Məhkəmə qərarları › İş №2(049)-89/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-89/2025

16.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-89/2025 16.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, İddiaçı: İddiaçı, İddiaçının vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 torpaq sahəsinin zəbt olunmuş 0.14 ha hissəsinin Cavabdeh tərəfindən azad olunması, 977 manat dəymiş zərərin ödənilməsi, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 467 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, İddiaçı, Lənkəran rayonu, Separadi kəndində yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin, ona məxsus torpaq sahəsinin bir hissəsi yəni təxminən 0.14 ha həmkəndlisi- Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə ona edilən çoxsaylı şifahi müraciətlərinə baxmayaraq mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa imkan vermir. 2017-2024-cü illər ərzində o, zəbt olunmuş torpaq hissəsinə münasibətdə 977 manat zərər dəymişdir. Belə ki, o, 7 il ərzində mülkiyyət hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində yabanı halda bitən yonca otu satmaqla 977 manat gəlir əldə edə bilərdi ki, hansı ki, cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində bu gəlirimdən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 izahatında iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabehin vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ********** saylı xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0,30 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəydən görünür ki, Lənkəran rayon Separadi kənd sakini İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Sepradi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2017-ci ildən 2024-cü ilədək (2027-ci,2024-cü illər daxil)yabanı halda bitən yomca otunun xüsisi texnika ilə biçilərək ot bağlaması kimi bağladıqdan sonra ümumilikdə 977 manat gəlir əldə edə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/46 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-154 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********90 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı mülkiyyətində olan 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi, iddia edilən torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatlarla üst-üstə düşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı faktiki vəziyyətdə istifadəsində 0,30 ha torpaq sahəsinin mövcud olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir olunan sözügedən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsinin düzgün olmayaraq (2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan"nda torpaqların faktiki istifadə vəziyyətinin əsas götürülməsinə rəğmən) Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə işlənilməsi müəyyən olunmuş və faktiki vəziyyətdə də həmin 0,30 ha torpaq sahəsinin 0,13 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qeyd olunan mübahisəli ərazidə yerləşən torpaq sahəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun dürüstləşdirilməsi (tərəflər arasında razılaşma olacağı təqdirdə) mümkündür. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş hüquqi yardımın göstərilməsi haqqında 467 nömrəli müqavilə və qəbzdən görünür ki, hesaba 320 manat köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 1015 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 170 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi istifadə edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının tələbi üzrə 0.14 ha torpaq sahəsinin deyil məhkəmə-tikintitexniki ekspertiza rəyində göstərildiyi kimi 0.13 ha torpaq sahəsinin zəbt edilməsi sübuta yetirilmiş kimi qəbul etdiyindən iddia həmin həcmdə təmin edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, iddiaçı 977 manat vurulmuş maddi zərərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********90) çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən 0.30 torpaq sahəsinin zəbt olunmuş 0.13 ha hissəsi Cavabdeh tərəfindən azad edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat və vəkil xidməti kimi ödənilmiş 320 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar