Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-886/2025 03.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair JN 168A nömrəli 80212018 KOD nömrəli şəhadətnamə” üzrə ona məxsus olan 0,18 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X13 və onun ailə üzvləri olan arvadı, yəni o və oğlu X2 ümumi mülkiyyətinə 0,18 ha fərdi yaşayış evi inşa edilməsindən ötrü torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsində 1953-cü ildə özləri üçün ev inşa etmişlər. Oğlu Cavabdeh onun əri Həsənağa evin qarşısında olan əlavə torpaq sahəsindən müəyyən qədərini ayıraraq Fəxrəddinə ev inşa etməsindən ötrü vermişdir. Oğlu Cavabdeh təqribən 1980-ci illərdə özünə ev inşa etmişdir. Təqribən 2 ay bundan əvvəl oğlu Fəxrəddin öz çəpərini sökərək onların torpağına aid hissəyə keçirmiş və onun torpaq sahəsinin 0,04 ha vurmuşdur. O öz oğluna dəfələrlə belə hərəkətə yol verməməsini, hasarın əvvəllər olduğu yerdən vurmasını desə də, bunun faydası olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, anası, yəni İddiaçı ona qarşı zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Anası İddiaçı demək olar ki, bu iddia tələbindən heç xəbəri belə yoxdur. Çünki o, ahıl yaşdadır. Qardaş və bacıları onu aldadaraq bu iddia tələbini onun adından irəli sürüblər. JN-350AKOD80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və ailə üzvləri olan arvadı X14, oğlu X10, qızı X6, qızı X7 və qızı X3 mülkiyyətinə ümumilikdə Lənkəran rayonu Kərgəlan kəndində 0.07 hektar torpaq sahəsi verilmişdir. JN-168A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1, anası İddiaçı, qardaşı X2 mülkiyyətinə ümumilikdə Lənkəran rayonu Kərgəlan kəndində 0.18 hektar torpaq sahəsi verilmişdir. Lakin hazırda onlar tərəfindən istifadə olunan torpaq sahəsi 0.22 hektar təşkil edir. X1 vəfat etmişdir. JN-168A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1nun payına 0.06 hektar torpaq sahəsi düşür və o da bir övlad kimi atasnın vərəsəsidir. Həmin miras torpaq sahəsindən ona məcburi pay düşür. Hazırki iddia tələbi əsassızdır. Çünki JN-168A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhdətnaməyə əsasən 0.018 hektar torpaq sahəsi təkcə anası İddiaçı yox, eyni zamanda paylı mülkiyyət kimi X1na və qardaşı X5 da verilib. Yəni, 0.018 hektar torpaq sahəsi 3 nəfər arasında bərabər payla bölünərək hər fərdə 0.06 kimi pay müəyyən olunub. Payçılardan biri olan X1 isə vəfat edib və onun birinci dərəcəli vərəsələrindən biri də odur. O iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. İddiaçının şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsi 0.018 hektar olduğu halda 0.04 hektar bələdiyyə torpağını zəbt etməklə faktiki vəziyyətdə ümumilikdə 0.022 hektar torpaq sahəsi istifadələrində olduğu kimi, o da mülkiyyətdə olan 0.07 hektar torpaq sahəsindən əlavə 0.04 hektar bələdiyyə torpağını zəbt etmişdir. Lakin zəbtinə baxmayaraq onun da zəbt etdiyi torpaq sahəsini öz torpaq sahəsi kimi göstərməklə əlindən almaq istəyir. Bundan əlavə 0.018 hektar torpaq sahəsindən iddiaçının mülkiyyətində 0.06 zektar torpaq sahəsi var. İddiaçı nə ilə sübut edir ki, onun onların mülkiyyətində olan torpaq sahəsinin 0.04 hektar guya zəbt etdiyi torpaq sahəsi onun mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinə düşür. JN-168A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1, anası İddiaçı, qardaşı X2 mülkiyyətinə verilmiş ümumilikdə Lənkəran rayonu Kərgəlan kəndində 0.18 zektar torpaq sahəsi nə real, nə də naturada bölünməyib. Əgər bölünmüş olsa belə mülkiyyətçilərdən biri olan X1 vəfat edib və o da onun birinci dərəcəli vərəsəsi kimi onun mülkiyyətində olmuş 0.06 hektar torpaq sahəsindən vərəsə kimi məcburi pay hüququna malikdir. Hazırki mülki iş üzrə tərəflər bir ailə üzvüdürlər və hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə tərəflər bir-birlərinin birinci dərəcəli vərəsələridir. Qanunvericiliyə görə nə qədər ki JN-168A KOD 80212018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən paylı mülkiyyətə verilmiş 0.18 hektar torpaq sahəsi real və naturada bölünməyibsə, eyni zamanda payçılardan X8 vərəsəsi müəyyən olunmayıbsa hazırki iddia tələbinə baxılması qanunaziddir və təmin oluna bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etirazın dəllilərinə uyğun çıxış edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Torpağın mülkiyyətə verilməsinə dair JN 168A KOD 80212018 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 Komissiyasının xx.xx.1997-ci il tarixli 12 № li qərarına əsasən Lənkəran rayonunun Kərgəlan kəndində X11 və 2 nəfər ailə üzvünə (o cümlədən İddiaçı Mirkazım qızı) 0.18 ha torpaq sahəsi ayrılmışdır. DƏDKR 10 saylı Lənkəran ərazi idarəsi, Lənkəran rayonu Kərgəlan Bələdiyyəsi, Lənkəran ŞİHB-nin Kərgəlan KİƏD üzrə nümayəndələrinin və İddiaçı iştirakı ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 168A KOD 80212018 nömrəli şəhadətnamədə İddiaçı ata adında texniki səhvə yol verilərək Mirkazım qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 350A KOD 80212018 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 Komissiyasının xx.xx.1997-ci il tarixli 12 № li qərarına əsasən Lənkəran rayonunun Kərgəlan kəndində X4 və 5 nəfər ailə üzvünə 0.07 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 26762 №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul DƏDKR 10 saylı Lənkəran ərazi idarəsinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3799 №-li, 01 iyul 2025-ci il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1552/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-168A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı (Mirkazım) qızının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,18 ha həyətyanı torpaq sahəsinin həmin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı İddiaçı (Mirkazım) qızının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,18 ha olduğu halda faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün isə 0,1489 ha olması məlum olmuşdur. Başqa sözlə sözügedən həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər sərhəd, konfiqurasiya və sahə fərqinin mövcud olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, araşdırma zamanı qeyd olunan ərazidə Cavabdeh və ailə üzvlərinin adına Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-350A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən 0,07 ha həyətyanı torpaq sahəsinin işlənilməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-350A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,07 ha həyətyanı torpaq sahəsinin həmin "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,07 ha olduğu halda faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün isə 0,1449 ha olması məlum olmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-168A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı (Mirkazım) qızının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,18 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-350A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,07 ha həyətyanı torpaq sahəsinin koordinatlarının sənəd üzrə üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yergurulusu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Kərgəlan kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı əsasında JN-168A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı (Mirkazım) qızının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,18 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında müəyyən qədər sərhəd, konfiqurasiya və sahə fərqinin mövcud olması müəyyən olunmuşdur. Qeyd olunan uyğunsuzluğun olmasına baxmayaraq sözügedən JN-168A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı (Mirkazım) qızının və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,18 ha həyətyanı torpaq sahəsinin konfiqurasiyasında qərb istiqamətdə çıxıntının olması və həmin 0,04 ha sahədən ibarət çıxıntı hissənin faktiki vəziyyətdə Cavabdeh və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı “Torpağın mülkiyyətə verilməsinə dair JN 168A KOD 80212018 nömrəli şəhadətnamə”yə əsasən İddiaçı və qeyrilərinin mülkiyyətində olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.18 ha torpaq sahəsinin 0.04 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırda cavabdehlərin qanunsuz hərəkəti ekspert rəyi ilə təsdiq olunduğundan iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınamalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.18 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.04 ha hissəsi zəbtdən azad edilməli və Cavabdeh həmin 0.04 ha hissədən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat olmaqla, ümumilikdə 195 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməli həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.18 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.04 ha hissəsi zəbtdən azad edilsin və Cavabdeh həmin 0.04 ha hissədən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 95 manat olmaqla, ümumilikdə 195 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-886/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-886/2025
03.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver