Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-57/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, İddiaçı, iddiaçının nümayəndəsi və vəkilləri: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, Bakı Şəhər 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil3, cavabdeh: Eldar Məmmədov, cavabdehin nümayəndəsi və vəkili: Bakı Şəhər 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1 iştirakı ilə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh Novruz oğlunun hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X7» kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ əsasında onun mülkiyyətinə olmuş, həmin kompleks “X7” çörək sexi, mağaza, çay evi, mətbəx kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmiş və onun fəaliyyəti tərəfindən həyata keçirmişdir. Həmin şadlıq sarayı onun və qardaşlarının, eləcə də cavabdehin şəxsi vəsaiti hesabına tikilməklə tam istifadəyə verilmiş həmin Şadlıq sarayından gələn gəlirin kompleksin tikilməsində əsas pay sahibi olan böyük qardaşı Tİddiaçı ilə Cavabdeh arasında bölünməsi barədə qarşılıqlı razılığa gəlinmişdir. 2013-cü ilin mart ayında fəaliyyətə başlamış və 2022-ci ilin mart ayının axırına kimi əldə edilmiş qazancı bölmüş və heç bir narazılıq da olmamışdır. Sonradan, yəni 2022-ci ilin mart ayında Cavabdeh ona təklif etmişdir ki, «X7nı» ikimizin adına qeydiyyata aldıraq, yəni hərənin payı ayrı olsun. Bu səbəbdən də cavabdehin təklifi və böyük qardaşı Telmanın razılığı ilə həmin kompleksin ikidə bir hissəsinin onun, digər ikidə bir hissəsinin isə Cavabdeh adına sənədləşdirilməsi barədə razılığa gəlmiş və bundan sonra 23 fevral 2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlamışlar. Həmin kompleksin 1/2 hissəsini qardaşı hazırki iş üzrə Cavabdeh bağışladıqdan və müqavilə bağladıqdan sonra Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 35-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli və **********89- 12301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış Cavabdeh veriləndən və cavabdehin həmin kompleksə mülkiyyət hüququ yarandığı gündən onun mülkiyyətçi kimi həmin obyektən istifadə etməyinə maneçilik törətməklə həmin obyektə onun da pay hüququnu əsas gətirib mülkiyyətindən sərbəst istifadə etməyinə imkan vermir. Belə ki, iş üzrə cavabdeh olan Cavabdeh həmin şadlıq sarayını yalnız özü istifadə etməklə toy və digər şənliklərin keçirilməsi üçün icraəyə verib gəlir əldə etmiş və həmin gəlirin aramızda yarı-yarıya bölünməsi həyata keçirilməsi barədə razılığı olmasına baxmayaraq cavabdeh buna əməl etməmiş və ona heç bir məbləğ ödəməmişdir. Bununla bağlı aralarında narazılıq yaransa da, sonradan cavabdeh razılığa əməl edəcəyini və bundan sonra gəlirləri yarı yarıya onunla böləcəyinə söz vermişdir. Lakin yenə də sözünə əməl etməmiş, hər dəfə toy məclislərindən sonra gəlib hədə qorxu gələrək müqavilə əsasında Şadlıq sarayında administrator işləyən kürəkəni X1 almış və bir qəpik də olsun ona ödəməmişdir. Bu barədə cavabdehlə dəfələrlə söhbətlər aparmağına baxmayaraq cavabdeh onun bir mülkiyyətçi kimi mülkiyyətindən təyinatı üzrə istifadə etməyimə imkan vermir. İş o yerə çatmışdır ki, haqqını doğma qardaşı olan Eldardan tələb etdikdə sonuncu onu ictimai yerdə, camaatın, işçilərinin yanında nalayiq söyüşlərlə söyüb təhqir edərək onu nüfuzdan salmış, dəfələrlə onunla əlbəyaxa olmuş, onu və böyük qardaşı Telman Mamedovu döyməkdən belə çəkinməmişdir. Cavabdehlə bir yerdə işləmək artıq mümkün deyildir. Onun təqsirindən artıq 1 ildən çox müddətdir ki, sözügedən əmlaklar üzərində həbs qoyulmaqla fəaliyyət dayandırılmışdır. Belə ki, ərizəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli MTT(049)- 37/2022 nömrəli müvəqqəti təminat tədbiri olaraq «Əzizə» Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksi əzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Bütün bunlarla əlaqədar olaraq dəfələrlə polisə şikayətlər olmuş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eləcə də cavabdehin əsassız və heç bir sübuta söykənməyən iddiasına əsasən Şirvan Kommersiya Məhkəməsində işə baxılmış və hazırda da həmin iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmaqla müvafiq ekspertiza təyin edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə həmin komleksin və kompleksin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olan ½ hissəsinin naturada ayrılaraq ona verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq müstəqil ekspertiza təyin olunmaqla daşınmaz əmikin naturada bölgüsünün mümkün olubolmamasını müəyyən etmək üçün tərəfindən mütəxəssis dəvət edilmiş və həmin mütəxəssisin verdiyi mütəxəssis rəyi ilə əmlakın naturada bölgüsünün mümkün olması müəyyən edilmişdir. FAME PRO- tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli mütəxəsis rəyinin surəti iş materiallarına əlavə edilmişdir. Həmin işə Lənkəran Rayon Məhkəməsində baxılarkən həmin əmlakın digər mülkiyyətçisi olan Cavabdeh aşkar surətdə əmlakın naturada bölgüsünə, kompensasiya ödənilməklə payından imtina etməsi və yaxud digər mülkiyyətçinin payına münasibətdə dəyərinin ödənilməsinə razılığı olmadığından və süni surətdə işin yubandırılmasının qarşısının alınması, eləcə də məhkəmə süründürməçiliyinin qarşısının alınması üçün məhkəməyə əmlakın hərracdan satılması və kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında da Cavabdeh məhkəməyə verdiyi izahatlarında nə əmlakın bölgüsünə, nə mübahisəli əmlakla əlaqədar mülkiyyətçilərdən birinin digərinə kompensasiya verilməsinə, nə də hərracdan satılmasına razı olmadığını qəti olaraq bildirmişdir. Cavabdehin bu halların heç biri ilə razılaşmamasında məqsədi isə üzərinə həbs qoyulmaqla fəaliyyətinin dayandırıldığı əmlakın digər mülkiyyətçinin hüququqlarının hüquqdan sui-istifadə etməklə pozmaqdan ibarətdir. Bu səbəbdən də tərəfindən iddia tələbi dəyişdirilərək əmlakın hərrac yolu ilə satılıb tərəflər arasında paylara uyğun olaraq bərabər qaydada bölünməsi xahiş edilmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə tərəfindən işin faktiki halları araşdırılmış və cavabdehin iddia tələbinə və ümumiyyətlə paylı mülkiyyətçi kimi həmin əmlakdan istifadə etməsinə marağının olmaması, iddia tələblərinin isə qəbul etməməsininin səbəbinin digər mülkiyyətçinin öz əmlakından sərbəst istifadə etməsinə süni surətdə maneə yaratmaq olması məhkəmə tərəfindən müəyyən edildiyindən, süründürməçiliyin qarşısını almaq səbəbindən iddia tələbinin qanuni və əsaslı olması nəticəsinə gələrək Lənkəran Rayon Məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi və naturada bölünməsi mümkün olmayan, digər paylı mülkiyyətçinin isə paya uğun olaraq kompensasiya ödənilməsinə heç bir əsas gətirmədən imtina etməklə razılıq vermədiyindən daşınmaz əmlakın hərrac yolu ilə satılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası olan Şirvan Apellyasiya Məhkəməsi həmin qətnamədən şikayətə baxaraq heç bir obyektiv araşdırma aparmadan qanunvericiliyin işin faktiki hallarına uyğun olmayan hərfi məna tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası qətnamənin əsaslandırılmasında cavabdehin formal izahatlara əsaslanmış və həmin halları təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini, birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclasında verdiyi izahatları nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının tələblərinin pozulmasını qeyd etsə də həmin qərarın pozulması hallarının konkret olaraq işin faktiki hallarına münasibətdə əsaslandırmamış, həmin qərarın mətnini hərfi mənada tətbiq etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edilərək ardıcıllığa, yəni əvvəlcədən naturada bölgü və kompensasiya məsələsinə qiymət verildikdən sonra hərrac məsələsinin həll edilə biləcəyini qeyd edilərək apellyasiya şikayəti təmin edilmiş və iddia rədd edilmişdir. Hansı ki, Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı tamamilə əsassız olmaqla onun hüquqlarımın kobud surətdə pozulmasına səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 15 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarını müzakirə etməyə səlahiyyəti olmadığından hazırda o, həmin şadlıq sarayı kompleksin özünə düşən 1/2 hissəsini naturada böldürərək təyinatını dəyişdirib başqa xidmətə yönəltmək istəyir. Hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək İddiaçı iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilləri Vəkil2 və Vəkil3 ayrı-ayrılıqda iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 07 sentybr 2013-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən qeyri yaşayış binasının Notariat qaydada bağışlama müqaviləsindən görünür ki, İddiaçı qardaşı Cavabdeh 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi qeyri yaşayış binasının1/2 hissəsini bağışlamışdır İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası ½ hissədə İddiaçı ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2 (049)-2678/2022 saylı qətnaməsindən görünür ki, Lənkəran rayon, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi üzərində yerləşən 2825.5 kv.m sahəsi olan “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləçən digər qeyri-yaşayış-əmlak kompleksi qiymətləndirilərək hərracda satılmaqla dəyəri X2 və İddiaçı arasında bölünməsini qət etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2 (049)-383/2023 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsini 2(049)- 2678/2022 saylı 14 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/1662 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh Novruz oğlunun hər birisinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2825.5 kv.m olan əmlak kompleksinin (X7 kompleksinin) vahid bir kompleks kimi inşa və istifadə edilməsini, kompleksin əsas sahələrinin (şadlıq sarayımın zalı, otaqlarticarət sahəsi və.s.) və köməkçi sahələrinin planlı yerləşməsini, şadlıq sarayının əsas zalının yeganə olmasını nəzərə aldıqda həmin əmlak kompleksinin təsərrüfat təyinatı pozulmadan naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış qəbzdən gğrünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2825.5 kv.m olan əmlak kompleksinin (X7 kompleksinin) naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. Məhkəmə paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2825.5 kv.m olan əmlak kompleksinin (X7 kompleksinin) naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzillər mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünüə aid edilməlidir.. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh Novruz oğlunun hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, «X7» kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə tələbinə dair iddiası rədd edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-57/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-57/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver