Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-68/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndələri X1 və Nümayəndə, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cəmiyyətə məxsus şüşə sexinin, zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə məxsus olan Lənkəran şəhəri, Mirsalayev küçəsi (keçmiş Füzuli küçəsi) ünvanında yerləşən şüşə sexinin və torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və hər hansı digər üçüncü şəxslərə həmin sahədən qanunsuz istifadənin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Dövlət Əmlak Komitəsinin 459 saylı sərəncamı ilə 23 mart 1998-ci il tarixdə X5 Xidməti "xxxx" İK Firmasının bazasında "xxxx" ASC yaradılmışdır. Cəmiyyətin səhmləri 100% özəlləşdirilmişdir. Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan X9 cəmiyyəti kimi "xxxx" ASC-nin emissiya prospekti Özəlləşdirmənin İ Dövlət Proqramında və ona müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada hazırlanmış və təsdiq edilmişdir. Emissiya prospektində Cəmiyyətə verilən əmlakların siyahısı və yerləşdiyi torpaq sahəsinin ölçüsü və planı öz əksini tapmışdır. Lənkəran XDS-nin xx.xx.1961-ci il tarixli qərarı ilə Cəmiyyətə 1.7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda Cəmiyyətin şüşə sexi və ağacların mişarlanma sexi olmuşdur. Lakin, ağacların mişarlanma sexi hazırki cavabdehləri atası X3 («Xarrat» Kooperativin təsisçisi və rəhbəri) tərəfindən sökülmüş və həmin ərazinin torpaq sahəsi zəbt olunmuşdur. Bundan sonra "xxxx" ASC tərəfindən X8 Məhkəməsinə müraciət edərək cavabdeh «Xarrat» Kooperativinə qarşı Səhmdar cəmiyyətinə məxsus olmuş və cavabdeh tərəfindən sökülmüş ağacların mişarlanma sexinin balans dəyərinin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. X8 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(86)-1221/2008 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ağacların mişarlanma sexinin qalıq balans dəyəri 922 manat cavabdeh «Xarrat» Kooperativindən tutularaq iddiaçıya ödənilməsini və həmin sexin yerləşdiyi torpaq sahəsinin «Xarrat» Kooperativi tərəfindən boşaldılması qət edilmişdir. Cavabdeh «Xarrat» Kooperativi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-1(106)19/2009 saylı qətnaməsi ilə X8 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(86)-1221/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmaq üçün Lənkəran İcra şöbəsinə göndərilmişdir. xx.xx.2010-cu ildə Lənkəran İcra Şöbəsinin icra məmuru K.Əzimov tərəfindən akt tərtib edilmiş və həmin aktda «Xarrat» Kooperativinin rəhbəri M.M.Kazımov izahat vermişdi ki, onun tərəfindən heç bir torpaq sahəsi zəbt edilməmişdir. Hazırda isə sökülmüş ağacların mişarlanma sexinin yanında olan şüşə sexi və istifadəsində olan 0,32 ha torpaq sahəsi X2 oğulları Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Həmin şəxslər ərazinin darvazasının və şüşə sexinin dəmir qapılarının qıfıllarını dəyişmiş, ərazini zəbt etmiş və həmin əraziyə ASC-nin nümayəndəsini buraxmırlar. Dəfələrlə həmin şəxslərlə görüşmüş, lakin heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə DƏDRX-nin Lənkəran Ərazi idarəsinin nümayəndəsi ilə ölçü işləri aparmaq üçün gələrkən Cavabdeh1 və Cavabdeh2 obyektə daxil olmuş və onlar işləri aparmağa imkan verməmişlər. Hesab edir ki, səhmdar cəmiyyətinə məxsus şüşə sexi və zəbt olunmuş torpaq sahəsi cavabdehlər tərəfindən boşaldılmalı və cavabdehlərə və hər hansı digər üçüncü şəxslərə həmin sahəyə istifadə etmək qadağan edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə brgə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişlər. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC sədri Ə.Həsənovun imzasıyla eyni iddia tələbi ilə 2008-ci ildə X8 Məhkəməsinə müraciət etmişdir. Məhkəmə xx.xx.2008-ci il tarixli 2(86)-1041/2008 saylı qətnamə ilə iddianı qismən təmin edilmişdir. "xxxx" ASC sədri Ə.Həsənov istəyinə tam nail ola bilmədikdən sonra onları heç bir zaman görmədiyi və tanımadığı halda Lənkəran ŞRPİ şikayət ərizəsi ilə müraciət edərək, guya onlar onu balta-bıçaqla ərazidən qovmalarını əsas tutaraq cianyət məsuliyyətinə cəlb olunmağlarını tələb etmişdir. Polis şöbəsində ərizə araşdırılaraq yalan olduğu məlum olmuş və işə xitam verilmişdir. Bundan da bir nəticə əldə etmədiyini görən Ə.Həsənov məhkəmənin qüvvəyə minmiş qətnaməsi olduğu halda hazırkı iddia ilə sadəcə cavabdehi dəyişməklə, formal mülahizələrlə əsaslanmaqla mahiyyəti üzrə eyni iddia ilə məhkəməyə ikici dəfə yenidən müraciət edərək məhkəməni aldatmağa çalışmışdır. Belə ki, «Xarrat» Kooperativi xx.xx.1988-ci il tarixli Lənkəran şəhər X7 (XDS) İcraiyyə Komitəsinin Qərarı ilə qeydiyyata alınmışdır. «Xarrat» Kooperativinin istifadəsində olan ümumi torpaq sahəsi 0,5680 hektar torpaq sahəsindən ibarətdir. Həmin ildən ümumi torpaq sahəsi hasarlanmış, ərazinin abadlaşdırılması üçün oraya onlarla maşın torpaq-çınqıl tökülmüşdür və 30 ildən artıqdır ki, «Xarrat» Kooperativi faktiki sahiblik və istifadə edir. Tikililər o cümlədən mişarlanma sexi vaxtı ilə kooperativin vəsaiti hesabına tikilmişdir. Sexin yerləşdiyi torpaq sahəsi də mülkiyyət hüququ əsasında kooperativə məxsusdur. 30 ildən artıq faktiki istifadədə olan torpaq sahəsini özəlləşdirmək məqsədi ilə Lənkəran Bələdiyyəsinə etdikləri müraciətlərinə Bələdiyyə tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixində verilən cavablarda bildirilir ki, torpağın mülkiyyət növü dəqiqləşdirilməmişdir. Lənkəran şəhərinin yeni elektron xəritəsi tərtib olunduqdan və mülkiyyət növü dəqiqləşdirildikdən sonra yenidən müraciətə baxılacaqdır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya etdiyi müraciətdən sonra Lənkəran ŞİH xx.xx.2018-ci il tarixli cavabında bildirir ki, sözü gedən torpaq sahəsi Lənkəran şəhər bələdiyyəsinin mülkiyyətində olduğundan həmin torpaq sahəsinin hazırda özəlləşdirilməsi imkan xaricindədir. Lənkəran şəhər bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi ƏMDK-nin 9 saylı Lənkəran ərazi şöbəsində hərraca çıxarılacağı təqdirdə məlumat veriləcəkdir. Göründüyü kimi "xxxx" ASC-nin iddia etdiyi torpaq sahəsi 30 ildən artıqdır ki, «Xarrat» kooparivinin istifadəsindədir və torpaq sahəsinin özəlləşdirilməsi üçün Lənkəran şəhərinin elektron xəritəsinin tamamlanmasını gözləyirik. Əgər "xxxx" ASC-nin iddia etdiyi kimi sözügedən torpaq sahələri onlara məxsusdursa o zaman Lənkəran bələdiyyəsinin və Lənkəran ŞİHdən verilən cavablar əksinə olaraq sözügedən torpaq sahəsinin özəlləşdirilməsi üçün Lənkəran şəhərinin elektron xəritəsinin tərtib olunmasından sonra müraciətlərinə baxılacağını deyil, həmin torpaq sahəsinin "xxxx" ASC-yə və ya üçüncü tərəfə aid olduğunu bildirilərək özəlləşdirilmədən imtina edilərdi. Bundan əlavə 2008-ci ildə "xxxx" ASC-nin iddiası üzrə X8 məhkəməsinin araşdırmaları ilə məlum olmuşdur ki, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində (indiki Füzuli küçəsi) "xxxx" ASC-yə aid torpaq sahəsi yoxdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bildirmişdir ki, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən ağacların mişarlanma sexinin ərazisinə aid torpaq sahəsinə dair Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində heç bir hüquqi sənəd yoxdur. İddiaçı məhkəməyə müraciət edərək xahiş edir ki, «ünvan 1 ünvanda yerləşən şüşə sexinin və torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə hər hansı digər üçüncü şəxslərə həmin sahədən qanunsuz istifadənin qadağan edilməsinə dair qətnamə qəbul edilsin. İddiaçı eyni iddia ilə 2008-ci ildə məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndələri X1 və Nümayəndə ayrıayırlıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişlər ki, Lənkəran Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəsislər tərəfindən yerində ölçü işləri aparılmışdır. Lakin müəssisənin balansında maliyyə vəsaiti olmadığından müxətəssis rəyinin verilməsi üçün müvafiq rüsumu ödəyə bilməmişlər. Bundan başqa İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb ediləcəyi təqdirdə cavabdehlərin istifadəsində olan tikilinin "xxxx" ASC-yə məxsus şüşə sexi olduğu müəyyən ediləcəkdir. Buna görə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda iddia tələbini qəbul etməyib, iddiaya qarşı etirazın dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişlər ki, iddianın onlarla heç bir əlaqəsi yoxdur. Sözügedən sex «Xəzər» kiçik müəssisəsinə məxsusdur. Onların istifadəsində olan şüşə sexi Lənkəran Məişət» ASC-yə məxsus torpaq sahəsində deyildir. Buna görə də iddianın rədd edilməsini xahiş edirlər. İş materiallarında olan: xx.xx.2006-cı il tarixli Təhvil-təslim Aktından görünür ki, "xxxx" İstehsalat kommersiya firmasının balansından olan Lənkəran şəhəri, Fizli küçəsində yerləşən şüşə sexi firmanın bazasında yaradılmış "xxxx" X9 Cəmiyyətinə verilmişdir. X8 Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(86)-1221/2008 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X9 Cəmiyyətinə məxsus ağacların mişarlanma sexinin qalıq balans dəyəri 922 manat 20 qəpik cavabdeh «Xarrat» kooperativindən tutularaq iddiaçıya ödənilməsi və həmin sexin yerləşdiyi torpaq sahəsinin «Xarrat Kooperativi» tərəfindən boşaldılması, iddianın "xxxx" ASC-yə məxsus ağacların mişarlanma sexinin qalan 681 manat 80 qəpik dəyərinin cavabdehdən tutulması hissəsində rədd edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-1(106)19/2009 saylı qətnaməsindən görünür ki, cavabdeh «Xarrat Kooperativi»nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə X8 Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(86)-1221/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbindən görünür ki, iddiaçı "xxxx" ASC-yə məxsus olan Lənkəran şəhəri, Mirsalayev küçəsi (keçmiş Füzuli küçəsi) ünvanında yerləşən şüşə sexinin və torpaq sahəsinin boşaldılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə MPM-nin 77.1 və Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan dispozisiya şərtləri tam şəkildə mövcud olduğu halda iddia əsaslı hesab edilə bilər. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehlərin istifadəsində olan tikilinin və onun altındakı torpaq sahəsinin iddiaçıya məxsus şüşə sexi və ona aid torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi üçün Lənkəran Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərardadı ilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübhisəli torpaq sahəsinə və tikiliyə mütəxəssislər tərəfindən baxış keçirilmiş, mütəxəssis tərəfindən rəyin verilməsi ilə əlaqədar daxil olmuş smeta sənədləri ödənilməsi üçün iddiaçıya göndərilmiş, lakin iddiaçı rəyin verilməsi üçün xidmət haqqını ödənilməsindən imtina etmişdir. Mütəxəssis rəyi verilmədiyindən ekspert tərəfindən müvafiq rəyin verilməsindən imtina edilərək, mülki işin materialları məhkəməyə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında da bildirmişdir ki, iddiaçının müvafiq vəsaiti olmadığından rəyin verilməsi üçün xidmət haqqını ödənilməsindən imtina edirlər. MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bununla əlaqədar məhkəməyə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından iddianın əsaslılığını təsdiq edən sübutların təqdim edilməsi cavabdehin deyil, ilk növbədə iddiaçının vəzifəsidir. Hazırki iş üzrə iddiaçı isə həmin sübutları təqdim etmək vəzifəsini icra etməmiş, sübutun təqdim edilməsinə yönələn hərəkətləri etməmişdir. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı o halda Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehlər tərəfindən qanunsuz istifadə edilən tikilinin boşaldılmasını tələb edə bilər ki, cavabdehlər məhz ona məxsus olan şüşə sexini qanunsuz istifadə etmiş olsunlar, yəni iddiaçının tələb etməyə subyektiv hüququ mövcud olmuş olsun. Həmin halları isə sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından iddiaçının üzərinə düşür ki, iddiaçı da qeyd olunan sübutları məhkəməyə təqdim etməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət deyildir. Məhkəmə iddiaçının nümayədəsinin vəsatətinin (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb ediləcəyi təqdirdə cavabdehlərin istifadəsində olan tikilinin "xxxx" ASC-yə məxsus şüşə sexi olduğu müəyyən ediləcəyi baradə) dəlillərinə qiymət verərək, bir daha onu qeyd edir ki, tərəflər arasında mübahisə mübahisə tikilinin və torpaq sahəsinin iddiaçının mülkiyyətdə olub-olmaması ilə deyil, məhz onlara məxsus tikilinin cavabdehlərin qanunsuz istifadəsi ilə əlaqədardır və bu hal yalnız müvafiq ekspert və mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin rəyin verilməsi üçün müvafiq ödənişlər həyata keçirilmədiyindən rəyin verilməsi mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməsi isə həmin halı təsdiq etməyəcəkdir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cəmiyyətə məxsus şüşə sexinin, zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cəmiyyətə məxsus şüşə sexinin, zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair idiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov