Məhkəmə qərarları › İş №2(049)-959/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-959/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-959/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən evə köçürülməsinə Cavabdeh tərəfində qoyulan məhdudiyyətin qanunsuz sayılması və iddiaçının yetkinlik yaşına çatmayan övladı ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni iddianın nə ilə sübuta yetirildiyini iddia ərizəsində göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizədə iddiaçının şəxsiyyət vəsiqəsinin seriya nəmrəsi, habelə eyniləşdirmə məlumatları da qeyd olunmamışdır. Digər tərəfdən ərizədən görünür ki, ərizə İddiaçı tərəfindən imzalanmadan məhkəməyə verilmişdir. MPM-nin 152.1.1 və 152.1.2-ci maddələrində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, habelə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunan prosessual hüquq normasının tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar