Məhkəmə qərarları › İş №2(049)-883/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-883/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-883/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnatiq Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi uşaqların doğum faktlarının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək uşaqları X9 xx.xx.2015-ci il tarixdə, X6 isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulması faktlarının müəyyən edilməsi, onların doğumunun nikahda olmayan ananın (tək ananın) ərizəsi qaydasında qeydə alınması barədə qətnamə qəbul edilməsini, X9 doğum haqqında akt qeydində ata qrafasında ata adı Anar, baba adı Tofiq, milliyyəti azərbaycanlı, xx.xx.2015-ci il tarixdə, X6 doğum haqqında akt qeydində ata qrafasında ata adı Sahib, baba adı Əmrullah, milliyyəti azərbaycanlı qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, əri X15 Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada ölmüşdür. Bundan sonra o, X13 xx.xx.2015ci il tarixdə, X10 isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğmuşdur. O, xx.xx.2022-ci il tarixdə uşaqları X3, X11, X4, X18 və X14 ilə birlikdə Suriya Ərəb Respublikasından Azərbaycan Respubikasına repatriasiya edilmişdir. O, X3, X11 və X2 doğum haqqında təkrar şəhadətnamə almışdır. Onun digər uşaqları Şam və İsa Azərbaycan Respubikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişlər. Lakin həmin uşaqların doğumu bu günədək qeydiyyata alınmamışdır. Uşaqların doğum faktlarının müəyyən edilməsi hazırki vəziyyətdə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Məmmədli Şam adlı uşağın atasının adının Anar deyil, Mirəhəd olduğunu bildirmiş, ona görə də Məmmədli Şamın doğum haqqında akt qeydində ata qrafasında ata adının Mirəhəd kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi hazırki tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, onun Cabbar, Aişə və Gülsüm adlı uşaqlarının atası rəsmi nikahda olduğu Məmmədli Mahmud adlı şəxs olmuşdur. Onlar Cabbar, Aişə və Gülsüm adlı uşaqlarla Suriya Ərəb Respublikasına gedəndən qısa müddət sonra Məmmədli Mahmud ölmüşdür. Ərinin ölümü rəsmiləşdirilmədiyinə görə o, hazırda da Məmmədli Mahmud ilə rəsmi nikahda olan şəxs sayılır. X7 Şam və İsa adlı digər uşaqlarının bioloji atası deyildir. Həmin uşaqların - Suriya Ərəb Respublikasında doğulan Şamın bioloji atası indiyədək Anar kimi tanıdığı, hazırda isə adının Mirəhəd olduğunu bildiyi X1 adlı şəxsdir. İsa adlı uşağın bioloji atası isə Sahib adlı şəxsdir. Həmin şəxsin soyadı, ata adı və ünvanını, hazırda harada olduğunu dəqiq bilmir. O, uşaqları ilə birlikdə Azərbaycan Respublikasına repatriasiya edilərkən Şam və İsa adlı uşaqlara onun öz qızlıq soyadına uyğun olaraq “Hacıyev” soyadı ilə qayıdış şəhadətnaməsi verilmişdir. Suriya Ərəb Respublikasında doğulan uşaqlarının hazırda doğum haqqında şəhadətnamələri olmadığına görə onların yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmçinin, məktəbdə təhsil almaları mümkün deyildir. O, uşaqlarına doğum haqqında şəhadətnamə əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət etsə də, bu barədə arxivdə akt qeydləri olmadığı, təqdim etdiyi sənədlərin isə doğum haqda akt qeydlərinin tərtib edilməsinə əsas olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin faktların müəyyən edilməsi uşaqların adına şəxsiyyəti təsdiq edən rəsmi sənədlər alınması üçün lazımdır. Hazırki vəziyyətdə uşaqlarının doğum faktını təsdiq edən rəsmi sənədlər olmadığından o, uşaqları yaşadıqları yer üzrə qeydiyyata aldıra bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, 1987-ci ildə Lənkəran rayonu Boladi kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır. Ərizəçi onun həmkəndlisi, həm də mərhum əri X12 bacısıdır. Onun ailəsi (əri və uşaqları) ilə ərizəçinin ailə üzvləri eyni vaxtda Suriya Ərəb Respublikasına getmişlər. Qısa müddət sonra əri X22 Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğuna düşmüş və orada vəfat etmişdir. Ərizəçinin əri Məmmədli Mahmud da orada vəfat etmiş, lakin onların heç birinə ölüm haqqında şəhadətnamə ala bilməmişlər. X26 Respublikasında Azər adlı şəxslə faktiki nikahından xx.xx.2018-ci il tarixdə oğlu Hacıyev Zeyn doğulmuşdur. Ərizəçinin də digər şəxslərlə faktiki nikahından 2015-ci və 2018-ci illərdə iki oğlu - Şam və İsa adlı uşaqları doğulmuşdur. Lakin nə ərizəçi, nə də o özü həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. 2022-ci ildə ərizəçi və uşaqları, 2023-cü ildə isə o özü və uşaqları Suriya Ərəb Respublikasından Azərbaycan Respubikasına repatriasiya edilmişlər. Bu zaman onlara Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən qayıdış şəhadətnamələri verilmişdir. Bundan sonra o, özünün və uşaqlarının şəxsiyyətini təsdiq edən sənədlərini bərpa etmişdir. Zeyn adlı uşağın isə doğumu dövlət qeydiyyatına alınmadığından onun doğum faktı 2024-cü ildə məhkəmə qaydasında müəyyən edilmişdir. O, ərizəçinin uşaqları Məmmədli Şamın xx.xx.2015-ci il tarixdə, Məmmədli İsanın isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulması faktlarını təsdiq edir. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuşdur və hazırda da həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Ankaradakı səfirliyindən verilmiş, fotoşəkillər əlavə edilmiş xx.xx.2022-ci il tarixli AA0243567 nömrəli və xx.xx.2022ci il tarixli AA0243568 nömrəli qayıdış şəhadətnamələrindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü, kişi cinsinə aid Hacıyev Şam adlı və xx.xx.2018-ci il təvəllüdlü, kişi cinsinə aid Hacıyev İsa adlı uşaqların adına Azərbaycan Respublikasına qayıtmaları üçün şəhadətnamələr verilmiş və onlar xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Həmin şəhadətnamələrdə adı çəkilən uşaqların Suriya Ərəb Respublikasında doğulduqları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 16-5/8-10-161/2024 nömrəli müraciətə cavab məktubundan görünür ki, Maraqlı şəxs arxivində X18 və X6 doğumu haqqında akt qeydləri aşkar olunmamış, ərizəçiyə doğum faktlarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Məmmədli (Hacıyev) Şam adlı uşaq xx.xx.2015-ci il tarixdə, Məmmədli (Hacıyev) İsa adlı uşaq isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmuşlar. Həmin uşaqlar Azərbaycan Respublikasının Ankaradakı səfirliyindən verilmiş xx.xx.2022-ci il tarixli qayıdış şəhadətnamələri əsasında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Lakin həmin uşaqların doğumu müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Adı çəkilən uşaqların doğum haqqında şəhadətnamələri olmadığından onların yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmçinin, qanunda nəzərdə tutulan təhsil, sosial və digər vətəndaş hüquqlarından istifadə etmələri mümkün deyildir. Ərizəçi tərəfindən qeydiyyat şöbəsinə təqdim edilən sənədlər həmin uşaqlara doğum haqqında akt qeydlərinin tərtib edilməsinə əsas verməmişdir. Şam və İsa adlı uşaqların doğum faktlarının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarında qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Şam və İsa adlı uşaqların doğum haqqında şəhadətnamələri olmasa da, onların anadan mənşəyi (analıq), uşaqların adları, doğum tarixləri və yeri barədə müvafiq məlumatlar ərizəçinin izahatı və şahidin ifadəsi ilə yanaşı iş materialları ilə də təsdiq olunduğundan Şam adlı uşağın xx.xx.2015-ci il tarixdə, İsa adlı uşağın isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmaları faktı sübuta yetirilmiş hesab edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ərizəçinin öz övladları üçün doğum faktını təsdiq edən sənədləri, yəni doğum haqqında şəhadətnamələri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından hazırki iş üzrə ərizəçinin doğmuş olduğu Şam adlı uşağın xx.xx.2015-ci il tarixdə, İsa adlı uşağın isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi Məmmədli Mahmud adlı şəxslə rəsmi nikaha daxil olmuş şəxsdir və onların rəsmi nikahından üç uşaqları anadan olmuşdur. Ərizəçi hazırda da Məmmədli Mahmud adlı şəxslə rəsmi nikahda olan şəxs hesab edilsə də, ərizəçi həmin şəxsin vəfat etdiyini, Şam və İsa adlı uşaqların bioloji atalarının başqa şəxslər olduqlarını bildirir. Həmin faktları iş üzrə şahid qismində dindirilmiş, ərizəçinin qohumu olan, Şam və İsa adlı uşaqların doğulduqları illərdə özü də Suriya Ərəb Respublikasında yaşayan Rasimə Hacıyeva adlı şəxs də təsdiq etmişdir. Rasimə Hacıyevanın özünün də Suriya Ərəb Respublikasında yaşadığı vaxtlarda Azər adlı şəxslə faktiki nikahından xx.xx.2018-ci il tarixdə Zeyn adlı uşağının doğulduğu, həmin uşağın da doğum faktını təsdiq edən rəsmi sənədinin olmadığı, adı çəkilən uşağın doğum faktı ilə bağlı 2024-cü ildə məhkəmənin icraatında olmuş iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələbləri baxımından hazırki vəziyyətdə Şam və İsa adlı uşaqların da atadan mənşəyi (atalıq) ərizəçi ilə rəsmi nikahda olan Məmmədli Mahmud adlı şəxs olaraq müəyyən edilməli olsa da, adı çəkilən şəxsin həmin uşaqların bioloji atası olması faktı öz təsdiqini tapmamışdır. Ərizəçi isə həmin şəxsin uşaqların doğulmasından xeyli əvvəl vəfat etdiyini, uşaqların bioloji atasının digər şəxslər (hər bir uşağa münasibətdə ayrı şəxs) olduğunu iddia etmişdir. Uşaqların bioloji ataları haqqında ərizəçi özü də dəqiq və müfəssəl məlumatlar verə bilmədiyindən, habelə, ərizəçi hələ də Məmmədli Mahmud adlı şəxslə rəsmi nikahda olan şəxs hesab edildyindən ərizəçinin qeyd etdiyi xüsusatlar hər hansı şəxsin Şam və İsa adlı uşaqların atası kimi qeyd edilməsinə əsas vermir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şam və İsa adlı uşaqların atalığının müəyyən edilməsi hazırki iş üzrə tələbin predmeti də deyildir. Həmin əsaslara görə məhkəmə Şam və İsa adlı uşaqların doğum faktının müəyyən edilməsi ilə bağlı hazırki qətnamədə uşaqların doğum haqqında akt qeydinin ata qrafasında ata adı, baba adı və milliyyətlə bağlı hissələrində hər hansı qeydin göstərilməməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş materiallarından görünür ki, ərizəçi hazırda da “Məmmədli” soyadını, yəni Məmmədli Mahmud adlı şəxslə nikaha daxil olduqdan sonra qəbul etdiyi soyadı daşıyır. Nikaha daxil olmazdan əvvəl isə ərizəçinin soyadı “Hacıyeva” olmuşdur. Ərizəçi hazırki ərizəsində Məmmədli Şam və Məmmədli İsa adlı uşaqların doğum faktlarının müəyyən edilməsini xahiş etsə də, işdə olan sənədlərdən müəyyən edilir ki, ərizəçi uşaqları ilə birlikdə Azərbaycan Respublikasına repatriasiya edilərkən Şam və İsa adlı uşaqlara ərizəçinin nikaha daxil olmazdan əvvəlki soyadına uyğun olaraq “Hacıyev” soyadı ilə qayıdış şəhadətnamələri verilmişdir. Ərizəçi uşaqların doğumunun nikahda olmayan ananın (tək ananın) ərizəsi qaydasında qeydə alınmasını xahiş etdiyindən, qanunvericiliyə görə nikahda olmayan şəxsdən doğulmuş uşaqlara münasibətdə uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə, məhkəmənin qərarı əsasında aparıldığından, valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmaqdıqda isə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazıldığından məhkəmə Şam və İsa adlı uşaqların doğum faktının müəyyən edilməsi ilə bağlı hazırki qətnamədə uşaqların soyadının “Məmmədli (Hacıyev)” şəklində göstərilməsini, qətnamənin icrası zamanı soyadın hansı şəkildə yazılmasının ərizəçinin mülahizəsinə buaxılmasını və qanunvericiliyin tələbinə uyğun şəkildə müvafiq qeydiyyat orqanının səlahiyyətinə həvalə olunmasını qanunamüvafiq hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi uşaqları - Məmmədli (Hacıyev) Şamın xx.xx.2015-ci il tarixdə, Məmmədli (Hacıyev) İsanın isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmaları faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar