üzrə cavabdeh X4 və birləşdirilmiş birinci iş üzrə cavabdeh, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh Bəbir oğlu, həmçinin sonuncunun vəkili Nümayəndə iştirakı ilə, Birləşdirilmiş 1-ci iddia üzrə iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı «evdən çıxarılma» və birləşdirilmiş 2-ci idda ərizəsi üzrə iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «çıxarışın etibarsız hesab edilməsi və fərdi yaşayış evininin birgə nikah dövründə tikilməsi faktının müəyyən edilməsi» tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birləşdirilmiş 1-ci iddia üzrə iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov X7 rayonun İstisu qəsəbəsində yerləşən və ona məxsus olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bəbir oğlu bacısı X8 ilə 17 il birgə nikahda olmuş, 4 il öncə isə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh özbaşına heç kimdən icazə almadan və onun iradəsinə zidd olaraq evinə daxil olmuşdur. Həmin ev ona atasından miras qalmış və bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evidir. Cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra məcbur olub müxtəlif inzibati orqanlara müraciət etmişdir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. Ona isə hazırki məsələ mülki xarakterli mübahisədir, məhkəməyə müraciət etmək lazım olduğu tövsiyyə edilmşdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ona verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan da görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi həmin torpaq sahəsinin üzərində yerləşməklə ona məxsusdur. Lakin o öz mülkiyyət hüquqlarını həyata keçiər bilmir, evindən normal qaydada istifadədən məhrum olmuşdur. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı Cavabdeh Bəbir oğlu cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o X1 bacısı X8 ilə 17 il birgə nikahda olmuş və 4 il öncə aralarında olan nikah qeydi pozulmuş və onlar ayrılmışlar. X1 adına olan çıxarışa əsasən onun mülkiyyəti kimi qeyd edilmiş fərdi yaşayış evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi onunla X1 bacısı olan X3 birgə nikahı dövründə onlar üçün alınmış və torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə onunla X1 bacısı olan X3 birgə nikahı dövründə onun valideynləri tərəfindən inşa edilmişdir. Qeyd olunan torpaq sahəsinin alınması üçün və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsait də onun valideynləri tərəfindən həyata keçirilmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi mərhum qaynatası Əlikərimin adına dövlət qeydiyyatına alınmışdır. Mərhum qaynatası Əlikərim vəfat edəndən sonra isə onun digər vərəsələri qeyd olunan torpaq sahəsindən imtina etmiş və buna görə də həmin torpaq sahəsi yeni çıxarışla X1 adına dövlət qeydiyyatına alınmışdır. Baxmayaraq ki, həmin torpaq sahəsi onunla X1 bacısı olan X3 birgə nikahı dövründə qeyd etdiyi kimi onun valideynlərinin vəsaiti hesabına alınmışdır. Həmin torpaq sahəsinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə alınmasını və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə alınmasını şahidlər də təsdiq edə bilərlər. Məhz bu səbəbdən o Lənkəran rayonun İstisu qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına dövlət qeydiyyatına alınması barədə çıxarışın ləğv edilməsi və həmin 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1607/2023 №-li, 07 iyun 2023-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi faktının müəyyən olunması» tələbinə dair 2(049)-1607/2023 №-li mülki iş iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı «evdən çıxarılma» tələbinə dair 2(049)-536/2023 №-li mülki işə birləşdirilmiş və həmin mülki işlərə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında X4 iddia tələbini müdafiə edib, özü tərəfindən verilmiş iddianın təmin edilməsini, Cavabdeh Bəbir oğlunun iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izhatında bildirmişdir ki, bacısı X3 Cavabdeh Bəbir oğlu ilə birgə nikahı dövründə mərhum atası Əlikərim Şərifov tərəfindən Lənkəran rayonu, istisu qəsəbəsində 0,06 ha torpaq sahəsi alınmışdır. Bacısı Könülün yaşaması üçün həmin torpaq sahəsində atası Əlikərim tərəfindən fərdi yaşayış evi tikilmişdir. Evin tikillməsində Cavabdeh və onun ailə üzvlərinin köməklikləri olsa da, lakin evin tikilməsi üçün bütün inşaat materialları atası Əlikərim oğlu tərəfindən alınmış, ustaların pulu da onun tərəfindən ödənilmişdir. Bir qohum kimi evinn tikintisinə kömək etmələri həmin fərdi yaşayış evinin Cahangir İbrahimva məxsus olması anlamına gəlmir. Çünki Cavabdeh həmin evin tikintisinə heç bir vəsait qoymamışdır. Onun izahatında bildirdikləri yalandan başqa bir şey deyildir. Buna görə də Cavabdeh iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında birləşdirilmiş Cavabdeh Bəbir oğlu oğlu özünün iddiasını müdafiə edib, iddiasının təmin edilməsini, X1 iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, o İddiaçı bacısı X8 ilə 20 iyul 2001-ci il tarixdə faktiki nikaha daxil olmuş, 18 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2023-cü il tarixdən X1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 10 il əvvəl, yəni 2013-cü ildə tikilmiş və həmin tarixdən də o evdə arvadı X8 və övladları – X6 ilə birlikdə yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Həmin fərdi yaşayış evi onun tərəfindən tikilmişdir. Evin inşa edilməsi ilə əlaqədar bütn xərcləri də onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasının yerii və vaxtı barədə məlumat verilmiş müstəqil tələb irəlli sürməyən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəlli sürməyən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu İstisu qəsəbəsində 0,06 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan və «Fərdi yaşayış evinin Texniki Pasportu»ndan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2003-cü il tarixli 10 №-li ödəniş qəbzindən görünür ki, Cavabdeh 0,08 ha torpaq sahəsi üçün 800 manat məbləğində pulu Lənkəran rayonu, İstisu Bələdiyyəsinin hesabına köçürmüşdür. Abonentin saldosundan müəyyən olunur ki, Lənkəran rayonu, İstisu qəsəbəsində təbii qazdan istifadə edən abonent kimi qeydə alınmışdır. Azərenereji ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli texniki şərtdən görünür ki, Lənkəran rayonu, İstisu qəsəbə sakini Cavabdeh Bəbir oğluna məxsus yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(049)-215/2020 №-li qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh Bəbir oğlu arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, o Lənkəran rayon İstisu qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2004-cü ildə mərhum Əlikərim Şərifov (İddiaçı atası) 0,06 ha torpaq sahəsinin satılması üçün bələdiyyəyə müraciət etmiş və ona həmin torpaq sahəsi satılmışdır. Daha sonra Cavabdeh da 2014-cü il tarixdə bələdiyyəyə müraciət etmiş, qaynatası mərhum Əlikərim Şərifovun aldığı 0,06 ha torpaq sahəsinin yanında olan 0,08 ha torpaq sahəsi satın almaq istədiyini bildirmişdir. Bələdiyyənin hesabına 0,08 ha torpaq sahəsini almaq üçün 800 manat pul ödəmişdir. Lakin texniki səbəblərdən həmin torpaq sahəsini satılması ilə bağlı sənədləşmə işlərini həyata keçirmək mümkün olmamışdır. Çünki qeyd olunan torpaq mərhum Əlikərim Şərifovun aldığı 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşürdü. Hazırda mübahisəli ev Əlikərimın torpağında Tofiq adlı usta tərəfindən tikilmişdir. Evin tikilməsi zamanı o Əlikərimi və Cahangiri də orda görmüşdür. Amma evin tikilməsinə vəsaitin kiim tərəfindən verilməsini o görməmişdir. Məhkəmə iclasında Şahid4 Məhəmmədhüseyn oğlu ifadəsində bildirmişdir ki, o Cavabdeh qaynıdır. Cahangir 2004-cü ildə torpağı alanda orda olmamışdır. Evin tikintisində iştirak etmişdir. Ev 10 il bundan əvvəl tikilmişdir. Kiçik qaynı Amid də tikintidə iştirak etmişdir. Evin tikiləndə Əlikərim orada olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Şahid4 Məhəmmədhüseyn oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2-də 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 117,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilmişdir ki, Cavabdeh Bəbir oğlu ilə İddiaçı bacısı X8 20 iyul 2001-ci il tarixdə faktiki nikaha daxil olmuş, 18 may 2006cı il tarixdə rəsmi nikaha daxil olmuş və Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Mühabisəli fərdi yaşayış evi də onların birgə nikahı dövründə tikilmişdir. Fəxriyyə Əliyeva mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını, Cavabdeh isə Fəxriyyə Əliyevanın adına mübahisəli yaşayış evinə və onun altındakı torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini, fərdi yaşayış evinin onunla həyat yoldaşı X3 birgə nikah dövründə tikilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə birləşdirilmiş 2-ci iddiaya hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cavabdeh iddiasından görünür ki, o Fəxriyyə Əliyevanın adına mübahisəli yaşayış evinə və onun altındakı torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini onunla əsaslandırır ki, həmin fərdi yaşayış evi onunla arvadı X3 birgə nikahı dövründə onların birgə səyləri nəticəsində tikilmiş, buna görə də həmin evə onun da mülkiyyət hüququ vardır. Buna görə də mübahisələndirilən çıxarış ləğv edilməlidir. Məhkəmə əmlakın birgə nikah dövründə əldə edilməsinin hüquqi əsasları ilə bağlı aşağıdakı hüquq normalarına diqqət yetirməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə görə; Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37-ci maddəsinə görə: 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). ««Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair»» Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ərarvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Beləliklə qeyd hüqu normalarını hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin Cavabdeh Könül Şərifova ilə onların birgə nikah dövründə əldə edilmiş əmlak olmasının təsdiq edilməsi üçün həmin əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasının müəyyən olunması vacibdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh da bu halları, yəni fərdi yaşayış evinin ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Məhkəmə Cavabdeh iddiasını təsdiq edən sübut növü kimi şahidlər Şahid3, Şahid1, Şahid2 və Şahid4 Məhəmmədhüseyn oğlunun ifadələrinə qiymət verərək hesab edir ki, həmin şahid ifadələri Cavabdeh iddiasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh təqdim etdiyi şahid ifadələrində Şahid3 mübahisəli fərdi yaşayış evinin kimi tərəfindən tikildiyi barədə məlumatı olmadığını bildirmiş, yalnız Cavabdeh yaxın qohumları olan Şahid1, Şahid2 və Şahid4 Məhəmmədhüseyn oğlu fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikildiyini bildirmişdir ki, onların da qohum olması səbəbindən verdikləri ifadələri obyektiv ifadə kimi qiymətləndirilməsi istisna olunur. Bundan başqa Cavabdeh evin tikintisinin Tofiq adlı usta tərəfindən tikildiyini bildirsə də, sonuncunu şahid kimi məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə Cavabdeh təqdim etdiyi şahid ifadələrini mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə həmçinin təqddim edilmiş təbii qazdan istifadə edilməsi ilə abonentin saldosu və elektrik enerjisinin verilməsi ilə bağlı texniki şərti də mübahisəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikilməsini təsdiq edən sübut növü kimi qəbul etmir. Belə ki, təbii qazdan istifadə edilməsi ilə bağlı abonentin saldosunda Cavabdeh hansı obyektə təbii qazın verilişi ilə bağlı abonent olduğu qeyri-müəyyəndir. Elektrik enerjisinin verilişi barədə texniki şərtdə isə hansı evə elektrik enerjisinin verilməsi ilə bağlı texniki şərtin tərtib edilməsi müəyyən olunmur, yəni elektrik enerisinin İstisu qəsəbəsində yerləşən hansı fərdi yaşayış evinə verilməsi qeyd olunmamışdır. Halbuki mübahisə X1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestində qeydinni ləğvi ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, sübuta yetirilmədiyindən və tədim edilmiş sübutların iddianın təmi edilməsi üçün yetərli olmadığından iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə birləşdirilmiş 1-ci iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X5 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan 3 yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda təqdim edilmiş sübutlardan və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, Cavabdeh Bəbir oğlu ilə İddiaçı bacısı X8 20 iyul 2001-ci il tarixdə faktiki nikaha daxil olmuş, 18 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2023-cü il tarixdən X1 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2013-cü ildə tikilmiş və 2013-cü ildən evdə ailə üzvü kimi Cavabdeh Bəbir oğlu, X8 və onların övladları – X6 ilə birlikdə yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi birləşdirilmiş 1ci iddia üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları 2013-cü ildən etibarən yaranmışdır. Görüdüyü kimi tərəflər arasında olan hüquq münasibətləri 2013-cü ildə yarandığından tərəflər arasında mövcud olan mübahisə 2008-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə uyğun həll edilməlidir. Həmin maddənin tələbi baxımından tərəflər arasında, yəni Fəxriyyə Əliyeva ilə Cavabdeh arasında başqa razılaşma olmadığından və sonuncunun ailə münasibətlərinə xitam verildiyindən Cavabdeh da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına da xitam verilmişdir. Sonuncunun həmin fərdi yaşayış evindən hazırda da istifadə etməsi fərdi yaşayış evinin mülkiyyətçisi olan Fəxriyyə Əliyevanın öz mülkiyyətindən istifadə etməsinə mane olmaqla onun iqtisadi maraqlarına xələl gətirmiş olur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Bəbir oğlunun X1 özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarından istifadə etməsinə mane olduğundan birləşdirilmiş 1-ci iddia təmin edilməli, cavabdeh İbrahimov X7 rayonu, İstisu qəsəbəsi, Fariz Əliyev küçəsi 73 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birləşdirilmiş 1-ci iddia təmin edilməli, Cavabdeh Bəbir oğlunun X1 özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarından istifadə etməsinə mane olduğundan birləşdirilmiş 1-ci iddia təmin edilməli, cavabdeh İbrahimov X7 rayonu, İstisu qəsəbəsi, Fariz Əliyev küçəsi 73 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılmalı, həmçinin sübuta yetirilmədiyindən və tədim edilmiş sübutlar iddianın təmin edilməsi üçün yetərli olmadığından iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi» tələbinə dair birləşdirilmiş 2-ci iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birləşdirilmiş 1-ci iş üzrə iddia təmin edilsin. Cavabdeh Bəbir oğlu iddiaçı X2 məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılsın. Birləşdirilmiş 2-ci iddia, yəni iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı «Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-536/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-536/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver