Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-838/2024 27.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmənin iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılması və pul” tələbinə dair ilkin iddia üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birlikdə ona məxsus olmaqla Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılqılı iddia üzrə cavabdeh İddiaçı 3910 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 59.10 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1961-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi əvvəllər mərhum bacısı X2 mülkiyyətində olmuş və bacısı 05 yanvar 2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik qaydasında onun adına qeydiyyata alınmışdır. İş üzrə cavabdehi əvvəllər tanımamışlar. Bacısı sağ olarkən cavabdeh həmin evdə kirayədə qalmağa başlamışdır. Sonradan bacısı vəfat etdikdən sonra o, kirayə pulunu verməkdən imtina etmiş və eyni zamanda evin kommunal xərclərini də ödəməkdən imtina etmişdir. Dəfələrlə ona demişdir ki, hazırda ev onun mülkiyyətindədir və o, evi boşaltsın, lakin cavabdeh evi boşaltmaqdan imtina etmişdir. Cavabdeh 2022-ci ilin yanvar ayından başlayaraq bu günkü günədək fərdi yaşayış evinin kirayə pulunu ona verməkdən imtina edir. O, cavabdehdən kirayə pulunu istəməmiş, ancaq ona məxsus fərdi yaşayış evini tərk etməsini cavabdehdən istəmişdir. Cavabdeh isə ona hədə-qorxu gələrək demişdir ki, sənin üstünə adam gətirərəm və cavabdehdən qorxmuşdur ki, onu vurar. Cavabdeh ona məxsus fərdi yaşayış evində oğlu ilə birlikdə yaşasalar da, evin kommunal xərclərini də ödəməkdən imtina edirlər və eyni zamanda ona məxsus fərdi yaşayış evindən çıxaraq evi təhvil vermək istəmirlər. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir və qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayında Lənkəran şəhər sakini X1 Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanında yerləşən fərdi yaşayış evini kirayəyə verilməsini istəmişdir. Qeyd olunan ev ona məxsus olsa da, Məqsudə Məhərrəmova həmin evdə deyil, başqa evdə yaşamışdır. Əri Sahib də bu söhbətdə iştirak etmişdir. Kirayə istədiyi həmin evin açarlarını ona verib, demişlər ki, get evə bax, sonra gələrsən, danışarıq. O, evi çöl tərəfdən görmüş, içəri tərəfindən xəbəri olmamışdır. Açarı alıb, gedib evə baxanda bərbad vəziyyətdə olduğunu görmüşdür. Evdə yaşayış üçün heç bir şərait olmamışdır. Qayıdıb, bu barədə onlara demiş, Məqsudə isə ona onsuz da evi satmaq istədiklərini demişdir. O, Məqsudəyə bu vəziyyətdə heç kim evi onlardan almayacağını və onun da hazırda evi almağa imkanın olmadığını demişdir. Məqsudə ona demişdir ki, sən evi təmir et, yararlı hala sal, orada yaşa, sonra evin alqısatqısını sənədləşdirəndə çəkdiyin xərci evin pulundan çıxarıq. O, da razılaşıb, evin təmirinə başlamışdır. Evin döşəməsi və tavanını təmir elətdirmiş, hamam və tualet tikmiş, evin hasarın təmir elətdirmiş, evdən 2 maşın zibil çıxardıb, daşırtdırmış, evin qaz xətti borca görə bağlı olmuş, 180 manat ödəyib, qaz xəttini açdırmış, evi 2 aya təmir elətdirib, 2017-ci ilin iyun ayının 01-dən orada yaşamağa başlamışdır. Bu minvalla 2017-ci ildən həmin evdə yaşayır. Sonradan Məqsudənin əri Sahib vəfat etmiş, əri vəfat edəndən sonra Məqsudənin vəziyyəti pisləşmiş, ondan maddi yardım göstərməyini xahiş etmiş, ona verəcəyi pulun evin alqı-satqısı zamanı evin pulundan çıxacağını demişdir. Kiçik Bazardan olan Əlisəfa adlı usta evin içərisinin təmiri ilə məşqul olmuşdur. Göyşaban kənd sakini Baloğlan adlı usta santexnika işlərini yerinə yetirmişdir. Məqsudə vəfat edəndən bir müddət sonra qohumları peyda olmuşdur. O, onları əvvəllər görməmiş və tanımamışdır. Sonradan bilmişdir ki, gələn Məqsudənin bacısı, ilkin iddia üzrə İddiaçı və onun əri imiş. Onun iş yerinə gəlmişlər, ondan evin pulunu istəmişlər, onlardan evin sənədlərini, Məqsudəyə verdiyi pulların siyahısını istəmişdir. Onlar evin sənədlərini 6 aydan sonra əldə edəcəklərini demişlər. O, da bəlkə evin sənədlərini 6 aydan sonra əldə edə bilmədiniz, onda pulu niyə sizə indi verim demişdir. Bundan sonra onlar bildirmişlər ki, əyər pulu indi verməsən, sonra evi sənədləşdirib, səni evdən çıxararıq və evin qaz və su xəttini kəsdirmişlər. Bundan sonra yaşadığı və əvvəllər Məqsudəyə məxsus evin alqı-satqısını sənədləşdirməyin çətin olacağını görüb, ünvan 2 ünvanında yerləşən evi və torpaq sahəsini almışdır. Ev köhnə və yararsız vəziyyətdə olduğu üçün evi sökdürmüş, orada ev tikdirməyə başlamışdır. Evin tikintisi davam edir, ev hazır olandan sonra ora köçəcəkdir. O, Məqsudənin evinin hamam, tualet, montaj, santexnika materialları və ustaya 680 manat, evin içərisi, döşəmə, tavanın təmiri, pilləkənin quraşdırılması, materiallar və ustaya 520 manat, daş, sement, qum, hasarın təmirinə 310 manat, əri öləndən sonra Məqsudəyə təxminən 4 il ərzində hissə-hissə olmaqla 2400 manat pul vermişdir. O, həmin evdə həmin vaxtı evin mülkiyyətçisi olan Məqsudə ilə yuxarıda göstərdiyi razılaşmaya uyğun olaraq yaşamışdır. O, həmin evdə kirayədə yaşamamışdır. Məqsudə ilə aralarında evin kirayəyə verilməsi barədə razılaşma və müqavilə olmamışdır. Ona görə də lkin iddia üzrə iddiaçıqarşılqılı iddia üzrə cavabdeh İddiaçı ümumi olaraq evin təmirinə çəkdiyi xərc də daxil olmaqla və Məqsudəyə verdiyi və evin satılması zamanı evin pulundan çıxılması nəzərdə tutulan 3910 manat pulunu tələb edir. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə təqdim edərək Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olmaqla Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin ona təhvil verilməsi və Cavabdeh mənə məxsus fərdi yaşayış evində yaşadığı müddət ərzində istifadə etdiyi 518.28 manat məbləğində qaz borcunun və ödəmədiyi 1300 manat məbləğində icarə pulunun, vəkilin ona göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 41.60 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 2159.88 manat məbləğində pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun evində xəstə yatan mərhum bacısı X2 vəfatından qısa müddət öncə onun yanına gələrək sonuncu dəfə 50 manat məbləğində kirayə haqqını vermiş, bacısı vəfat etdikdən sonra mərhumun evində yaşamağa davam etmiş, ev onun mülkiyyətinə keçdikdən sonra tələb etməsində baxmayaraq nə evdən çıxmış, nə də 50 manat kirayə pulunu verməmişdir. Halhazırda Cavabdeh 26 ayı əhatə edən 1300 manat kirayə borcu vardır. Eyni zamanda Cavabdeh mənə məxsus fərdi yaşayış evində yaşadığı müddət ərzində istifadə etdiyi 518.28 manat məbləğində qaz borcunu, vəkilin ona göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulu və 41.60 manat məbləğində ödədiyi dövlət rüsumunu, cəmi 2159.88 manat məbləğində pulun alınıb ona verilməsini və Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olmaqla Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verrdi və ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və qarşılıqlı iddia tələbinin təmin edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, evlərdə ustalıqla məşğul olmaqla ailəsini dolandırır. Xatırladığı qədər 2017 yaxud 2018-cilin aprel ayında Cavabdeh ona müraciət edərək kirayə qaldığı evin təmir edilməli olduğunu bildirmişdir. Evdə tavanda, döşəmədə, pilləkənlərdə təmir və boyama işləri aparmışdır. Təxminən 2 aya yaxın evdə tək işləmiş, başqa usta və ya fəhlə ona köməklik göstərməmişdir. Cavabdeh qardaşını tanıdığından onunla zəhmət haqqı barədə öncədən danışmamış, günlük Cavabdeh 8-10 manat civarında zəhmət haqqı vermişdir. Alınmış tikinti materiallarının pulunu ona Cavabdeh vermişdir. Təqribən 500 manat yaxın tikinti materialları alınmış, evdə işlədiyi 2 aya yaxın müddət üçün təqribən ümumilikdə 400-450 manat civarında zəhmət haqqı almışdır. Həmin evdə işlədiyi müddət ərzində sonradan vəfat etdiyi ona məlum olan bir nəfər qadın gəlib təmir işləri ilə maraqlanmış və həmin qadının Cavabdeh üzünü tutaraq “əgər nə zamansa bu evi satsam, elə sənə sataram” deməsinin şahidi olmuşdur. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanında 0.0166 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 40.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. AZ-İİ 245026 nömrəli xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə “beyindaxili qansızma” səbəbindən ölmüşdür. “Azəriqaz” İB-nin Lənkəran RQİİ tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanında yaşayan İddiaçı **********20000 saylı abonent kodu ilə Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsində qeydiyyatdadır və qazdan istifadəyə görə yaranmış borc 518.28 manat təşkil edir. İddiaçı adına olan abonent saldosundan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanında istifadəçinin 2023-cü ilin may ayından etibardən qazdan istifadəyə görə yaranmış borcu 518.28 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma göstərilməsinə görə 300 manat vəsait köçürülmüşdür. İddiaçının vəkili tərəfindən iddia ərizəsinə əlavə edilmiş İddiaçı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatın məzmunundan görünür ki, o, mərhum Məqsudə Məhərrəmovanın evində kirayə yaşayır və mülkiyyətçiyə hər ay 50 manat məbləğində kirayə haqqı ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0109 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 35.1 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 59.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv ,qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçıqarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum bacısı X1 miras qalmış və hal-hazırda xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə üzərində hüquqları dövlət qeydiyyatına alınmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, fərdi yaşayış evinin ona təhvil verilməsi və Cavabdeh ona məxsus fərdi yaşayış evində yaşadığı müddət ərzində istifadə etdiyi 518.28 manat məbləğində qaz borcunun və ödəmədiyi 1300 manat məbləğində kirayə pulunun, vəkilin ona göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 41.60 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 2159.88 manat məbləğində pulun alınıb verilməsini xahiş edir. İddia ərizəsində irəli sürülmüş tələblər İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla öz təsdiqini tapdığından məhkəmə ilkin iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh mərhum Məqsudə Məhərrəmovaya məxsus olmuş kirayə yaşadığı evdə təmir işlərini aparmasının mərhumun iradə ifadəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyil. Çünki, işin bu halları da özgə işlərini tapşırıqsız aparmağa dəlalət edir. Yəni, qarşılıqlı iddiaçının mərhum mülkiyyətçinin evində gördüyü təmir işlərinin dəyərini tələb etməsi mərhumun həmin işləri bəyənib qəbul etməsi halında mümkün olacaqdı. Mövcud vəziyyətdə isə bu halın müəyyən edilməsi şəxs vəfat etdiyindən imkanlar hüdudları xaricindədir. Eyni zamanda, mərhumun vərəsəsi və evin hazırki mülkiyyətçisi İddiaçı da evdə aparılmış yaxşılaşdırmanı bəyənmir. Digər tərəfdən qarşılıqlı iddiaçı Cavabdeh iddia ərizəsində mərhum Məqsudə Məhərrəmova ilə aralarında evin onun tərəfindən təmir ediləcəyi və mərhum ona evi satarkən çəkdiyi xərclərin evin alqı-satqısı zamanı evin qiymətindən çıxılacağı barədə razılaşma olduğunu, məhz bu razılaşmadan sonra evdə təmir işləri apardığını bildirməsinə baxmayaraq, onun özünün verdiyi vəsatət əsasında şahid qismində dindirilmiş sözügedən edə təmir işləri aparmış X5 ifadəsində həmin evdə işlədiyi müddət ərzində sonradan vəfat etdiyi ona məlum olan Məqsudə Məhərrəmovanın Cavabdeh üzünü tutaraq “əgər nə zamansa bu evi satsam, elə sənə sataram” deməsinin şahidi olduğunu bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçı Cavabdeh ilə mərhum Məqsudə Məhərrəmova arasında sonuncunun ona evi satacağına, təmir işlərinə çəkilmiş xərclərin evin alqı-satqısı zamanı çıxılacağına dair heç bir razılaşma olmamış, Cavabdeh mərhum məxsus olmuş evdə özbaşına təmir işləri aparmışdır. Bundan başqa, K.X3 əri vəfat etdiyindən ona maddi dəstək kimi 2400 manat pul verdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 680.2-ci maddəsinə görə kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1087.1-1087.2-ci maddələrnə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi İddiaçı təhvil verilməli, Cavabdeh istifadə etdiyi 518.28 manat məbləğində qaz borcu, ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə 200 manat məbləğində pul və 40.18 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2058,46 manat məbləğində pulun alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 1.42 manat hissəsi İddiaçı aid edilməli, ilkin iddia ərizəsi qalan hissədə rədd edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılması və pul tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 84 A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Cavabdeh istifadə etdiyi 518.28 manat məbləğində qaz borcu, ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, vəkil tərəfindən göstərilmiş hüquqi xidmətə 200 manat məbləğində pul və 40.18 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2058,46 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 1.42 manat hissəsi İddiaçı aid edilsin. İlkin iddia ərizəsi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-838/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-838/2024
27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver