Məhkəmə qərarları › İş №2(049)-850/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-850/2023

05.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-850/2023 05.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “fərdi yaşayış evinə köçürülmə, yaşayış hüququnun verilməsi, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları Lənkəran rayonu, Havzava kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evə köçürülməyi, həmin evə yaşayış hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Cavabdeh1 onun doğma atasıdır, digər cavabdehlər isə doğma anası, doğma qardaşı və doğma bacısıdır. O, doğulduğu gündən atası Cavabdeh1 məxsus evdə yaşamışdır. 62 yaşı olmasına baxmayaraq heç vaxt ailə qurmamışdır. Həmişə də cavabdeh olan atası Cavabdeh1 məxsus evdə yaşamış və həmin evdə rəsmi qeydiyyatdadır. Həmin fərdi yaşayış evi 1 mərtəbəli 3 otaqdan ibarətdir. O, həmin evdə anadan olub, orada boya-başa çatıb və 2022-ci ilə kimi yaşamışdır. Həmin vaxtdan iş üzrə cavabdeh olan atası Cavabdeh1 və digər cavabdehlər onu evdən qovaraq həmin evə buraxmır. Baxmayaraq ki, həmin evin bütün təmir işlərini öz vəsaiti hesabına etmişdir. Hazırda başqa yerdə yaşamağa nə yeri, nə də başqa yerdə yaşamağa evi yoxdur. Lakin buna baxmayaraq yuxarıda qeyd etdiyi kimi iş üzrə cavabdeh olan atası Cavabdeh1 və digər cavabdehlər onu anadan olub, boya-başa çatdığı və 2022-ci ilin aprelinə kimi yaşadığı evdən qovub və həmin evə buraxmır. Eyni zamanda qeyd etmək istəyir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə həmin evin yerləşdiyi 0.21 ha torpaq sahəsinin mülkiyyətçilərindən biri odur. Bu barədə verilmiş şəhadətnamədə onun adı da qeyd edilmişdir. Ona görə də cavabdehlərlə birgə yaşadığı Lənkəran rayonu, Havzava kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evə yaşayış hüququnun tanınması və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran ŞİHB-nin Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, 12-32/07 saylı arayışdan görünür ki, İddiaçı yaşadığı ev təsərrüfat kitabında atası Cavabdeh1 adınadır. Lənkəran ŞİHB-nin Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, 12-32/08 saylı arayışdan görünür ki, İddiaçı yaşadığı ev təsərrüfat kitabında atası Cavabdeh1 adına olan evdə doğulduğu gündən 2021-ci ilin aprel ayına kimi yaşamışdır. Lənkəran ŞİHB-nin Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, 12-32/74 saylı arayışdan görünür ki, Cavabdeh1 məxsus Havzava kəndində ümumi sahəsi 150 kv.m olan 3 otaqlı, 1 mərtəbəli fərdi yşayış evi vardır. Lənkəran ŞİHB-nin Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından xx.xx.2023-cü il tarixli 01 №-li çıxarışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı təsərrüfat başçısı Cavabdeh1 məxsus Havzava kəndində yerləşən fərdi yaşayış evində təsərrüfatda qeydiyyatda olanlar sırasındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adlarına fərdi yaşayış evi qeydə alınmamışdır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, tərəflər arasında yaşayış sahəsindən istifadə üzrə münasibətlərin 1961-ci ildə yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evlərindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlərin ailə üzvü hesab edildiyindən, doğulduğu andan mübahisəli evdən fasiləsiz istifadə etməklə, ümumi təsərrüfat apardığından o, həmin evə köçürülməli və cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin digər hissəsi – iddiaçıya həmin evə yaşayış hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi ilə məhkəmə bu qənaətə gəlir ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin evə istifadə yaşayış (istifadə) hüququ verilməsi tələbi təmin edilməməlidir. Qeyd olunan fərdi yaşayış evinə istifadə hüququ verilmədiyindən həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi tələbi ilə əlaqədar məhkəmə araşdırma aparmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları Lənkəran rayonu, Havzava kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evə köçürülməli və cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları Lənkəran rayonu, Havzava kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülsün və cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar