Məhkəmə qərarları › İş №2(049)-946/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-946/2025

03.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-946/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını və onun Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 iyul 1989-cu il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, toy mərasimindən sonra həmin vaxt mərhum qayınatası X2 mülkiyyətində olmuş Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyaları həmin evə aparılmış və bütün cehiz və şəxsi əşyaları həmin evdə yerləşir. Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi 09 dekabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətinə verilmiş və hazırda onun mülkiyyətindədir. X7 ilə aralarında bağlanmış nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə pozulmuş və sonradan X7 vəfat etmişdir. Keçmiş həyat yoldaşı ilə nikahı pozulduqdan, habelə onun vəfatından sonrakı müddət ərzində iki övladı ilə birgə daimi olaraq Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı evdə yaşamış, övladları həmin evdən orta məktəbə gedibgəlmiş və orada böyüyüb boya-başa çatmışlar. Cavabdehin yaratdığı maneələr ucbatından Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı evdə yaşaya və oradan istifadə edə bilmir, xüsusilə, 2024-cü ilin aprel ayında qayınatasının vəfatından sonra Cavabdeh tərəfindən həmin evə daxil olmağına maneələr yaradılmış, evin həyət qapısı kilidlə bağlanmışdır. Bu səbəbdən də, o, həmin evə daxil ola bilmir. İş yeri Lənkəran rayonunda yerləşir və yaşayış yeri olmadığına görə böyük çətinliklə üzləşir, belə olduğu halda, hesab edir ki, Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə dair istifadə hüququ olduğuna görə, cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və onun evə köçürülməsi təmin olunmalıdır. O, 1989-cu ildən Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə gəlin köçməklə, daimi olaraq övladları ilə birgə orada yaşamışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının ərizəsi yalandır, iddia ərizəsi altında yazılan "fərdi yaşayış evinə köçürülmə tələbinə dair" ifadələr, "başqasının fərdi yaşayış evin köçürülmə tələbinə” yazılmalıdır. Özünün qeydiyyatda ünvanı və faktiki yaşayış ünvanı göstərildiyi halda, İddiaçı faktiki yaşayış ünvanını göstərilməmiş, çünki İddiaçı 2007-ci ildə qardaşı İkramdan öz istəyi ilə boşanmış və 2009cu ildə Bakı şəhərinə köçmüş və bu günə kimi Bakı şəhərində yaşayır. Buna sübut nəvaxtsa yaşadığı şüşəbənddə 2009-cu ilə aid tozlu, koratanlı, kifli, kalendarın hələdə divarda asılmasıdır. Əgər onlar bu otaqda yaşayıblarsa, niyə qardaşı İkramın keçirdiyi doqquz ağır əməliyyatlardan xəbərləri yoxdur? Əgər yaşayış varsa, niyə evin işığı, suyu, qazı yoxdur? Çünki bu onların növbəti yalanıdır. Onun qardaşı, X6 ilk neyrocərrahı olmuş, Sankt Peterburq şəhərində iki illik kiliniki ordinatura keçmişdir. Çox savadlı, altı, səkkiz, beş saatlarla baş beyin əməliyyatları uğurla yerinə yetirib. Lənkəran səhiyyə tarixinə düşən ilk neyrocərrahı olub. Amma xəstəlikdən qəfildən gözləri görməmiş və əməliyyat edə bilməmiş və işə çıxa bilməmişdir. Buna görə də, 2007-ci ildə Nuranə özü ərizə ilə qardaşından boşanmışdır. Belə mədəni, aristokrat adamnan imtina edərlər? Onlar bizə dedilər: "Biz öz həyatımızı yaşamaq istəyirik, xəstə ərə, xəstə, pulsuz ataya baxmaq istəmirik. Biz imtina edirik." Onlar 15 il ərzində doqquz (9) dəfə əməliyyat olunan qardaşının ölən gününə qədər üzünü görməmişlər, bəs, iddia ərizəsində qeyd edir ki, keçmiş həyat yoldaşımla nigahımız pozulduqdan, habelə onun vəfatından sonrakı müddət ərzində iki övladıla birgə daimi olaraq bu evdə yaşamışdır, bunlar ağ yalandır. Əgər 2022ci ildən 2024-cü ilə qədər yaşayıbsa, burada, bəs niyə üzür zamanı sən və sənin övladların atasının, babasının üzüründə olmayıblar? Öz istəyi ilə 2009-cü ildə Nuranə və uşaqları Bakı şəhərinə köçüblər, özləri ilə bütün əşyaların aparıblar, qapını kilidləyiblər, evdə ancaq köhnə taxta əşyalar qalıb. Xəstə gözləri görməyən qardaşıma və 85 yaşlı atama (Kamal Kələntərli) qulluq etmək üçün bacım doktor Elazə 2007-ci ildə ailəsi ilə birlikdə bu ünvana köçmüşdür. Bu ərəfədə qardaşı İkram 3 dəfə göz (vitrumektomiua və katarakta əməliyyatı iki tərəfli) və 2 tərəfli bud-çanaq endoprotez əməliyyatı keçirmişdir. 2017-ci ildə bacısı Elazə xərçəng xəstəliyindən vəfat etdikdən sonra, evin bütün ağırlığı onun və ailəsinin üzərinə düşmüş və 2022-ci ildə doktor İkram vəfat etdikdən sonra o 100 yaşlı atasına qulluq etmək üçün Bakıdan Lənkərana köçmüşdür. Bəs bu illərdə Nuranə uşaqları ilə harada idilər? Onun mənəvi haqqı çatmır ki, xəstə və kor ərinə, qocaman (ağsaqqallar şurasının sədri) qaynatasına qulluq etmədən, ərinin adına olmayan, boşanana qədər yaşadığı evdən 1 hissə tələb etsin. Bu iddianın ölmüş ərindən və qaynatasının ölümlərindən sonra qaldırılması məqsədli xarekter daşıyır. Bu məqsəd daimi yaşayış yeri olmayan adamın məqsədinə oxşamır. Bu illər ərzində dövləti aldadaraq faktiki Bakı şəhərində yaşayaraq və işləyərək faktiki yaşadığı yerdə qeydiyyata düşməmiş və bacımın, qardaşımın və atamın ölümlərindən sonra iddia ilə peydə olmuşdur. Mənəviyyatı çirikin olan adamlar belə hərəkətlər edirlər. Qardaşım 2022-ci ildə cərrahi əməliyyat öncəsi söhbət zamanı demişdi: Əgər mənə bir şey olsa, bu 3 nəfərin ayağı bu evə dəyməsin, ölümün üstünə belə gəlməsinlər, ona görə də mən qardaşımın vəsiyyətini yerinə yetirməyə çalışıram. Eyni vəsiyyəti atam da etmişdir: 11 aprel 2024-cü ildə vəfat etmişdir. Nuranə ilk dəfə qardaşımın "Qara bayramında" aprelin 22-də 2023-cü ildə qapıya gəlmiş və evdə çoxlu qohum, qadınlar olduğundan həyətə buraxılmayıb. Bu qədər yalan yazmaqla məhkəməni aldatmaqla məqsədi nədir? 2007-ci ildə əsassız iddihamlar qardaşından boşanıb, özünün həyatını yaşamağa gedibsə, indi yalanlarla qayıtmaq mənəvi boşluq sahiblərinə xasdır. Belə insanları bütün Respublikada biabır etmək lazımdır ki, İ qrup əlil olan həyat yoldaşların boşamasınlar, xəstə olan həyat yoldaşlarına vəfalı olub, son nəfəslərinə qədər gəlinlik edib mənəvi nümunə göstərsinlər. Bizdə olan məlumatlara görə onlar əvvəllər Bakı şəhəri Ənvər Hüseynov küçəsində Bolmart mağazasının yanında qırımızı kərpicli evlərdə yaşayıblar, indi isə Həsən bəy Zərdabi küçəsində Melissa parkda təzə təmirli mənzildə yaşayırlar. Onların Bakıda şəxsi evləri vardır və birlikdə yaşayırlar. Əgər ev onların adına deyilsə, deməli məqsədli şəkildə bunu ediblər ki, boşanmış ərinin adına olmayan evindən bir hissəsinə iddia etsinlər. Əgər iddiaçı kirayədə yaşayıbsa, onda kirayə müqavilələrini təqdim etsin. Bu səbəbdən iddia tələbini qəbul etmir. Tələb qanunsuz və əsassız olduğundan onun rədd olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı təzadlı izahatlar verərək göstərmişdir ki, Lənkəran şəhəri, Kələntərlilər küçəsində sözügedən iddia tələbində göstərilən evdə qeydiyyatda olmaqla daimi olaraq Bakı şəhərində yaşayır. İş yeri Lənkəran çay fabrikinin filialıdır. Kələntərlilər küçəsində yerləşən fərdi yaşayış evində uzun illər yaşamış, bütün əşyaları, həmçinin cehizləri də orda qalmışdır. Onun yaşadığı hissə 2 otaq, 1 eyvandan ibarət olmuş, sonra isə otaqın birini ev sahiblərinin istifadəsinə vermiş, həmin fərdi yaşayış evində özünün yaşadığı hissədə yerləşən hamam və sanitar qovşağın öz şəxsi vəsaiti hesabına 2006-cı il tarixdə artırmışdır. 2009-cu il tarixədək tələbdə göstərilən evdə olmuş, amma 2016-ci ilədək Lənkəran şəhərində müəllimlik fəaliyyətilə məşğul olmuş, daha sonra isə çay fabrikində işə girmişdir. Keçmiş həyat yoldaşı İkram Kələntərli ona daha öncə barışmağı bildirmiş, lakin o, qəbul etməmiş, həmçinin onun keçmiş həyat yoldaşı İkram Kələntərli vəsiyət etmişdir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin yarısı onların birgə nikahlarından olan Vahid adlı övladınındır. 2022-ci il tarixdə keçmiş həyat yoldaşı İkram Kələntərli vəfat etdikdən sonra da həmin evə gediş-gəlişi olmuş, 2023-cü ildə həmin evə yenə getmək istəsə də, küçə qapısının açarı dəyişdirilmiş, darvazadan həyətə daxil ola bilməmişdir, buna səbəb isə onda evin açarı olsa da, küçə qapısının açarının olmamasıdır. Nikahı 2007-ci ildə pozulsa da, 2021-ci ildə də həmin evə gedib gəlmiş, keçmiş həyat yoldaşı ilə danışmış və bununla bağlı onun bir ədəd foto-şəkili də mövcuddur. 2011-ci il tarixədək oğlu həmin evdə qalmış, həmin mənzildən 2023-cü il tarixədək, yəni cavabdeh onu həmin fərdi yaşayış evinə buraxanadək istifadə etmişdir (başqa iclas zamanı özünün 2009-cu il taixdə Bakı şəhərinə köçdüyünü bildirmişdir). Halhazırda da həftənin müxtəlif günlərində iş yerinə gedib-gəlir. Lənkəran şəhərinə gəldiyi zaman qalmağa daimi yeri yoxdur və məcbur qalıb bacısıgildə qalır. Qızı 2007-ci il tarixdə, oğlu 2011-ci il tarixdə Bakı şəhərinə köçmüşlər. Özü də həftənin 2-3 günü Lənkəran, qalan günləri Bakı şəhərində olmuşdur. Əvvəlcə qardaşı tərəfindən ona ev verilmiş, 2015-2016cı il tarixlərdə isə atası tərəfindən Bakı şəhərində ona ev alınmışdır. Daimi olaraq həmin evdə məskunlaşmışdır. Sonradan həmin evi də sataraq Bakı şəhərində Badamdar qəsəbəsində özü üçün iki mərtəbəli ev tikmişdir. Hazırda həmin evdə yaşayır. Özündən başqa qeyd edilən evdə subay olan oğlu və qızı yaşayır. Daşınmaz əmlakın mülkiyyətinə dair çıxarışda Cavabdeh mülkiyyətçi olması və keçmiş həyat yoldaşı İkram Kələntərlinin öz payını Nəzirəyə bağışlaması göstərilsə də, çıxarışdakı yoldaşına məxsus imza deyildir. Onun Lənkəran şəhəri Kələtərlilər küçəsində yerləşən evə hər hansı ehtiyacı yoxdur. Özünə məxsus iki mərtəbəli evi vardır. Həm evlənməmişdən əvvəl həm də indi oların həmişə yaxşı evi və şəraiti olmuşdur. Hazırda da qeyd edilən evə ehtiyacı yoxdur..Hazırda mübahisə predmeti olan evin şəraiti, yəni qaz, su elektirik enerjisi olmadan, dağılıbuçulmuş vəziyyətə olan evdən 2021-2022-ci il tarixədək istifadə etməyin mümkün olubolmaması ilə bağlı suallara iddiaçı tərəfindən əsaslı cavab verilə bilməmiş, iddiaçı yalnız özünün deməsinə görə 2021-ci il tarixdə çəkilmiş mərhum İ.Kələntərlinin fotoşəklini təqdim edərək həmin evdə yaşamasını sübut etməyə çalışmış, bununla bağlı hər hansı əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki: iddianı qətiyyən qəbul etmir. İddiaçı 1989-cu ildə hazırkı iddiada göstərilən və hazırda onun mülkiyyətində olan həmin fərdi yaşayış evinə gəlin gəlmiş, bir müddət həmin evdə yaşamış və övladları dünyaya gəlmişdir. 2006-cı ilədək nə onun qardaşı ilə, yəni İkram Kələntərli, nə də qaynX12 ilə yola getməmiş, daha sonra İkram Kələntərli ilə İddiaçı boşanmış və qardaşı İkram Kələntərlinin səhhəti 2007-ci ildən sonra pisləşmişdir. İddiaçı ona məxsus mübahisə predmeti olan fərdi yaşayış evinin foto-şəklini qonşusu çəkərək İddiaçı göndərmiş, İddiaçı son dövrlərdə fərdi yaşayış evində foto-şəkil çəkməmişdir. İddiaçı iddia etdiyi evin hissəsində sudan, qazdan, istilikdən istifadə olunmayıb. Onun vəfat etmiş qardaşı X9 Qubadovayla yaşadığı son dövrlərdə danışıb barışmamış, İddiaçı ara-ara gəlib, fərdi yaşayış evinin şəklinin çəkərək onlara, yəni həmin vaxt fərdi yaşayış evində yaşayan şəxslərə öz hissəsində yaşadığını demiş, orada yaşayış üçün şərait olmamış, qab-qacaq, məişət avadanlıqlarını İddiaçı özü ilə aparmış, onun övladları universitetə qəbul olunduqdan sonra 1 dəfə belə onlarla danışıb əlaqə saxlamamış, vəfat etmiş qardaşı İkram Kələntərli boğaz traxeyası xəstəliyindən əziyyət çəkərkən övladları bir dəfə belə baş çəkməmişdir. X12 vəfat etməzdən öncə onlara bildirmişdir ki, İddiaçı evə buraxmasınlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə göstərmişdir ki: iddia əsassız olduğundan iddianı qəbul etmir. 2007-ci il tarixdə İddiaçı övladları ilə köçüb getmiş, daha sonra gəl-getləri olsa da, orada yaşamamışlar. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evində yaşamamış, İddiaçı sayğacında 5663 kub metr sərfiyyat görünür, hesablansa 300 manat edir. 18 il ərzində hesablansa, hər aya 1 manat hesablanır. Orada onun özünə məxsus qaz sayağacı yoxdur. Orada qaz və həmçinin yaşayış şəraiti yoxdur, yaşamayıb, evdən istifadə etməyib, Bakı şəhərində öz evi var orada yaşayır, mübahisə predmeti olan evin hamamında qızdırıcı belə yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu, iddianın iki əsas üzrə mülkiyyətçinin dəyişməsi və iddiaçının iddia tələbində göstərilən mənzilə ehtiyacı olmaması əsası ilə rədd edilməli olduğunu bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş sənədlər: Nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında nikah 09 iyul 1989-cu il tarixdə bağlanmışdır. Nikah pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında olan bağlanmış nikah 11 avqust 2007-ci il tarixdə pozulmuşdur. AR DƏDRX-dan xx.xx.2008-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışdan görünür ki, reyester nömrəsi **********92–10301, qeydiyyat nömrəsi ********* olan Lənkəran şəhəri, Kələntərlilər küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 85.9 kv.m yayış, 90,1 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, mülkiyyətçi X1 şəhəri, Kələntərlilər küçəsində mülkiyyətdə olan 85.9 kv.m yayış, 90,1 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə Cavabdeh bağışalmışdır. **********128 nömrəli xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X7 qeydiyyatdaolduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına etiraz etmir. Elektron məhkəmə informasiya sistemində olan çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində reyester nömrəsi **********92-10301, qeydiyyat nömrəsi ********** olan fərdi yaşayış evi mövcuddur. Yerli baxış protokolundan görünür ki, Lənkəran şəhəri, Kələntərlilər küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilən zaman İddiaçı yaşadığı hissənin giriş qapısının açarı iddiaçının təqdim etdiyi açarla açılmamış, daha sonra evin açarı cavabdeh tərəfindən təqdim edilmiş, cavabdeh və onun nümayəndəsi açarın X7 tərəfindən dəyişdirildiyini bildirilmiş, evin tərkibi: 1 otaq hamam və sanitar qovşağı ilə birlikdə, eyvana girişdə mətbəx, soyuducu və soba, mətbəxdən daha sonra sağ tərəfdə yerləşən 1 yataq otağından ibarətdir. Evin hamam və sanitar qovşağı baxımsız, girişdə yerləşən mətbəxdə çox az sayda elektronik avadanlıq, eyvanda yerləşən şkaflarda bir sıra kitablar və qab-qacaq, yataq otağında bir neçə geyim aşkar olunmuşdur. Ev hazırda yaşayış və istifadə üçün yararsız, əşyalar isə tamamilə köhnəlmiş, müasir dövrdə istifadə edilməyən əşyalar olduğu müəyyən edildi. Bununla bağlı video görüntüləri özündə ehtivan edən DVD disk iş materiallarına əlavə olunmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi konpensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin Məcəllənin 56-cı maddəsində göstərilir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırılır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, 09 iyul 1989-cu il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzilə köçmüş, həmin mənzildə qeydiyyatdadır və 2009-cu il tarixədək olan Mənzil Məcəlləsinə əsasən qeyd edilən mənzildən istifadə etmək hüququ vardır. İşin faktiki hallarıdır ki, İddiaçı və X7 1989-cu il tarixdə nikaha daxil olmuşlar və onlar arasında nikah 2007-ci il tarixdə pozulmuşdur. İddiaçının Bakı şəhərində daimi olaraq yaşamaq üçün 2015-2016-cı il tarixdən məzili olmuş və o, faktiki olaraq Bakı şəhərində yaşamışdır. Məhkəmə hesab edir ki, İddiaçı iddiası üzrə mübahisə predmeti olan evin görüntüləri onu deməyə əsas verir ki, evin qeyd edilən yaşayış hissəsindən uzun müddətdir ki, istifadə edilmir, evdə olan əşyalar isə uzun müddət əvvəllər alınmış əşyalardır və hazırda qeyd edilən forma və tipdə olan əşyalardan istifadə edilmir. İddiaçı 2009-cu il tarixdən sonrakı dövrdə qeyd edilən evdə yaşaması, istifadə etməsi ilə bağlı hər hansı fotoşəkillər, videogörüntülər və digər tutarlı sübutlar təqdim edə bilməmişdir. Bu kimi sübutların təqdim edilməməsi isə məhkəmə tərəfindən ağlabatan qəbul edilməməklə cavabdehin göstərdiklərinin, yəni iddiaçının 2007-2009-cu il tarixlərdən sonra həmin yaşayış sahəsindən istifadə etməməsi ilə bağlı dediklərinin doğru olması qənaətinə gəlməyə inandırmışdır. Lakin işin hər bir halda faktiki halıdır ki, iddiaçının Bakı şəhərində 2015- 2016-cı il tarixlərdən yaşamaq üçün əlverişli olan mənzili vardır. Hazırda ünvan 4 ünvanı cavabdehin mülkiyyətindədir, eləcə də iddiaçı cavabdehə məxsus yaşayış evində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir ki, çıxıb getmiş və qeydiyyatda olduğu evdə yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla kənar şəxsin cavabdehin mülkiyyətində olan evə yenidən qayıtmaq istəyi sonuncuya məxsus olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İddiaçı sözügedən mənzilin keçmiş sakini olmuş, işləmək və daimi yaşamaq üçün köçüb başqa yerə getmiş və getdiyi ünvanda daimi olaraq yaşamışdır. İddiaçının yaşayış sahəsinə ehtiyacı аrtıq köçüb yaşadığı yerdə təmin оlunduğuna görə о, yaşayış sahəsinə olan ehtiyaclarını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Bundan əlavə iddiaçının daimi olaraq mübahisəli mənzildən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin mülkiyyətçisi olan cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cavabdehin «narahat» olması üçün əsas olan amillərdəndir. İddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmışdır. Yaşayış sahəsindən istifadə hüququ ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarında qeyd edilir ki: Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış' sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər (bu maddənin ikinci hissəsində həmin ixtiyar hüquq kimi göstərilir). Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evində pasport qeydiyyatında olması ilə əlaqədar dəlillərinə qiymət verərək, hesab edir ki, cavabdehin xüsusi mülkiyyətində olan sözgedən fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, onun həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, Mülki Məcəllədə göstərilən, yəni şəxsin adətən yaşadığı ünvan olan qeydiyyatı ünvanı sözügedən mübahisə predmeti üzrə fərdi yaşayış evində olması həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olmadığından İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar