Məhkəmə qərarları › İş №2(049)-78/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-78/2024

22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-78/2024 22.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın reyestr nömrəsi **********29-10301 olan çıxarışla Lənkəran şəhəri, X3 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evindən ona ayrılan 10/48 hissədə payın və paylı mülkiyyətçilərdən qardaşı Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında ona bağışlanılmış 1/6 hissədə payın naturada ayrılaraq onaverilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia tələbində göstərdiklərinə uyğun məzmunlu çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etdi, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə təqdim olunmuş sənədləri araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X3 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı 10/48 hissə pay hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixində vəfat etmiş anası X1 qalmış miras payını qardaşı İddiaçı bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X3 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı 18/48 hissə pay hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/9321 saylı 19 mart 2024-cü il tarixli ekspertiza rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Lənkəran şəhəri, X3 küçəsi ev 118 ünvanında olan 0,0391 ha torpaq sahəsinin cəmi 3,9metr enində hissəsinin yol ilə həmsərhəd olmasını, həmin hissədə faktiki vəziyyətdə tikililərin yerləşməsini, təcrid şəklində ayrı-ayrı giriş çıxış qapılarının quraşdırılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə aldıqda həmin torpaq sahəsinin İddiaçı 18/48 hissədə payına uyğun formada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Lənkəran şəhəri, X3 küçəsi ev 118 ünvanında olan 0,0391 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,4 kv.m olan fərdi yaşayış evinin faktiki vəziyyətdə iddiaçı və cavabdehlər arasında təcrid şəklində iki hissəyə bölünməsini, faktiki vəziyyətdə tərəflərin istifadəsində yaşayış və yardımçı sahələrin mövcud olmasını, evə münasibətdə tərəflərin giriş-çıxışının ayrı-ayrı olmasını nəzərə alaraq faktiki vəziyyətdə aparılmış bölgünün AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normalan”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olduğu müəyyən edilmişdir. Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. Qeyd olunur ki, faktiki vəziyyətdə aparılmış bölgü zamanı iddiaçının istifadəsində qalan qeydiyyatdan keçmiş sahə onun payına münasibətdə 10.7 kv.m az olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X3 küçəsi ev 18 ünvanında 0.0391 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 118.4 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı 18/48 hissə pay hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı mənzildən öz payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin keçirilmiş müvafiq ekspertiza rəyi ilə sözügedən mənzilin naturada bölünməsinin tikinti normaları baxımından bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarını hazırki işin halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından iddia rədd edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat pul iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar