Məhkəmə qərarları › İş №2(049)-829/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-829/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-829/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə, evdən və evin yerləşdiyi torpaq sahəsindən, eləcə də evin köməkçi sahələrindən istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Lənkəran rayonu Girdəni kəndində 0.06 ha torpaq sahəsində yerləşən evə köçürülməyi, onun mülkiyyətində olan əmakdan, yəni torpaq sahəsindən və üzərinə olan evdən, eləcə də evə aid köməkçi sahələrdən istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh oğlu 06 sentyabr 1994-cü ildə el adəti üzrə toy edərək ailə həyatı qurmuş, nikahlarını isə 06 sentyabr 1994-cı il tarixdə rəsmi qeyd etdirmişlər. Nikahlarından xx.xx.1995-cı il təvəllüdlü X2, xx.xx.2000-ci il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Halhazırda uşaqlar yetkinlik yaşına çatmişlar. Cavabdehlə xx.xx.2020-ci il tarixədək ər-arvad kimi birlikdə yaşamışlar. Aralarında olan narazılıqlara görə cavabdehlə faktiki olaraq ayrılmışlar və hal-hazırda Girdəni kəndində öz ata evində yaşayır. Cavabdehlə ayrılmaqlarına səbəb cavabdehin ona qarşı olan pis davranışları, mütəmadi olaraq içki içib sərxoş olaraq onu döyüb-söyüb təhqir etməsi olmuşdur. Bu səbəbdən də hazırda cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürməyə hazırlaşır. Yaşadıqları kənddə ev tikmək məqsədillə 2006-ci ildə 0,06 ha torpaq sahəsi alıb orada 1 mərtəbəli 3 otaglı fərdi yaşayış evi tikməyə başlamışlar və 2012-ci ildə həmin evin tikintisini yekunlaşdırmışlar. 2012-ci ilin may ayından etibarən qeyd olunan evə köçüb xx.xx.2020-ci il tarixədək orada yaşamışlar. Hal-hazırda mübahisə predmeti olan ev Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən seriya RX ******* saylı Çıxarışa əsasən tam payla onun mülkiyyətindədir. Öz qanuni mülkündə yaşamaq onun ən təbii haqqıdır. Cavabdeh isə buna qətiyyən icazə vermir və xx.xx.2020-ci il tarixdə onu döyüb evdən qovmuş və halhazıradək də öz evinə qayıtmağına maneçilik törədir. Buna görə də hüquqlarının qorunması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə Ərəstun oğlu məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu izahat verərək bildirmidir ki, o, Ukrayna Respublikasında yaşayır və mütəmadi olaraq doğulduğu kəndə gəlir. O, əslində cavabdehin evə köçürülməsinə etiraz etmir. Ailəsinin bərpa edilməsini istəyir, iddiaçının evə qayıtması barədə xahişini ona çatdırmaq üçün Almaniyada yaşayan oğluna da bildirmişdir. İddiaçı özü evi tərk edərək getmişdir, iddia predmeti olan ev və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir, həmin evi onlar birgə nikah dövründə tikmişlər və o, özü də hal-hazırda həmin evdə yaşayır. Həmçinin o, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu 06 sentyabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu barədə xx.xx.1994-cü il tarixdə 24 nömrəli nikah akt qeydiyyatı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 193.5 kv.m. ölçüdə tikili tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Lənkəran Rayon İcra Hakimiyyəti Başçısının Girdəni kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 12/30/55 saylı arayışından görünür ki, Girdəni kənd sakini Kərimov X1 Respublikasının vətandaşı olmaqla hal-hazırda Lənkəran rayonu Girdəni kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bundan başqa qeyd edilməlidir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən” Çıxarışa əsasən tam mülkiyyət hüququ mülkiyyətind olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 193.5 kv.m. olan fərdi yaşayış evinə köçürülməli, həmin torpaq sahəsindən, üzərində olan sözügedən fərdi yaşayış evindən və evə aid yardımçı sahələrdən istifadədə Cavabdeh oğlu tərəfindən ona yaradılan maneələr aradan qaldırılmalıdır və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən” Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 193.5 kv.m. olan fərdi yaşayış evinə köçürülsün, həmin torpaq sahəsindən, üzərində olan fərdi yaşayış evindən və evə aid yardımçı sahələrdən istifadədə Cavabdeh oğlu tərəfindən iddiaçıya yaradılan maneələr aradan qaldırılsın. İddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar