Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-976/2024 09.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən Lənkəran Rayon Məhkəməsinin hakimi X2 – Ərizəçi maraqlı şəxs qismində ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb etməklə iş stajı faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri 09 fevral 2024-cü il tarixdə nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon X1 və xx.xx.1979- cu il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illəri faktı kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən isə əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəçinin ərizəsinə əlavə edilmiş sübutlardan müəyyən olundu ki, ərizəçinin əmək kitabçası, müəssisənin, yəni X3 Stansiyasının verdiyi arayış mövcuddur. Həmin sənədlər mövcud olduğu halda həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinasından inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Həmin məsələyə ümumi məhməmələrdə baxıla bilməz. Onu da qeyd edim ki, ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı inzibati orqanların təsnifatına yer alıbsa-inzibati orqan hesab olunur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, onun DSMF orqanının imtinasından iddia ərizəsi ilə (məcbur etmə haqqında iddia) ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268-269-cu maddələrini və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs qismində ƏƏSMN tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb etməklə iş stajı faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Həmin ərizəyə əlavə olunmuş sənədlər, eləcə də ödənilmiş 100 manat dövlət rüsumu isə qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, onun DSMF orqanının imtinasından iddia ərizəsi ilə (məcbur etmə haqqında iddia) ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi anadan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(049)-976/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-976/2024
09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver