Məhkəmə qərarları › İş №2(049)-843/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-843/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-843/2023 30.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1974-cü ildən 2001-ci ilə kimi əmək faəliyyəti ilə məşğul olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi Ərizəçi tərəfindən məhkəməyə AR MPM-nin 53-cü maddəsinə əsasən, “iddia tələbinin dəyişdirilməsi” haqqında ərizə təqdim edilərək, onun 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında Lənkəran rayonunda yerləşən Sovxoz – Texnikumda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1959-cu ildə Lənkəran rayonunun Digah kəndində anadan olmuşdur. 1974cü ildə Lənkəran rayonunda yerləşən Sovxoz – Texnikumda fəhlə olaraq əmək fəaliyyətinə başlamışdır. Bu barədə məhkəməyə təqdim etdiyi arxiv arayışında da müvafiq qeyd vardır. Hazırda yaşa görə pensiya hüququ yaranmışdır və pensiyasını rəsmiləşdirməkdən ötrü sənədlərini toplayaraq, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 təqdim etmişdir. Pensiya almaqdan ötrü sənədlərini toplayarkən əmək stajına dair müəyyən dövlərə dair qeydlər əmək kitabçasında olmadığı üçün həmin dövrlərdəki əmək fəaliyyəti ilə əlaqədar arxiv arayışı almaqdan ötrü Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxvinin Lənkəran filialına müraciət etmişdir. Arxivdən aldığı arayışda da müəyyən dövrlərədə dair əmək fəaliyyətinin qeyd edilmədiyni gördükdə əmək stajı faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək nəcburiyyətində qalmışdır. Belə ki, 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekar aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarındakı əmək fəaliyyəti ona məlum olmayan səbəblərdən nə əmək kitabçasında, nə də ki, arxiv arayışında qeyd edilmədiyindən bu məlumatı başqa heç bir vasitə ilə əldə edə bilmir. O, qeyd edilən müddətlərdə də Lənkəran rayonunda yerləşən Sovxoz – Texnikumda fəhlə işləmişdir. Bu faktı onunla birlikdə həmin Sovxoz – Texnikumda işləmiş şəxslər də məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindrilən Şahid1 ifadəsində bildirmişdir ki, o, 1949-cu ildə Lənkəran rayonunda anadan olmuşdur. 1965-ci ildə Lənkəran rayonunda yerləşən 1 nömrəli tərəvəzçilik sovxozunda fəhlə kimi işə başlamışdır. Sonradan həmin sovxozun adı dəyişdirilərək sovxoz-texnikum adlandırılmışdır. Ərizəçi tanıyır, belə ki, Ərizəçi onunla birlikdə 1974-cü ilin may ayından onunla birlikdə həmin sovxozda fəhlə işləmişdir. Həmin sovxozda onlar kənd-təsərrüfat mallarının əkilib-becərilməsi ilə məşğul olmuşlar. O, 1990-cu ilin oktyabr ayına qədər həmin sovxozda işləmişdir. Sehranə də 1974-cü ilin may ayından həmin tarixədək onunla birlikdə fasiləsiz olaraq orada işləmişdir. Məhkəmə iclasında şahid qismində dindrilən Şahid2 ifadəsində bildirmişdir ki, o, 1940-cı ildə Lənkəran rayonunun Bəleton kəndində anadan olmuşdur. 1973-cü ildə Lənkəran rayonunda yerləşən sovxoz-texnikumda fəhlə kimi işə başlamışdır. Ərizəçi da onunla birlikdə həmin texnikumda fəhlə kimi işləmişdir. Sehranə həmin sovxozda 1974-cü ilin may ayından işləməyə başlamışdır. O, 1993-cü ilin aprel ayına qədər həmin sovxozda işləmişdir. Sehranə də həmin tarixədək onunla birlikdə işləmişdir. Məhkəmə ərizəçi Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyərək, maraqlı şəxsin nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il təvəllüdlüdür və Lənkəran rayonu Digah kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1959-cu ul təvəllüdlü Ərizəçi xx.xx.1975 – xx.xx.1990-ci il tarixləri arasında Lənkəran Sovxoz-texnikumda fəhlə, xx.xx.1992 – xx.xx.1995-ci il tarixləri arasında Şilavar tərəvəzçilik və çayçılıq sovxozunda fəhlə işləmişdir. Məhkəməyə təqdim olunmuş Şahid1 məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür olunur ki, o fevral 1965 - fevral 1966, yanvar 1969 – avqust 1975, yanvar 1976 – may 1976, yanvar 1978 – oktyabr 1978, xx.xx.1986 – xx.xx.1990-ci il tarixləri arasında Lənkəran Sovxoz-texnikumda (əvvəlki 1 nömrəli tərəvəzçilik sovxozunda) fəhlə işləmişdir. Məhkəməyə təqdim olunmuş Şahid2 məxsus əmək kitabçasının surətindən görünür olunur ki, o xx.xx.1967 - xx.xx.1973, xx.xx.1973 – xx.xx.1991, xx.xx.1992 – xx.xx.1993-cü il tarixləri arasında Lənkəran Sovxoz-texnikumda fəhlə işləmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərədə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.2 bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.4 bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekar aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991ci ilin bütün dövründə və 1992-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında Lənkəran rayonunda yerləşən Sovxoz – Texnikumda fəhlə vəzifəsində işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiyaya çıxmaq üçün lazımdır. Onun əmək kitabçasında və əldə etdiyi arxiv arayışlarında qeyd edilən dövrlərdəki əmək fəaliyyətinə dair heç bir qeyd olmadığından həmin faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçinin ərizəsi ilə bağlı qeyd edir ki, Ərizəçi 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekar aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin may ayında Lənkəran Sovxoz-texnikumda işləməsi ilə bağlı olaraq sübut mövcud olduğundan, yəni məhkəməyə təqdim edilmiş sənədlərdən və ərizəçi ilə bir yerdə çalışmış şəxslərin, yəni məhkəmə iclasında dindirilmiş şahidlərin məhkəmədə verdikləri ifadələri ilə öz təsdiqini tapır, məhz həmin şahidlərin ifadələrini və həmin şahidlərin həqiqətən də ərizəçi ilə eyni vaxtda Lənkəran Sovxoz-texnikumda işləmələri onlara məxsus əmək kitabçaları ilə də öz təsdiqini tapdığından, məhkəmə bu halları əsas tutaraq, yəni həmin dindirilmiş şahidlərin ifadələrini əsas sübut kimi qəbul edərək, hesab edir ki, ərizəçinin hazırda ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, ərizəçinin əslində məhz 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekar aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991-ci ilin bütün dövrü ərzində və 1992-ci ilin may ayında Lənkəran Sovxoz-texnikumda işləməsi faktı məhkəmədə müəyyən edilməlidir. Məhkəmə maraqlı şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi ilə razılaşmır, belə ki, ərizəçinin əmək kitabçası mövcud olsa belə, ərizəçinin ərizəsində qeyd etdiyi məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi dövrlərdəki əmək fəaliyyəti ilə əlaqədar nə əmək kitabçasında, nə də ki, arxiv arayışlarında hər-hansı qeyd mövcud deyil. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 1974-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1975-ci ilin yanvar fevral, mart aylarında, 1991-ci ilin bütün dövründə və 1992-ci ilin may ayında Lənkəran Sovxoz – texnikumda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar