Məhkəmə qərarları › İş №2(049)-86/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-86/2023

17.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-86/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Vəkil1, cavabdehlər: Cavabdeh1, cavabdehin vəkili və nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Ümumi istifadədə olan gedişgəliş yolunun zəbtdən azad edilməsi və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavbdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Lənkəran rayon, Kərgəlan kəndində yerləşməklə ona və ailə üzvlərinə məxsus fərdi yaşayış evinə evin yerləşdiyi 0.07 ha torpaq sahəsinə gediş-gəliş yolunun və evin yerləşdiyi 0.07 ha torpaq sahəsinin bir hissəsinin zəbtdən azad edilməsi, cavabdelər tərəfindən həmin gediş-gəliş yolunun ortasında qanunsuz qoyulmuş dəmir armaturdan qapının cavabdehin hesabına sökülməsi,həmin yolun ortasında qoyulmuş su çəlləyinin, dəmir boruların və 500 ədəd mişar daşının götürülməsi və cavadehlərin qanunsuz hərərkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonı Kərgəlan kəndində anadan olmuş, Lənkəran rayon XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 12 nömrəli qərarı ilə atasının 0.18 ha torpaq sahəsindən ona verilmiş 0.07 ha torpaq sahəsində yeni fərdi yaşayış evi tikmək haqqında Kərgəlan kənd XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 6 nömrəli qərar nəzərə alınaraq PİK-nin memarlıq şöbəsinin layihəsi əsasında fərdi yaşayış ev tikməyə icazə verilmişdir. Bundan sonra həmin fərdi yaşayış evi və evin yerləşdiyi 0.07 ha torpaq sahəsi X6 Komissiyasının 20 dekabr 1997-c il tarixli 12 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Buna baxmayaraq iş üzrə cavabdehlər ona və ailə üzvlərinə məxsus evə və evin yerləşdiyi torpaq sahəsinə gedən gediş-gəliş yolunu zəbt edərək yolun ortasında qeyri-qanuni dəmir armaturdan qapı qoymuş, həmin yolun ortasına su çəlləyi və dəmir boruları qoyaraq 500 ədəd mişar daşını yol boyu düzmüş, eyni zamanda mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin bir hissəsini zəbt edərək yaşayış evimin girəcəyində giriş darvazası qoymağa maneçilik törədir. Əvvəllər uzun müddət həmin gediş-gəliş yolundan istifadə etmişlər. Hazırda həmin yolun açılmasını cavabdehlərdən tələb etdikdə isə onlar, söyüb, təhqir edir, dfələrlə cavabdehlərə xəbərdarlıq etmiş ki, qanunsuz hərəkətlərinə son qoysun. Lakin cavabdehlər bu tələbə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirməkdə davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki iddianı qəbul etmir, o heç kimin torpağından istifadə etməmişdir, gediş gəliş yoluna mane olmamışdır, buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayon XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 12 nömrəli qərarından görünür ki, X2 atasının 0.18 ha torpaq sahəsindən ona verilmiş 0.07 ha torpaq sahəsində yeni fərdi yaşayış evi tikmək haqqında Kərgəlan kənd XDS icraiyyə komitəsinin xx.xx.1986-cı il tarixli 6 nömrəli qərar nəzərə alınaraq PİK-nin memarlıq şöbəsinin layihəsi əsasında fərdi yaşayış ev tikməyə icazə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X6 Komissiyasının 20 dekabr 1997-c il tarixli 12 saylı qərarından görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.07 ha torpaq sahəsi və fərdi yaşayış evi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 10/2161 nömrəli rəyində göstərilmişdir ki, həm İddiaçı mülkiyyətində olan, həm də Cavabdeh1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin qərb sərhədi boyu kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun faktiki olaraq mövcud olmaması müəyyən olundu. Həmin yolun Cavabdeh1 və Cavabdeh2 tərəfindən qapı qoyularaq (ümumi istifadədə olan digər yola birləşən hissəsində) tutulması müəyyən olundu. . Layihədə nəzərdə tutulan həmin gediş-gəliş yolunun üzərində (ümumi istifadədə olan digər yola birləşən hissəsində) dəmir armaturdan qapının olması müşahidə edildi. Su çəlləyinin, mişar daşlarının və s. isə layihədə nəzərdə tutulan həmin gediş-gəliş yolunun üzərində yerləşməməsi müəyyən olundu. Aparılan araşdırma zamanı İddiaçı (Əflatun) İbrahim oğlu və ailə üzvlərinin JN- 445A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətlərində olan 0,07 ha həyətyanı torpaq sahəsinin isə Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən istifadə edilməməsi müəyyən olundu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1. maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5. maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-220-.3-cü maddələrinin tələbinə görə, Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehlərin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ümumi istifadədə olan digər yola birləşən hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən qapı qoyulmuş, gedişgəliş yolunun üzərində dəmir armaturdan qapı olmuş, torpaq sahəsi isə Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən istifadə edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia Lənkəran rayon, Kərgəlan kəndində yerləşməklə İddiaçı və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş qapının, həmin gediş gəliş yolunun üzərində cavabdelər tərəfindən qoyulmuş dəmir armaturdan qapının cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 11 manat dövlət rüsumu və məhkəmə- tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. JN-445A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Lənkəran rayon, Kərgəlan kəndində yerləşməklə İddiaçı və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsinə gediş-gəliş yoluna Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş qapı, həmin gediş gəliş yolunun üzərində cavabdelər tərəfindən qoyulmuş dəmir armaturdan qapın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurədddin oğlunun hesabına sökülsün. İddia qalan hissədə isə rədd edilsin. Ödənilmiş 11 manat dövlət rüsumu və məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurədddin oğlundan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar